Fikir, söz və
məlumat azadlığının ən
yüksək səviyyədə
tətbiq edildiyi ölkə
Çingiz Bayramov:
"Azərbaycan mətbuatının bu günkü durumu, əldə
etdiyi nailiyyətləri şərtləndirən
əsas amillərdən biri bu sahəyə olan
dövlət qayğısı, kütləvi informasiya
vasitələrinin inkişaf etdirilməsi
istiqamətində atılan addımlardır"
142 illik tarixə malik olan milli mətbuatımız
"Əkinçi"dən üzü bu tərəfə böyük
və şərəfli bir yol keçib. Bu yol keşməkeşli,
çətin olduğu qədər də
uğurlu, nailiyyətli olub. Cəmiyyətin maariflənməsi,
ictimai-siyasi hadisələrin xalqa çatdırılmasında mühüm rol oynayan "Əkinçi"nin ənənələri
bu gün də davam etdirilir. Eyni zamanda bu
günkü Azərbaycan mətbuatı
"Əkinçi"yə böyük
ehtiram nümayiş etdirir, onun əsasını
qoyan dahi mütəfəkkir
Həsən bəy Zərdabinin ruhunu uca tutur, ona
hər zaman anır. Eləcə də ona layiqli qiymətini verir.
Qeyd etdiyimiz kimi "Əkinçi"dən başlayan milli mətbuatımız çox böyük və şərəfli bir yol keçib. Əgər XIX əsrin 70-80-ci illərində "Əkinçi" demək olar ki, gizli şəkildə nəşr olunur, sətiraltı ifadələrlə xalqın maariflənməsinə xidmət edirdisə, günümüzdə mətbuatımız azad və müstəqil şəkildə fəaliyyət göstərərək öz fikir və ideyalarını tam azad, demokratik şəkildə öz oxucularına çatdırır. Bu da öz növbəsində müstəqil Azərbaycanımızda fikir, söz və məlumat azadlığı, plüralizmin yüksək səviyyədə təmin olunduğunu söyləməyə əsas verir. Elə Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov da bu qənaətdədir. TUMİB sədri "OLAYLAR"-a verdiyi müsahibədə ölkədə söz və mətbuat azadlığının təmin olunması, bu istiqamətdə zaman-zaman atılan addımlar, həyata keçirilən tədbirlər barədə danışıb.
-1875-ci ildə Həsən bəy Zərdabinin təsisçiliyi ilə nəşr edilən "Əkinçi" qəzeti ilə Azərbaycanda milli mətbuatın əsası qoyuldu. Düzdür, "Əkinçi"nin ömrü az olsa da, lakin milli mətbuatımızın ilk qaranquşu kimi tarixə düşdü. Milli mətbuatımızın əsasının qoyulduğu həmin tarixdən günümüzə qədər böyük bir vaxt keçib. Ancaq sevindirici haldır ki, müstəqillik dövrümüzün mətbuatı Həsən bəy Zərdabi və onun təsis etdiyi "Əkinçi" qəzetini unutmur, onu özünün məhəng daşı, təməli, bünövrəsi hesab edir. Əslində unutmağa haqqı da yoxdur. Çünki "Əkinçi" demək olar ki, bu günkü mətbuatımızın mayakı olub. Təsadüfi deyil ki, məhz ona görə də hər zaman Həsən bəy Zərdabi dahiliyi, ucalığı yüksək tutulub, onun təsis etdiyi "Əkinçi" qəzeti müstəqillik dövrü mətbuatımız üçün örnək hesab edilib. Sevindirici haldır ki, bu gün Həsən bəy Zərdabi ənənələri davam etdirilir. Bu gün dəyərli ziyalılarımız, mütəfəkkirlərimiz Həsən bəy Zərdabi irsini araşdırmaq, onun həyat və yaradıcılığını dərindən təhlil etməklə dahi şəxsiyyət barədə çoxsaylı əsərlər ərsəyə gətirirlər ki, bu da müasir media nümayəndələri üçün dəyərli vasitə hesab edilə bilər. Hesab edirəm ki, Həsən bəy Zərdabi və onun əsassını qoyduğu milli mətbuatımız hələ çox-çox uğurlar, nailiyyətlərə imza atacaq. Çünki əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan milli mətbuatımıza yalnız uğur, nailiyyətlər yaraşır. Onu da nəzər çatdırım ki, günümüzdə mətbuatımızın, kütləvi informasiya vasitələrinin müəyyən uğurlara imza atdığının da əyani şahidinə çevrilirik.
