Azərbaycan söz və məlumat

azadlığınən ən yüksək səviyyədə

təmin olunduğu ölkələr sırasındadır

 

Ramiz Alıyev: " Hətta Azərbaycan bu sahədə istər region, istərsə də dünya dövlətlərinə nümunə ola bilər"

 

Azərbaycan mətbuatının hazırkı durumu, ölkədə söz və məlumat azadlığı, plüralizmin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər və onun nəticələri ilə bağlı politoloq Ramiz Alıyevin "OLAYLAR"-a müsahibəsi

-Ramiz müəllim, günümüzdə Azərbaycan mətbuatı, kütləvi informasiya vasitələrinin durumunu, mövcud vəziyyətini necə xarakterizə edərdiniz?

-Bu gün hər bir sahə kimi Azərbaycan mətbuatı da özünün inkişaf dövrünü yaşayır. Təbii ki, bu inkişafı şərtləndirən bir sıra vacib məqamlar var. Bu gün heç bir tərəddüd etmədən, qətiyyətlə söyləyə bilərik ki, Azərbaycan mətbuatı bu günkü inkişaf mərhələsinə, əldə etdiyi nailiyyətlər, qazandığı uğurlara görə ümummilli lider Heydər Əliyevə borcludur. Yaxın tarixə, daha doğrusu Azərbaycanın tarixində ikinci dəfə müstəqillik əldə etməsindən sonrakı dövrə nəzər yetirsək bunu aydın şəkildə görmək mümkündür. Əgər yaxın tarixə nəzər salsaq görərik ki, XX əsrin 90-cı illərində Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra əksər sahələrdə, eləcə də mətbuat sahəsində ciddi problemlər mövcud idi. Ölkə öz müstəqilliyini əldə etsə də, lakin hələ də müəyyən sahələrdə, xüsusilə media, KİV sahəsində keçmişdən, ittifaq zamanında qalan idarəçilik, nəzarət mexanizmi hökm sürürdü. Bu da öz növbəsində müstəqil Azərbaycanda müstəqil medianın, mətbuat orqanlarının formalaşmasına çətinliklər yaradırdı. Təəssüfedici məqam ondan ibarətdir ki, o zamanki hakimiyyətlər də bir növ bu sahənin inkişafına diqqət ayırmaq istəmirdilər. Əksər sahələrdə olduğu kimi media sahəsində də müstəqilik dövrünün ilk illərində olduğu kimi dərəbəylik hökm sürürdü. Hətta vəziyyət o dərəcədə dözülməz xarakter almışdı ki, demokratiya, azadlıq şüarları ilə hakimiyyətə gələn cəbhəçilər belə öz prinsiplərinə zidd çıxaraq müstəqil medianın inkişafına, azad sözün bərqərar olmasına qarşı çıxır, onu hər vasitə ilə əngəlləməyə çalışırdılar. Bir növ onlar kimi düşünməyən, onların dediyini yazmayan media orqanları, jurnalistlər hədəfə götürülür, təhdid, təhqir olunurdular. Qəzet redaktorunun döyülərək avtomobilin yük yerinə atılması, yaxud qəzet rəhbərinə zorla nəşr etdirdiyi mətbu orqanı yedizdirmək kimi ağla sığmaz hallar məhz bu dövrrdə baş verirdi. Amma hər bir  pis günün ömrü az olduğu kimi mətbuatın basqılar, təhdidlərlə üzləşdiyi günlər də arxada qaldı və tezliklə bu sahədə ciddi irəliləyiş əldə