102 ilin yalanı

 

Və bu yalana şərik olan dünya dövlətləri

 

Bu günlər ermənilər yüz iki ildir uydurduqları və dünyanı inandırmağa çalışdıqları "soyqırım"ın ildönümünü qeyd edirlər. Təəssəüflər olsun ki, əksər dünya ölkələri 102 ildir bu yalana şərik çıxaraq tarixdə olmayan birhadisəni soyqırım kimi tanıyır, erməni "müsibəti", "faciəsi"nə şərik çıxırlar. Baxmayaraq ki, tarixi faktlarla "soyqırım" iddiaları ifşa edilsə də, lakin dünyanın "humanizm" tərəfdarı olan dövlətləri tarixi bir kənara buraxaraq xristian qardaşlarının yalançı göz yaşlarına inanmağa daha çox üstünlük verirlər. Məhz bu ədalətsiz, qərəzli yanaşma da öz növbəsində hər il bu "soyqırımı" tanıyanların siyahısını genişləndirir.

 

Tarixə nəzər saldıqda açıq şəkildə aydın olur ki, erməni soyqırımı deyilən bir hadisə baş verməyib və bu Birinci dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərinsistemli şəkildə məhv edildiyini irəli sürən bir iddiadır. Əslində isə soyqırım kimi qələmə verilən 1915-ci il hadisələri erməni Osmanlı dövlətinə qarşı baş qaldıran erməni üsyanlarının qarşısını almaq məqsədilə atılan bir addım olub. 1915-ci il hadisələrinin baş verməsini şərtləndirən proseslər isə hələ XIX əsrin sonlarından baş qaldırmışdı. Belə ki, 1890-cı ildən etibarən başlayan üsyanlar 1915-ci il Osmanlı hakimiyyətini radikal qərarlar almağa məcbur etdi. Bu dövrdə güclənən erməni millətçiliyiAnadolunun şərqində vəKilikya adlanan cənub bölgələrində kütləvi şəkildə yaşayan ermənilərdə separatçı meyli gücləndirdikcə üsyanlar da təbii hal almağa başlamışdı. İlk üsyan 1890-cı ildə Ərzurumdabaş verdi. Daha sonra üsyan dalğası Van, Sason, Adanaya keçdi. Erməni üsyanları hətta1905-ci ildə Osmanlı sultanına qarşı sui-qəsd cəhdinə qədər gəlib çıxdı. Lakin xoşbəxtlikdən həmin sui-qəsd cəhdi uğursuzluqla nəticələndi. Artıq erməni üsyanları Osmanlı dövləti üçün ciddi təhlükə mənbəyinə çevrilmişdi və belə bir ərəfədə Osmanlı Dövləti 27 may1915-ci ildə "Köç" qərarı çıxardı. Həmin qərar əsasında günümüzdə ermənilərin soyqırım günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni lider həbs edildi. Hansı ki, həbs edilən ermənilərin böyük əksəriyyəti yerlərdə baş qaldıran erməni üsyanlarına rəhbərlik edən və türklərin yaşadığı kəndlərə hücum edərək dinc əhalini qıran cinayətkarlar idi. Qəbul edilmiş qərar əsasında həmçinin Anadoluda yaşayan ermənilərin Osmanlının digər bölgələrinə dağıdılması nəzərdə tutulurdu. Lakin köç karvanlarına edilən hücumlar bu qərarda dəyişiklik edilməsinə gətirib çıxardı. Belə ki, üsyanlarda iştirakçı olan ermənilərin Anadoludan köçürülməsini önləmək üçün məhz ermənilər köç karvanlarına hücum edərək bu prosesin qarşısını almağa çalışımışdılar. Məhz həmin hücunlarda da Osmanlının dəstəyi ilə köçürülən ermənilər elə öz din qardaşları tərəfindən qətlə yetirilmişdi. Vəziyyəti belə görən Osmanlı isə erməni köçünü ölkə hüdudlarından kənara istiqamətləndirir. İstər karvana edilən erməni hücumları, istərsə də uzun yolçuluq zamanı soyuq hava bəzi ermənilərin həyatına son qoyur. Yerdə qalan ermənilər isə təhlükəsiz şəraitdə lazımı məntəqələrdə yerləşdirilir.

