Fikir, söz, məlumat azadlığının

təmin olunmasında yeni mərhələ

 

Kütləvi informasiya vasitələrinin azad, müstəqil şəkildə fəaliyyət göstərməsi günümüzdə dövlətin qarşısında duran mühüm vəzifələrdən biridir. Zaman-zaman dövlət tərəfindən bu istiqamətdə atılan müsbət addımlar Azərbaycanda mətbuat inkişafına təkan verir, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə stimul yaradır. Azərbaycan mətbuatı bu günkü səviyyəsinə gəlib çıxana qədər çox çətin, çətin olduğu qədər də şərəfli bir yol keçib desək yanılmarıq. 140-dan artıq yaşı olan Mili Mətbuatımızın inkişaf dövrü Azərbaycanın tarixində ikinci dəfə müstəqillik əldə etməsindən sonra illərə təsadüf edib.

Yaxın tarixə nəzər salsaq görərik ki, müstəqilliyin ilk illərində hər bir sahədə olduğu kimi media sahəsində də çətin bir dövr yaşanırdı. Düzdür, bu illərdə ölkədə bir neçə mətbu orqan, kütləvi informasiya vasitəsi fəaliyyət göstərsə də, lakin onların maddi texniki bazası çox aşağı səviyyədə idi. İqtisadi çətinliklər dövrünü yaşayan Azərbaycanda o illərdə qəzet çap etdirmək, onun yayımını təşkil etmək kifayət qədər çətin və məsuliyyətli idi. Eyni zamanda böyük bir risk tələb edirdi. Hər hansı bir mətbu orqan rəhbəri nəşr etdirdiyi mətbu orqanda yer alan hansısa məqalə, yazı, hətta bir cümləyə görə təqib və təzyiqlərə məruz qala, fiziki güclə rastlaşa bilərdi. Dəfələrlə hansısa qəzet redaksiyasına basqıların olması, hər hansı bir məqalədə adı keçən şəxsin yaxınlarının redaksiyaya hücumları adi hala çevrilirdi. Bu kimi mənfi tendensiya ölkədə yeni mətbu orqan nıəşr etdirmək, cəmiyyəti ölkənin ictimai-siyasi həyatında baş verən hadisələr barədə bilgiləndirmək, eyni zamanda müxtəlif sahələrdə mövcud olan problemləri işıqlandırıb ictimailəşdirmək arzusunda olanları konkret addım atmaqdan çəkindirirdi. Həmin illərdə Azərbaycanda olan bu ab-hava, qeyri-sağlam mühit istər-istəməz ölkəmiz barədə beynəlxalq aləmdə mənfi rəyin formalaşmasına gətirib çıxarırdı. Təsadüfi deyil ki, o illərdə Azərbaycan söz, məlumat azadlığı, plüralizm cəhətdən ən geridə qalan ölkələrlə bır sırada qərarlaşırdı. Lakin bu mənfi tendensiya tezliklə aradan qaldırıldı. Daha dəqiq desək ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra hər bir sahə kimi kütləvi informasiya vasitələri ilə iş sahəsinə də ciddi şəkildə diqqət yetirdi, Azərbaycanda fikir, söz, məlumat azadlığı, plüralizmin pozulması barədə beynəlxalq aləmdə formalaşdırılmış mənfi rəyi aradan qaldırmağa müvəffəq oldu. Belə ki, ümummilli lider, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 6 avqust 1998-ci il tarixli Fərmanı kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Qeyd edək ki. həmin fərman əsasında Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərinin Mühafizəsi Baş İdarəsi ləğv edildi, Həmçinin hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiyayayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab edildi. Beləliklə, 1998-ci ildə senzuranın ləğvi müstəqil mətbuatımızın ictimai fikrə təsir edən və "dördüncü hakimiyyət" funksiyasını həyata keçirən real gücə çevrildi. Məhz bundan sonra mətbuatımızın azad cəmiyyətin və demokratik ölkənin formalaşdırılmasında rolu ortaya çıxdı, hərtərəfli şəkildə dövlət qayğısı ilə əhatələnən mediamız həmin dövrdə tranzitar dövlət kimi müstəqil Azərbaycanın atributuna çevrildi. Mətbuata dövlət nəzarəti olan senzuranın aradan qaldırılmasından sonra beynəlxalq standartlara cavab verən "Kütləvi informasiya vasitələri haqqında", "Məlumat azadlığı haqqında" Qanunlarqəbul edildi, KİV-in təsis edilməsi və fəaliyyəti üçün qanunvericiliyin təkmilləşdirilməsi, optimal hüquqi mühitin formalaşdırılması istiqamətində mühüm, məqsədyönlü addımlar atıldı.

