Ləkələnmiş baş
yaylığı...
Bir xəbərdə oxudum
ki, müttəhim kürsüsündə
oturan qadın 14 yaşlı doğma qızını bakirə
olmadığını biləndə öz
baş yaylığı ilə boğub öldürüb.
Hakimin suallarına cavab
verən qadın qətli
törədərkən guya özündə olmadığını
deyir, ata isə
arvadının hərəkətinə haqq
qazandırır: “Həyat yoldaşım düz
eləyib, neyləməli idi? Məcbur
qalıb öldürüb. Mənim etməli
olduğum işi o edib. Buna
görə ona “sağ
ol” deyirəm”. O ata ki, oğurluq etdiyi üçün xeyli müddət həbsdə yatıb. Həbsdən
çıxandan sonra isə yenə də
cinayət törədib və ikinci dəfə gəldiyi yerə dönüb.
Əslində məsələnin kökündə valideyn-övlad münasibətinin doğru-dürüst olmaması dayanır. Ata boynuna düşən atalıq missiyasını həbsxana divarlarına dəyişib. Ana da yeniyetmə qızına daha çox lazım olduğu bir zamanda qızını tək qoyub. Onunla daha çox məşğul olmağı, vaxtını daha çox balasının qayğısına qalmağı məişət qayğılarına qurban verib. Valideyn diqqətindən kənarda qalan 14 yaşlı qız yolunu azıb.
Azərbaycanlı qadınların baş yaylığı tarixən barışıq rəmzi olub. İki savaşan adamı, yaxud iki vuruşan tayfanı durdurmaq üçün qadın başından yaylığını açıb araya atardı. Beləliklə də dava-dalaş barışıqla nəticələnir, qan düşmənçiliyinə son qoyulurdu. Amma baş verən bu faciədə baş yaylığı cinayət alətinə çevrilib. Bu qadın xadiməlik etdiyi iş yerindəki süpürgəsini övladından da, yaylığından da üstün tutub. Namus, əxlaq, ismət rəmzi olan yaylığa ləkə düşüb. Qızının kirlənməsinə səbəb olan ana çıxış yolunu başındakı yaylığı ləkələməkdə görüb...
Ata-babalarımız, eləcə də ana-nənələrimiz övlad tərbiyəsində, uşaqları ilə qurduqları münasibətlərində mental dəyərlərə söykəniblər. O zamanlar ata-oğul, ana-qız münasibətlərində həmişə abır-həya pərdəsi olub. Ata evdə, bayırda özünü elə aparıb ki, davranışları oğul övladı üçün bir nümunə olsun. Eləcə də analar qızlarına tərbiyə verəndə əxlaq nümunəsi, qadınlıq ləyaqəti sərgiləyiblər. Ailədə hərənin öz yeri olub – böyüyün böyük, kiçiyin kişik. Ata evdə Allah ucalığında dayanıb. Onun sözü az qala qanun sayılıb. Ailə başçısı kimi ata üzərinə düşən məsuliyyətin çəkisini bilib. Övladlar valideyn sevgisinin təzahürü kimi aldıqları tərbiyəni nəsildən nəsilə ötürməyi əxz ediblər.
Deyirlər ki, uşaq evin güzgüsüdü. Güzgüyə hansı formada baxsan elə də görünəcəksən. Bəzən özünü güzgüdə əyri görən valideyn onu sındırır. Naqis tərbiyə verdiyi uşaq əyri yollara düşəndə məhz övladını günahkar sayır. Müxtəlif bəhanələrlə yaxasını kənara çəkir. Düşünmür ki, valideyn - övlad münasibətini düzgün tənzimləməyib. Övladı ilə bağlı hansısa məqamda səhv etdiyini görmək istəmir. Bir çox hallarda isə ətraf mühiti günahkar sayaraq yaxasını kənara çəkir.
Avropada, Rusiyada, qardaş Türkiyədə uşağın yeri, övladın övladlıq məqamı çox uca tutulur. Valideynlər övladlarını ən yüksək əxlaq sahibi kimi yetişdirməkdən ötrü var güclərini sərf edirlər. Bunun üçün uşağın hər yaş dövrünə uyğun təhsili, təhsildənkənar məşğuliyyəti, ailədəki rolu, ətraf mühitlə qura biləcək münasibəti, davranışı önə çəkilir. Amma Azərbaycanda çox ailələrdə uşaqlar Allahın ümidinə buraxılır, valideyn onun necə böyüdüyündən, hansı yollara düşdüyündən gec xəbər tutur. Adətən belələri uşağının tərbiyəsi ilə məşğul olmamaqlarının səbəbini evdəki məişət problemlərinin mövcudluğu ilə əlaqələndirirlər. Amma bilmək istəmirlər ki, sadaladıqları həmin məişət problemlərinin həllinə sərf etdikləri gücləri uşağının gündəlik həyatında, lap elə sonrakı taleyində ağır yük olaraq bir ömür onun çiynində gəzir.
Bəzən də valideynlər ayrılanda uşağın hüququnu, haqqını nəzərə almırlar, onu hikkələrinə qurban verirlər. Şəxsi həyatları, bir-birinə olan nifrətləri fonunda övladlarının ağır travma aldıqlarını görə bilmirlər. Məhz bu korluq uşağı cəmiyyətin qaranlığına yuvarlayır.
