Şərəfli ölüm arzulayan Milli
Qəhrəman
O,
sağlığında Şəhidliyinə imza
atmışdı
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində aprel döyüşlərinin şəhidi, Milli Qəhrəman Samid Gülağa oğlu İmanovun ailəsini ziyarət edib.
Samid Gülağa oğlu İmanov 14 oktyabr 1981-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. 1998-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olan S.İmanov 2003-cü ildə həmin hərbi məktəbi fərqlənmə diplomu ilə bitirib. Türkiyə Respublikasında "Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası", "Komando təlimi və paraşütdən sərbəst atlamaq" kurslarına qatılıb. 2007-ci ildə "Anadolu-2007" və "Anadolu Qartalı-2007" birgə taktiki təlimlərlə yanaşı həm də Pakistanda "Ləpirçi və antiterrorist", İsveçrədə "Dağ təlimi", Rumıniyada isə "Dağa dırmanma üzrə təlimatçı" kurslarında iştirak edib. 2014-cü ilin avqust ayının əvvəllərində Ermənistan-Azərbaycan təmas xəttində baş verən atışma zamanı Samid İmanovun dəstəsi şanlı qələbəyə nail olub. Döyüş nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 20 hərbi qulluqçusu məhv edilib. Samid İmanov 2004-cü ilin iyun ayından müxtəlif illərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandirinin, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib.
Samid İmanov 2016-cı ilin aprel ayının əvvəlində sonuncu döyüşə qatılıb. Ermənistan- Azərbaycan təmas xəttində 24 illik fasilədən sonra başlayan amansız döyüşlərdə Tərtər rayonunun Talış kəndi istiqamətində düşmənlə amansız döyüşə girib. Aprelin 3-dən 4-nə keçən gecə döyüş zamanı mayor İmanov neytral ərazidə ayağından və çiynindən qəlpə yarası alıb. Əsgərlər onu döyüş meydanından aparmaq istəsə də, Samid İmanov buna qəti etiraz edib və onun əvəzinə yaralı gizirin çıxarılmasını əmr edib. Yaralı giziri döyüş meydanından çıxaran əsgərlər həmin ərazinin artıq təhlükəli olmasına baxmayaraq Samid İmanovu aparmaq üçün yenidən döyüş meydanına qayıdıblar, amma mayor İmanovu orada tapa bilməyiblər. Samid İmanov əsgərlər ərazidən uzaqlaşandan sonra erməni tərəfə əsir düşməmək üçün oradan uzaqlaşıbmış. Bütün mərmiləri qurtaran mayor İmanov erməni tərəfinə sağ düşməmək üçün əlində qumbara saxlayıb. Səhərə gədər əsgərlər onu tapmadığı üçün mayor Samid İmanov qanaxma nəticəsində qəhrəmancasına şəhid olub. Aprelin 8-i Samid İmanovun nəşi neytral ərazidən götürülüb və doğma Neftçala rayonuna aparılıb. Aprelin 9-u isə anadan olduğu Neftçala şəhərinin Şəhidlər Xiyabanında izdihamla son mənzilə yola salınıb.
2016-cı ilin 19 aprelində Azərbaycan Respublikasınin Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə mayor Samid Gülağa oğlu İmanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Milli Qəhrəmanın həyat yoldaşı Badam İmanova deyir ki, Samid ölümə layiqli oğlan deyildi: "O, hərbi sirr hesab etdiyi fəaliyyət barədə heç bir məlumat verməzdi. Hətta onun həyatı üçün təhlükə yaransa da belə, əlavə söhbət etməzdi. Bəzən cəbhədəki vəziyyət barədə sual verəndə məharətlə suallardan yayınar, təfsilatı ilə məlumat verməzdi. Düşmən təxribatına verilən cavab, itirilən şəhidlər barədə belə susardı. Həmişə deyərdi ki, insan bir dəfə dünyaya gəlib, bir dəfə də gedəcək. Ancaq şərəfli ölüm hamıya qismət olmur. O həyatda bu devizlə yaşayırdı. Sanki ölümünü qəbul etmişdi ki, bir gün döyüşə gedib qayıtmaya bilər".
