Qırx gün deyil, qırx il
ötdü...
Xatirələrdə yaşayanlar
XX əsr Azərbaycan ədəbiyyatında
özünəməxsus yeri olan şair, dramaturq, tərcüməçi
Adil Babayevin (1925-1977) qısa omür payının yarıdan
çoxu - bütün uşaqlığı, gəncliyinin ən
gözəl çağları, - məhrumiyyətlər,
müxtəlif təzyiqlər içində keçib. Lap
körpə ikən
atasını itirib. Özü də o zaman dəhşətli kabus kimi çox
qapıları bağlayan "xalq düşməni"
damğası ilə... Min dərdə dözən, min
yerdə adı pisliyə çəkilən oğul sonralar
atasına ithaf etdiyi şeirində
belə yazıacaqdı:
Mən
atamı görməmişəm at belində,
Ata-baba
ocağında, dost elində.
Simasını
yaratmışam
xatirələr qaynağından.
Neçəsinin
heyrətindən,
neçəsinin sorağından.
Anam
nağıl deyən zaman,
gözlərimə atam gəlib.
Şeir
yazıb, söz qoşmuşam,
sözlərimə atam gəlib.
Atam ata nəvazişi
görməsə də, atasızlıq yükünü uzun
illər çiynində daşıyıb. 1956-cı ildə Ali Məhkəmənin qərarı
ilə babama tam bəraət veriblər. Rəsmən təsdiqlənmiş
ki, Naxçıvan Muxtar Respublikasının 27 yaşlı
Xalq komissarı Qafar Babayev 1925-ci ildə ləkələnərək
əsassız həbs edilib və güllələnib... Bu mübarək bəraət anını, ədalətin
zəfər çalacağı günü Adil düz otuz bir
gözləməli oldu. O gündən sonra isə cəmi
iyirmi bir yaşadı.
Adilin ilk
şeiri 1939-cu ildə Tiflisdə
çıxan "Yeni qüvvə"
jurnalında, son şeiri vəfatı günü - 1977-ci il
avqust ayının 20-də Bakıda "Ədəbiyyat və
İncəsənət" qəzetində çıxıb.
Bu illər ərzində bütün maneələrə,
çətinliklərə baxmayaraq, hey işləib.
Poemalar, şeirlər, pyeslər, hekayələr, publisistik məqalələr, teatr sənətinə
aid monoqrafiyalar yazıb, Rus və Avropa klassiklərindən, SSRİ xalqların ədəbiyyatından
bədii tərcümələr edib.
Vəfatından
40 il sonra şerlərini nəzərdən keçirəndə
bir daha əmin oluram ki, onun sevinci də, kədəri də, mənəvi
aləmi də poeziyasında
öz əksini tapıb. O, həyat hadisələrinə, təbiət
mənzərələrinə, tarixi faktlara sırf təsvirçi
mövqeyindən yanaşmayıb. Daim fəlsəfi
məna, bəşəri qayğılarla bağlı fikirlər
axtarıb, həyatı poeziyadan, poeziyanı həyatdan
ayırmayıb. Vaxtilə ulu şairimiz Səməd Vurğunun iyirmi
yaşlı Adilə şeir ithaf etməsinin səbəbini də
elə bunda görürəm.
Şair,
nə incədir rübabın sənin!
Uçurdu
qəlbimi çamdığın o saz! -
misraları ilə başlanan "Mənim arzum" şeirində
Xalq şairinin "xalq düşməni"nin oğluna
vaxtı qabaqlayan bəraətini görürəm. Adil təsadüfən
demirdi ki:
Yaxşı
ki, yaşayır yaxşı adamlar,
Yaxşı ki, onlara məndə inam var.
Yoxsa rast
gəldiyim riya, xəyanət
Açardı
başıma bəla, müsibət...
Gənc şairin yaralı qəlbində ilk ümid, inam
qığılcımını onun qarşısına
çıxan yaxşı adamların ən müqəddəsi
Səməd Vurğun alovlandırıb. Adilin həyatda
ən böyük mükafatı Səməd Vurğunun poetik
xeyir-duası olub. Şəxsiyyəti nəhəng
yaradıcılığından da ucada duran böyük
şairin alicənablığından, qayğıkeşliyindən
atam həmişə danışar, onu dərin minnətdarlıq
hissi ilə xatırlar,
vaxtaşırı Fəxri
xiyabanda məzarını ziyarət edərdi.
Qəribədir
ki, ağır keçən uşaqlıq illəri, narahat gənclik
çağı bərkə-boşa düşən atamı bədbinləşdirmədi.
O, nikbin və mübariz idi. Bu mübarizlik təbiətən
sakit, mulayim, ətrafdakı hər şeyə və hamıya
son dərəcə həssaslıqla yanaşan bu adamın
xırda hisslərə əsir olmamasında,
saxtakarlığın, riyakarlığın, şöhrətpərəstliyin,
yaltaqlığın hər cür təzahürünə düşmən kəsilməsində, qəlbinə xəyanət etməməsində
özünü büruzə verirdi. O, bir insan kimi xoşbəxtliyini
elə bunda
görürdü.
