Müasir Azərbaycan ədəbiyyatında hansı əsərin

tərcümə olunub, dünyada tanıdılmasını istərdiniz?

 

Sentyabrın 28 - də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə  V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Bu yarmarkada müasir ədəbiyyatımızda yer alan əsərləri görmək həm şəhərimizə gələn turistlər üçün, həm də bizlər üçün çox xoş olardı. Bu məqsədlə yazarlarımıza belə bir sual ünvanladıq: Müasir Azərbaycan ədəbiyyatında hansı əsərin tərcümə olunub, dünyada tanıdılmasını istərdiniz?

 

Elçin Hüseynbəyli -  Məsuliyyətli cavab tələb edən sualdır. Düşünürəm ki, dünya çapına çıxarılası əsərlərimiz çoxdur. Son zamanlar aktiv yaradıcılıqla məşğul olan yazıçı Yunus Oğuzun tarixi mövzuda yazdığı əsərləri dünya dillərinə tərcümə olunur. Hesab edirəm ki, bu davam etməlidir.

Ad saysam, siyahı uzanar. Bəziləri əksinə düşünür, deyirlər ki, dünyaya çıxarılası elə bir ciddi əsərimiz yoxdur. Özümüzü bu qədər aşağılamalı deyilik. Amma çalışmaq lazımdır ki, Azərbaycan həqiqətlərini, Qarabağ ağrısını peşəkar şəkildə göstətə bilən əsərləri ölkə dışına çıxaraq. Bu məsələdə hələ də ağsayırıq. Daha çox özfəaliyyətlə məşğuluq. Pulu və mənsəbi olanlar belə xaotik durumda özlərini reklama meyl edirlər, əsl ədəbiyyat isə çox zaman kənarda qalır...

Şərif Ağayar - İsa Hüseynov, "Məhşər" romanı, Süleyman Sani Axundov, "Qaraca qız" hekayəsi, Əkrəm Əylislinin ilkin dövr povestləri, Sabir Əhmədli, "Qanköçürmə stansiyası", Rafiq Tağının hekayələri.  Murad Köhnəqalanın, Həmid Herisçinin, Salam Sarvanın şeirləri. İlk yadıma düşənlər  bunlardır. Bizdə dünya ədəbiyyatı üçün qazanc hesab olunan əsərlər çox olmasa da, xeyli var.

Fərid Hüseyn - Yusif Səmədoğlu "Qətl günü"

Hədiyyə Şəfaqət - Şərif Ağayar-"Arzulardan sonrakı şəhər", Nəriman Əbdülrəhmanlının "Yolçu"-su, Aslan Quliyevin "Ağrı"-sı, Qismətin esseləri, Pərviz Cəbrayılın "Yad dildə" əsəri, Həmid Piriyevin hekayələri, Kənan Hacının "Firon"-u, Mübariz Örənin "Balıq gülüşü" hekayəsi... Fərid Hüseynin, Xanəmirin, Səxavətin, İsmayılın... şeirləri. Qəfil soruşulanda yaddan çıxır sanki. Yaxşı əsərlərimiz var, kim deyirsə ki, yoxdur, düz demir. Sevinc Elsəvərin bir mono-pyesi var, onun xarici səhnədə oynanması çox gözəl olardı, hələlik biz teatrımızda qoymağı düşünürük. Təvazökarlıqdan uzaq olsa da deyim ki, öz şeirlərimin və hekayələrimin də xarici dillərə çap olunmasını arzulayıram. Təkliflər olub, amma hələlik ortada iş yoxdur.