edilməyə başladı. Təbii ki, bu müsbət tendensiya ümummili lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra özünü büruzə verməyə başladı. Heydər Əliyev Bakıya qayıtdığı ilk gündən mdia nümayəndələri ilə yaxından əməkdaşlıq etməyə, onlarla yaxından ünsiyyətdə olmağa üstünlük verdi. Artıq müstəqil Azərbaycan mediası yeni bir mərhələyə, inkişaf mərhələsinə qədəm qoyurdu. Ümummilli lider Heydər Əliyevin bu sahədə atdığı ən mühüm addım keçmiş SSRİ zamanından qalmış senzuranı ləğv etməsi oldu. 1998-ci il, avqustun 6-da Heydər Əliyevin qərarı ilə ölkədə senzura ləğv edildi.  Həmin tarixi qərar qəbuk edilən günə qədər Azərbaycanda nəşr olunan bütün qəzetlər hazır səhifələrini "Qlavlit" adlanan idarəyə aparırdılar. Həmin idarədə senzorlar səhifələri oxuyub razılıq verdikdən sonra səhifələr möhürlənir və onların çapına icazə verilirdi. Beləliklə, qəzet senzordan keçdikdən sonra  çapa gedə bilərdi. Bəzən adi bir nüans, elə də ciddi siyasi əhəmiyyət kəsb etməyən fikirlər, yaxud yazılar senzordan keçmirdi ki, bu da nəticə etibarilə qəzetlərin bəzi səhifələrinin ağ çap olunmasına gətirib çıxarırdı, Amma Heydər Əliyevin məlum qərarından sonra artıq qəzetlər heç bir senzura olmadan çap edilməyə başladı. Elə ümummilli liderin bu qərarı öz-özlüyündə ölkədə müstəqil, azad medianın fomalaşdırılması, azad sözün təmin edildiyinin ilk gösrəricisi idi. Təsadüfi deyil ki, həmin dövrdə əksər beynəlxalq təşkilatlar, beynəlxalq səviyyəli media qurumları Azərbaycan tərəfinin atmış olduğu bu addımı yüksək dəyərləndirərək bunu azad sözün, demokratiyanın təmin olunmasında atılan mühüm addımlardan hesab edirdilər. Ümummilli lider Heydər Əliyevin sonrakı dpvrlərdə atdığı addımlar, qəbul etdiyi fərman və sərəncamlar senzuranın ləğvindən başlanan müsbət tendensiyanın davam edəcəyi zəmanəti yaratdı. Artıq ölkədə azad söz, demokratiya bərqərar olurdu. Amma müstəqillik dövrünün çətinlikləri mətbuatın maddi texniki bazasına da təsir göstərmiş və qəzetlər ciddi maddi sıxıntılarla fəaliyyət göstərirdilər.  Bir sır qəzetlərin Azərbaycan Nəşriyyatına böyük məbləğdə borclu olması həmin mətbu orqanların çapının dayanması riskini ortaya qoyurdu. Heç şübhəsiz ki, bu da öz-özlüyündə Azərbaycanı hədəf götürmək istəyən xaricdəki müəyyən dairələr üçün əlverişli fürsət yaradırdı ki, Azərbaycanı haqsız olaraq tənqid hədəfinə çevirsinlər. Təbii ki, yenə də ümummilli lider Heydər Əliyev vəziyətdən çıxış yolu tapdı. Ümummilli lider Heydər Əliyev qəzetlərin maddi bazasının gücləndirilməsi məqsədilə onların Azərbaycan Nəşriyyatına olan borclarını dondurdu.

