Azərbaycanda dini plüralizm

həyat devizinə çevrilib

 

Ölkəmiz hər zaman tolerantlıq mərkəzi olub

 

Azərbaycanda dini plüralizm  həyat devizinə çevrilib. Ölkədə yaşayan müxtəlif dini əqidələrin daşıyıcıları sözün əsil mənasında tolerantlıq nümayiş etdirilər. Paralel olaraq dövlət dini plüralizmin bərqərar olması istiqamətində mühüm addımlar atmaqdadır. Məhz bu kimi tədbirlərin nəticəsidir ki, artıq ölkəmiz müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair sanballı tədbirlər keçirilməsi üçün ənənəvi məkana çevrilib. O da məlumdur ki, bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları var. Çünki Azərbaycanda bütün xalqlar, müxtəlif dinlərin nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayıblar. Elə bu səbədən də Azərbaycanın dini plüralizm sahəsində  hər zaman başqalarından bir addım öndə olub.

Yeri gəlmişkən xatırladaq ki, Azərbaycanın dövlət səviyyəsində dini olüralizm siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Yəni bu siyasətin əsası 90-cı illərin əvvəllərinə gedir. Ümummilli lider o zaman Azərbaycanın başı üzərini qara buludlar alanda, dövlətçiliyimiz təhlükə altına düşəndə azərbaycançılıq ideyasını dövlət siyasətinə gətirdi. Hazırda prezident İlham Əliyev tərəfindən bu siyasət  davam etdirilir. Ümumiyyətlə, Azərbaycanda olan bu ortam, etnik qrupların, müxtəlif xalqların nümayəndələrinin və dini icmaların birgə sülh şəraitində yaşaması dünya çapında fenomen hadisədir. Məlumdur ki, dünyanın bəzi ölkələrində bu cür problemlər hələ də qalmaqdadır. Amma Azərbaycanda belə hallar müşahidə olunmur. Nəzərə almaq lazımdır ki, müasir dünyada dini etiqad sahəsində rəngarəngliyin cərəyan etdiyi bir məqamda dini plüralizm ənənələrinə sadiq qalmaq dövlətlər və xalqlar üçün elə də asan məsələ deyil.  Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, ölkəmizdə tətbiq olunan dövlət-din modelinin ən böyük uğuru ondan ibarətdir ki, dünyada dinlərarası və məzhəblərarası qarşıdurmaların baş verdiyi müasir dövrdə Azərbaycanda bu sahədə hansısa gərginlik yaşanmır.  Əsrlərdən bəri İslam dünyasının iki böyük - şiə və sünni məzhəblərinin nümayəndələri ibadətlərini fərqli şəkildə və fərqli məkanda həyata keçirirlər: "Tarixdə bir neçə dəfə onların birliyinə, həmrəyliyinə təşəbbüslər göstərilsə də, indiyədək bu təşəbbüslər davamlı xarakter almayıb. İslam aləmində məzhəb məsələsinin ön plana çıxdığı bir dövrdə - keçən ilin yanvar ayının 15-də Bakıdakı Heydər məscidində məzhəbindən asılı olmayaraq, ölkə müsəlmanları ilk dəfə bir araya gələrək eyni vaxtda, bir yerdə, bir sırada vəhdət namazı qıldılar və bu, ənənəyə çevrilərək digər məscidlərdə də tətbiq olunmağa başladı". Millət vəkili deyib ki, hazırda Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət xalqın milli-mənəvi dəyərlərinin tərkib hissəsi olan dinimizə dövlət qayğısının bariz nümunəsidir: "Belə ki, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədilə yeni ibadət ocaqlarının inşası, təmirə ehtiyacı olanların yenidən bərpası istiqamətində çoxsaylı işlər görülüb. Əgər Sovet İttifaqı dağılarkən ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərirdisə, bu