Cavid Zeynallı -  Çağdaş Azərbaycan ədəbiyyatında bir neçə dilə tərcümə olunub dünyaya çıxarası əsərlərin sayı çoxdur. Mən ad çəkməyəcəyəm, zatən, ədəbi prosesi izləyən, həqiqi sözü diletantlıqdan ayıran oxucular yaxşı əsərlərin siyahısını gözəl bilirlər. Hər zaman düşünmüşəm ki, bizim müasir şeirimiz daha çox inkişaf edib, nəinki nəsrimiz. Nəsr təcrübə, uzun illər və peşəkarlıq tələb edir. Nəsr bir tərəfə, onu tərcümə etmək xərc və vaxt istəyir, heç olmasa, gənc şairlərin kitablarını qonşu ölkələrdə çıxarmaq olmazmı? Amma baxın, xaricdə çap olunanların doxsan doqquz faizi imkanlı məmur ədəbiyyatçılar, xalq yazıçıları və xalq şairləridir. İndi bizim çox istedadlı gənc şairlərimiz var. Və onlar vaxtilə şişirdilən, hər şeylə təmin olunan şairlərdən min dəfə daha istedadlıdırlar. O xaricdə çap olunan müəlliflərin özləri də başa düşürlər ki, 300-500 tirajla Türkiyə, Rusiya kimi nəhəng ölkədə dağı-dağ üstünə qoymayacaqlar. Onlar vaxtilə bu tirajın yüz qatını görüblər. Gənclərin isə buna ehtiyacı var.

Məti Osmanoğlu - İndi dünyanı maraqlandırmaq, diqqəti Azərbaycan ədəbiyyatının üzrəinə çəkmək üçün bizim təşəbbüsümüzə o qədər də təsirli bir yanaşma kimi baxmıram. Burada əsas məsələ dünyanın bizə münasibətidir. Qaldırdığınız məsələni yalnız xaricdəkilərin bizim hansı əsərlərimizi oxumaq istəyi obyektiv həll edə bilər. Bunun üçünsə biz, ilk növbədə, dünyada Azərbaycanın mədəni imicini formalaşdırmağa nail olmalıyıq...

Qismət Rüstəmov - Çağdaş Azərbaycan şairlərindən Səlim Babullaoğlu, Rasim Qaraca, Aqşin Yenisey, Fərid Hüseyn, Nicat Məmmədov nasirlərindən isə Şərif Ağayar, Mirmehdi Ağaoğlu, Qanturalı, Nərmin Kamal və başqalarının əsərlərinin dünya dillərinə tərcümə olunmasını istərdim. Siyahını daha da uzatmaq olar, əsasən müstəqillik dövrü ədəbiyyatını dünyaya təqdim etmək olar.

Mübariz Örən - Ən azıYusif Səmədoğlunun "Qətl günü" əsərini dünyaya çıxartmaq lazımdı.

Sevinc Elsəvər - Ümumiyyətlə, xarici gənc yazarların əsərlərinin Azərbaycan dilinə, öz yazarlarımızın da əsərlərinin xarici dillərə tərcümə olunmasını arzu edirəm. Yaxşı nümunələri seçib tərcümə etmək, xaricdə yaymaq olar. Məsələn, bu yaxınlarda Tərcümə mərkəzi Azərbaycan dilində antalogiya çap elədi. Sağ olsunlar, məni də daxil ediblər. Amma həmin antalogiya xaricdə də çap olunsa, yaxşı olardı. Müasir Azərbaycan ədəbiyyatı barədə təəssürat yaranardı xarici oxucularda.

Konkret elə bir əsər adı çəkə bilmərəm. İnanmıram ki, hansısa müəllif diqqət çəkə. Avropalılara maraqlı ola, amerikalılara maraqlı ola. İngilislərə, fransızlara maraqlı ola. Amma Azərbaycan ədəbiyyatının bütövlükdə təbliği yerinə düşərdi. Elə ölkələr var ki, o ölkədə ayrı-ayrı müəlliflər maraqlı deyil mənə. Məsələn, hər hansı gənc gürcü yazarının kitabını tapıb oxumaqdansa, 20-30 nəfərin mətnlərinin toplandığı kitablar maraqlıdı ki, müasir gürcü ədəbiyyatı barədə müəyyən təəssürat əldə edim.

Ayxan Ayvaz - Saday Budaqlının "Şəbəkə" povesti, Səfər Alışarlının "Maestro", Şərif Ağayarın "Arzulardan sonrakı şəhər", Məqsəd Nur "Şəhər meri" romanları.

 

NigarNigar

 

Olaylar.- 2017.- 25 aprel.- S.13.