Bir sevginin
işığı
Həsrət qabarı, göz
yaşları... xatirələr...
Əllərimi çənəmə
söykəyərək sakitcə dinləyirəm. O isə
danışır, həm də təkcə dili
danışmır, gözləri və əlləri də
xatirələrinə "dəstək verir". Gözlərindən
yaş axır... İki saat ərzində gözünün yaşı
aram-aram axdı. Əlləri isə yorulmadı onu silməkdən.
Arada xoş xatirələrdən söz açanda da
gülümsündü...
Ani olaraq göz yaşını silən
əllərinə baxıram. Şəhadət
barmağının üstündə uzun bir ləkə - iz
var. Göz yaşlarını silməkdən əlinin
üstü "qabar" bağlayıb. Sanki məni
ildırım vurdu, icimdən keçən
sızıtını saxlaya bilmədim. Səssizcə fəryad
etdim: "anaaaa..."? İllər öncə anam məni
bağrına basaraq "anan ölsün, göz
yaşını silməkdən əlinin qabığı
çıxıb, göz qapaqlarının da dərisi
soyulub" demişdi.
Əllərimin
üstünə baxıram. Heç nə yox idi, iz-filan
qalmamışdı. O isə əlinin üstündəki həsrət
"qabarını" indiyədək görməyib bəlkə
də. Əminəm ki, fərqinə belə varmayıb. Bəlkə
də bunu ona göstərən, deyən belə olmayıb...
Sona
Çərkəz ... sevgi qəhrəmanı, məhəbbət
dastanı, vəfa, etibar və sədaqət müəssəməsi,
23 illik ömrün acılı-şirinli xatirələri ilə
dolu yaşantılarını çox asanlıqa, həm də
çox ağrılı daşıyan RUH adamı.
Haqqında ilk dəfə 22 il əvvəl eşitmişdim. Həyat
yoldaşımı 7 ay idi itirmişdim. Tale ilə
döyüşürdüm, həyatla barışmaq istəmirdim.
Əzizlərim, doğmalarım məni ovuda bilmirdilər. Hər
gün getdiyim qəbiristanlıq yolundan başlayan
marşrutumu dəyişməkdə aciz idilər. Evdə
hamını üstələyirdim. Kimsənin mənə
gücü çatmırdı, kimsə məni anlamaq istəmirdi.
Amma bir
gün bacım məni başa düşdüyünü dilə
gətirdi: "Saatlıda da sənin kimi dərddən
havalanmış, yerə-göyə sığmayan bir
qadın var. Universitetdə işləyir, müəllimdi.
Yoldaşının ölümünə dözə bilmir,
yoxluğunu qəbul etmir. Deyirlər ki, aralarında çox
böyük sevgi olub". Dinməzcə üzünə
baxdım. Çox az hallarda ağlayan "daşqəlbli"
bacımın gözlərindən yaş axırdı...
***
Söhbətə
çox uzaqdan başlayıb. Ailəsinin Qərbi Azərbaycandan
deportasiya olunduqdan sonra əvvəlcə Xanlar (indiki
Göygöl), sonra isə Saatlı rayonunda
yaşadıqlarından, orta məktəbdə rus dilində təhsil
almağından, atasının işi ilə bağlı
tez-tez yaşayış yerini dəyişdiyinə görə
bir neçə məktəbdə oxumağından söz
açır. Xatirələrinin səbəbkarı ilə ilk
görüşündən, on birinci sinfin son 6 ayını
oxuduğu məktəbin "zavuçunun" ilk dəfə
ona yazdığı 18 səhifəlik məktubundan
danışır. Və bütün bunların fonunda gözlərində
bir işıq görürəm. Məhz bu
işığın müşaiyəti ilə illərin o
tayında qalmış sevgi yaşantılarının taleyinə
hopmuş məqamlarını dilə gətirir...
-Çərkəz müəllim məktublarında
nə yazırdı? - Sanki 27 yaşlı gənc
oğlanın 18 yaşlı qıza yazacağı sevgi dolu
sözləri bilməzmiş kimi sual verirəm. - Əslində
məqsədim Sona xanımı ağrılı xatirlərin
cəngindən bir az uzaqlaşdırmaq idi.
