"Bir də görəcəksiniz ki, məni öldürdülər"...

 

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, əməkdar jurnalist Alı Mustafayevin 65 yaşı tamam olur. Yubiley günündə onunla bağlı xatirələrimi "Olaylar"ın oxucuları ilə paylaşıram.

 

***

 

Heç vaxt ağlıma da gəlməzdi ki, nə zamansa tələbə yoldaşlarım haqqında kədərli xatirə yazaram. Beş il həyatımın acılı-şirinli günlərini birgə yaşadığım 3796-cı qrupun 26 nəfər tələbəsinin hamısı mənim üçün əziz və doğma olub. Tələbəlik illəri ömrün qızıl hərflərlə yazılmış kitabıdır. Məndən ötrü 27 ömür var bu "kitabda". Hər ömrün də öz xarakteri, öz yolu yazılıb bu "kitabda". Lalə, Alı, Qərənfil, İlqar, Rafiq, Nərminə, Cümşüd, Allahverdi, Əlibəy, Rauf, Aygün, Mirzə, İradələr... Xatirələrin yaxını olur, uzağı olur. Xatirələrin acısı olur, şirini olur. Acı xatirənin yaxını daha qəmli, daha ağrılı olur. Uzağı isə nisgilli, həzin olur. Alı Mustafayev haqqında indi yazacağım xatirə isə bilmirəm yaxındı, ya uzaq? Amma onu bilirəm ki, Alı deyəndə Lalə gözümün qabağına gəlir, Lalə deyəndə isə Alı ilə birlikdə o biri dostlarımın da gəncliyini xatırlayıram. Və istər-istəməz tələbəliyimizin şirin xatirələri məni özünə çəkir. Fikirləşirəm ki, ömür nə tez keçdi, nə zaman yaşa dolduq? Ötən illərdə şirin xatirələrlə yanaşı ağrılı-acılı günlər də qoyub gəldik. Dünyanın necə də qəribə işləri var (təbii ki, bu fikir mənim kəşfim deyil). Ağlım kəsəndən, dünyanı dərk edəndən bu qəribəliklərin içində uzun bir yol gəlirəm. Elə hallar olub ki, bu qəribəliklər içində itib-batmışam, çox çətinliklərdən sonra özümü tapsam da, özümə qayıda bilməmişəm. Çətindir özünə qayıtmaq. Ona görə çətindir ki, bu qayıdışda da bəzən heç nə tapa bilmirsən, əksinə yenə də itirirsən.

Bu dəhşətli qəribəliklərdən biri də 1991-ci il noyabrın 20-də Azərbaycan televiziyasından eşitdiyim ürəkparçalayan xəbər idi. Alının faciəli ölümünə, daha doğrusu, qətlinə inanmaq istəmədim. Zəng vurdum Qərənfilə, İradəyə. İstəyirdim desinlər ki, Mustafayev familiyalı adam bizim Alı deyil. Laləyə zəng vurmağa əlim gəlmədi, ürəyim çırpınırdı. Halbuki o mənim ən yaxın rəfiqəm, sirdaşımdı. Amma qətl baş vermişdi. Azərbaycan oğulları Qarakənd səmasında yanmışdılar...

 

***

 

