Azərbaycan dini plüralizm

məkanına çevrilib

 

Azərbaycanda bütün xalqlar, müxtəlif dinlərin nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayıblar. Hazırda da ölkədə dini plüralizm hökm sürməkdədir. Bunun bariz nümunəsini ölkədə həyata keçirilən multilulturalizm siyasətində görmək mümkündür.

Multikulturalizm siyasi ideologiyanın vacib bir hissəsi olaraq, etnik qrupların qarşılıqlı münasibətlərinin tənzimlənməsinə yönəlmişdir. Azərbaycanın yürüdülən multikulturalizm siyasəti respublikada yayılmış mədəni və dini müxtəlifliyin qorunmasıistiqamətində həyata keçirilən siyasət öz nəticəsini verməkdədir. Nəzərə almaq lazımdır ki, Azərbaycan multikulturalizm məkanı kimi bir sıra orijinal çalarlara malikdir. Ölkənin bütün ərazisində Şərqlə Qərbin sintezindən yaranmış yeni məzmun və mahiyyətli hadisə ortaya çıxır. Bu, insanlarımızın həyat və məişətindən, dil və dinindəntutmuş, incəsənət növlərimizə də təsir edir, yeni variasiyalar ortaya qoyur. Azərbaycanın istər coğrafi mövqedən, istərsə də dövlətimizin yürütdüyü siyasət baxımından Qərb və Şərq sivilizasiyalarının sintezində oynadığı rol xüsusilə böyükdür. Xatırladaq ki, Azərbaycan xalqı tarixən tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək bu prosesə mühüm töhfələr verib. Bu baxımdan  Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etməsini heç də təsadüfi hesab etmək olmaz. Çünki Azərbaycanda multikulturalizmin dərin tarixi kökləri var və qətiyyətlə demək olar ki, bu gün də həmin ənənələr davam etməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu barədə deyib: "Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik. Beləliklə, bu il Azərbaycanda "Multikulturalizm ili" elan olunur". Mütəxəssislər hesab edir ki, prezident  İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etməsi bir çox obyektiv amillərdən qaynaqlanır.  Nəzərə almaq lazımdır ki,  Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb, bununla bağlı dərin tarixi baza formalaşdırıb. Ölkəmizdə heç vaxt dini və etnik zəmində heç bir qarşıdurma olmayıb və bu proses indi də uğurla davam etdirilir. Digər tərəfdən,  Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə nadir tolerantlıq mühiti yaradıb və indi bu, bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Nəhayət Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasi və sosial şərait mövcuddur. Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov qeyd edib ki, dövlət başçısının 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsilə bağlı imzaladığı  sərəncamda tarixi İpək yolunda yerləşən Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanındığı xüsusliə qeyd olunub.  QHT rəhbəri  bildirib ki, Azərbaycan özünün zəngin tarixi, elmin, incəsənətin və ədəbiyyatın inkişafına xüsusi töhfə verməsi, həm İslam mədəniyyətinə, həm də bütövlükdə dünya mədəniyyətinə xüsusi münasibəti ilə seçilir. Onun sözlərinə görə, multikulturalizmin artıq alternativi olmayan həyat tərzinə çevrildiyi Azərbaycan Qərb və Şərq mədəniyyətini özündə birləşdirən ölkə kimi, onun zəngin mədəni irsinin öyrənilməsi də mühüm əhəmiyyət kəsb edir: "Sivilizasiyalar arasında İslam sivilizasiyanın həmişə xüsusi yeri olub. İslamın geniş yayılmasını təkcə dini etiqad baxımından izah etmək düzgün deyil. İslamın yayılması həm də mədəni ənənə və elmlə bağlıdır. İslamda qələmə və yazıya and içilir. Bütün bunlar onu göstərir ki, İslamda elmə böyük əhəmiyyət verilib. İslamın mədəni göstəricilərindən biri də kitab mədəniyyətidir. Heç bir din haqqında bu qədər kitab yazılmayıb".  QHT sədri hesab edir ki, Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, eləcə də BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə bu şəhərdə keçirilməsi İslam mədəniyyəti, İslam abidələrinin qayğı ilə qorunmasına və islam irsinin zənginləşdirilməsi istiqamətində böyük töhfədir: "Xatırlatmaq istəyirəm ki, hələ 2008-ci ilin dekabr ayının əvvəllərində Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və ona qonşu regionlarda sülhün və davamlı inkişafın əsasıdır" mövzusunda konfransı keçirilmişdi. Konfransın gedişində Bakı Bəyannaməsi qəbul edilmiş, iştirakçı dövlətlər, eləcə də tərəfdaş dövlətlərin mədəniyyətlərarası dialoq sahəsində mədəni əməkdaşlığını və fəaliyyətlərinin əlaqələndirilməsinin inkişaf etdirilməsini nəzərdə tutan "Bakı prosesi"nin əsası qoyulmuşdu. Beləliklə, 2009-cu ilin fevral ayında Bakı İslam mədəniyyətinin mərkəzi elan olunmuşdu. Sayı 1,4 milyarda çatmış müsəlmanların qədim və indiki mədəniyyətinin bir il ərzində qovşağına dönmüş Azərbaycanın paytaxtının missiyası sadəcə, rəsmi elan edilmiş statusla bitmirdi. Bakının İslam mədəniyyətinin mərkəzi elan olunması həm də sivilizasiyalar və mədəniyyətlərarası dialoqun daha da intensivləşməsinə təkan vermişdi".  