Elçin Hüseynbəyli “Yenə iki od arasında”
adlı yeni romanını
təqdim etdi
Yunus Oğuz:
"Müəllif bu romanda sanki
Çəmənzəminlinin məhbəs həyatını
yaşayıb, onunla bir
yerdə Sibirdə olub"
Dekabrın 13-də
Azərbaycan Yazıçılar Birliyinin
(AYB) "Natəvan" klubunda
yazıçı-dramaturq Elçin
Hüseynbəylinin "Yenə iki od arasında" romanının təqdimat və
"imza günü"
keçirilib. "Yenə
iki od arasında" romanı şərti olaraq "Səkkizinci
Qarabağnamə" adlanır və böyük mütəfəkkir,
yazıçı Yusif Vəzir Çəmənzəminlinin
xatirəsinə həsr olunub.
AYB-in
və "Qələm" nəşriyyatının təşkilatçılığı
ilə baş tutan tədbirdə şair, yazıçı,
publisist, dramaturq Yunus Oğuz, Rəşad Məcid, Səlim
Babullaoğlu, professor Vaqif Yusifli və başqaları
çıxış edərək Elçin Hüseynbəyli
yaradıcılığı və "Yenə iki od
arasında" kitabı haqqında fikirlərini
bölüşdülər.
Tədbirdə ilk olaraq çıxış edən Rəşad Məcid bildirdi ki, romanı ilk dəfə "Azərbaycan" jurnalında hissə - hissə dərc olunan zaman oxuyub. "Elçin Hüseynbəyli burada Yusif Vəzir Çəmənzəminlinin məhbəs həyatından, Fransadakı yaşamından yazaraq, hadisələrə öz mövqeyini nümayiş etdirib".
Tədbirin aparıcısı Səlim Babullaoğlu ilk olaraq müəllifin yaradıcılığına nəzər salaraq bildirdi ki, Elçin Hüseynbəyli müasir Azərbaycan ədəbiyyatında öz yolu, öz dəsti -xətti olan bir yazıçıdı. "Elçinin yaradıcılığı çoxtərəflidi. O həm usta roman, eyni zamanda da gözəl hekayələr müəllifidi. Maraqlı dramaturq və tərcüməçidi. 2006 - cı ildə Moskvada "Çağdaş Azərbaycan romanı" ilə bağlı məruzəmdə üç yazıçımız haqqında məlumat verdim. Onlardan biri də Elçin Hüseynbəyli idi. Orada müəllifin "Yovşan qağayılar" romanı haqqında geniş çıxış etmişdim. Bu gün də öz fikrimdə qalıram. Elçin Hüseynbəyli çağdaş Azərbaycan nəsrinin əvəzolunmaz imzalarından biridir. Azərbaycanın ən yaxşı hekayələrindən ibarət antologiya tərtib etsək, heç şübhəsiz ki, Elçin Hüseynbəylinin minatür adlandırdığım bir qrup hekayələrini ora daxil edə bilərik.
Y.V Çəmənzəminli XX əsr Azərbaycan nəsrinin təkrarolunmaz imzalarındandı. Əgər biz Azərbaycan prozasını yüz ildən sonra dünyaya çıxarmaq istəsəydik, o imzalardan biri Yusif Vəzir Çəmənzəminli və Elçin Hüseynbəyli olacaq" ", - deyə Səlim bəy qeyd etdi.
"Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə öz çıxışında qeyd etdi ki, Elçin Hüseynbəylinin yaradıcılığının ilk illərində qələmə aldığı hekayələri "Azərbaycan" jurnalında dərc olunub. Tarixi mövzulara müraciət etməyin böyük məsuliyyət tələb etdiyini bildirən İntiqam bəy, Elçin Hüseynbəylinin bu məsuliyyətin öhdəsindən layiqincə gəldiyini qeyd etdi. " Elçin müraciət etdiyi dövrün tarixi mənzərəsini yarada bilib. Müəllif əsərdə fərdi fikirlərini əlavə etməklə öz mövqeyni nümayiş etdirib".
Tədbirdə çıxış edən tarixi romanlar müəllifi, yazıçı, publisist və dramaturq Yunus Oğuz Elçin Hüseynbəylinin bütün tarixi əsərlərini diqqətlə oxuduğunu və təhlil etdiyini xüsusi vurğuladı. ""Yenə iki od arasında" romanında müəllifin Qarabağa indiyə qədər yazılmış əsərlərindən fərqli olaraq, burada tarixi şəxsiyyətləri yeni baxışla təqdim edib.Birincisi, təəssüflər olsun ki, burada Cavanşir bəyə tamamilə yeni baxışdı. Burada Cavanşir bəyə tamamilə fərqli bir münasibət var.
İkincisi, Yusif Vəzir Çəmənzəminliyə tamamilə başqa bir münasibət var. Üçüncüsü, Elçin özünün bu romanda yaşadığıdı. Müəllif bu romanda sanki Çəmənzəminlinin məhbəs həyatını yaşayıb, onunla bir yerdə Sibirdə olub. Daha bir üstünlük ondadır ki, Çəmənzəminli ilə birgə Fransaya gedir. Orada onunla eyni həyatı yaşayır. Burada maraqlı bir detal var ki, "Əli və Nino" əsərini Azərbaycana qayıtmamışdan öncə Yusif Vəzir Çəmənzəminlinin bu əsəri yahudiyə satmasıdı. Təbii ki, bu, Elçin bəyin mülahizəsidi. Romanda öz fikrini bildirir. Amma bu faktın özünü ora yerləşdirməsi, fikrimcə, təqdirəlayiqdir.
"Yenə iki od arasında" romanının daha bir üstünlüyü Qarabağ tarixinin təsvirindədi. Çəmənzəminli necə Qarabağ tarixinə daxil olub, orada yaşayırdısa, Elçin Hüseynbəyli də Çəmənzəminlinin vasitəsilə 18 -19 - cu əsr Qarabağ tarixini yaşayıb. Və bütün bunları tamamilə fərqli bir mövqedə verib. Müəllif burada obrazları öz çılpaqlığı ilə verib. Həm yaxşı, həm də mənfi xüsusiyyətlərini göstərib. Romanda eyni vaxtda müasir dövrdən üç dövrə ruhunuzla giriş etmisiniz"- deyə, Yunus Oğuz bildirdi.
Tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli çıxışı zamanı Elçin Hüseynbəylini müasir Azərbaycan ədəbiyyatının istedadlı qələm sahibi kimi tanıdığını bildirdi. "Azərbaycan ədəbiyyatında tarixi romanların əsasını M.S.Ordubadi qoyub. Müasir dövrümüzdə bu yolu Elçin Hüseynbəyli, Yunus Oğuz kimi dəyərli yazıçılarımız davam etdirir. Tarixi roman tarixlə müasir dövrü birləşdirir. "Yenə iki od arasında" romanının içində roman var. Dünyada uzun müddətdir istifadə olunan bu üsulu müəllif çox gözəl istifadə edib.
Elçin Hüseynbəyli və Yunus Oğuz tarixdə baş verən və bizim bilmədiyimiz hadisələri roman şəklində bizə təqdim edirlər." - deyə, Cavanşır bəy qeyd etdi.
Daha sonra tədbirdə Misir Mədəniyyət Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi, Firuzə Məmmədli, Nizami Tağısoy və digərləri çıxış etdi.
Nigar Adil
Olaylar.- 2017.- 14 dekabr.- S.8.