Azərbaycanda siyasi
plüralizm hökm sürür
Azərbacan
müstəqillik yoluna qədəm qoyduğu ilk andan etibarən siyasi plüralizm ənənnələrini tətbiq
etməyə başlayıb. Məlum olduğu kimi 1991-ci ildə
Azərbaycan Respublikası müstəqil dövlət quruculuğu yoluna qədəm
qoydu. Öz tarixinin yeni səhifəsini
açan respublikamız milli
və ümumbəşəri dəyərlərə söykənən
demokratik, hüquqi və
dünyəvi dövlət yaratmaq
arzularını reallaşdımaq istiqamətində
addımlar atmağa
başladı.Yalnız yetkin və güclü dövlət öz
vətəndaşlarının hüquqlarının
gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının
qorunmasına təminat verə bilər.
Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı.Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu prosesi müstəqilliyin ilk günlərindən müxtəlif problemlərin və maneələrin aradan qaldırılması ilə müşayiət olunub. Respublikamız bu yolda totalitar sovet rejimindən miras qalmış ictimai-siyasi problemlərin ağır nəticələri, erməni separatizmi və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün vurduğu yaraları, kəskin daxili-siyasi qarşıdurma və vətəndaş müharibəsi təhlükəsini, dövlət çevrilişi cəhdlərini və digər ağır siyasi, sosial-iqtisadi problemləri və onların nəticələrini aradan qaldırmaq məcburiyyətində qaldı. Xalqın geniş təbəqələrinin arzularını ifadə edən və onların qətiyyətli dəstəyinə söykənən ümummilli lider Heydər Əliyevin ardıcıl səyləri pozucu qüvvələrin Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa imkan verdi. Respublikamız onun başı üzərini almış qanlı vətəndaş qarşıdurmasından və parçalanıb məhv olmaq təhlükəsindən xilas oldu. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Ümummilli liderin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur.İnsanların ictimai-siyasi və özünüdərkinin yetkinləşməsi sayəsində cəmiyyətdəki ictimai-siyasi və sosial-iqtisadi proseslərin tənzimlənməsində vətəndaşların müxtəlif təbəqələrini və kateqoriyalarını təmsil edən ictimai qurumların fəal rol oynaması dövlətin və insanlar toplumunun daha yüksək inkişaf səviyyəsini təşkil edən vətəndaş cəmiyyətini səciyyələndirən əsas amillərdəndir. Cəmiyyətin problemlərinin həlli sahəsində ictimai qurumların tədricən daha çox funksiyanı mənimsəməsi ilə dövlət orqanlarının fəaliyyətində daha çox siyasətin müəyyənləşdirilməsi və nəzarət funksiyaları üstün yer tutur.Xatırladaq ki, vətəndaş cəmiyyəti quruculuğunda siyasi plüralizmin, çoxpartiyalı sistemin daha da inkişafı xüsusi rol oynayır. Azərbaycanın müstəqil inkişaf tarixi siyasi plüralizmin getdikcə daha geniş təşəkkül tapması, yeni-yeni siyasi partiyaların tarix səhnəsinə qədəm qoyması və ölkəmizin ictimai-siyasi həyatında daha fəal rol oynamağa səy göstərməsi ilə səciyyələnir. Bu isə Azərbaycan dövlətinin bütün siyasi partiyaların fəaliyyəti üçün zəruri şərait yaratması nəticəsində mümkün olmuşdur. Hazırda Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış onlarla siyasi partiya fəaliyyət göstərir. Təkcə bu fakt deməyə əsas verir ki, ölkədə siyasi plüralizm yüksək səviyyədə təmin olunur.