Hər kəsə bəllidir ki, müstəqilliyin ilk illərində ölkədə işıq üzü görən kütləvi informasiya vasitələri, qəzetlərin çapında problemlər mövcud idi. Maddi çatışmamazlıq səbəbindən qəzetlər bir qayda olaraq 4 səhifədə çıxırdı. Özü də qəzetlərin əksəriyyəti həftəlik, yaxud iki-üç gündən bir öz oxucuları ilə görüşə gəlirdi. Ölkədə  gündəlik nəşr olunan qəzetlər barmaqla sayılası qədər idi. Həmçinin ölkədə müstəqil mətbələrin olmaması  qəzetlərin əksəriyyətinin "Azərbaycan" Nəşriyyatında çapdan çıxması zərurəti yaradırdı. Ancaq qəzetlərin üzləşdikləri maliyyə problemləri, satışdan gəlir əldə edə bilməmələri Azərbaycan Nəşriyyatına külli miqdarda borcların olması ilə nəticələnirdi. Yığılıb qalan borclar isə  qəzetlərin bağlanması təhlükəsini yaradırdı. Belə bir vəziyyətdən çıxış yolunu yenə də ümummilli lider Heydər Əliyev tapdı və qəzet redaktorlarının ümummilli liderə müraciətlərinin nəticəsi olaraq təxminən onların Azərbaycan Nəşriyyatına olan 500 min dollara yaxın borcu donduruldu.  Atılan bu ilk addım kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, onların çapının dayandırılmasının da qarşısını aldı. Təbii olaraq Heydər Əliyevin atmış olduğu bu addım beynəlxalq səviyyədə də müsbət qiymətləndirildi və Azərbaycana olan münasibət, baxış tədricən dəyişməyə başladı. Artıq bütün dünya gördü ki, Azərbaycan hakimiyyəti ölkədə azad fikir, söz və məlumat azadlığının təmin olunmasının tərəfdarıdır və bu istiqamətdə addımlar atır.

Ümumiyyətlə, ölkəmizdə bütün sahələrdə olduğu kimi mətbuat sahəsinin inkişafında da ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. O, hakimiyyətdə olduğu müddətdə Azərbaycanda mətbuatın inkişafına, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərdi. Bir qədər də konkretləşdirsək 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatında da yeni səhifə açıldı. Həmin illərdə Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə imkanların yaradılması əsas vəzifə kimi qarşıya qoyuldu. Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra istər müstəqillik aktında, istərsə də Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dünyəvi, demokratik, hüquqi dövlət elan olunması və həmin konstitusiyanın 50-ci maddəsində "Məlumat azadlığının təsbit olunması, hələ ondan əvvəl, 1992-ci ildə ilk dəfə Parlament tərəfindən KİV haqqında Qanunun qəbul edilməsi jurnalistikanın inkişafına güclü təkan verdi.

Kütləvi informasiya vasitələrinə yeni dövrün tələblərinə uyğun şəraitin yaradılması da qarşıda duran vəzifələrdən idi. Bu mənada medianın, kütləvi informasiya vasitələrinin internetə çıxışının təmin olunması zəruri idi.  Təsadüfi deyil ki, bu istiqamətdə də ilk uğurlu addım məhz ümummilli lider Heydər Əliyevin zamanında atıldı. Belə ki,  Azərbaycanda ilk dəfə İnternetə çıxış 1991-ci ildə Azərbaycan Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda bir qrup alim və mütəxəssis tərəfindən həyata keçirildi.  1995-ci ildə isə Azərbaycanda mətbuatımızın bugünkü inkişafında mühüm xidmətləri olan ilk veb-portal - science.gov.az-ın əsası qoyuldu.  Həmin dövrdə akademiyanın rəsmi saytı www.ab.az adı altında fəaliyyət göstərirdi, 2003-cü ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının  Rəyasət Heyətinin qərarı ilə sayt science.az adlandırıldı.

Artıq kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının qəbul olunması ilə ölkə mətbuatının Avropa standartlarına uyğunlaşdırılması prosesi başlamışdı. Yeni qanunda, həmçinin ölkəmizdə fəaliyyət göstərən aparıcı mətbu orqanlarının maddi-texniki imkanlarının gücləndirilməsi məsələsi də öz əksini tapmışdır. Heydər Əliyevin milli mətbuatımızın inkişafına xidmət edən növbəti addımı 1999-cu ildə "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanunu təsdiqləməsi oldu. Bu sənədlə ölkəmizdə yeni mətbuat orqanlarının təsis olunması prosesi xeyli asanlaşdırıldı. "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" təsdiq olundu. Vətəndaş müraciətlərinə baxılması, informasiyaların mühafizəsi, informasiya azadlığı, radio-televiziya yayımları, İctimai Televiziya  və radio haqqında müxtəlif qərar və qanunlar qəbul etməklə kütləvi informasiya vasitələrinin fəaliyyətinin genişləndirilməsi və inkişafı təmin edildi.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 14 aprel.- S.15.