Bu gün ermənilərin soyqırım kimi qələmə verdikləri 1915-ci il hadisələri məhz yuxarıda qeyd etdiyimiz şəkildə baş versə də, lakin ermənilər bu hadisələri dünyada soyqırım kimi təbliğ etməyə və onu bir sıra ölkələrdə tanıtdırmağa müvəffəq olublar. Məlumat üçün qeyd edək ki, erməni soyqırımı iddiaları 1965-ci ildən gündəmə gəlib. Yəni həmin ildən etibarən "soyqırım" ifadəsi gündəmə gəlib. Ermənilər ilk "soyqırım" qərarının qəbuluna Uruqvaydan start veriblər Belə ki, "soyqırım" ifadəsinin gündəmə gəldiyi ildə, 1965-ci il, aprelin 20-də Uruqvay parlamenti 24 apreli "Erməni soyqırımını anma günü" kimi tanıyıb. Bundan 17 il sonra isə 1982-ci il aprelin 29-da Kiprin yunan icması analoji qərar qəbul edərək "Erməni soyqırımı"nı tanıyıb. Ümumilikdə bu gün dünyanın 20-yə yaxın ölkəsi erməni yalanlarına şərik çıxaraq 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi tanıyaraq ermənilərlə həmrəylik nümayiş etdirib. Bu ölkələr sırasında Uruqvay,Cənubi Kipr, Argentina,Rusiya,Yunanıstan, Kanada, Livan, Belçika, Vatikan, İtaliya, Fransa, İsveçrə, Slovakiya, Hollandiya, Polşa, Almaniya, Venesuela, Litva, Çili, Boliviya, Braziliya, Lüksemburq, Bolqarıstan, Avstriya və Suriya yer alır. Beləliklə, 1950-ci illərdən kampaniya başladan,1965-ci ildə ilk rəsmi qərarın qəbuluna nail olan ermənilər 45 il ərzində əsilsiz iddialarını 19 ölkədə qərar və ya bəyanat şəklində qəbul etdiriblər. Daha 2 dövlətin İsveç və Birləşmiş Ştatların Xarici Əlaqələr Komitəsi müvafiq qətnamə layihəsini təsdiqləyib. Bundan başqa ABŞ-ın 30-ya yaxın ştat və əyaləti də qondarma soyqırımı tanıyan qərarlar qəbul edib.

"Erməni soyqırımı" iddialarını tanıyan ölkələrin coğrafiyası da maraqlıdır. Avropa və Amerika. Qoca qitədə qərar qəbul edən ölkələrin çoxu Türkiyənin qapısını döydüyü Avropa Birliyinin üzvüdü. Amerikada isə "soyqırım"ı tanıyan yalnız Kanada və üç Latın Amerikası ölkəsi deyil. Eyni zamanda Türkiyənin "strateji müttəfiqi" sayılan ABŞ-da "soyqırım"ı tanıyan ştatların sayı 30-a çatıb. Amerika və Avropadan kənarda "soyqırım"ı tanıyan cəmi iki ölkə var ki, onlardan biri Rusiya Federasiyası, digəri isə Livandır. Livan qondarma soyqırımı tanıyan yeganə müsəlman ölkəsidir.

