Azərbaycanda bərqərar olan demokratik

meyarlardan biri də söz və mətbuat azadlığıdır

 

Azərbaycanda söz və fikir azadlığının təminatı üçün kifayət qədər imkanlar mövcuddur. Kütləvi informasiya vasitələrinin qeydiyyatından başlamış sosial şəbəkələrə, internetə çıxış və ən nəhayət bu sahədə yaranan münasibətləri tənzimləyən təkmil qanunvericilik bazasının olması jurnalistlərin sərbəst fikir ifadə etmələrinə hesablanıb. İnsafən qeyd etməliyik ki, media nümayəndələri onlar üçün yaradılmış bu imkanlardan yetərincə yararlanırlar.

Ölkədə senzuranın aradan qaldırılması, KİV orqanlarının dövlət qediyyatının sadələşdirilməsi mövcud imkanları daha da artırmış olur. Paralel olaraq Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi təsbit edilmişdir. Bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün dövlətin siyasi-hüquqi və iqtisadi potensialından tam istifadə edilməsi sahəsində ciddi tədbirlər görülür. Bu isə o deməkdir ki, Azərbaycanda demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılmışdır. Təkcə ölkədə fəlaiyyət göstərən çap və elektron medianın sayı deməyə əsas verir ki, bu məmləkətdə sözün həqiqi mənasında söz və fikir azadlığı təmin olunur. Çünki, kütləvi informasiya vasitələri demokratiya və aşkarlığın mühüm vasitəsi hesab olunur. Azərbaycan dövləti də onların müstəqil qurulması, azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görür. Üstəlik, media işçilərinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə ardıcıl olaraq jurnalistlər arasında fərdi yazı müsabiqələri keçirilir, ictimai rəyə təsiri olan media orqanlarına yardımlar ayrılır. Sözssüz ki, atılan bu addımlar media orqanlarının müstəqil fəaliyyəti üçün maliyyə mənbəyi rolunu oynayır. Bir sözlə, siyasi hakimiyyət media azadlığının inkişaf etdirilməsinə yönəlik müxtəlif proqramlar gerçəkləşdirir ki, bu da medianın inkişaf tempinə əlavə stimul verir. Azərbaycanda söz və fikir azadlığının mövcudluğunu elə jurnalistlərin özləri də təsdiq edirlər.

  "Yeni Azərbaycan" qəzetinin əməkdaşı Səlim Balayev bildirib ki, ötən il Azərbaycan Respublikasının yenidən dövlət müstəqilliyinə qovuşmasının 25 illiyini təntənə ilə qeyd etdik. Ölkəmizin keçdiyi bu yola diqqət yetirsək görərik ki, Azərbaycanda bu dövrdə bərqərar olan demokratik meyarlardan biri də söz və mətbuat azadlığıdır. Çünki məhz azad mətbuat demokratik cəmiyyətin əsas göstəricilərindən biridir. Sözsüz ki, ölkəmizdə söz azadlığının bərqarar olmasında, demokratik mətbuatın inkişafında ulu önder Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. 1998-ci ildə Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman ölkəmizdə senzuranın birdəfəlik ləğv edilməsi, KİV-in sərbəst fəaliyyəti, inkişafı və azad sözün təmin edilməsi istiqamətində mühüm hadisəyə çevrildi. Sonrakı illərdə "Kütləv İnformasiya Vasitələri haqqında" qanuna edilən bir sıra dəyişiklik və əlavələr ölkəmizdə mətbuatın inkişafına güclü təkan verdi. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra fəaliyyəti ilə bir daha sübüt etdi ki, məhz o da Azərbaycanda KİV-lərin sərbəst fəaliyyətinin, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinin tərəfdarıdır. Son 13 ildə qəzetlərin borcunun ödənməsindən başlamış Azərbaycan milli mətbuatının yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, bu münasibətlə mətbuat işçilərinin təltifi, fəxri adlar verilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi məhz jurnalistlərin əməyinə, ölkədə KİV-in, söz və mətbuat azadlığının inkişafına yüksək qiymətin göstəricisidir. Bundan əlavə, mətbuat işçiləri üçün dövlət hesabına yaşayış binalarının tikilməsi də mətbuata yüksək diqqət və qayğıdan xəbər verir: " Bu gün istənilən jurnalist onu maraqlandıran məsələ ilə bağlı sərbəst informasiya toplamaq və onu yaymaq imkanına malikdir. Ölkəmizdəki çoxsaylı informasiya vasitələri hər gün heç bir maneə ilə rastlaşmadan dövlət və qeyri-dövlət orqanlarının fəaliyyətini araşdırır, təhlil edil və onları sərbəst şəkildə həm dövrü mətbuatda, həm də müxtəlif sosial şəbəkələrdə yayırlar. Bütün bu sadalananlar onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti ölkədə mətbuatın, azad sözün inkişafında maraqlıdır və bunun üçün bütün zəruri tədbirləri həyata keçirir. Başqa sözlə, Azərbaycan dövləti özünün Konstitusiya prinsiplərinə sadiq qalaraq, söz və məlumat azadlığının təmin edilməsi sahəsində müəyyən etdiyi siyasi xətti ardıcıl şəkildə davam etdirməkdədir".

