Şəhid olmaq istədi

 

Aprel şəhidi oldu

 

Qəhrəman əsgərlərimiz hər zaman gənclər üçün örnək olub. Gənclərimiz qəhrəman əsgərlərin getdiyi yolu təkrar etmək və bəlkə də daha böyük hünər göstərmək arzisi ilə yaşayıblar. Xüsusən, "Aprel şəhidləri" gənclər üçün əsil qəhrəmanlıq məktəbinə çevrildi. Mahir Mirzəyev 1994-cü il fevral ayının 17-də Bakıda doğulmuşdu. 2011-ci ildə Nərimanov rayonundakı 36 saylı məktəbi əla qiymətlərlə başa vurduqdan sonra Qafqaz Universitetinə daxil oldu. Lakin ailəsini, ata-anasını əziyyətə salmamaq üçün ən çox sevdiyi təhsil ocağından imtina edib, Azərbaycan Dövlət İqtisad Universitetinin ödənişsiz bölümünü seçdi. Özünə heç vaxt boş zaman ayırmadı. İngilis və fars dilini öyrəndi. İnsana ziyan gətirməyəcək nə vardırsa, onu öyrənməkdən usanmadı. Həm məktəbdə, həm də universitetdə layiqli tələbələrdən oldu, ədəbi-ləyaqəti ilə oxuduğu təhsil ocağına hər zaman hörmət gətirdi.

2015-ci ildə İqtisad Universitetini də müvəffəqiyyətlə bitirib, ürəyində arzu kimi bəslədiyi Qafqaz Universitetinin magistr şöbəsinə daxil oldu. Lakin bu dəfə təhsilini davam etdirməyi sonraya saxladı. Dedi ki, "Öncə Vətəndir". Çiyinlərində bir əsgəri xidmət yükü var idi. O hərbi xidmətə gedib, özünü təsdiq etməli idi. Hərbi xidmətə çağırılana qədər isə Azərbaycanda böyük təntənə ilə qeyd edilən "Bakı -2015 Avropa Oyunları"nda könüllü kimi iştirak etdi. Orada da özünə xeyli dostlar qazandı. Və həmin o gün gəldi. O günü çox gözləmişdi, Vətəni qorumağa, onun keşiyində durmağa gedirdi. 2015-ci il iyul ayının 6-da atası Sabir, əmisi Samir, doğmaları və dostları onu Bakı Dəmiryolu vağzalından əsgərliyə yola saldılar... Mahir Mirzəyev hamıdan əvvəl atılıb qatara mindi, sonra pəncərənin önünə keçərək, başını oradan çıxarıb dostlarla, qohumlarla danışıb-güldü. Qatar yola düşəndə əllərini yelləyib hamıya "salamat qalın!" dedi. Atası Sabir Mirzəyev dayanıb oğluna əl edəndə, əlləri havadan asılı qaldı... Bir andaca fikri yayındı. Və nədənsə, necə oldusa, "Bizim Cəbiş müəllim" filmindəki dəmiryolu vağzalından müharibəyə yola düşmə epizodunu xatırladı. Və yenə də elə bil birdən silkələndi, özü-özünü qınadı, ürəyində deyindi ki, bu nə idi fikirləşdim, indi ki, müharibə deyil, indiki sakitlikdir...