...Nə
qədər xoşbəxtəm yer üzündə mən,
Gözümü
dünyaya açdığım gündən,
Xırda duyğulara əsir olmadım.
Ən
maraqlı və qiymətli cəhət o idi ki, bu ali insanı keyfiyyətlər onun
çoxşaxəli yaradıcılığına da sirayət
etmişdi.
Atam həmişə ürək ağrısından
şikayətlənərdi. Uzun illər heç kəslə
bölüşə bilmədiyini, gündəliyinin səhifələrinə
belə köçürmədiyini, təqiblərin, tənələrin
acısını yalnız ürəyinə yüklərdi.
Sən demə onun ürəyi təkcə odlu,
ilhamlı deyilmiş.
Şair ürəyi həm də çox vəfalı,
etibarlı, dözümlü imiş: mürəkkəb illərin
çəkilməz yükünü şərəflə
daşıdı. Simasında payız, qəlbində
hər zaman bahar nuru olan şairi amansız xərçəng
xəstəliyi elindən, ailəsindən ayırana qədər
ona sədaqətini qoruyub saxladı. Adil Babayevin gündəliklərini
oxuyanda, həyatının mənə naməlum səhifələri
ilə tanış olanda, onun səhhətindəki
problemlərin səbəbinin, kökünün necə dərin
qatlara işlədiyini görüb içimdəki çox
suala cavab tapdım. Və bir anlığa
düşündüm ki, bu qədər ədalətsizliklərlə,
haqsızlıqlarla üzləşən insan əgər 52 il həyatda yaşayıbsa, onu bəlkə də
uzunömürlü hesab etmək lazımdır...
Bəzən
ərk, bəzən bir qədər kinayə ilə ona "sən yaşamağı
bacarmırsan" deyənlər də tapılırdı:
"Bəraət almış repressiya qurbanının
oğlusan. Başqası
açılmamış qapı qoymaz, haqqını istər.
Sən niyə bu işlərdən kənarsan?"-
deyə məzəmmət edərdilər. Başqası bəlkə də,
amma Adil bunu qarşılıq nəsə istəməzdi! Adil namuslu ananın qeyrətli oğlu idi. Atasının təmiz adının özünə
qaytarılması ona yetərdi. Atamın anası, mənim
Xeyransa nənəm ərinin bəraətindən sonra düz
otuz il yaşadı. Ancaq ərinə
görə, ona kəsilən təqaüdü belə
almadı. Maddi deyil, mənəvi toxluğu ona rəva
bilmədi ki, hər ay poçtalyonun qapını
döyüb gətirəcəyi bir neçə onluq onilliklərin
açısını, gecələr
vaxtsız-vədəsiz döyülən qapı
taqqıltısını yenidən ona xatırlatsın. Adil kimi adil insanlar maddi nemət dalınca
qaçmazlar. Heç vaxt vəzifə,
orden-medal sevdası ilə yaşamazlar. O deyərdi:
Mənim
nə pulum var, nə fəxri adım,
Lakin taleyimdən küskün deyiləm.
Elini
düşunüb yazan şairə,
Bir məslək lazımdır, bir kağız-qələm.
Adil
Babayevin hələ 1970-ci ildə yazdığı
"Yaşamağı bacarmıram" adlı şeri isə ləyaqətlə
yaşamağı bacaranların rüşvət, riya, mənəvi
eybəcərlik dünyasına kəskin ittihamı kimi səslənirdi:
...Qəh-qəh
çəkib külsün mənə,
Neçə yaltaq, neçə harın.
Yaşamağı
baçarmıram
Sözü
meyxoş,
ürəyi boş,
Ərin
haram pullarından
Fikri sərxoş
xanımların,
Bəzən
benzin, bəzən beton,
bəzən pambıq hesabına
maşınları, villaları qoşalayan,
Ürəklərə,
şüurlara
zəhər tökən, şübhə yayan
zəlilərin,
Qəlbi,
fikri zəlillərin
düşməniyəm,
tüpürürəm o həyata!
Çörəyinə
neçə haram,
dediyinə neçə yalan
qata-qata
yaşayanlar bəyənməsin məni,
nə qəm?
Mən
şairəm!..
Xalq təkcə
ictimai ədalətsizliklərdən deyil, ayrı-ayrı ədalətsiz
ictimai xadimlərin ucbatından da bəzən böyük bəlalara
düçar olur. Odur ki, şair bizi dönə-dönə
kor-koranə inamdan, yalançı bütlərə
sitayişdən uzaq olmağa çağırırdı:
Hər
hökmü dərk edək, sonra inanaq,
İnandıq,
bu yolda od olaq, yanaq.
Dostlar,
kor inamdan bizi qoruyun!