Badam xanım Samidlə ailə quranda belə onun kəşfiyyatçı olmasını bilməyib: "Sonradan bildim ki, onun həyat yolu olduqca ağır və risklidir. O, beş dildə səlist danışa bilirdi, erməni dilini bildiyini belə bizdən gizlətmişdi. Bizim üç illik ailə həyatında heç vaxt açıb deməmişdi ki, onun hərbi xidmətdə fəaliyyəti nədən ibarətdir. Ona görə də onun ölüm xəbərini alanda dünya başıma fırlandı. Çünki, mən ölüm xəbəri almağa hazır deyildim. Təkbaşına iki uşağı necə böyüdəcəyimi fikirləşəndə dəhşətə gəlirdim".
Cəmi üç illik ömür-gün yoldaşının ölüm xəbərini eşitmək Badam xanıma daha dəhşətli anlar yaşadıb: "Onun xidmət etdiyi ərazidə bizə ev vermişdilər. Planlaşdırmışdıq ki, yaxın vaxtlarda təzə evə köçək. Turan isə cəmi qırx gün idi ki, dünyaya gəlmişdi. Evin yaxınlığında mağaza, aptek və digər iaşə obyektləri olmadığından iki uşaqla yeni mənzilə köçməyə tərəddüd edirdim. Martın 27-də Samid dedi ki, sabah təlimə gedirik. Biz isə martın 28-də yenu mənzilə köçməyə hazılaşırdıq. Dedi ki, qalsın qayıdandan sonra bir şey fikirləşərik. Elə oldu ki, martın 29-da təlimə getməli oldu. Yola düşəndə heç nə demədən gözümün içinə mənalı-mənalı baxdı. O həmişə pilləkəndən düşəndə mənə hərbi salam verərdi. Bu dəfə isə sakitcə, gözümün içinə baxa-baxa uzaqlaşdı. Samid həmişə özü zəng vurub bizi axtarardı. Bu dəfə isə mən ona zəng vurub harada olması ilə maraqlandım. Qəribədir ki, o heç vaxt harada olduğu barədə açıq danışmazdı. Amma bu dəfə dedi ki, Qobustandayıq, yola düşürük. Ardınca da nə isə də demək istədi, lakin susdu. Telefon bağlantısı bitdikdən sonra fikirləşdim ki, bu heç vaxt harada olduğunu bildirməzdi, nə əcəb bu dəfə yerini dedi. Bir də martın 31-də özü telefon əlaqəsi saxlayıb uşaqları soruşdu. Hətta zarafat da etdi. Ona Turanın şəklini göndərmişdim. Dedi ki, maşallah, nə tez böyüyüb. Mən də zarafatyana dedim ki, sən evdə olursan ki, uşağın böyüməyin də görəsən. Sən demə həmin vaxt şiddətli döyüş gedirmiş. Komandirinin dediyinə görə, bu döyüşlərdə Samid dəfələrlə qəhrəmanlıq göstərib. Nəhayət aprelin 3-də baş verən döyüşdə ayağından və çiynindən yaralanıb. Sonrasını isə bilirsiniz: Mənim heç nədən xəbərim yox idi. Hətta anam onun şəhid olduğunu bilsə də məndən gizlətmişdi. Həmin vaxt qardaşım Əkrəm da hərbi xidmətdə idi. Hər dəfə zəng gələndə qorxurdum ki, hansınasa nə isə ola bilər. Turanın anadan olmasının 40 günü tamam olmuşdu. Mən də onu çimizdirirdim. Birdən dayımın yoldaşı içəri girdi. Davranışından dərhal bildim ki, ya Samidin, ya da qardaşımın başında bir iş var. Soruşdum ki, hansına nə olub? Mənə təsəlli verdilər ki, qorxma, Samid ayağından yaralanıb. Sonra dedilər ki, uşaqları da götür gedirik Neftçalaya qospitala. Onda başa düşdüm ki, əgər Samid salamatdırsa, niyə Bakıya qospitala gətirməyiblər. Sən demə Samidin tabutunu Neftçalaya aparıbmışlar".
