Bizlərə xoşbəxtlik verib qadınlar...”

 

Anadır, bacıdır, canımdan candır,

Güləndə güləndir, həm ağlayandır.

Sevgisiylə gözümü bağlayandır,

Dünyaya mələktək enib qadınlar,

Bizlərə xoşbəxtlik verib qadınlar...

 

Sevdasına neçə mahnı yazılır,

İsimləri bağrımıza qazılır.

Bir ilğım tək könlümüzə süzülür,

Aləmə sevgiçün gəlib qadınlar,

Bizlərə xoşbəxtlik verib qadınlar...

 

Hər gözəllik onlar ilə yaşanır,

Olan hər şey lütfü ilə yaranır.

Gecə-gündüz bizim üçün daranır,

Zövqümüzü hər an bilib qadınlar,

Bizlərə xoşbəxtlik verib qadınlar...

 

Səbirlidir, bizi hər an dinləyər,

Qəlbimizə həmdəm, “can” söyləyər.

Bizim üçün mümkünsüzü eyləyər,

Səhvimizlə birgə sevib qadınlar,

Bizlərə xoşbəxtlik verib qadınlar...

 

Gərəkirsə gizli ağlar, görmərik,

Xəyal olar, varlığını bilmərik,

Olmasalar inanın ki, gülmərik,

Üzümüzə nəşə qatıb qadınlar,

Bizlərə xoşbəxtlik verib qadınlar...

 

Sevdiyini elə sevər, Tanrıtək,

Hər an yarıyçün diləyər dilək.

Aşiq olsa, “canım qurbandeyərək

Qorxmadan hər şeyi edib qadınlar,

Bizlərə xoşbəxtlik verib qadınlar...

 

Elşən deyər, Tanrı yolun tutalım,

Boş fikri başımızdan atalım.

Sevəriksə Türk qızını alalım,

Tomris kimi tarix yazıb qadınlar,

Bizlərə xoşbəxtlik verib qadınlar...

 

Elşən İsmayıl

YazarRejissor

 

Olaylar.- 2017.- 12 aprel.- S.11.