Parlamentalizm siyasi plüralizmin

təməl prinsiplərindəndir

 

Azərbaycanda parlamentalizm ənənələri inkişaf etdirilir

 

Azərbaycanda siyasi plüralizm ənənələrinin davam etdirilməsi dövlətin siyasi fəaliyyət prinsiplərinin əsaslarından birini təşkil edər. Elə bu səbədən də ölkədə siyasi plüralizmin təmin olunması istiqamətində lazım olan bütün addımlar atılmaqdadır. Sözügedən siyasi plüralizmin ənənələrindən biri də parlament seçkilərinidir ki, bunun üçün ölkədə bütün mümkün imkanlar yaradılıb. Seçki institutunun bərqərar olması  hər  bir dövlətin demokratik inkişaf yolu ilə getməsinin ən mühüm göstəricisi, parlament seçkiləri isə siyasi həyatın böyük maraq doğuran hadisələrindəndir. 

Parlament seçkiləri siyasi sistemin bütün palitrasını əks etdirdiyi üçün onların, ümumiyyətlə, "varlığı və yoxluğunu" üzə çıxarır, hərənin malik olduğu seçici bazasını və siyasi potensialını bu seçkilərdə acıq-aydın nümayiş etdirməyə imkan verir. Demokratik ölkələrdə seçkilərin nəticələri ölkədə fəaliyyət göstərən siyasi qüvvələrin nüfuz və reytinqinin göstəricisi kimi qəbul edilir. Eyni zamanda, siyasi qüvvələr də bu nəticələr əsasında özlərinin fəaliyyət strategiyalarının yenidən təşkili üçün təcrübə və  fürsət əldə edirlər. Xatırladaq ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanıdır. Birpalatalı orqan olan Milli Məclis 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki növbəti yaz və payız sessiyaları keçirilir. Beləliklə 1995-ci ildən etibarən Azərbaycan Respublikasının qanunvericilik hakimiyyətini Milli Məclis yerinə yetirir və 5 ildə bir dəfə olaraq Milli Məclisə 125 mandat üzrə 125 seçici dairəsində majoritar qaydada seçkilər keçirilir. Bir çox dünya ölkələrindən fərqli olaraq Azərbaycan parlamentdə siyasi partiyaların təmsil olunması istiqamətində ciddi islahatlar həyata keçirilib. Bu isə o deməkdir ki, Azərbaycanda siyasi plüralizm ənənələri parlamentdə təmsilçilik məsələsində də ön plana çəkilir. Qeyd edək ki, ölkədə 5-ci çağırış parlamentə seçkilər 1 noyabr 2015-ci ildə keçirilib. Seçkilərin nəticələrinə əsasən prezident  İlham Əliyevin lideri olduğu Yeni Azərbaycan Partiyası əksər seçki dairələrində qalib gələrək seçkilərdə bir daha inamlı qələbə qazanıb. Məlumat üçün qeyd edək ki, sözügedən seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyib. Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit-poll" keçirib. Bütün exit-poll nəticələri YAP-ın inamlı qələbəsini qeyd edib. Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Nəticə etibarilə parlamentdə Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Qurtuluş Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası,  "Ana Vətən" Partiyası, Vətəndaş Birliyi Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası təmsil olunur. Onu da qeyd edək ki, Azərbaycanda 50-dən çox partiya qeydiyyata alınıb. Amma onlardan çox azı siyasi səhnədə fəaldırlar. Ən böyük partiya ölkə prezidenti İlham Əliyevin sədrlik etdiyi hakim Yeni Azərbaycan Partiyasıdır. Maraqlıdır, Azərbaycan parlamentində siyasi partiyaların təmsil olunması məqsədilə hansı imkanlar yaradılıb?