Samidin insan kimi xarakteri bir çoxlarına
nümunə idi: "Samid olduqca dürüst, mədəni,
yalan danışmağı sevməyən, ümumiyyətlə
ölməyə layiq olmayan bir insan idi. Düzdür, o öz həyat
yolunu, qəhrəmancazına həlak olmasını, Vətən
yolunda canını verməsini özü seçdi və
şərəflə ölmək yolundan geri dönmədi. O,
heç körpələrini doyunca görmədi, onların əlindən
tutub doyunca gəzdirmədi. Samid aprelin 9-da dəfn olundu, 29-u isə Fidanın iki
yaşı tamam oldu. Heyfslənirəm ki, onun Turanla bir dənə
də olsun şəkli yoxdur. Ağlıma da gəlməzdi
ki, Samid bir dəfə xidmətə gedər və bir daha geri
qayıtmaz. Bilmirəm Turan atasının necə insan
olduğunu soruşanda ona nə cavab verəcəyəm. Samid
kimi həyat yoldaşını itirmək olduqca ağır dərddir.
Ancaq fəxr edirəm ki, o, Vətən yolunda,
torpaqlarımız, Azərbaycanın ərazi
bütövlüyü uğrunda şəhid olub".
Samidin
atalıq nümunəsi ətrafındakılara bir örnək
olub: "Samid ata kimi də gözəl valideyn idi. Düzdür,
o günün əksər hissəsini hərbi xidmətdə
keçirirdi. Buna baxmayaraq övladlarına qarşı həddindən
artıq qayğıkeş idi. Samid səmimiliyi,
qayğıkeşliyi ilə barmaqla göstərilən
atalardan idi. Amma ömür ona balaları ilə daha xoş
günlər keçirməyə vəfa eləmədi. Bəzən
yaxınlarım mənə deyir ki, yaxşı ki, uşaqlar
körpədir, ataları barədə çoxlu suallar vermirlər.
Ancaq düşünürəm ki, uşaqların sualları
çox olsaydı, daha rahat olardı, xatirələr
unudulmazdı. Hansısa uşaq ata çağıranda Fidan məəttəl
qalır ki, bəs mənim atam haradadır? Körpəlik
paltarlarını hamıya göstərir ki, bunu mənə
atam alıb. Düzdür, onlar Milli Qəhrəman
övladlarıdır, ataları bu adı onlara qoyub getdi. Ancaq
məncə Samid elə sağlığında qəhrəman ata idi.
Çünki, o, övladlarına canını fəda edən,
hər zəhmətlərinə qatlanan idi. Çox təəssüf
ki, o, balalarının ata kəlməsini eşitmədən
bu dünyadan köçdü".
Həyat
yoldaşının şərəfli döyüş yolundan
danışan Badam xanım deyir ki, Samidin göstərdiyi qəhrəmanlıq
şəxsən Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən
yüksək qiymətləndirilib: "2004-cü ilin avqust
döyüşlərində cəmi 2 nəfər şəhid
verməklə düşmənin böyük qüvvəsini
məhv etmişdilər. Döyüşdən sonra Samid evə
gələndə mənə bu barədə bir kəlmə də
deməmişdi. Bir həftədən sonra dedi ki, bizi
televiziyada göstərəcəklər, baxarsan. Yenə də
açıqlamadı ki, nəyə görə göstərəcəklər.
Verilişə baxanda gördüm ki, prezidentimiz onları təltif edir. Yalnız
onda bildim ki, ermənilərlə döyüş olub, Samid qəhrəmanlıq
göstərib. O, hərbi nailiyyətlər, göstərdiyi
qəhrəmanlıqlar barədə car çəkib
danışmağı sevməzdi. O qədər ölümlə
üzbəüz qalmışdı ki, həyatda hər
şey ona adi gəlirdi. Bizə təsəlli verən odur ki,
Samid Vətən yolunda şəhid olub, uşaqları atasız
qalsalar da fəxr edəcəklər ki, ataları Milli Qəhrəmandır
və qəhrəmancasına həlak oub".
Alim Hüseynli
Azərbaycan Respublikasının
Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyilə ABUC-un həyata
keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq
nümunələrinin təbliği" layihəsi çərçivəsində
çap olunur
Olaylar.- 2017.- 15 avqust.- S.6.