Uşaqsız ailə suyu qurumuş dəyirmana bənzəyir. İnsanlar var ki, illərlə uşaq gözləyirlər, evdə körpə qığıltısına həsrətdirlər. Elə ailələr də var ki, evdə 4-5 uşaq var. Valideynlər bu uşaqların uşaqlığını əllərindən almırlar. Onları normal böyüdür, normal da tərbiyə verirlər. Ziyalı, əxlaqlı ailənin övladlara öz valideynlərində gördükləri yaxşı nə varsa götürürlər. Çünki ata-ana onları ən ali dəyərləri mənimsəməyə yönləndirirlər. Amma ailə də var ki, evin yeganə övladı olan oğlan, ya da qız tərbiyəsiz hərəkətləri ilə qonşuda, qohumda və məktəbdə pis nümunə kimi göstərilir. Bunun da kökündə o durur ki, valideyn övladına əziz-xələf kimi baxır, bütün istəklərini sözsüz yerinə yetirirlər.
Müasir ailələrdə valideyn-övlad münasibətlərinin düzgün tənzimlənməməsinin əsas səbəbi mental dəyərlərin tapdalanması, ata-baba tərbiyəsinin unudulmasıdı. Bu dəyərin ən başlıca üstünlüyü ananın oğulu evin ikinci kişisi sayması, eyni zamanda ata ilə qızın arasındakı pərdə olub. Ata qızına əl qaldırmayıb, hətta sözünü-söhbətini həyat yoldaşı vasitəsi ilə çatdırıb. Nalayiq söhbətlər, kobud hərəkətlər ailə daxilində baş verməyib. 80-100 il əvvəlin oxumaq-yazmaq bilməyən savadsız valideynləri bu günün oxumuşları ilə müqayisədə övlad tərbiyəsində daha diqqətli olublar. O dövrün övladları valideynlərinə “sən kimsən, mən sərbəst adamam, özüm bilərəm neyniyirəm”, eləcə də ata-ana “səni dünyaya mən gətirmişəm, haqqımı halal etmirəm” kimi hökmlər verməyiblər.
Bu gün valideyn - övlad münasibətlərinin keçmişdən gələn ən gözəl etiketləri yoxa çıxıb, bir çox ailələrdə münasibətlər çərçivəni aşıb. Arada yaranan xoşagəlməz gərginlik ildən-ilə çoxalır. Çünki valideyn övladına qarşı hörmətsiz davranır. Ata-anasından diqqət görməyən, qayğı hiss etməyən uşaq özünü itirir, yerini müəyyənləşdirə bilmir, çevrəsi ilə ünsiyyət qurmağın yollarını axtarmaq həvəsinə belə düşmür. Azərbaycan ailələrinin çoxunda bu tendensiyanı aradan qaldırmağın yolları hələ ki, cəmiyyətdə problem olaraq qalır.
Ona görə də sonda bir çətinliyə düşən yeniyetmə uşaq ona ilk əl uzada biləcək valideyninə yox, başqasına müraciət etməli olur. Valideyndən özünə qarşı gördüyü diqqətsizlik, yaxud da qorxu hissi onun bu addımı atmasının səbəbidi. Müraciət etdiyi insanlar isə bəzən uşağın çıxılmaz vəziyyətindən istifadə edərək onu daha da yanlış yollara yönləndirir ki, nəticədə həyatı alkoqolizmə, narkomaniyaya, əxlaqsızlığa, yaxud da cinayətə gedən yollarda məhv olur. Valideyn-övlad münasibətinin əvvəldən düzgün qurulmaması öz dağıdıcı təsirini bu cür göstərir. Uşağın şəxsiyyətinin formalaşdığı bir dönəm var ki, valideynlərin çoxu o zaman lal, kar və kor olurlar. Halbuki qızın ən yaxın rəfiqəsi ana, oğlanın isə ən yaxın dostu atadı. Üstəlik də münasibətlərdə ya tam açıq, ya da tam qapalı olmaq ailədə fikir ayrılığına səbəb olur, məsləhətləşmə deyilən bir ortam yoxa çıxır.
Cəmiyyətin özəyi ailədi, ailənin özəyi isə evdəki övlad-valideyn münasibətindən cücərir. Əgər bu cücərtiyə vaxtlı-vaxtında diqqət göstərilsə, normal qulluq edilsə onun bəhrəsi də şirin olur. Hələ bu vaxta kimi ağız şirinliyindən kimsə zərər görməyib...
Ana qızını niyə öldürsün ki? Qızının əvəzinə özünü asa bilməzdimi? Suallar dünəndən beynimdə səslənir və bütün əhvalımı korlayır. Həyatının neçə ilini həbsxanada keçirəcək bu qadının düşünmək və özünə suallar vermək üçün hələ çox vaxtı olacaq. Düşünəcəkmi? İnanmıram. Amma əminəm ki, öldürdüyü qızının ruhu onu dinc qoymayacaq. Peşman olacaq, bəlkə də özünü öldürmək istəyəcək, qızı yuxularına gəlib ondan haqq-hesab tələb edəcək. Bəlkə də əksinə əməlinə haqq qazandırmaq üçün nağıllar uyduracaq – özünə təsəlli olsun deyə.
Bilmirəm... amma şübhə etmirəm ki, bu qadın övladlarına heç vaxt layla deyib, nağıl danışmayıb. Azərbaycan anasının baş yaylığının müqəddəs olduğunu da bilməyib. Əks halda onu ləkələməzdi.
Züleyxa NADİR
Olaylar.- 2017.- 1 fevral.- S.12.