Ermənistanın mədəni-dini
abidələrə qarşı terror siyasəti
Ermənilərin
XX əsrin 80-ci illərinin sonlarından etibarən
başladıqları təcavüzkarlıq və
işğalçılıq siyasətinin nəticəsi
olaraq bu gün sivil, dildə müharibə əleyhidarı
olan dünyanın gözü qarşısında Azərbaycan
ərazilərinn 20 faizi işğal altındadır. 20 ildən
çoxdur ki, davam edən bu işğal siyasəti ilə ermənilər
təkcə soydaşlarımızı öz
yurd-yuvalarından didərgin salmayıb, eyni zamanda
işğala məruz qoyduqları ərazilərdə tarixi-mədəni
abidələri barbarcasına məhv ediblər. Ən
acınacaqlısı odur ki, erməni vandallarının hədəfindən
dini ibadət yerləri, məscidlər də
yayınmayıb. Bu gün hər kəsə erməniıərin
işğal altında olan ərazilərdəki məscid və
digər dini abidələri mal tövləsinə
çevirdiyi gün kimi aydındır. Ancaq təəssüflər
olsun ki, erməni vandallarının bu hərəkətinə
beynəlxalq səviyyədə hələ ki, "dur" deyən
yoxdur. Ancaq Azərbaycanda dini sahədə hər hansı
xırda bir məsələ ortaya çıxan kimi dərhal
beynəlxalq aləmdəki bəlli "din adamları" hərəkətə
keçirlər. Halbuki günümüzdə Azərbaycan
dini tolerantlıq, tarixi-dini abidələrə, ibadət məkanlarına
xüsusi diqqət və qayğısı ilə dünyaya
nümunə ola biləcək bir ölkədir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, Ramil Baxşəliyev də deyir ki, Azərbaycan bəşər sivilizasiyasının meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticələri də göstərib ki, bu yerlərdə yaşamış insanlar tarix boyu çoxsaylı abidələr yaradıb: "Dünya və Şərq memarlığının ən gözəl incilərindən olan bu abidələrin əksəriyyəti bu günə kimi qorunub saxlanılır. Bu gün Azərbaycanda tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsinə böyük diqqət və qayğı göstərilir. Azərbaycan dövləti öz daxili siyasətində bütün abidələrin, tarixi irs örnəklərinin qorunması və mühafizəsi istiqamətində ən yüksək səviyyədə tədbirlər həyata keçirir. Təəssüf ki, bu işləri ölkəmizin bütün ərazilərində aparmaq mümkün deyil. Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada İslam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələr dağıdılıb.Təkcə İslam mədəniyyətinə aid abidələr deyil, digər abidələr də məhv edilir. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal-hazırda hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir. Ermənilər bu yolla bizim minilliklər boyu yaşadığımız torpaqlardan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyirlər. Yerli mütəxəssislərlə yanaşı, uzun illər Qarabağ abidələrini öyrənən rus alimlərindən akademik İ.İ.Meşşaninov, A.İ.İessen, V.P.Lyubin, alman tədqiqatçılarından E.Resler, Y.İ.Qummel, hətta erməni tarixçiləri K.X.Kuşnareva və O.A.Danielyan da Azərbaycan xalqının maddi irsi kimi dəyərləndirilən bu tarixi abidələrin ermənilərin vandallıq siyasəti nəticəsində məhv edilərək sıradan çıxarıldığını dönə-dönə vurğulayıb". Komitə əməkdaşı qeyd edib ki, erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunmuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan informasiyalara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb: "Dağıdılmayanlar isə erməni abidələri kimi təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli,132 nömrəli qərarı ilə təsdiq edilmiş "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı", "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" və "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na əsasən, işğal olunmuş ərazilərdə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin ümumi sayı 900-dən çoxdur. Bəzi məlumatlara görə isə dövlət qeydiyyatında olmayan abidələrin sayı 1500-dən artıqdır, beynəlxalq əhəmiyyətli abidələrin sayı onlarla, qəbiristanların sayı isə 900-dən artıq göstərilir. Bu mədəniyyət nümunələri təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə aiddir. Bu baxımdan xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi həm də beynəlxalq əhəmiyyət kəsb edən məsələdir. Bu, təkcə Azərbaycana yaxud İslam mədəniyyətinə qarşı deyil, bəşər mədəniyyətinə qarşı təcavüzdür. Erməni işğalçılarının özbaşınalığı nəticəsində tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il konvensiyasına zidd olmasına baxmayaraq, işğalçılar yurd yerlərimizdə qanunsuz olaraq apardığı arxeoloji qazıntı işlərini davam etdirir, tarixi abidələrimizi, məscidləri, kurqanları və s. dağıdır, tarixi-mədəni irsi isə saxtalaşdırırlar. Xarici İşlər Nazirliyinin hazırladığı "Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində İslam dininə aid tarixi və mədəni irsin məhv edilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü nəticəsində Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması və təhqir olunması" adlı hesabatlar hazırlanaraq UNESCO başda olmaqla, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ISESCO-ya, digər beynəlxalq təşkilatlara təqdim olunub: "Görülən işlərin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid tarixi və mədəni irsin və məbədlərin dağıdılması və təhqir edilməsi barəsində mütəmadi əsasda qətnamələr qəbul edilir. Sonuncu belə qətnamələr 2015 və 2016-cı ildə Küveyt və Daşkənddə keçirilmiş İƏT xarici işlər nazirləri şurasında qəbul olunub". Ramil Baxşəliyev bildirib ki,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsbit olunmuş siyahıda işğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olduğu göstərilib: "Onlardan 67-si məscid, 144-ü məbəd,192-i ziyarətgahdır. Ermənilər tərəfindən ən çox dağıntılara və tələfata məruz qalan İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olub. İşğal olunmuş ərazilərdə qalan və İslam dövrünə aid tarixi abidələrin xüsusi amansızlıqla dağıdılmasının səbəblərindən biri də onların üzərində müsəlman epiqrafiyası ilə yazıların olmasıdır. Məhz buna görə bu abidələri erməniləşdirmək və qeyri-Azərbaycan abidələri kimi təqdim etmək mümkün deyil. Elə bu səbəbdən də Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5,
Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər daha bir əxlaqsızlıq nümayiş etdirərək, Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdirirlər. Ermənistan ərazisindəki Azərbaycana məxsus tarixi və mədəni irs də eyni aqibəti yaşayır. Yerevandakı Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə "yenidən təmir edilib". Dağıdılmış arxitektura abidələri arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi, "Sərdar sarayı" adlı kompleks də vardır. İrəvanın Sərdar məscidi də sistemli dağıntıya məruz qalıb və 2014-cü ildə tamamilə məhv edilib. Zəngin təbii və mədəni irsin, o cümlədən dünya əhəmiyyətli unikal abidələrin işğal altında olması, əslində, dünya irsinə qarşı qəsd deməkdir. Tarixi şəhərlərin, abidələrin təbiətin və zamanın dağıdıcı qüvvələrindən qorunması yolunda böyük işlər görən, humanitar yardım missiyasını yerinə yetirən beynəlxalq təşkilatlar bu gün işğal olunmuş ərazilərdə Azərbaycanın zəngin mədəni irsinin erməni terrorizmindən qorunması üçün yardım göstərməli və bu vəhşiliyə hüquqi qiymət verilməlidir".
Füzuli
Olaylar.- 2017.- 19 aprel.- S.7.