Azərbaycanda söz və
fikir azadlığı
yüksək səviyyədə təmin olunur
Ölkədə
medianın azad fəaliyyəti və
inkişafı üçün zəruri
tədbirlər görülür
Hələ
ötən əsrin əvvəllərndə dünya
ictimaiyyətinə söz və fikir azadlığı ixrac
edən Azərbaycan mətbuatı müasir
dövrdə də inkişaf mərhələsini
yaşayır. Demokratiya və insan haqları daim inkişaf edən institutlardan
hesab olunduğundan Azərbaycan
da bu mərhələni
yaşamaq zorundadır.
Məsələnin mahiyyəti isə bu inkişaf prosesinə yanaşmaq tərzindədir ki, Azərbaycan dövləti daim demokratik institutların inkişafında maraqlı olub. Xüsusən, söz, fikir, mətbuat, plüralizm azadlığı dövlətimizin priotitet hesab etdiyi məslələr sırasında olub, hazırda da eyni münasibət sərgilənməkdədir. Heç kimə sirr deyil ki, hazırda Azərbaycan dövləti milli mətbuatın müstəqil qurulması, azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görür. Üstəlik, media işçilərinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə ardıcıl olaraq jurnalistlər arasında fərdi yazı müsabiqələri keçirilir, ictimai rəyə təsiri olan media orqanlarına yardımlar ayrılır. Sözssüz ki, atılan bu addımlar media orqanlarının müstəqil fəaliyyəti üçün maliyyə mənbəyi rolunu oynayır. Bir sözlə, siyasi hakimiyyət media azadlığının inkişaf etdirilməsinə yönəlik müxtəlif proqramlar gerçəkləşdirir ki, bu da medianın inkişaf tempinə əlavə stimul verir. Daha doğrusu Azərbaycan dövləti özünün Konstitusiya prinsiplərinə sadiq qalaraq, söz və məlumat azadlığının təmin edilməsi sahəsində müəyyən etdiyi siyasi xətti ardıcıl şəkildə davam etdirməkdədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ötən ilin noyabr ayında Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupu ilə görüşündə Azərbaycanda mətbuat azadlığının "tam şəkildə təmin olunduğunu" söyləyib: "Ölkəmizdə əgər azad internet fəaliyyət göstərirsə, senzura yoxdursa, əhalinin 75 faizi internet istifadəçisidirsə, mətbuat azadlığının məhdudlaşdırılmasından necə danışmaq olar?! Əgər sosial şəbəkədə - Facebook-da və Twitter-də 2 milyon insanımız varsa, mətbuat azadlığını necə məhdudlaşdırmaq olar?! Biz qarşımıza bu cür siyasi məqsəd qoymamışıq".
Azərbaycanda söz və fikir azadlığının mövcudluğunu cəmiyyətin müstəqil təbəqələrində təmsil olunan şəxslər də təsdiq edirlər. Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, "Türk Eli" jurnalının baş redaktoru Mübariz Göyüşlü bildirib ki, demokratiyanın əsas atributlarından biri də söz və fikir azadlığıdır. Bunlarsız demokratik cəmiyyəti təsəvvür etmək, inkişaf etmək, ciddi uğura nail olmaq mümkünsüzdür. Azərbaycan Respublikasının Konstitusiyasında, qəbul edilmiş digər qanunlarda bu məsələlər bu və ya digər formada əksini tapıb. Müstəqil Azərbaycan Respublikasının Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və qəbul edilən ilk Konstitusiyanın 50-ci maddəsində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək hüquqları təsbit olunub."Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycanda kütləvi informasiya vasitələri azaddır. Bu azadlıq ölkə vətəndaşlarının qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən verilən təminata əsaslanır. Qüvvədə olan qanuna əsasən kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onların idarə edilməsi, onlardan istifadə qanunvericililkdə nəzərdə tutulan hallar istisna olmaqla məhdudlaşdırıla bilməz: "Aidiyyatı qurumlar, o cümlədən media, söz və mətbuat azadlığının təmin olunması, onun daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəmirlər. Qeyd edək ki, dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Milli mətbuatımızın uğurlu inkişafı onun zəngin keçmişinin mirasıdır. "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən müddət ərzində mühüm inkişaf yolu keçib. Birmənalı şəkildə demək olar ki, Azərbaycan mətbuatı bütün problemlərə, çətinliklərə baxmayaraq inkişaf etməkdədir. Cəmiyyətimizdə söz və fikir azadlığı tam təmin olunmaqdadır". M.Göyüşlü əlavə edib ki, bütün bu çalışmalar, müasir dövrdə söz və fikir azdalığının inkişafı, mediaya olan diqqət və qayğı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyəti ilə birbaşa bağlıdır: "Qeyd etmək yerinə düşər ki, senzuranın ləğvindən