-
1965-1966-cı tədris ili idi. Əli Bayramlıda (indiki
Şirvan) çalışan atamın iş yeri Gəncəyə
dəyişmşdi. Ona görə də mən kəndə
dönməli olmuşdum. Onu da deyim ki, atamın tərəddüdlərinə
Çərkəz son qoyaraq demişdi ki, gəlsin bizim məktəbdə
11-ci sinfi başa vursun. Gələcəkdə ali məktəbə
qəbul olunmaqda da bu, ona kömək olacaq. Atam onunla
razılaşıb. Həm Çərkəzgil qohumumuz idi, həm
də məktəbin dərs hissə müdiri kimi arxamda
duracaqdı. Əslində Çərkəz bunu məqsədli
surətdə deyibmiş. Çünki ötən ilki Novruz
bayramında ilk dəfə məni görmüşdü. Elə
o zamandan da yadında saxlayıbmış. On birinci sinfi bitirməyə
cəmi altı ay qalmışdı. Bir ay məktəbə
getmədim. Rus dilində oxuduğum üçün kənd məktəbinə
getmək istəmirdim. Nəhayət martın 1-də dərsə
getdim. Həmin gündən martın 21-nə kimi Çərkəz
hər gün mənə məktub yazdı. O bizə ədəbiyyat
dərsi deyirdi. Gündəliyim Çərkəzdə olurdu.
Hər həftənin sonu yazdığı məktubu gündəliyin
arasına qoyub özümə qaytarırdı. Hər məktubu
da 10-15 səhifə olurdu. Martın 22-də ilk dəfə
görüşə çıxdıq, söhbət etdik.
Artıq aramızda sevgi hissləri yaranmışdı. Gələcək
planlarımız barədə danışdıq. Evlənsək
də mütləq ali məktəbə qəbul
olunmalıydım. Bu, həm də onun istəyi idi...
***
Çərkəz müəllimin 30
may 1966-cı ildə yazdığı məktubundan:
"...Evdən
çox əsəbi çıxıb məktəbə gəldim,
amma sinfə girib səni görmədim. Elə bil ki, o balaca
sinif otağı ələ dönüb hər tərəfdən
məni sıxmağa başladı. Hamı gəlib venetka
almağa, sən yoxsan. Şura müəllim üzümə
baxıb deyir ki, Sonanın venetkasını göndərimmi?
Çox əsəbi halda "yox" dedim, qoy mənim
şkafıma və mənsiz heç kəsə vermə.
Sonra özüm tək oland açıb baxdım. İkimizin
şəkli əla düşüb, aparacağam evə...
Əsəbiləşməyimin
səbəbi isə sənin papandı. Elə bil məni, ya
anamı tanımır. Anam yad oğulları ilə - yeznələrlə
elçi gəlir, amma onların yanında soyuq
qarşılayıb deyir ki, fikirləşərəm. Atam
olsaydı...
Bu gün
gedəcəyəm Məhəmməd əminin dalınca. O,
ata qohumumdu. Başqa kimim var ki? Sonası, bilirəm sən mənimsən,
amma elin adəti belədi"...
***
El adəti
ilə üç gün toyları olur. Bir müddət sonra
isə Çərkəz müəllim işlədiyi məktəbdən
ayrılıb Azərbaycan Dövlət Universitetində işə
başlayır. Bu o zaman idi ki, Sona M.F. Axundov adına Azərbaycan
Dövlət Pedoqoji Rus dili İnstitutuna (İndiki Bakı
Slavyan Universiteti) qəbul olunmuşdu. Ailəli olduğu
üçün qiyabi bölmədə oxuyurdu.
Dünyanın xoşbəxti idilər. Ailədə iki
oğul böyüyürdü: Əli və Çingiz.
Sonuncu kursda oxuyanda Sona xanım da universitetin Humanitar fakültələr
üzrə rus dili kafedrasında işə başlayır.