Əvvala onu qeyd edək ki,  siyasi partiyaların təsisi və idarə olunması ilə bağlı qanunveciliyi kifayət qədər güclü hesab etmək olar. Siyasi partiyaların fəaliyyəti Azərbaycan Respublikasının Konstitutsiyası, Siyasi Partiyalar Haqqında qanun və Seçki Məcəlləsi ilə tənzimlənir. Bununla yanaşı, siyasi partiyaların təsisi və fəaliyyətlərinin əsasını azad toplaşmaq, üzvlərinin bərabər hüquqluluğu, özünü idarəetmə, qanunilik və açıqlılıq kimi prinsiplər təşkil edir. Azərbaycanda siyasi partiyalar təsis qurultayları yolu ilə formalaşırlar. Qanuna görə, siyasi partiyanın nizamnaməsi və proqramının qəbul olunması, rəhbər və nəzarət-təftiş orqanlarının formalaşdırılması təsis qurultayı tərəfindən aparılmalıdır. Bunun üçün, siyasi partiyanın yaradılması təşəbbüsü ilə çıxış edən şəxslər tərəfindən təşkilat komitəsi yaradılmalıdır. Təşkilat komitəsi siyasi partiyanın qurulması üçün tələb olunan işləri həyata keçirməli, partiyanın orqanları, nizamnaməsi və proqramı partiyanın ali rəhbər orqanı-Qurultayı tərəfindən təsdiq edilməlidir. Qurultay ən azı beş ildə bir dəfə keçirilməlidir. Siyasi partiyaların qeydiyyatı, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunla aparılır. Siyasi partiyanın təsis olunduğu gündən bir ay müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanuna uyğun olaraq, partiya üzvlərinin sayını təsdiqləyən sənəd əlavə edilməklə, siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün müraciət olunur. Qeydiyyat üçün minimal üzv sayı müəyyən edilib.  Siyasi partiyanın nizamnaməsini və proqramını qəbul etmiş, yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının vətəndaşları siyasi partiyaya üzv ola bilərlər. Siyasi partiyalar tərəfindən üzvlərinin qeydiyyatı aparılır.  Qanunda partiyaların regional və yerli əsasda formalaşdırılmasına heç bir məhdudiyyət yoxdur, lakin partiyalar öz fəaliyyətini ümumölkə səviyyəsində qurmalıdırlar. Regionlarda fəaliyyət yalnız quruma məxsus rayon təşkilatları vasitəsilə həyata keçirilməlidir. Hətta öz konstitutsiyası, parlamenti, məhkəmə və icra orqanları olan Naxçıvan Muxtar respublikasında da regional partiyaların yaradılmasına icazə verilmir. Başqa bir nümunə kimi göstəriləcək fakt, xarici ölkə vətəndaşları və ya vətəndaşlığı olmayan şəxslər siyasi partiyanın üzvü ola bilməzlər. Amma QHT-lər də belə bir məhdudiyyət yoxdur. Yalnız 18 yaşına çatmış Azərbaycan vətəndaşları siyasi partiya üzvü ola bilərlər. QHT-lər də isə yaş məhdudiyyəti nəzərdə tutulmayıb. Yalnız QHT-nin təsisçiləri 18 yaşında olmalı, gənclər təşkilatının təsisçiləri isə 16 yaşında ola bilərlər.

Azərbaysanda seşkilərin şəffaf və ədalətli keçirilməsi üçün yaradılan şərait siyasi partiyaların parlamentdə təmsil olunması şansını artırır. Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının  seçkilərdə şəffaflığın təmin edilməsi yönündə fəaliyyəti yüksək səviyyəli müasir texnologiyaları tətbiq etməsi ilə də əlamətdar olmuşdur. Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat-Hesablama Mərkəzi tərəfindən elan olunmuş müsabiqə nəticəsində "Elektron Hökumət" sisteminin "Elektron səsvermə və ictimai rəyin öyrənilməsi" Seçki Monitorinqi Koalisiyasının istifadəsinə verilmişdir. Nətisədə ökədə ilk dəfə olaraq elektron səsvermə həyata keçirilib. Digər yenilik seçki prosesi haqqında məlumatların operativ şəkildə çatdırılması ilə bağlıdır. Belə ki, seçki məntəqələrinin təxminən 10 %-ində veb-kameralar  quraşdırılmışdır. Respublika ərazisində 125 dairə seçki komissiyasının minlərlə seçki məntəqəsi telefonlaşdırılmışdır. DSK-larda quraşdırılmış kompyuterlərdən MSK-nın nəzdindəki Seçkilər İnformasiya Mərkəzinə informasiyanın ötürülməsi üçün yüksək parametrli xətlərin ayrılması ilə şəbəkənin yaradılması təmin edilib. Məhz bu kimi hallar siyasi partiyaların qanunvericilik orqanda təmsil olunması üçün böyük imkanlar yaradır.

Üstəlik Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsində təxminən 2 milyon 500 min manat vəsait nəzərdə tutulur. Dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür. Onu da qeyd etmək yerinə düşərdi ki, seçkilərin ölkədəki siyasi qüvvələrin nisbətində və fəaliyyətində nə kimi dəyişikliklər yaratması, ən əsası və vacibi isə həmin qüvvələrin gələcək vəziyyətinə nə kimi təsir göstərəcəyi zaman-zman müzakirə mövzusu olaraq qalmqdadır. Parlament seçkilərinin isə həm nəticələrinin, həm də bu nəticələrə gətirib çıxaran səbəblərin götür-qoy edilməsi müzakirələrdə maraqlı olan bütün tərərflərin, ən başlıcası isə Azərbaycanda siyasi mübarizəyə qoşulan qüvvələrin öz potensial və real imkanlarını doğru-düzgün dəyərləndirməsi baxımından mühüm təcrübə hesab olunur.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 25 aprel.- S.15.