sonra söz və fikir azadlığı sahəsində ciddi irəliləyişlər əldə edildi. Bununla da media üzərindən hökumətin nəzarəti aradan qaldırıldı. Senzura bu sahədə çox böyük problemlər yaradırdı, süni əngəllər ortaya çıxır haqlı narazılıqlara səbəb olurdu. Qərardan sonra bu sahədə bir dirçəliş müşahidə olunmağa başladı. Bundan başqa mətbuatın nəşriyyata olan borcları ilə bağlı qəbul edilmiş qərar da çox böyük dəstək oldu. Bu siyasət prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. "Söz və mətbuat azadlığı demokratik cəmiyyətin prioritet dəyərlərindən biridir. Zəngin tarixi və mütərəqqi ənənələri olan Azərbaycan mətbuatı ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiya və siyasi plüralizmin mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsiplərinin müdafiəsində Azərbaycan mətbuatının rolu xüsusi qeyd olunmalıdır" - deyən Prezident İlham Əliyevin bu fikirləri dövlət başçısının ölkəmizdə mətbuat azadlığının ən böyük təminatçısı olduğunu bir daha nümayiş etdirir. Azərbaycan Milli Mətbuatının yaradılmasının 130 illik yubileyi münasibətilə 150-yə qədər jurnalist ali dövlət mükafatları ilə təltif edilmiş, "əməkdar jurnalist" adı yenidən bərpa edilmişdir.Prezident İlham Əliyev 2008-ci ildə imzaladığı "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncam imzalamışdır. Konsepsiyaya müvafiq olaraq 3 aprel 2009-cu ildə dövlət başçısı tərəfindən imzalanan digər sənəd - "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" sərəncam ölkəmizdə müstəqil mətbuatın inkişafında yeni mərhələnin əsasını qoydu. Bütün bunlar bir daha sübut edir ki, bu gün Azərbaycanda azad mətbuat, söz və fikir azadlığı inkişaf edir". Onun sözlərinə görə, bu gün milli mətbuat fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinə öz töhfəsini verməkdədir: "Medianın bu sahədə olan fəaliyyəti ötən hər gündə daha da genişlənir və peşəkarlaşır. Bu və ya digər informasiya təqdim olunarkən dəqiq və qərəzsiz olmaq, peşə etikasına əməl etmək, dövlətin, vətəndaşların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq prinsiplərinə jurnalistlərimiz daha çox əməl etməyə çalışırlar. Bəzən bu sahədə müyyən arzuolunmaz hallarla rastlaşsaq da bunlar ümumi gedişata maneçilik törətmir. Mətbuat Şurası və burada birləşən media qurumlarının dəstəyi ilə medianın özünütənzimləmə prosesi, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinə verdiyi töhfələr daha da genişlənir. Qeyd edim ki, Azərbaycanda söz, mətbuat, fikir azadlığı ilə bağlı formalaşan qanunvericilik bazası təkcə jurnalistika ixtisasına yiyələnən kadrların, mütəxəssislərin deyil, digər bir çox müxtəlif peşə sahiblərinin də mətbuata axınına şərait yaradıb. Məhz mətbuatın və burada çalışan jurnalistlərin fəaliyyəti nəticəsində cəmiyyətimiz üçün vacib olan söz və məlumat azadlığı genişlənməkdədir. Bütün dünyada olduğu kimi Azərbaycanda da söz və məlumat azadlığının inkişafını mətbuatsız, jurnalistlərsiz təsəvvür etmək mümkün deyil. Böyük inkişaf yolu keçmiş Azərbaycan mətbuatı tarixi ənənəsinə sadiq qalaraq bu gün də öz töhfəsini verir, sürətli inkişaf nəticəsində deyə bilərik ki, gələcəkdə də bu sahədə daha böyük uğurlara imza atılacaq.
Diapor
Jurnalistləri Birliyinin rəhbəri Fuad Hüseynzadə qeyd edib ki, Azərbaycan
müstəqilliyini yenidən bərpa etdikdən sonra ilk atılan
addımlardan biri də mətbuata söz və fikir
azadlığının verilməsi olub:
"Demokratik dəyərlər yolu tutmuş dövlətimiz
bu baxımdan qanunvericilik
bazasını formalaşdırıb. Yəni, media
mənsublarının azad söz
deməsi üçün qanuni
imkanlar yaradılıb. Bu gün
ölkə mətbuatı fikir plüralizmi ilə bir çox ölkələrə nümunədir.
Əvvəllər bir çox
media nümayəndələri söz və fikir
azadlığından sui-istifadə etsələr də, bu gün artıq bu "ənənə" aradan
qalxıb. Görünür, köhnə
dövrün jurnalistləri yeni dövrün
qayda-qanunlarına hələ öyrəşə
bilmirmişlər. Hazırda müstəqil ölkəmizdə
böyüyüb boya-başa
çatan jurnalistlərimiz çoxluq təşkil edir.
Bu nəsil yeni dövrün tələb və
çağırışlarını daha
düzgün analiz edə
bilirlər. Bu günün
mediası kimisə ittiham etməkdənsə,
xəbər istehsalına daha çox üstünlük
verir".
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2017.- 8 fevral.- S.15.