-Yeri gəlmişkən, qeyd etdiyiniz uğurları
şərtləndirən başlıca amillər nədən
ibarətdir?
-Azərbaycan mətbuatının bu günkü durumu, əldə etdiyi nailiyyətləri şərtləndirən əsas amillərdən biri bu sahəyə olan dövlət qayğısı, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi istiqamətində atılan addımlardır. Bu gün Azərbaycan mətbuatı hərtərəfli dövlət qayğısı ilə əhatələnib desək yanılmarıq. Ümummiilli lider Heydər Əliyevdən başlayan bu qayğı, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi istiqamətində atılan addımlar günümüzdə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyev tərəfindən qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulması, həmin borcların dövlət başçısı İlham Əliyev tərəfindən ləğv edilməsi, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edilməsi, bir il sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, eləcə də dövlət başçısının jurnalistlərin mənzil-sosial həyatının yaxşılaşdırılması istiqamətində atdığı müvafiq addımlar, media nümayəndələri üçün çoxmənzilli yaşayış binasının tikilib istifadəyə verilməsi deyilənlərin əyani sübutudur. Sevindirici hal ondan ibarətdir ki, kütləvi informasiya vasitələrinin inkişafına yönəlik addımlar davamlı xarakter daşıyır və dövlət başçısı müntəzəm olaraq media nümayəndələrinin sevincinə səbəb olan addımlar atır. Bütün bunlar ölkədə müstəqil mətbuatın daha da inkişaf etməsi, onun maddi-texniki bazasının gücləndirilıməsinə müsbət təsir göstərir. Artıq ayrı-ayrı kütləvi informasiya vasitələrinin layihələri KİVDF-nin elan etdiyi müsabiqələr əsasında mükafatlandırılır ki, bu da müstəqil mətbuatın inkişafına müsbət təsir edən amillərdəndir. Məlumat üçün qeyd edim ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihələrini maliyyələşdirdiyi qəzetlərin hamısı məhz müstəqil media qurumlarıdır. Rəsmi dövlət qəzetləri bu yardımdan kənarda qalırlar. Bu faktın özü də bir daha sübut edir ki, Azərbaycan dövləti müstəqil medianın, KİV-in inkişaf etdirilməsinə ciddi şəkildə maraqlıdır və davamlı olaraq buna yönəlik addımlar atır. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da bunun bariz nümunəsidir.