-Elə Heydər Əliyevin "Jurnalsitlərin dostu" seçilməsini də məhz bu amillər şərtləndirdi

-Əlbəttə. Məhz Heydər Əliyevin atmış olduğu həmin tarixi addımlar nəticəsində ümummilli lider "Jurnalsitlərin dostu" seçildi. Ümumiyyətlə, Azərbaycanda söz və məlumat azadlığı, plüralizmin əsas təminatçısı ümummilli lider Heydər Əliyev olub desək yanılmarıq. Heydər Əliyev hər zaman jurnalist əməyinə yüksək qiymət verirdi. İstər xarici, istərsə də daxili səfərlər zamanı Heydər Əliyevi çoxsaylı jurnalist ordusu müşayət edirdi ki, bu da ümummilli liderin mətbuata, kütləvi informasiya vasitələrinin inkişafına, ölkdə azad sözün təmin olunmasına nə qədər böyük dəyər verdiyinin göstəricisidir. Təsadüfi deyil ki, ümummilli lider junalistlərin əməyini qiymətləndirərkən deyirdi: "Jurnalist peşəsi çox ağır zəhmət tələb edir. Bu, çətin peşədir. Özlərini buna həsr edən adamlar gərək birinci növbədə istedadları olduğunu dərk etsinlər. Bizim mədəniyyətimizin müxtəlif sahələrində olan istedadlı insanlar kimi, jurnalistlər də istedadlı olmalıdırlar. Çünki bu da bizim mədəniyyətimizin bir hissəsidir. İkincisi də, bizim jurnalistlərimiz gərək gördüklərini, eşitdiklərini olduğu kimi yazsınlar, ağa ağ, qaraya qara desinlər". Heydər Əliyev haqlı olaraq qeyd edirdi ki, jurnalistikanın əsas vəzifələrindən biri cəmiyyətdə, onun bütün sahələrində olan mənfi halları aşkara çıxarmaq, göstərmək və millətimizi, xalqımızı, cəmiyyətimizi bundan xilas etmək olmalıdır: "Bizim jurnalistika bunu edibdir. Amma mən arzu edərdim ki, bu məqsədi daha da uğurla həyata keçirsin"

-Bəs günümüzdə mətbuat orqanları bu prinsipə əməl edirlərmi?

-Ölkədə fəaliyyət göstərən əksər kütləvi informasiya vasitələri bu gün milli maraqlardan çıxış edərək dövlətçilik prinsiplərinə sadiqlik nümayiş etdirirlər. Çünki bu gün dövlətimiz, şəxsən Cənab Prezident İlham Əliyev də KİV-lərə, mətbatın inkişafına xüsusi diqqət ayırır. Azərbaycan Prezidentinin müvafiq sərəncami ilə 2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəi Fondunun yaradılması, sözügedən fondin ayrıdığı maliyyə yardımı hesabına mətbu orqanların öz maddi-texniki bazasını gücləndirməsi bunların əyani sübutudur. Bundan başqa 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün yaşayış binasının istifadəyə verilməsi, bütünlükdə dövlətin, dövlət başçısının medianın inkişafına göstərdiyi diqqət və qayğının göstəricisidir. Bütün bunlar eyni zamanda Azərbaycan hakimiyyətinin azad söz, müstəqil mətbuat, söz və məlumat azadlığı, plüralizmin təmin olunması istiqamətində atmış olduğu addımların tərkib hissəsidir.

-Ancaq zaman-zaman bəzi beynəlxalq qeyri-hökumət təşkilatları, bəzi mərkəzlər iddia edirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı təmin edilməyib.

-Bunlar hamısı Azərbaycana qarşı olan qərəzli yanaşmadan irəli gəlir. Həmin təşkilatlara gəlincə isə onların kimliyi, nə məqsədə qulluq etdiyi hər kəsə bəllidir. Məlumdur ki, həmin təşkilatlar Human Rights Watch və Freedom House təşkiatlarıdır. Onlar bir qayda olaraq Azərbaycanı əsassız yerə tənqid hədəfinə çevririr, ölkəmizdə söz və mətbuat azadlığının təmin edilmədiyini iddia edirlər. Ancaq reallıqda hər şey göz qabağındadır. Əgər bu gün ölkədə yüzlərlə mətbu orqan fəaliyyət göstərirsə, istənilən şəxs istənilən fikri söyləməkdə azaddırsa, jurnalistlər hərtərəfli olaraq dövlət tərəfindən qayğı ilə əhatə olunubsa bunun özü söz və məlumat azadlığı, plüralizmin təmin edilməsinin əyani sübutudur. Əgər bu gün söz və məlumat azadlığı təmin edilməsəydi Azərbaycanda 70 faizdən artıq əhali internet imkanlarından yararlana bilməz, sosial şəbəkələrdə hər kəs ağlına və ağzına gələni yazmazdı. Kimin nə deməsindən asılı olmayaraq bu gün Azərbaycan söz və məlumat azadlığınən ən yüksək səviyyədə təmin olunduğu ölkələr sırasındadır. Hətta Azərbaycan bu sahədə istər region, istərsə də dünya dövlətlərinə nümunə ola bilər. Bu bir reallıqdır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 3 fevral.- S.15.