 "Həftə içi" qəzetinin redaktoru Azad Əliyev qeyd edib ki, bu gün Azərbaycan mətbuatında söz və ifadə azadlığının təmini sahəsində çox ciddi islahatlar aparılıb. Rəsmi olaraq gündəlik və həftəlik 30-dan çox qəzet çap edilir. 10-larla xəbər portalları elektron qaydada fəliyyət göstərir. Hər bir mətbuat orqanının sosial şəbəkələrdə özlərinin ayrıca səhifələri mövcuddur. Əgər sosial şəbəkələrlə bağlı ölkədə hər hansı məhdudiyyət tətbiq edilmirsə, bu, mətbuat orqanlarının burada paylaşdıqları informasiyaların heç bir qadağaya və senzuraya məruz qalmadan milyonlarla insanlara birbaşa çıxışının olması deməkdir. Nəzərə alınmalıdır ki, paylaşılan informasiyalar çoxyönlü və fərqli mövqeləri əks etdirir, onları oxumaq imkanı qazanan insanlar da siyasi və ictimai mövqelərinə görə əks düşərgələrdə təmsil olunanlardır. Belə olan halda mətbuatda söz və ifadə azadlığının məhdudlaşdırıldığına dair səsləndirilən ittihamlar həqiqəti əks etdirmir. Digər tərəfdən, bu gün mətbuatın sağlamlaşdırılması istiqamətində islahatlar aparılır. Bu islahatlar "4-cü hakimiyyət" adlandırılan KİV-in kimlərinsə şəxsi maraqların yox, məhz dövlətin və xalqın, cəmiyyətin milli maraqlarına xidmət etməsinə hesablanıb: "Biz hər zaman deyirik, demokratiya, insan hüquqları daima təkmilləşən və sonu olmayan bir prosesdir. Azərbaycanda da istər insan hüquqları, istərsə də söz və mətbuat azadlıqları sahəsində müasir dövrün tələblərinə və milli maraqlara əsaslanan islahatların aparılması yuxarıda bütün beynəlxalq aləm tərəfindən qəbul edilən qeyd etdiyimiz tezislə uzlaşan qanunauyğun prosesdir. Bu səbəbdən, dövlət səviyyəsində müxtəlif mövqelərə malik mətbuat orqanlarına fərq qoyulmadan və heç bir təmənnasız yardımlar göstərilən bir ölkədə söz və ifadə azadlığının təmin edilmədiyini söyləmək əsassız ittihamlardan başqa bir şey deyil". Parlament müxbiri Mürtəza Bünyadlı hesab edir ki, hazırda azərbaycan cəmiyyətində söz və fikir azadlığı deəyndə, bir çoxları bu fikri yanlış qəbul edir. İstədikləri şəxsi aşağılamaq, təqhir etmək, jurnalist etik qaydalarına riayət emtədən yazı yazmaq və ya fikir bildirməyi özləri üçün söz və fikir azadlığı kimi qəbul edirlər. Ancaq ciddi jurnalist və ya KİV bu fikirləri fərqli bir formda başa düşür: "Bir var tənqid, bir də var bütün qaydaları pozaraq hədəf seçdiyin obyekti qurşqdan aşağı vurmaq. Bunlar fərqli anlayışlardır. Əgər bu gün tənqiddən söhbət gedirsə, Azərbaycan mətbuatında isətnilən şəxsin fəaliyyətini tənqid etmək olar və bunun üçün də yetərincə tribunlar mövcuddur. Bax bu baxımdan demək olar ki, ölkədə söz və fikir azadlığı mövcuddur.Yox, əgər hansısa daxil, xarici siyasi qüvvlərin və yaxud kimlərinsə maraq dairəsinə xidmət edən yazılar yazmaq bu başqa bir məsələdir. Çünki bu gün ölkədəki sosial-iqtisadi problemlərlə bağlı ölkə mediasında yetərincə materiallar yer alır və bunun üçün qısa vaxt itkisinə yol verməklə mediada görmək olar. Yox, bu yazıların arxasınd hansısa siyasi və digər məqsədlər dayanırsa bu da fərqli bir mövzudur. Bir çox hallarda kimlərsə medianın adından istifadə edib öz əsl niyyətlərini gizlətməyə çalışaraq, əslində başqa məqsədlərə xidmət edirlər. Ancaq bir şeyi unudurlar. Bir misalda olduğu kimi "başına kola soxmaqala iş bitmir, quyruq onsuz da görsənir". Hər hansı siyasi məqsədlərə və dairələr xidmət etmədən ölkədə baş verən istənilən şəxs barəsində və onun fəaliyyəti barədə obyektiv tənqidi fikirlər yazmaq mümkündür. Bu gün istər ölkə başçısı haqqında istərsə də digər məmurların fəalyyətini təqnid edən yazılara rast gəlmək olur ki, elə bunun özü də söz və fikir azadlğının göstəticisidir".Onu da xatırladaq ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasını, onlara dövlət qayğısının artırılmasını nəzərdə tutan, söz, fikir və məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinin dönmədən həyata keçirilməsini təmin edən tədbirlər proqramının davam etdiriləcəyi şübhə doöurmur. Nəzərə almaq lazımdır ki, belə tədbirlər planının həyata keçirilməsi "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanda nəzərdə tutulur.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 2 fevral.- S.15.