2-5 aprel günlərində anası Gülzar xanımla Sabir müəllim heç narahat da deyillərmiş. Sabir kişi fikirləşirmiş ki, lap elə müharibə başlayıbsa, düşmənə zərbələr endirilib, cavabı verilirsə, bunun üçün yəqin ki, ön cəbhəyə daha təcrübəli əsgərləri, hərbçiləri apararlar. Aprelin 1-i hələ 98 günü qalmışdı Mahirin. Hər həftə günlərini sayırmış. Sonuncu dəfə danışanda deyir ki, 98 günü qalıb tərxis olunmağa. 1 apreldən sonra Mahir telefona cavab verməyəndə, Gülzar xanım narahatçılıqla həyat yoldaşı Sabirə deyir ki, uşaqdan bir xəbər bil. Sabir isə çox arxayın halda, kimdir onları ön cəbhəyə aparan, onlar indi, arxada səngər qazırlar, bərkitmə işləri görürlər- deyir. İki gün keçir. Gülzar yenə ərindən soruşur. Deyir ki, birdən uşaq torpağın üstündə yatar, soyuqlayar. Sabir isə arın-arxayın, "indi nə zəmanədir, ay qız, torpaq üstündə əsgər yatar? Ən azı maşında-zadda gecələyirlər" deyə cavab verir. Lakin nə biləydilər ki... Mahirin ruhu artıq göylərdən onlara əl eləyir... Amma elə bu günlərdə iki narahat insan da var idi. Biri Mahirin həkim bibisi Zemfira Mirzəyeva, digəri isə nənəsi Yazgül. O aprel günlərində nənənin gözlərinə yuxu getmədi, yatağına uzandı, yataq yedi canını, durdu gəzdi əlləri, ayaqları, ürəyi titrədi. 81 yaşı var idi. Dünyanın hər üzünü görmüşdü. Bu elə belə titrəyiş deyildi, bu həyəcan yaxşı həyəcan deyildi. Qızı Zemfira xanıma acıqlandı: "Ay bala, Sabirgil fil qulağında yatıb, get bir xəbər bil, gör o uşaq haralardadır... Mən rahatlıq tapa bilmirəm". Aprelin 6-dan sonra Zemfira xanım qapı-qapı düşüb, qardaşının oğlunu soraqladı. Salyan kazarmasına gəlib çıxdı, orada əlində siyahı olan bir nəfər hərbiçi dedi ki, oğlunuz itkinlər siyahısındadır. Dünya-aləm Zemfira xanımın başına dolandı. Yəqin ki, səhv edirdilər, yəqin ki, belə olmazdı. Bəlkə hələ tapacaqdılar. Qardaşı Sabirdən, anasından başqa hər kəsi məlumatlandırdı. Və məlum oldu ki, əmisi nəvəsi Həzimənin oğlu Fəxrəddin Seyfəddin oğlu Qurbanlı da itkindir. İkisi eyni vaxta getmişdilər. Hər ikis institutu bitirib getmişdi. Fəxrəddini axtarmağa gedən qohumu Nizamiyə zəng etdi. O dedi ki, hələ bir xəbər yoxdur. Həmin günlər qardaşı Sabir narahat deyildi. Bəlkə də oğlunun yox ola biləcəyini qəbul etmək istəmirdi. Çünki Mahir hara getsə qayıdırdı, dəyirmana ölü salsan, diri çıxardı. Bərdədə yox, Yevlaxda yox, Quzanlıda yox... Axırda Yevlaxın morqundan gətirdilər. Ayın 8-i isə bütün ümidləri üzüldü, son ümidini də öldürdülər Zemfira xanımın. Anası Yaygülə xəbər elədi. Biləcəridəki ata evində qarşılanma mərasimi olacaqdı... Salamat hərbi xidmətə yola saldığı qardaşının yeganə balasını gətirəcəkdilər. "O gün bu gün, özümə gələ bilmirəm" deyir Zemfira xanım: "Həmin gün bizim nəsil-nəcabətdən üç şəhidimiz oldu. Əmim qızı Həzimənin bircə oğlu Fəxrəddin Qurbanlı, onun ölüm xəbərini eşidib ürəyi partlayan əmim oğlu Malik və mənim qardaşımın tək oğlu Mahir. 9 aprel günündə bizim nəslin üç evindən üç tabut çıxdı. Onlar da Mahirlə eyni gündə dəfn olundular. Artıq Mahirin əsgərlikdən gələn vaxtı da keçdi. O, hərbi xidmətini tamamlayıb iyulun 6-da evinə gələcəkdi. Sentyabrın 15-də Qafqaz Universitetinə dərsə gedəcəkdi. İndi oturub söhbətləşəndə bir qüsur tapmırıq ki, onun haqqında deyək ki, filan işi düz eləmədi. İnsan ömrü üçün 22 il nədir ki? Ancaq bu uşaq 22 illik ömrünə çox böyük arzular, uğurlar sığdıra bilib. Elə bil harasa tələsirdi. Qafqaz Universitetində magistr təhsili almaq istəyirdi, daxil oldu. Biz ona dedik, evin tək oğlusan, magistr təhsilini də al, sonra əsgər get. Razılaşmadı. Prinsipial uşaq idi, qarşısına qoyduğu məqsədi gec-tez gerçəkləşdirirdi. Sən demə, son məqsədi də elə şəhid olmaq imiş. Yazgül nənə deyir ki, üç evin bir oğlu idi Mahir. Yazgül nənənin üç övladı var: Samir, Sabir və Zemfira xanım. Əsilləri Ermənistanın Sisyan mahalının Şixlar kəndindəndir. Əşrəf babanın törəməsidirlər. 1950-ci illərdə Bakıya köçüb gələnlərdən, yurd salanlardandırlar. Əri Knyaz Mirzəyev həkim idi. Adlı-sanlı Knyaz həkim. Bir manat haram tikə görməmişdi ocağı. Balalarını hamı kimi zəhmətlə, səbrlə böyütmüşdü. Üçünə də ali təhsil vermişdi. Sabirin 1 oğlu, bir qızı oldu. Samirin də bir qızı var. Zemfiranı zalım həyat sınağa çəkmişdi. İndi də qardaş balasının dağını vurdu ürəyinə.