Çox təəsüflər olsun ki, qondarma "erməni soyqırımı"nı tanıyan beynəlxalq təşkilat da var ki, bu da Avropa Parlamentidir. Məlumat üçün qeyd edək ki, sözügedən qurum "erməni soyqırımı"nı hələ 1987-ci ildə tanıyıb. Maraqlıdır ki, bu qurumun qondarma soyqırımı tanımasında Parisin böyük əməyi olub. Belə ki, 1981-ci ildə fransalı parlamentar Jage "Erməni xalqının durumu" adlı layihə hazırlayaraq Avropa Parlamentinə təqdim edib. Sonra bu parlamentdəki sosialistlər qrupu adından fransalı parlamentari Duport və belçikalı deputat Qlinn qərar layihəsi hazırlayıblar. Layihədə ilk dəfə "erməni soyqırımı" iddiaları Avropa Parlamentinin gündəliyinə çıxarılıb. 1984-cü il seçkilərindən sonra Avropa Parlamentində sosialist qrupunu təmsil edən fransalı deputat Sabi həmin layihəni yeniləyib. Elə həmin il başqa bir fransalı parlamentar yəhudi lobbisinin təsiriylə "erməni soyqırımı" ilə bağlı məruzəçi olmaqdan imtina edib. Bu zaman fransızlar məruzəçiliyi belçikalı deputat Vandemelebroka həvalə ediblər. Qatı sağçı və irqçi kimi tanınan məruzəçi bir dəfə belə Türkiyədə olmadan, bir türk rəsmisi ilə görüşmədən hesabat hazırlayıb. Avropa Parlamentinin Siyasi Komitəsi buranın tarix qurumu olmadığını əsas gətirərək hesabatı qəbul etməyib. Fransızlar komitənin italiyalı başqanına yenidən səsvermə keçirməsi üçün təzyiq göstəriblər, amma o, rədd edib. Komitə sədrinin səlahiyyət müddəti bitdikdən sonra iş yenidən başlayıb və fransızlar istəklərinə nail olublar. 1987-ci il iyulun 18-də ermənilərin üzük qaşı kimi dövrəyə aldığı Avropa Parlamenti "erməni soyqırımı"nı faktiki tanıyan qərar qəbul edib. Bu, təxminən o ərəfəyə təsadüf edirdi ki, Türkiyə Avropa Birliyinə üzvlük niyyətini açıq ifadə eləməyə başlamışdı.

Ümumiyyətlə ermənilərin və erməni lobbisinin hədəfi "4 T" adlanan tələblərinin yerinə yetirilməsidir. Onlardan biri "Soyqırım"ın dünyada tanınması. Digəri Türkiyənin özünün bu "soyqırım"ı qəbul etməsidir. Üçüncüsü, Türkiyənin "soyqırım"a məruz qalmıç ermənilərin varislərinə təzminat ödəməsi, nəhayət dördüncü Türkiyənin Şərqində ermənilərə torpaq verilməsi. Ermənilər birinci hədəfə faktiki olaraq yaxınlaşıblar. Artıq demək olar ki, bütün Qərb mətbuatı və ictimaiyyəti "soyqırım" iddialarını qəbul edir. Qalır məsələnin hüquqi və siyasi tərəfi. Bunun üçün ABŞ Konqresinin qərarı həlledici əhəmiyyət daşıyır. Bu qətnamə başqa ölkələrin qərarlarına bənzəməyəcək. Həmin layihə keçsə, İngiltərə başda olmaqla Türkiyənin digər müttəfiqləri, beynəlxalq qurumlar da hərəkətə keçəcək, üstəlik, erməni lobbisinin Türkiyədən təzminat tələbləri ciddi bir əsasla gündəmə gələcək. Ermənilər bu qərarı qəbul etdirməyə çox yaxındırlar. Onu da qeyd edək ki, bu illər ərzində ermənilər sadəcə qondarma soyqırımın tanınmasəyla kifayətlənməyiblər. Eyni zamanda adıçəkilən ölkələrin əksəriyyətində "soyqırım" abidələrinin qoyulmasına nail olublar. Həmçinin bədnam iddialarını təbliğ edən 45000 sayt yaradıb, filmlər çəkdiriblər. Hətta bəzi ölkələrdə bu mövzunu dərsliklərə salıb, kitablar yazdırıblar. Bu ölkələr sırasında isə Almaniya öndə gəlir.

 

Füzuli

 

Olaylar.- 2017.- 25 aprel.- S.11.