İş
otaqları Çərkəz müəllimlə eyni mərtəbədə,
eyni dəhlizdə idi. Demək olar ki, 24 saat bir yerdə
olurdular. Hər gün evdən birlikdə çıxır,
birlikdə də dönürdülər. Ta o zamana kimi ki,
avtomobil qəzası ilə gələn mənfur ölüm
Çərkəz müəllimi əlindən aldı...
-Necə oldu hadisə?
-Əlinin
toyundan iki həftə keçmişdi. Rayondakı
qohumlarımızın birinin toyuna gedirdik. Ailəcə
avtmobildə idik. Sabirabada çatanda bir maşın sürətlə
qarşımıza çıxdı və qəza baş
verdi. İlk baxışda heç birimizə heç nə
olmamış kimi görünürdük. Çərkəzin
heç yerində bir cızıq belə yox idi. Mənim
qabırğalarım, Əlinin isə ayağı
sınmışdı. Sümük ətdən çölə
çıxmışdı. Bunu görən Çərkəz
fəryad etdi və... getdi.
***
Çərkəz
müəllim dəfn olunsa da Sona xanım bunu qəbul etməyib.
Yasa gəlib-gedənləri normal qarşılayıb, hətta
onlara çörək yeməyi belə təklif edib. Sadəcə
gəlib-gedənin üzünə baxıb. Hətta qəzada
sınan qabırğalarının ağrısını belə
hiss etməyib. Özünə yer tapmayıb. Elə bilib ki,
can yoldaşı hardasa uzaqlardadı, axşama-sabaha dönəcək.
Hadisənin içinə girə bilməyib, faciəni tam dərk
etməyib. Özünün yerdəmi, yoxsa göydəmi
olduğunu kəsdirə bilməyib. Ruh kimi ortada gəzib.
Oğlunun xəstəxanada yatdığını da unudub.
Ağlayanda da elə-belə ağlayıb, ətrafdakıların
fəryadını eşidəndə göz
yaşlarını saxlaya bilməyib. Amma bütün
bunların Çərkəzə görə olduğunu hiss
etməyib. Yaxınları qorxmağa başlayıblar:
"Bu, Sona deyil... deyəsən, başına hava gəlib...
baxın, adamlara yemək təklif edir" və s...
-Bəs, nə zaman hiss etdiniz ki,
Çərkəz müəllim sizi birdəfəlik tərk
edib?
-Bir həftə
keçmişdi. Səhər saat 6-da yuxudan oyandım. Hamı
yatmışdı. Həyətə çıxdım.
Gördüm ki, çadır qurulub. Çərkəzin
yuxarı başda xalçanın üstündən
asılmış iri şəklini görəndə, elə
bil ki, məni ildırım vurdu, titrədim, ağlım
başımdan uçdu. Kimsə qulağıma
pıçıldadı ki, Çərkəz qəbristanlıqdadı,
yanına qaç. Ətrafa boylandım, heç kim yox idi.
Sürətlə darvazaya doğru getdim. Küçəyə
çıxanda yüyürməyə başladım. Arxamca
qardaşımın "Sona... Sona... dayan, hara gedirsən?"
çağırışına belə əhəmiyyət
vermirdim. Çərkəzin yanına tələsirdim. Səsi
qulağıma gəlirdi, mənə elə gəlirdi ki,
"Sona..." deyə çağıran Çərkəzdi.
Harda dəfn olunduğunu bilmirdim. Amma qəbristanlığın
girişindəki qəbirlərin yanından keçib düz
onun yatdığı yerdə dayandım. Torpağın
üstünə uzanıb fəryad etməyə
başladım. Torpağı öpürdüm, başıma
- gözümə tökürdüm...
Sona
xanım danışdıqca gözlərimdən yaş
axırdı. Söylədikləri məni 22 il əvvələ
apardı. Xatırladım ki, həmin gün mən də
avtobusdan düşüb ilk dəfə gəldiyim qəbristanlığa
doğru qaçmağa başlamışdım. Qəbirlərin
arasında dolanırdım, axtarırdım...