Qrupumuzda Alı özünün şən, həyatsevər xarakteri, şirin və məzəli zarafatları ilə fərqlənirdi. Hamımız onu çox istəyirdik. Şeirlərini də sevə-sevə oxuyurduq. Universiteti bitirəndən sonra onun Azərbaycan televiziyasında işləməyi də bir ayrı hadisə, bir ayrı fərqlilik idi. Biz təyinatla rayonlara işləməyə getmişdik, amma o, Bakıda qalmışdı, mərkəzdə işləyirdi. Bu, o dövr üçün, xüsusilə də jurnalistika fakültəsinin məzunları üçün ələ düşməyən yaxşı bir fürsət idi. Bu fürsəti o özünün bacarığı, qabiliyyəti və savadı ilə əldə etmişdi. Alının televiziyadakı fəaliyyətindən söz açmaq istəmirəm. 20-25 il əvvəlin televiziyasını, proqramlarını, verilişlərini yaxşı xatırlayırıq. Ölkədə fəaliyyət göstərən yeganə televiziyada çalışanların kimliyini də hər kəs yaxşı bilir. O zaman baş verən hadisələr fonunda kimin nə etdiyini, hansı mövqedə dayandığını da unutmamışıq. Bu bir yana. Amma mən Alının 1990-cı ilin 20 yanvarından bir neçə gün sonrakı görüşümüzdən söz açmaq istəyirəm. Yaxşı xatırlayıram hələ də şəhərdə ara-sıra atışma səsləri eşidilir, çiyni avtomatlı rus faşistləri küçələrdə arsız-arsız gülür, matəmə bürünmüş insanların heysiyyatına toxunmaqdan ləzzət alırdılar. Belə bir gündə Nərminə Əlixanbəyova, İradə İbrahimova və mən Alıgilə getdik. Lalə süfrə açsa da, yeməyə iştahımız yox idi. Baş verən faciənin təsirindən özümüzə gələ bilmirdik. Alı heç özündə-sözündə deyildi, dözə bilmirdi. Deyirdi ki, bu hadisədən sonra adam yaşamaq istəmir. Onların da evi gülləbarana məruz qalmışdı. Balkonda güllə yerləri var idi, boş gilizləri bizə göstərdi. Bizi yola salanda Lalə də, Alı da dil-ağız etdilər. Alı "vallah vəcalət çəkirəm, sizi ürəklə qarşılaya bilmədik, gərək başqa şəraitdə yığışaydıq" dedi. "Ay Alı, xəcalətli düşmənin olsun" dedim. "Düşməni var ki?"- Lalə dilləndi...

Var imiş, Lalə, var imiş. Özü də bu düşmən çox amansız imiş. Alını həyatdan vaxtsız aparan ölüm, bu xalqın əsrlərlə, qərinələrlə qəlbində gəzdirdiyi azadlıq arzusuna qənim kəsilən, yolunda bir qara daş olan, əl-ayağını bağlayan sovet imperiyası Alının düşməni deyildimi? Alının sözünü ürəyində qoyanlar, peşə arzusuna, jurnalist istəyinə sədd çəkənlər düşməndən nə ilə fərqləniblər? Xalqın qara günündə bir tükü belə tərpənməyən, "millət necə tarac olur-olsun nə işim var?" deyə onun vətən yanğısına, millət sevgisinə soyuqqanlı yanaşan, heç bir reaksiya verməyən vecsizlərə, həmin günlərdə Şəhidlər Xiyabanından çəkdiyi görüntüləri, hələ torpaqları soyumayan şəhidlərin məzarları üstündə hayqıraraq söylədiklərini efirə verməyənlərin adı nə idi? Hələ də sənin bilmədiyin, özü ilə məzara apardığı, onu tanıyanlara belə məlum olmayan sirlərin altında nə qədər düşmən fitnəsinin olduğundan xəbərin yoxdu. Bu, düşmənçilik deyil, bəs nədi, Lalə?!

Mən həmin gün yenidən kəşf etdim Alını. Ürəyinin böyüklüyünü, millət sevgisinin yanğısını tələbə vaxtı o qədər də hiss etməmişdik. Deyib-gülən, şən, mehriban Alıdan əsər-əlamət qalmamışdı, ağlayırdı, yanırdı, qovrulurdu. Televiziyada baş verən təxribatdan, qanlı gecənin sabahı gizli çəkilişlərindən, Dağüstü parkda şəhidlərin dəfn olunması üçün qazılan qəbirlərdən söz açdı. Hamısını çəkmişəm, deyirdi, lentə almışam, amma heyf ki, efirə vermirlər, yəqin ki, onları bu millət heç vaxt görməyəcək, xalq xəbər tutmayacaq. Mən öləndən sonra bəlkə... illər sonra bəlkə göstərərlər. Bir neçə dəfə "mən öləndən sonra" dedi. Sanki 22 ay sonra başının üstünü kəsdirəcək ölümünü əvvəlcədən hiss etmişdi...