-O halda qətiyyətlə söyləmək olar ki, Azərbaycanda söz, məlumat, ifadə azadlığı,
plüralizm mövcuddur
və Azərbaycan dövləti də buna
sadiqdir
-Əlbəttə. Təkcə bir faktı qeyd etmək kifayət edər ki, ölkədə söz, məlumat, ifadə azadlığı, plüralizmin mövcud olduğu mənzərəsini yaratsın. Belə ki, hazırda əhalisi 9 milyondan bir qədər çox olan Azərbaycanda 5 mindən artıq kütləvi informasiya vasitəsi mövcuddur. Eləcə də ölkədə onlarla elektron portal, informasiya agentliyi və televiziya kanalı fəaliyyət göstərir. Bu fakt Azərbaycanda müstəqil medianın normal qaydada fəaliyyət göstərə bildiyini təsdiqləyir. Həmçinin bu gün Azərbaycanda söz və ifadə azadlığı, plüralizm də yüksək səviyyədə təmin olunur. İstənilən şəxs istənilən media vasitəsində öz fikrini, siyasi görüşünü sərbəst şəkildə cəmiyyətə, tərəfdarlarına çatdıra bilir. Bunun özü elə ölkədə söz və məlumat azadlığının təmin olunduğunu əyani şəkildə sübuta yetirir. Ümumiyyətlə, fikir, söz və məlumat, azadlığı, plüralizmin inkişaf etdirilməsi hər bir demokratik cəmiyyətə xas xüsusiyyətdir. Bir qayda olaraq demokratik ölkələrdə söz və mətbuat azadlığı yüksək səviyyədə təmin olunur. Azərbaycan da demokratik bir ölkə olduğu üçün bu prinsiplərə hər zaman sadiqdir, onun inkişaf etdirilməsində maraqlıdır və qeyd edilən amilləri tətbiq edə bilib. Bir daha qeyd edirəm ki, Azərbaycanda ölkədə fikir, söz və məıumat azadlığı, plüralizmin inkişaf etdirilməsi hər zaman prioritet sayılıb, bu gün də eyni münasibət mövcuddur. Eyni zamanda gələcəkdə də fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi başlıca vəzifə hesab ediləcək. Buna heç kimin şübhəsi olmasın. Çünki Azərbaycan dövləti və dövlət başçısı bu prinsiplərə sadiqdir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prszidenti Cənab İlham Əliyev də jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışı zamanı bu fakta diqqət çəkərək demişdir: "Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilibdir. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev tərəfindən senzuranı ləğv etməklə bağlı irəli sürülmüş təşəbbüs azad mətbuata təkan verdi. Çünki senzura olan bir ölkədə azad mətbuatdan söhbət gedə bilməzdi. Hesab edirəm ki, məhz o gündən başlayaraq Azərbaycanda azad mətbuatın tam formalaşması başlamışdır və bu gün Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilir. Yüzlərlə mətbu orqan sərbəst fəaliyyət göstərir, əlbəttə ki, senzuradan söhbət gedə bilməz. Azərbaycan, eyni zamanda, müasir texnologiyaların tətbiqində də öz sözünü deyir. Bildiyiniz kimi, bu gün internet jurnalistikası da çox sürətlə inkişaf edir, o cümlədən Azərbaycanda. Azərbaycanda internet tam azaddır. İnternetin yayılması sürətlə gedir, dövlət proqramları icra edilir, o cümlədən Dövlət Neft Fondu tərəfindən genişzolaqlı internet xətlərinin hər bir şəhərə gətirilib çıxarılması layihəsi də icra ediləcəkdir. İnternet istifadəçilərinin sayı 70 faizdən çoxdur. Belə olan halda əlbəttə, biz tam əminliklə deyə bilərik ki, Azərbaycanda söz azadlığı maksimum dərəcədə təmin edilir. Bu, belə də olmalıdır. Çünki biz müasir dövlət qururuq, biz inkişaf etmiş ölkəyə çevrilməliyik və belə olan halda bütün meyarlar Azərbaycanda yüksək səviyyədə olmalıdır. İqtisadi, sosial və eyni zamanda, ictimai proseslərin gedişatı da mütərəqqi meyarlar üzərində qurulmalıdır".
-Məhz bütün bu müsbət
göstəricilərin nəticəsidirmi ki,
Azərbaycan fikir, söz
və məlumat azadlığı, plüralizmin
inkişaf etdirilməsi baxımından regionun aparıcı dövləti
sayılır?
-Əlbəttə. Bu gün Azərbaycan fikir, söz və məlumat azadlığı, plüralizmin ən yüksək səviyyədə tətbiq edildiyi ölkə olaraq Cənubi Qafqazda ən üstün mövqeyə malikdir. Ölkəmizdə fikir, söz və məlumat azadlığının təmin olunduğu əksər beynəlxalq media təşkilatları tərəfindən də təsdiq və təqdir edilir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2017.- 7 fevral.- S.15.