Vaxtilə
anamın "anan ölsün, gözlərini dəsmalla sil"
sözlərindən sonra uzun müddət çantamdan, cibimdən,
iş stolumun üstündən, mətbəxdən belə dəsmalım
əskik olmadı. İndi də istədim ki, çantamdan dəsmal
çıxarıb həm özümün, həm də Sona
xanımın yanaqları ilə süzülən göz
yaşını silim. Amma çəkindim, qorxdum ki, səssiz
axan göz yaşlarını hönkürtü səsi
müşaiyət edər. Sona xanıma hiss etdirməmək
üçün eynəyimin altından axan göz
yaşlarımı barmağımın ucu ilə saymazyana
sildim...
***
Həmin
gündən sonra Sona xanımın həyatı dəyişir,
yaşantıları başqalaşır. Dünyanın ən
əzablı, ən içgəncəli və ən uzun yolu
olan qəbristanlıq yolu onların ayrılıqlarını
birləşdirən müqəddəs körpüyə
çevrilir. Bu yolla gedib-gəlməkdən usanmır, bir an
olsun belə yorulmur. Elə həmin yoldaca ürəyindəkilər
SÖZə çevrilir, duyğuları şeirləşir. Evdə
isə o hisslər dəftərə
köçürülür. Və... o, 15 kitabın müəllifi
olur.
-Özünüzü şair, yaxud
da yazıçı adlandırırsınızmı?
-Qətiyyən.
Mən sadəcə SÖZlə baş-başa qalıb
duyğularımı yazıram. Böyük
yazıçı, yaxud da böyük şair olmaq
iddiasından tamamilə uzağam. Ona görə yazıram ki,
içimdəkiləri boşaltmağa ehtiyac duyuram. Yolda gedəndə,
tək olanda, gecələr yuxusuz qalanda hiss və
duyğularım şeirə çevrilir - hamısı da
Çərkəzlə, tale, ömürlə bağlı
olur. Bəzən də hisslərimi nəsrlə qələmə
alıram.
-Səhv etmirəmsə, ilk kitabınızın
adı "Çərkəzli və Çərkəzsiz
günlər"di...
-Çərkəzin
yoxluğundan iki ay sonra gündəlik yazmağa
başladım. Hər gün yazırdım,
yaşadıqlarımı, duyğularımı,
sarsıntılarımı həmin dəftərə
köçürürdüm. Sanki bununla bir az yüngülləşirdim.
Həm də mənə elə gəlirdi ki, yazdıqlarım
Çərkəzə də gedib çatır. Bir gün
çox sevdiyim qonşum Zemfira xanım yazdıqlarımı
görüb onu kitab kimi çap etməyi məsləhət
gördü. Etiraz etmədim. Çərkəzin ilində
kitab hazır idi. Cəmisi 80 dənə çap edilmişdi.
Yas mərasiminə gələnlərə verildi. Onu da deyim
ki, 20 saylı məktəbin müəllimi olan Zemfira Məmmədova
kitabın araya-ərsəyə gəlməsində mənəvi
və maddi dəstəyini əsirgəmədi. Ümumiyyətlə
Çərkəzdən sonra qazandığım can
dostlarım Əntiqə Qonaqova və Aynur Bəşirova,
Telli Pənahqızı da Zemfira xanım kimi
arxa-dayağım, qəlb qostlarımdı. Bir də iş
yoldaşlarım taleyimdə böyük rol oynayıblar. Hər
dərdimə şərik olur, çətinliklərimin aradan
qaldırılmasına maksimum kömək edirlər. Kafedra
müdiri Ədibə Paşayevanın adını isə
xüsusi çəkmək istəyirəm. Çərkəzdən
sonra düz on il universitetə arxa qapıdan girdim, kafedraya girə
bilmirdim, Çərkəzin gəzdiyi dəhlizdə
görünmək istəmirdim, üşənirdim,
hürkürdüm. Evdən birbaşa auditoruyaya gəlir, dərsdən
sonra isə evə qayıdırdım. Amma Ədibə
xanım kafedranın müdiri olandan sonra mənimlə
çox söhbətlər etdi, ürək-dirək verdi, həyatın
amansızqlarını tapdalayıb keçməyimi məsləhət
gördü, yol göstərdi. Ədibə xanımın
söylədiyi başqa sözlər də məni möhkəm
bağlarla həyata bağladı. Və mən qaçaq
düşdüyüm iş otağımıza girdim. Nə yaxşı
da ki, kafedramızın fəaliyyət göstərdiyi otaqdan
birdəfəlik qaçaq düşmədim. İş
yoldaşlarımın isti münasibətini, təmənnasız
qayğısını heç vaxt unutmaram. Onlar mənim
yaralarıma məlhəm qoydular.