 

***

 

Zaman o zaman idi ki, təkcə Alıya yox, həqiqət deyən bütün dillərə buxov vurulurdu. Həmin buxovu açmaq çətin idi. Vətənpərvər insanlar yüksək tribunalardan söz demək, səslərinin eşidilməsi üçün mübarizə aparırdılar. Bir dəfə rayona gedərkən təsadüfən qatarda Alı ilə yol yoldaşı olduq. Məlum oldu ki, onun adını Qazaxda deputatlığa namizəd kimi qeydə alıblar. Əhali ilə görüşə gedirdi. Yolboyu xeyli söhbət etdik. Niyə deputat olmaq istədiyini soruşdum, "vəzifə istəyirsən?" deyə zarafat etdim. "Vəzifəli adamlar məndən artıqdı?" deyə güldü. Tez də "zarafat edirəm, vəzifə nəyimə lazımdı? Gül kimi sənətim var. Sadəcə imkan vermirlər sözümü deyə bilim, deputat seçilsəm bəlkə efirə getməyən çəkilişlərimi, qadağa qoyulan verilişlərimi millətə çatdıra bilərəm. Tək məqsədim budu. Bir də görəcəksiniz ki, öldüm, ya da öldürdülər. İstəmirən bildiklərim, gördüklərim mənimlə torpağa qarışsın" dedi. Allahu-əkbər... yenə ölüm, yenə ölmək. Hardandı axı, bu hiss səndə? Aylar əvvəl evində dediyi "mən öləndən sonra..." ifadəsini yadına salmaq istəsəm də dilimə gətirmədim.

Alı deputat ola bilmədi. Amma ölümündən illər sonra arzusu həyata keçdi, yanvar faciəsi ilə bağlı çəkdiklərinin bir hissəsi efirlərdə göstərildi. Hadisənin ertəsi günü Şəhidlər Xiyabanında qazılan məzarların yanından hayqıraraq söylədiyi bu misraları da eşidildi:

Torpaqda haqqı var axan qanın da,

Bir nərin qolları düşüb yanında,

Müqəddəs Şəhidlər Xiyabanında,

Dəli bir ağlamaq keçir könlümdən.

Alını hissiyyatı aldatmadı. Alı çoxlu sayda arzusuna çata bilmədi, dünyadan köçdü. Çox sevirdi Laləni. Fakültənin tələbələri buna şahid idilər. Lalə 25 ildi bu sevgyə sadiqdi, bir gün də olsun ona xəyanət etmədi. Üç oğlunu Lalənin təkbaşına necə tərbiyə edib böyütdüyünü, üçünün də ən yüksək formada ali təhsil aldığını, hər birinin iş-güc sahibi olduğunu, çoxlarına nümunə olacaq övladlar kimi mövqe tutduqlarından da xəbərsizdi Alı. Tural da, Toğrul da, Özal da atalarına layiq oğullardı. Bax, budu ali sevginin bəhrəsi!

Bu yaxınlarda baş vermiş iki hadisədən - oğlu Toğrulun toyundan və toydan bir neçə gün sonra illərlə göz yaşı kəsilməyən, amma oğlundan dolayı həmişə başını dik tutan, qürurunu sındırmayan anasının vəfatını bilmədi Alı. Şahzadə ana nəvəsinin toyu ərəfəsində sanki bu dünyadan köç edəcəyini hiss edirmiş kimi -eynən oğlu Alı kimi - övladlarına vəsiyyət edib: işdi-şayəd toydan əvvəl ölərəmsə, bunu bir kimsəyə bildirməzsiniz. Cənazəmi kimsənin görə bilməyəcəyi yerdə saxlayarsınız, toydan sonra götürüb dəfn edərsiniz.