gün onların sayı 2000-i ötüb. Təkcə son 13 il ərzində ölkədə 200-dan çox məscid inşa olunub, 80-dən artıq məsciddə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına və tapşırıqlarına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdərbəy, Şamaxı və Sumqayıt Cümə məscidlərində, Gəncə şəhər İmamzadə ziyarətgahında əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılıb. Dövlət başçısının tapşırığı ilə Binəqədi rayonunda inşa edilən və cənubi Qafqazın ən möhtəşəm İslam abidəsinin - Heydər məscidinin 2014-cü ilin dekabrın 26-da açılışı olub". Yeri gəlmişkən qeyd edək ki, hazırda  Heydər məscidində qılınan vəhdət namazı dini plüralizmin bariz nümunəsi olmaqla yanaşı, həm də dünyaya Azərbaycan təcrübəsindən yararlanmağın vacibliyini nümayiş etdirir. İlahiyatçı Bakir Eyvazov bildirib ki, Heydər məscidində qılınan vəhdət namaz azərbaycanlı dindarlar arasında vəhdətin, birliyin olmasının birbaşa göstəricisidir.  Bu məscid 2014-cü ildən istifadəyə verilməsinə baxmayaraq 2015-ci ilin dekabr ayından kütləvi ibadətə açıldı: "Heydər məscidində gündəlik namazları bütün İslam məzhəb və təriqətlərindən olan dindarlar sərbəst şəkildə icra edirlər. Açılışdan bu yana bütün cümə namazları vəhdət təşkil edibdir. Növbəli şəkildə cümə namazlarını bir dəfə əhli sünnə məzhəbindən olan imam, növbəti cümədə isə şiə məzhəbindən olan axund qıldırır.  Dindarlar üçün məsciddə çox gözəl bir şərait yaradılıb. Hər kəs bu məscidin inşasında və ərsəyə gəlməsində əməyi olan hər bir kəsə səmimi dualar edir". Onun sözlərinə görə, ancaq belə bir hala bir çox müsəlman ölkələrində şahid olmaq qeyri mümkündür: "Azərbaycan dindarları məzhəbindən və dini görüşündən asılı olmayaraq İslamın bizdən tələb etdiyi birlik və bərabərliyi qoruyub saxlayır. Bu hal və davranışlar, dindarların məzhəbindən, təriqətindən asılı olmayaraq bir birilərinə qardaşcasına davranmaları bir çox məzhəb təəssübkeşliyindən əziyyət çəkən ölkələrə bir nümunə, örnəkdir. Bu günləri məzhəb təssübkeşliyinin viran qoyduğu ölkələri Acərbaycan gəncliyi və dindarları çox yaxşı görür və onu düzgün analiz edirlər. Bunun nəticəsidir ki, Azərbaycanda dini zəmində heç bir real təhlükə və xaos yoxdur. Bütün bunlar Azərbaycanda tolerantlığın və dini plüralizmin geniş vüsət almasından xəbər verir. Əslində dini plüralizm, tolerantlıq və multikulturalizm çox sonralar avropalıların, müxtəlif mədəniyyətə sahib insanların bir cəmiyyətdə yaşaya bilməsi, onların normal bir həyata bağlanması üçün atılan addım olsa da və çox zaman müsbət nəticə əldə etməsələr də, İslam dini bunun əksi olaraq başqa din mənsublarının öz dinlərinə etiqad etmələrinə icazə, onları müsəlman cəmiyyət və dövlətində sərbəst yaşamağa izin vermişdir. İslam heç bir vaxt zorakılığa, məcburiyyətə yol verməmiş, bütün imani məsələləri könüllü yerinə yetirilməsinin tərəftarı olmuşdur". İlahiyyatçı deyib ki, dini plüralizm, tolerantlıq və multukulturalizm ənənələri Azərbaycanda tarixən mövcud olub: "Bildiyimiz kimi ötən il  ölkəmizdə multikulturalizm ili elan olunmuşdu. