Fikir və söz azadlığının təminatçısı

 

Kütləvi informasiya vasitələrinin cəmiyyətin həyatında rolu və yeri danılmazdır, mühüm əhəmiyyət daşıyır. Bir qayda olaraq KİV-lər ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdən tutmuş, sosial problemlərə qədər bütün məlumatları cəmiyyətə çatdırır.

Eyni zamanda kütləvi informasiya vasitələri cəmiyyətin maarifləndirilməsi, onun məlumatlandırılmasında əvəzsiz vasitə hesab olunur. Günümüzdə Azərbaycanın kütləvi informasiya vasitələri ölkə həyatında baş verən prosesləri cəmiyyətə çatdırmaqla məşğuldur. Bu gün Azərbaycan cəmiyyəti ölkədə işıq üzü görən yüzlərlə qəzet və jurnallarla özünün informasiyaya olan tələbatını ödəyir, ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə tanış olur. Ancaq Azərbaycan mətbuatı bu günkü durumu, səviyyəsinə gəlib çatana qədər bir çox çətinliklər, problemlərlə üzləşib desək yanılmarıq.  Azərbaycan mətbuatı maddi durumunun zəifliyindən tutmuş, senzuraya qədər, kütləvi informasiya vasitələrinin nümayəndələrinin təqib və təzyiqlərə məruz qalmasından, onların öldürülməsinə qədər enişli-yoxuşlu, çətin bir dövr keçib. Xüsusilə, bu qeyd edilən tendensiyalar müstəqilliyin ilk illərində özünü büruzə verib. Bu enişli-yoxuşlu, problemli illər kütləvi informasiya vasitələri üçün ümummilli lider Heydər Əliyev hakimiyyətə gələnə qədər davam edib. Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra hər bir sahədə olduğu kimi mətbuat sahəsində də ciddi yeniliklər əldə edildi. Hər kəsə məlumdur ki, həmin illər Azərbaycan öz müstəqilliyini çətinliklərlə də olsa əldə etsə də, lakin bu müstəqillik heç də bütün sahələrdə özünü tam mənada göstərə bilmirdi. Bunu mətbuat sahəsinə də şamil etmək mümkündür. Ölkədə müstəqil mətbuatın mövcud olmaması, kütləvi informasiya vasitələrinin fəaliyyətində söz və fikir azadlığına tətbiq edilən məhdudiyyətlər, eləcə də bu kimi irili-xırdalı problemlər Azərbaycan mətbuatının inkişafını ləngidirdi. Tezliklə, ümummilli lider kütləvi informasiya vasitələrində mövcud olan bu və ya digər problemləri aradan qaldırmağa müvəffəq oldu, mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atdı. Bu mənada mətbuat orqanları, qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulması mətbuatın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addım idi. İstər bu, istərsə də digər müsbət addımlar tədricən  Azəörbaycan mətbuatının inkişafına zəmin yaratdı. Ümummilli lider Heydər Əliyevin mətbuatın inkişafı etdirilməsi istiqamətində atmış olduğu addımlar birbaşa ölkədə söz və fikir, məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinə xidmət edirdi.

Günümüzdə isə  Heydər Əliyevin kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi istiqamətində zamanında atmış olduğu addımları Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev davam etdirir. İlham Əliyevin 15 illik hakimiyyəti dövründə atılan addımlar bütün bunların əyani sübutudur. Bu sıraya qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının ləğv edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması, jurnalistlərin mənzil sosial şəraitinin yaxşılaşdırılması məqsədilə atılan addımlar daxildir. Bu sahədə həyata keçirilən tədbirlər və KİV-in inkişafına yaradılan şərait tam əminliklə onu deməyə əsas verir ki, bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı yüksək səviyyədə təmin olunur.

Azərbaycan mətbuatının tarixinə nəzər salsaq aydın görünər ki, mətbuatımızın şanlı tarixi, zəngin ənənələri var. Milli mətbuatımız 142 ildir ki, cəmiyyəti maarifləndirir, insanları ən son yeniliklərlə tanış edir. Təbii ki, zaman dəyişdikcə mətbuatın da missiyası dəyişir,  kütləvi informasiya vasitələri müasir dövrün tələblərinə uyğunlaşmağa çalışırlar. Ötən əsrin sonlarında Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşandan sonra milli mətbuatımız qısa müddət ərzində böyük inkişaf yolu keçdi. Hazırda Azərbaycanda çox güclü media orqanları var. Onlar müxtəlif holdinqlərdə birləşiblər.

Azərbaycanda söz və mətbuat azadlığı, fikir plüralizmi də yüksək səviyyədə təmin olunur. İnsanlar öz düşüncələrini sərbəst şəkildə ifadə edə, onları narahat edən problemləri asanlıqla ictimailəşdirə bilirlər. Azərbaycanda hakimiyyətə alternativ olan siyasi qüvvələrin öz mətbu orqanları var. Söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin olunduğu üçün müxalifyönümlü mətbuatın fəaliyyətinə heç bir mane yoxdur. Əvvəlki illərdən fərqli olaraq, indi dövlət qurumları da mətbuatla əməkdaşlığa xüsusi diqqət yetirir. Bu isə jurnalistlərin onlara lazım olan məlumatları vaxtında əldə etməsini asanlaşdırır.