Yazgül nənə nəvəsi Mahirlə nəfəs alırdı. Bu il yanvarın 17-si məzuniyyətə gələndə, günlərinin çoxunu nənəsinin yanında keçirdi. Neçə gün nənəsinin sinəsinə sığınıb yatdı. Nənəsi sevib qoxladı sarı balasını, ətrini bağrına çəkdi. Sarışın olduğundan ona "sarıbala" deyirdilər. Hamı aram olmağa çalışır, Yazgül nənə və gəlini Gülzarı isə kimsə bu günə kimi sakitləşdirə bilmir. Əsgərlikdən məzuniyyətə gələndə, nənə nəvəsinə baxıb fərəhlənmişdi. Hətta soruşmuşdu ki, ay bala, sizə nə yedirdirlər ki, belə yekəlib, kökəlib gəlmisən. 6 ayın içərisində Mahir Mirzəyev boylu-buxunlu, enlikürək bir oğul olmuşdu. Nənəsi boyuna baxıb fəxarətlənirdi. İndi o boylu-buxunlu balasını axtarır, axtarır...

  Bütün şəhid anaları, ataları, bacıları, qardaşları kimi, o da özündə güc tapıb, oğlunun qəzavata yüksəldiyi məqamı öyrənməyə yola düşdü. Görüşdüyü, danışdığı insanlar hərəsi bir xoş söz dedi. İndi həmin günləri belə xatırlayır Sabir Mirzəyev: "Bilirsiniz, məni nə çox düşündürür, həmin aprel döyüşündə həlak olan oğullarımızın hamısı tərbiyəli, vətənpərvər, mərd oğlanlar idi. Hərdən də fikirləşirəm ki, axı şəhidlik elə zirvədir ki, o hər kəsə nəsib olmur. Mahirin hospitalda yatan yaralı dostları ilə görüşdüm. Birinin qolu yox idi, birinin ayağı parçalanmışdı. Hamısı yaralı idilər. Bir qolunu güllə aparmış Tovuzdan olan əsgər danışırdı ki, döyüşdə yaralılara kömək edirmiş, bir də baxıb ki, Mahir də yaralanıb, ancaq elə yaralı-yaralı da vuruşur. İstəyib ki, ona kömək etsin, Mahir deyib ki, Cəfərov, get başqalarına kömək elə. İrəli keçəndə, əsgər Cəfərovu da vurub qolundan yaralayıblar. O da, elə Mahirin yanına yıxılıb. Əsgər Cəfərov dedi ki, bizim əsgərlər öz qisaslarını aldılar. Çox mətanətlə vuruşdular. Bir oğlan var idi. Ayağından yaralı idi. Deyirdi ki, "əmi yaralanıb oturdum bir yerdə, fikirləşdim ki, kaş əsir düşməyim, səhərə qədər gözlədim ki, erməni gülləsi məni vursun, mən də ölüm, əsgərlərimizə qarışım. Ancaq bir dənə də olsun güllə dəymədi". Deməli mənim oğlumun vaxtı tamam imiş. Bəs o əli və qolu yaralı əsgər niyə ölmədi? Deməli vaxtı tamam deyildi. Oğlumun qulluq göstərdiyi hərbi hissədən 90 nəfər döyüşə getmidi. Deyillər onların 18-i qayıtmayıb. Onunla təsəlli tapıram ki, oğlum kafir öldürüb, cənnəti qazanıb".

 

Sevda

 

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində çap olunur

 

Olaylar.- 2017.- 8 avqust.- S.6.