Azərbaycan Respublikasının siyasi sistemi milli və tarixi şəraitin xüsusiyyətlərini əks etdirməsi ilə səciyyəvidir. Onun meydana gəlməsində və fəaliyyətində çox müxtəlif amillər rol oynamış və oynamaqdadır. Siyasi sistemin fəaliyyətinin formalaşmasına əhalinin siyasi mədəniyyətinin xüsusiyyətləri mühüm təsir göstərir. Ümumiyyətlə Azərbaycan Respublikasının siyasi sisteminin struktur formalaşması əsasən 1995-ci il noyabrın 12-də ölkənin yeni Konstitusiyasının qəbul edilməsi ilə başa çatmış oldu. Konstitusiyaya uyğun olaraq Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi müəyyənləşmişdir. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan siyasi sistemində dövlət hakimiyyətinin həyata keçirilməsi formasına görə prezident üsul-idarəsinə əsaslanan respublika parametrlərinə uyğundur. Hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq Azərbaycan Respublikasında müstəqil şəkildə formalaşan və fəaliyyət göstərən üç hakimiyyət qolu qərarlaşmışdır: qanunvericilik, icra və məhkəmə hakimiyyəti. Bu hakimiyyət orqanlarından hər birinin fəaliyyəti Konstitusiya və qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis, icra hakimiyyətini həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir. Azərbaycan Respublikasının Konstitusiya ilə müəyyən edilmiş unitarlığı spesifikliyə malikdir. Bu da onun tərkibində Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti statusuna malik olmasıdır. Konstitusiyaya görə Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Orada qanunverici hakimiyyəti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir. Naxçıvan Muxtar Respublikasında ali vəzifəli şəxs Ali Məclisin sədridir. Azərbaycanın siyasi sistemində yerli özünü idarətmə orqanları olan bələdiyyələr də mühüm yer tutur. Bu institut yeni yaranmasına baxmayaraq böyük perspektivə malikdir. Bütün müasir siyasi sistemlər kimi Azərbaycanın siyasi sisteminə də çoxpartiyalılıq, plyuralizm xasdır. Siyasi partiyalar qanunverici və yerli özünü idarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak etmək imkanına malikdirlər.
Azərbaycan Respublikasının dövlət hakimiyyətinin əsasını Azərbaycan xalqının iradəsi təşkil edir. Azərbaycan xalqının iradəsi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərdə, habelə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə keçirilən ümumxalq səsverməsində - referendumda öz təzahürünü tapır. Azərbaycan dövləti Azərbaycan Respublikası vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüququnun prinsip və normalarının müdafiə edilməsi yolu ilə təminat verir. Bu Məcəllə Azərbaycan Respublikası parlamentinin Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin - referendumun təşkili və keçirilməsi qaydalarını müəyyən edir.
Məlum olduğu kimi siyasi plüralizmin mövcudluğu üçün azad söz və azad KİV, çoxpartiyalı sistem, azad seçki, parlamentarizm, dövlətdən asılı olmayan ictimai təşkilatların olması zəruridir. Demokratik quruluşun, vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri söz və vicdan azadlığının təmin olunmasından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasında fikir, söz və vicdan azadlığına geniş təminat verilmişdir. Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 6 avqust 1998-ci il tarixli fərmanı kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Prezidentin bu fərmanı ilə Nazirlər Kabineti yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edilmiş, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab edilmişdir. Kütləvi informasiya vasitələrinin təsis edilməsi və fəaliyyəti üçün qanunvericiliyinin təkmilləşdirilməsi, optimal hüquqi mühitin formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. 1999-cu ilin sonunda "Kütləvi informasiya vasitələri haqqında" yeni Qanun qəbul edilmişdir. Bu, müasir Azərbaycan reallıqlarını daha dolğun əks etdirən, kütləvi informasiya vasitələri istehsalı və yayımının bütün məsələlərini demokratik şəkildə tənzimləyən, beynəlxalq standartlara cavab verən hüquqi sənəddir. 2000-ci il martın 6-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı" təsdiq olunmuşdur.Kütləvi informasiya vasitələri sahəsində dövlət siyasətinin mahiyyəti ondan ibarətdir ki, bunlar xalqın maariflənməsində ümumbəşəri ideyaların təbliğində, vətəndaş cəmiyyəti quruculuğunda qüdrətli vasitəyə çevrilsin, demokratiya, aşkarlıq və ədalətin təntənəsinə xidmət etsin. Kütləvi informasiya vasitələri həm də təmsil etdiyi dövlətin və xalqın mənafeyini hər şeydən üstün tutmalı, dövlətçilik mövqeyini ön plana çəkməlidir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2017.- 19 aprel.- S.15.