Mətbuatın inkişafında dövlətin də rolu danılmazdır və bu və ya digər ölkədə mətbuatın durumu, onun inkişaf yolu məhz dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan çox asılıdır. Bu mənada Azərbaycan mətbuatının bəxti gətirib desək yanılmarıq. Belə ki, bu gün mətbuat, kütləvi informasiya vasitələri hərtərəfli qaydada dövlət tərəfindən himayə edilir. Bu diqqət və qayğının əsas hərəkətverici qüvvəsi isə heç şbühəsiz ki, prezident İlham Əliyevdir. Azərbaycan Prezidenti Cənab İlham Əliyev demokratik dünyagörüşünə malik olan görkəmli dövlət başçısı, qətiyyətli liderdir. Azərbaycanda demokratikləşdirmə prosesi məhz Cənab Prezidentin siyasi iradəsilə həyata keçirilir.  İlham Əliyev siyasi baxışlarından asılı olmayarq, hər bir azərbaycanlının prezidentidir. Bu düşüncə tərzi, bu təfəkkür Azərbaycanın sürətlə demokratikləşməsini təmin edir, ölkədə mövcud olan sağlam ab-havanı bir qədər də möhkəmləndirir. Sözsüz ki, bu cür münbit şərait mətbuatın inkişafına müsbət təsir göstərir.Əminliklə deyə bilərik ki, Azərbaycan mətbuatı dövlət qayğısı ilə hərtərəfli təmin olunub. Bakı şəhərində jurnalistlər üçün çoxmərtəbəli binanın inşası, ildə iki dəfə çap mətbuatına qrantların ayrılması, ayrı-ayrı dövlət qurumları ilə birgə həyata keçirilən layihələr mətbuatımızın maddi-texniki bazasını nəzərəçarpacaq dərəcədə gücləndirib. Azərbaycan dövlətinin mətbuatın inkişafında maraqlı oldğu açıq-aşkar görünür.

Hər bir işin, sahənin hazırkı durumu, bu istiqamətdə əldə edilən nailiyyətlər heç şübhəsiz ki, həmin sahənin təməlinin möhkəm olması, bünövrəsinin sağlam qaydada qoyulmasından çox asılıdır. Bu mənada Azərbaycan mətbuatının bünövrəsinin sağlam təməllər üzərində qurulduğunu desək yanılmarıq. Yuxarıda da qeyd etdiyimiz kimi müstəqillik illərində Azərbaycanda azad söz, fikir azadlığı, plüralizmin əsası, təməli məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hər kəsə bəllidir ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 6 avqust 1998-ci ildə senzuranı ləğv etməsi mətbuat tariximizin ən yaddaqalan hadisəsi sayıla bilər. Heydər Əliyev təkcə jurnalistlərə deyil, bütün yaradıcı insanlara diqqətlə yanaşıb, onlara qayğı göstərib. Təsadüfi deyil ki, ümummilli liderimiz sağlığında "Jurnalistlərin dostu" mükafatına layiq görülüb, mətbuatın təmənnasız hamisinə çevrilib. Əgər xatırlayırsınızsa, məhz Heydər Əliyevin göstərişi ilə dəfələrlər qəzetlərin "Azərbaycan" Nəşriyyatına olan borcları dondurulub. Heydər Əliyev jurnalistlərin ən sevimli müsahibi idi. O, bütün suallara təmkinlə cavab verir və bu hərəkəti ilə məmurlara nümunə olurdu. Azərbaycan mətbuatı bu gün ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu sağlam zəmin üzərində yüksəlir.

Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdışı ilə mətbuatda mövcud olan problemlər aradan qaldırıldı. Azərbaycanda azad söz, müstəqil mətbuat üçün geniş imkanlar yarandı, mətbuata dövlət nəzarəti olan senzura ləğv olundu. Azad mətbuatın inkişafına mane olan süni məhdudiyyətlərə son qoyuldu, mətbuatın inkişafına və təkmilləşdirilməsinə yönəldirilmişl qanunvericilik bazası möhkəmləndirildi, müasir dünya standartlarına uyğunlaşdırıldı, kütləvi-informasiya vasitələrinin maddi-texniki bazası möhkəmləndirildi, güzəştlər müəyyənləşdirildi, bununla əlaqədar bir çox fərman və sərəncamlar imzalandı. Məhz o illərdə Azərbaycanı üzləşdiyi çətinliklərdən qurtarmaq üçün bütün sahələrdə islahatlar aparan, demokratik dəyərlərin tətbiqinə çalışan ulu öndər bildirirdi ki, indi biz dövlət müstəqilliyi əldə etdiyimiz, öz taleyimizin sahibi olduğumuz bir dövrdə problemlərimizi özümüz həll etməliyik. Həmin problemləri insanlarla görüşlərində, bölgələrə səfərləri zamanı öyrənən, araşdıran ümummilli lider eyni zamanda gündəlik mətbuatda dərc olunan tematik yazılarla yaxından tanış olur, cəmiyyəti maraqlandıran problemləri KİV-lər vasiəsilə öyrənir və müəyyən tədbirlər görürdü.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 28 aprel.- S.15.