"Sən" deyə xəyallar...

 

"Sən" deyə xəyallar dumanındayam,

Hər yerim sən qoxur, yanıq tüstü tək.

Hər bir an, hər dəqiqə sorağındayam,

Elə bil "sən" deyə fırlanır fələk...

 

Gözlərim axtarır hər yerdə səni,

Düşüncəm, xəyalım "sən" olmusan, bil.

Ah, vaxt görəcəm mən bir səni,

Məni dərin həsrətə salmısan, bil...

 

Qaranlıq gecədə çıraq gəzən tək,

Gəzirəm yolları mən qarış-qarış.

İncisən, bir bağa narin düzən tək,

Vururam könlümə "sən" deyə naxış...

 

Varlığım səninlə yaşayır hər an,

Beynimin neyronu, hüceyrəsisən.

Getmə, ayaq saxla, bir qədər dayan,

Axı qol-qanadım sən olmusan, sən...

 

Daha nələr deyim, nələr söyləyim,

Mən "sən"-i sənə anlatmaq üçün?!

Bil ki, bircə dərdim, bircə gileyim,

Hər qayğım, istəyim sənsən, büsbütün...

 

Dilim "sən" deyir, gözüm "sən" görür,

Qulağım "sən" duyur, burnum  "sən" qoxur.

Bu zalım fələksə bir divar hörür,

Sənsizlik məhbəsdən yalquzaq baxır...

 

"Sən" deyə xəyallar mən içindəyəm,

İtirdim özümü, bilmirəm, kiməm.

İsmim "Elşən"-dir, olsun bəyəm,

Sən yoxsan, deməli, daha heç kiməm...

 

Elşən İsmayıl

 

Yazar Rejissor

 

Olaylar.- 2017.- 19 aprel.- S.13.