- Çərkəz müəllimin
adını özünüzə təxəllüs
götürmüsünüz...
-Bu, təxəllüs
deyil, rəsmi familiyadı (təəccüblənirəm,
gözlərinin içinə baxıram). Bir vaxtlar Gədəbəydə
yaşayan tanışımız rəhmətə
getmişdi. Poçtda başsağlığı
teleqramını yazarkən sonda Çərkəz Sona
yazdım. Çərkəz etiraz edərək dedi ki, elə
yazma yaxşı səslənmir, Sona Çərkəz yaz. O
vaxtdan bu ad yaddaşıma hopdu. Çərkəzdən sonra
rəsmişləşdirdim. Onu da deyim ki, bu soyadı
daşımaq üçün çox çətinliklərdən
keçdim. Sağ olsunlar məni başa düşən səlahiyyətlilər,
soyadımın Çərkəz olmasına rəsmi
razılıq verdilər. Şəxsiyyət vəsiqəmdə
ikicə söz var: Sona Çərkəz.
***
Sona
xanımın yanına getməmişdən bir neçə
gün əvvəl saçlarımı tünd
boyamışdım. Hər dəfə gözlərim onun
ağappaq saçlarına sataşdıqca utanırdım.
Düşünürdüm ki, bu gözəl xanımın
ağ saçları sədaqətin, vəfanın, etibarın,
unutmamağın çox vacib elementidi. O biri yandan da
düşüncələrimə etriaz edirdim: saçın rəngi
heç nəyi dəyişmir, əsas olan budur ki, ürəyin
Onun adı ilə döyünsün...
-Sona xanım,
saçlarınızı niyə boyamırsınız?
-Böyük
oğlumun toyu ərəfəsində Çərkəz iki
qutu xına alıb gətirmişdi. Nahaq
aldığını söylədim, çünki toy
üçün xına alınmışdı. "Qutunun
biri İran xınasıdı, sən qoyarsan
saçlarına" dedi. İki gün keçəndən
sonra saçıma niyə xına qoymadığımı
soruşdu. Mən "iş-güc çoxdu, vaxt azdı,
amma sən narahat olma, xınanı saçıma yaxacam"
dedim. Amma heç cür fürsət tapıb Çərkəzin
aldığı xınanı saçıma yaxa bilmədim.
Toyu xınasız başa vurdum. Çərkəz
dünyasını dəyişəndən sonra isə həmin
xınanı aparıb qəbrinin üstünə səpdim.
Çərkəzin aldığı xına ilə
saçımı rəngləmədimsə, başqa rənglər
məni özünə çəkmir... heç
düşünmürəm də.
-Deyirlər ki, musiqi ruhun
qidasıdı. Ruhunuzun aclığını hansı musiqi ilə
doyurursunuz?
-
Barış Mançonun "Can bədəndən
çıkmayınca" mahnısını dinləməkdən
doymuram. Həm ruhumun ən kalorili qidasıdı, həm də
göz yaşlarımı saxlaya bilmədiyim musiqidi...
***
Növbəti
sualı verə bilmədim. Susdum... Qəhərimi içimdə
boğdum. Sona xanım həmin mahnı ilə bağlı
keçirdiyi hissləri danışırdı, sanki mənim
duyğularımı dilə gətirirdi. Barış Abini və
onun illər öncə məni həyata qaytaran
mahnısını dinləmək üçün içimdən
dəli bir istək keçdi...
Unutma ki,
dünya fani,
Veren Allah
alır canı.
Ben
nasıl unuturum seni?
Can
bedenden cıkmayınca...
Züleyxa Nadir
Olaylar.- 2017.- 3
fevral.- S.11.