Bəli,
kor inam!.. Kor inamdır
bütün dövrlərdə başımıza oyunlar
açan. Kor inamdır bizi gözlü ikən
kor edən. Rəhbərlərin hər sözünü
xüsusi cənfəşanlıqla alqışlayan, mənasız
söz yığınlarına belə məna donu geyindirmə
yarışında fərqlənən, qavramadan, qanmadan
yığıncaqlarda ləbbeh deyənlər, inamsız,
imansız, amalsız adamlar daim onun tənqid hədəfi idi:
Yaltaqlar,
riyakarlar! Siz nə vaxt yarandınız?
Kim sizi səpələdi gözəl həyatımıza?
Nə
xalqı düşündünüz, nə el
üçün yandınız,
Artdınız yolumuzda çalalar qaza-qaza.
...Tanıyıram
mən sizi, min cür boyansanız da
Səhər
yediyinizi günorta dansanız da,
Sizi
damğalayıram tükənməz nifrətimlə!
Adil
Babayevin daha bir xəbərdarlığını yada salmaq yerinə
düşərdi:
Böyüklərin günahı da böyük olur.
Böyüklərin
hər günahı tarix üçün
Bağışlanmaz bir yük olur.
Atam
sağalmaz mərəzi və əlacsız
ağrıları ilə üzbəüz qalanda, əcəllə
iradənin ölüm-dirim savaşını mənə
xatırladırdı. Onu yaşadan təkcə
ümidi, arzuları, bir də ilhamı idi.
Ölümünə cəmi bir gün qalmış taqətsiz
barmaqlarının titrək xətlə yazdığı
"Nağıllar heç zaman kədərli olmur"
sonetini oxuyarkən şairin qırılmaz iradəsinə,
dözümünə, əzminə, son məqama kimi tükənməyən
həyat eşqinə heyrətlənməyə bilmirəm.
Mən
ömür istəmirəm riya, xəyanət
üçün,
Yurduma gərək
olan söz üçün, sənət üçün,
Ömürdən
doymamışam, həyatdan doymamışam...
Bu, onun son sonetinin son misralarıdır.
Bü sözlərlə, bu müqəddəs hisslərlə
Adil Babayev otuz səkkiz illik yaradıcılıq yolunu
tamamladı... Şairin arxivində çap olunmayan əlyazmaları
ilə bərabər, istifədə edilməyən qeyd dəftərləri
də qaldı. Uzun illər keçsə də,
onları götürüb işlədə bilmədim. Onlar necə var eləcə də durur. Mənim
üçün bu dəftərlərin təmiz səhifələri
adi ağ vərəq
deyil, atamın yazılmayan şerləri, səslənməyən
nəğmələridir...
1977-ci ildə dünyasını
dəyişən təvazökar qələm sahibinin şair ömrü bu gün də davam edir. Adil
Babayevin vəfatından sonra
"Ümid sərvləri", "Mənim abidəm"
, "Təzədən doğulur şair ölən
gün" , "Pyeslər", "Ata sorağında
" , "Anamın bayramı" , " Fəsillər dəyişəndə
" , "Yaşamağı bacarmıram" adlı kitabları nəşr
olunub. Musiqili Komediya teatrında
" Qız görüşə tələsir
", Sumqayıt Dram teatrında " Ən xoşbəxt
adam " pyesləri əsasında tamaşalar hazırlanıb. Onun sözlərinə
yazılan ən populyar mahnılardan ibarət
"Ayrılıq olmasaydı" musiqi albomu Türkiyənin
"Raks" şirkətində istehsal edilib. "Azərbaycantelefilm" də "Ata olsam belə,
ata istərəm" adlı sənədli film çəkilib. Onun
yaradıcılığına həsr olunan bir neçədoktorluq
dissertasiyası müdafiə olunub. Bu
günlərdə Təbrizdə seçilmiş şeirlər
kitabı Bahardoxt nəşriyyatında çapdan
çıxıb. Mütəmadi
olaraq dövrü mətbuatda şerləri, haqqında məqalələr,
xatirələr dərc olunur, teleradio verilişləri
hazırlanır,
efirdə nəğmələri səslənir. O,
özünün ən böyük arzusunu bşeirlərinin
birində belə ifadə
edirdi....
Ömrüm
Aya, Günə sirdaş,
Ağarır saç, çoxalır yaş.
Bircə
kəlməm, bircə sözüm
Ürəklərdə
qalaydı kaş,
Mən dünyada olmayanda.
Vəfatından
40 gün deyil, düz 40 il keçdi, əziz
ata! Sən təkcə ailə üzvlərinin,
qonumlarının deyil, səni şəxsən tanımayan, səndən
sonra dünyaya gələn insanların, qədirbilən
oxucularının qəlbində
yaşayırsan. Sən deyərdin ki:
Ruhum
şad işin xeyir,
El sözünü gözləyir.
Şair
ömrü bir şeir
Sorağında
gözəldir!
Nə xoşbəxtəm ki, atamın şair
ömrü bu gün də davam edir.
Etibar Babayev
Əməkdar jurnalist, professor
Olaylar.- 2017.-
22 avqust.- S.5.