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri bir yerdə mehribancasına yaşamışlar. Hətta malakanlar kimi öz doğma el-obalarında dini təyziqlərə məruz qalanlar öz sərbəstliklərini rahat və təhlükəsiz ibadətlərinin yerinə yetirilməsini məhz Azərbaycanda tapmışdılar. Düşünürəm ki, digər müsəlman ölkələri Azərbaycandakı bu vəhdət çalışmalarına qatılmalı, bundan düzgün nəticə çıxartmalı, hal-hazırda məzhəb təəssübkeşliyindən əziyyət çəkən ölkələrin düçar olduqları bu acınacaqlı vəziyyətdən özləri üçün bir dərs çıxartmalıdırlar". Onun sözlərinə görə, heç kim bu insanları bir yerdə cümə namazı qılmağa məcbur etmir: "Cümə namazının vəhdət şəklində qılınması xalqın öz istəyidir. "Birgə namaz qılınması hər iki məzhəb nümayəndələrinin təklifidir. Allaha şükür olsun ki, biz buna nail olduq, bu gün Heydər Məscidində hər iki məzhəb nümayəndələri birgə namaz qılırlar". Deputat Musa Quliyev hesab edir ki, Azərbaycanda həyata keçirilən dini plüralizm siyasəti deməyə əsas verir ki, Bakı bütün dünyada multikulturalizm mərkəzinə çevrilə bilər. Çünki Bakı hər zaman tolerantlıq mərkəzi olub. Bakıda kimin hansı dindən, millətdən olduğu heç vaxt soruşulmayıb və fərqinə varılmayıb. Paytaxtımızda uzun illər yaşayan müxtəlif millətlərin nümayəndələri - yəhudilər, ruslar, ermənilər, polyaklar, Azərbaycan xalqının tərkib hissəsi olan ləzgilər, talışlar, avarlar və digər nümayəndələrlə həmişə bir ailə kimi yaşayıblar: "Hətta bizi özünə mehriban qonşu qəbul etməyən ermənilərlə vaxtilə kirvə olmuşuq, əziz qonağımız olublar. Bakıda da həmişə hamıdan yaxşı yaşayıblar. Azərbaycan xalqının tolerantlığına bundan böyük nümunə ola bilməz. Hesab edirəm ki, Bakı dünyanın tolerantlıq mərkəzinə də çevrilə bilər, multikulturalizm mərkəzinə də çevrilə bilər. Necə ki, Bakı hazırda dünyanın mədəniyyət və idman mərkəzlərindən biri kimi tanınır". Onun sözlərinə görə, Azərbaycanda  "Multikulturalizm ili"nin elan ediməsi o deməkdir ki, ölkəmiz dünyanın bütün dinlərinə, irqlərinə, millətlərinə, mədəniyyətlərinə öz ağuşunu açıb və göstərmək istəyir ki, bu cür də yaşamaq olar və bu cür də yaşamaq lazımdır. Dostluq, bərabərlik, həmrəylik, qardaşlıq dünyanı xilas edəcəkdir. Bu mənada "Multikulturalizm ili"nin elan edilməsi həm də bütün dünya üçün bir mesajdır. Millət vəkili Heydər məscidində vəhdət namazının qılınmasına da toxunaraq, bunu çox böyük tarixi hadisə adlandırıb: "Təkcə Azərbaycanın, İslamın tarixində deyil, ümumiyyətlə, bütün dünya dinlərinin tarixində qalacaq bir hadisədir. Bu, dünyaya önəmli bir mesaj idi ki, məzhəb ayrılıqları insanları ayırmalı deyil. Məzhəb müxtəliflikləri insanları qarşılıqlı şəkildə mədəni, mənəvi cəhətdən zənginləşdirə bilər, nəinki bir-birinə düşmən edə bilər. Bu, çox böyük bir hadisədir. O, 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan olunduğunu və  İslam Oyunlarının  keçiriləcəyini xatırlayaraq qeyd edib ki, islam ölkələrinin bütün idmançıları, siyasi və mədəniyyət xadimləri ölkəmizə gələcək: "Bu mənada Azərbaycanda  vəhdət namazının qılınması dini plüralizm siyasətinin davam etdirilməsi baxımından çox böyük əhəmiyyətli tarixi hadisədir".

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 15-17 aprel.- S.15.