X. Əhmədov onu da qeyd edib ki, 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi ilə bağlı Bakı ilə yanaşı regionlarda keçiriləcək tədbirlərin nəticəsində Azərbaycanın Qərb və Şərq mədəniyyətlərinin üzvi qovuşduğu məkan, Şərq üçün Qərbin, Qərb üçün də Şərqin qapısı rolunu oynayan yer olduğu bir daha öz təsdiqini tapacaq. Milli məsələlər üzrə ekspert, araşdırmaçı jurnalist Niyaz Niftiyev qeyd edib ki, ölkədə milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir. Ölkə başçısının da mədəniyyət və din sahəsində beynəlxalq təşəbbüslərə göstərdiyi dəstək nəticəsində Azərbaycan dünyanın tolerantlıq mərkəzinə çevrilib: "Hələ 2008-ci il dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransında İlham Əliyevin irəli sürdüyü təkliflər tədbirin beynəlxalq əhəmiyyətini daha da artırdı. Konfransda prezident tərəfindən sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı prosesi"nin əsası qoyuldu və bu, təşəbbüsün qlobal bir prosesə çevrilməsinə səbəb oldu. 2009-cu ildə isə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin toplantısı keçirildi. Təsadüfi deyildi ki, tədbirə Avropa Şurası dövlətlərinin mədəniyyət nazirləri də dəvət edilmişdi. Yenə də dinlərarası barışığa, harmoniyaya, sivilizasiyalararası dialoqa dəstək siyasəti öz təntənəsini tapdı. Azərbaycanın timsalında dünya şahid oldu ki, bu kiçik müsəlman dövləti, əslində, böyük dövlətlərə multikulturalizm dərsi keçir. Eyni zamanda, dinlərin harmoniyada olmasının mümkünlüyü ideyasını təlqin edir və bunu təkcə sözdə deyil, həm də əməli işdə təsdiq edir". Onun  fikrincə, müxtəlif mədəniyyətlərin və qitələrin qovşağında yerləşən Azərbaycanın həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi "Bakı prosesi" çərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa və ona qonşu regionların hüdudları çərçivəsindən çıxarıb daha qlobal səviyyəyə yüksəltməyə imkan verir: "Bu mənada, "Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi"nin davamı olaraq, prezident İlham Əliyevin dəstəyi ilə 2011-ci ilin aprelində Bakıda "Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu"nun (World Forum for Intercultural Dialogue) keçirilməsi təşəbbüsü irəli sürüldü. Bu forumun ölkəmizdə təşkili İslam və Avropa mədəniyyətini özündə ehtiva edən Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ olunması, ölkəmizin nüfuzunun yüksəldilməsi və beynəlxalq proseslərdə əhəmiyyətini artırmasına, eləcə də Azərbaycanın qitələrarası və sivilizasiyalararası əməkdaşlıq məsələlərində çox mühüm dövlət kimi qəbul olunmasına, ölkəmizin dünya mədəniyyətinə inteqrasiyasına xidmət edir. Onu da xatırladım ki, Prezident İlham Əliyev 2011-ci il mayın 27-də Fərman imzaladı və ona uyğun olaraq, ölkə başçısının himayəsi və iştirakı ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" şüarı altında 2013-cü ilin mayında Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Forumun əsas tərəfdaşları qismində yenə də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çıxış etdilər. 2015-ci il mayın 18-19-da "Bakı prosesi" çərçivəsində paytaxtımız yenidən Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdi. Forumda bir daha sübut olundu ki, "Bakı prosesi" ölkə başçısının dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışı, əməkdaşlıq və dialoqu təşviq edən platforma və layihələri birləşdirən qlobal xoşməramlı çağırışıdır". N.Niftiyev hesab edir ki, Azərbaycan bütün zamanlara örnək ola biləcək əsl tolerantlıq nümunəsidir və bu, təkcə ölkədə yaşayan milli və etnik azlıq nümayəndələrinin deyil, həm də beynəlxalq aləmin səmimi etiraf etdiyi məsələdir: "2016-cı ilin "Multikulturalizm ili" elan olunması ilə yeni tədbirlər planı hazırlanmalıdır. Bu işdə ən böyük məsuliyyət Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin üzərinə düşür. Çünki dövlətin sifarişini onlar həyata keçirirlər və büdcə ilə işləyən təşkilatdırlar. Tədbirlər planı da onlar tərəfindən hazırlanmalı və cəmiyyətə təqdim olunmalıdır. Düşünürəm ki, həm daxili auditoriya, həm də beynəlxalq aləm üçün paket hazırlanmalıdır və biz tədbirlərimizi o proqram üzərində həyata keçirməliyik. Bu mərkəzlə yanaşı, Mədəniyyət və Turizm Nazirliyindən də tədbirlər planı gözləyirik. Çünki məsələnin mədəni tərəfi daha geniş və rəngarəngdir. Bundan əlavə, Elmlər Akademiyasının Folklor İnstitutunun da müəyyən təşəbbüslərlə çıxış edə biləcəyi qənaətindəyəm. Tolerantlıqla bağlı məsələləri isə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi diqqətə almalıdır. Düşünürəm ki, Mətbuat Şurası da "Azərbaycan mətbuatında multikulturalizm ənənələri" mövzusunda fəal olmalıdır. Çünki bizim cəmiyyətə çıxışımız KİV vasitəsi ilə reallaşır. Azərbaycanda müxtəlif xalqların kompakt yaşadığı ərazilərin icra strukturlarından da müəyyən işlər gözləyirəm. Biz isə bu sahənin araşdırmaçıları olaraq istənilən təşəbbüsə qatılıb iştirak etməyə hazırıq".

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 13 aprel.- S.15.