 

***

 

Həyatın bir çox hallarda mənasız və həddən artıq ağır olan ömür şələsinin təzyiqinə hamımız az və ya çox dərəcədə məruz qalmışıq. Bu mənada gəncliyimizdə Alı bizdən fərqli idi. Qrupumuzun ən yaşlı üzvü idi. Və bununla da həmişə bizim yanımızda öyünürdü. Deyirdi ki, siz hələ uşaqsınız, bərkə-boşa düşməmisiniz, çətinliklərin nə olduğunu görməmisiniz. Mən isə bütün bunları ayağımın altında əzib gəlmişəm. Belə hallarda adətən uşaqlığından danışırdı, məktəbdə oxuyanda, əsgərlik illərində yazdığı şeirlərdən söz açır, bəzilərini əzbərdən deyirdi.

Yaxşı yadımdadı birinci kursda oxuyanda "Düşüncələr" adlı şeirini mənə verdi. "Al oxu, gör papaq altında necə oğullar yatır?" deyə zarafat etdi, bir az da özündən razılıq hissilə gülümsündü. Həmin dəftər vərəqi hələ də məndədir. Hətta bu şeir Alının çap olunmuş kitablarında belə yoxdu.

Deməyin insan var dərdsiz-kədərsiz,

Deməyin insanlar düşüncəsizdir.

Nədənsə birinə yaşamaq əziz,

Başqa birisinə ölmək əzizidir.

İndi düşünürəm ki, Alı taleyində baş verəcək faciələri fəhmlə kəsdirə bilibmiş. Alı Allahın ona yazdığı ömür payının az olacağını hiss edibmiş. Və bu hissiyat ona 38 yaşında

Durub haqq evinin astanasında

Dəli bir ağlamaq keçir könlümdən, -söylətdiyi zaman daha güclü olub. Çünki bu "arzudan" 10 ay sonra Alı "Düşüncələr"inə xilaf çıxmadı, Haqq Dünyasına qovuşdu.

Şair idi Alı. Amma heyif ki, yazdıqları sağlığında çap olunmadı. "Bacısız qardaşlara" adlı şeiri tələbə vaxtı dilimizin əzbəri idi. Hələ Laləyə həsr etdiyi şeirləri demirəm. O vaxtlar bu şeirlərlə tələbə yoldaşlarımdan fərqli olaraq az-çox mən tanış ola bilirdim. Çünki Lalə mənim yaxın rəfiqəm idi (həmin yaxınlığımız bu gün də davam edir). Ona görə də Alı şeirinin ilk oxucusu olaraq Lalədən əvvəl mənə göstərirdi. Necə deyərlər mən də "xeyir-duamdan" sonra şeiri Laləyə verirdim. Sonralar "vasitəçiliyimə" ehtiyac qalmadı, özləri dil tapdılar və bu, xoşbəxt sonluqla nəticələndi.

Amma "sən saydığını say, görə fələk nə sayırmış". Bir ailənin xoşbəxtliyinə həyatmı paxıllıq etdi, yoxsa mənfur ölümmü sahib çıxdı? Fərqi yoxdu, hər iki halda nəticə eynidi: Alı Lalədən ötrü qayıtmayacaq günlərin ürək göynədən xatirələr yuxusuna çevrilərək şirin arzuların, xoş diləklərin acı xatirəsi oldu.

Mən ölsəm qəbrimin üstünə ancaq,

Başqa gül qoymayın Lalədən qeyri.

Qoy onu sinəmdə bitirsin torpaq,

Əzəldən sinəmdir Lalənin yeri.

Bu, Alının arzusu idi... Bu gün Alını ziyarətinə lalə çiçəyi kimi gözəl, zərif Lalə gedir - əlində bir dəstə qərənfil gülü ilə...

Bu nədi? Yoxsa tale istehzasıdımı?..

 

Züleyxa  Nadir

   

Olaylar.- 2017.- 14 aprel.- S.12.