Köç başlandı

 

İçimi titrətdi gələn səs qəfil,

Ay zalım, dünyanı yaxşı öyrən,bil.

Bahardan çıxmamış qış gəldi bu il-

Köç yaman başlayıb,Allah,amandı.

 

Hər evdən-həyətdən keçib aparır,

Arayıb,axtarıb,seçib aparır,

İnsanı ot kimi biçib aparır,

Köç yaman başlayıb,Allah,amandı.

 

Çağıran bəllidi,qovan bilunmir,

Yaxşı ağlar gündə,yaman bilinmir,

Qoca təşvişdədi,cavan bilinmir,

Köç yaman başlayıb,Allah,amandı.

 

Özü bir nalədi,vaydı gözümdə,

Şaxtaya,tufana taydı gözümdə,

Sel kimi çalxanan çaydı gözümdə,

Köç yaman başlayıb,Allah,amandı.

 

Mən köçü görmüşəm dağ-aran yolu,

Zirvələr qoynunda ağaran yolu,

Sonuncu mənzilə aparan yolu,

Köç yaman başlayıb,Allah,amandı.

 

Haraya çatıbdı gör ucu kənddə,

Əvvəli,axırı,hər ucu kənddə,

Bir ucu məhlədə,bir ucu kənddə,

Köç yaman başlayıb,Allah,amandı.

 

Gedir dalğa-dalğa, axın-axın o,

Gedir yavaş-yavaş sona yaxın o,

Kimləri ayırdı kimnən baxın o,

Köç yaman başlayıb,Allah,amandı.

 

Üzü dumanadı, ya çənə sarı,

Qayıdır yoxsa ki, dünənə sarı?

Bəlkə də nə bilim, düz sənə sarı

Köç yaman başlayıb,Allah,amandı.

 

Bu sirri qanası nə bir başım var,

Başıma düşəsi nə bir daşım var,

Mən də narahatam... xeyli yaşım var,

Köç yaman başlayıb,Allah,amandı.

 

D O S T L A R

 

Görməyən nə bilsin,necə anlasın

Köməksiz,kimsəsiz,yalqız olmağı.

Allah bir adama qoy göstərməsin

Həyatda köməksiz,yalqız qalmağı.

 

Mən gördüm,mən çəkdim,mən də anladım,

Bu yaşda,bu vaxtda əziyyət nədir.

Bəzən kövrək oldum,bəzən ağladım,

Duyanda insana bir diqqət nədir.

 

Azından-çoxundan kömək etdiyim

İstidə əriyən soyuq qarıymış.

Mənim də bu oldu axır bildiyim,

Yaxşı ki,dünyada dostlar varıymış.

 

Onlardan biridi Vüqar Mirsadiq

Şirin ünsiyyətdən kim razı qalmaz?

Əhdinə vəfalı, sözünə sadiq,

Anardan, Akifdən başqası olmaz.

 

Dinlədim İsmayıl, Alim deyəni,

Məclislər düzəldi,badələr doldu.

Əhəd axtaranda şimaldan məni,

Firdovsi Müşfiqnən yanımda oldu.

 

İşığım bol oldu Tanrıverdidən,

Gecəm də gündüz tək nura boyandı.

Bəs necə inciyim-küsüm Namiqdən

Bir gün qulluğumda o da dayandı.

 

Yunusun, Aydının yeri bir ayrı,

Mən də söz adamı, mən də şairəm

Həm "Bakı xəbər"i, həm "Olaylar"ı,

Özümə evim tək doğma bilirəm.

 

Ürəklə getmişəm işim düşəndə,

Səmimi,mehriban olubdu onlar,

Hər dəfə zəngləşib ya görüşəndə

Əvvəlcə kefimi soruşubdular.

 

Qalan yaxşılıqdı,dünyada,qalsa,

Gör kimlər su içib getdi əlimdən.

Qohummu? Qonşumu? Soruşan olsa

Deyərdim dostlara minnətdaram mən.

 

N İ Y Ə

 

Səni tanıyanda cavan qız idin

Nə yerə sığırdın, nə də ki,göyə.

Atıb od-ocağa heyranlarını

Yandırıb-yaxırdın " mən" deyə-deyə.

 

Payızın gəlibdi,döndər yaz eylə

Köklə əhvalını yenə saz eylə.

Əgər bacarırsan indi naz eylə

Bilmədin qədrini illərin niyə?

 

Əl çatmaz ömrünün ötən anına

Keçmiş şöhrətinə,keçmiş şanına.

Çağır Kamandarı gəlsin yanına

Bəlkə tərifləyib o səni öyə.

 

Səyyad Arana

 

Tökülüb-itirsə əyini-başı ,

Alnına dəyibsə taleyin daşı,

Vaxtsız çatılıbsa fikirdən qaşı,

Deyirlər : şairdi ,

ay Səyyad Aran.

 

Sevinci bir azsa...dərdi çoxdusa ,

Dünyanın malından gözü toxdusa ,

Böyük vəzifəsi , işi yoxdusa ,

Deyirlər : şairdi ,

ay Səyyad Aran.

 

İlhamı gələndə düşər borana ,

Nə dağa sığışar , nə də arana .

Qeybət eyləyənə ,ara vurana ,

Deyirlər : şairdi ,

ay Səyyad Aran.

 

Yer əkib , bağ salıb , bəhrə görməyib ,

Xoşbəxlik içində ömür sürməyib ,

Xeyir söyləsə də fikir verməyib ,

Deyirlər : şairdi ,

ay Səyyad Aran.

 

Boylanmır sabaha , baxmır geriyə,

Az qalır çiyində , başda yeriyə ,

Nadana ,yaltağa , əliəyriyə ,

Deyirlər : şairdi,

ay Səyyad Aran.

 

Beş kişi yanında hörməti yoxdu ,

Dinib-danışmağa cürəti yoxdu,

Baxırsan vicdanı, qeyrəti yoxdu,

Deyirlər : şairdi,

ay Səyyad Aran.

 

Rəngini dəyişib ağ da,qara da,

Rəis var fikrindən dönür arada.

Millət vəkilinə,prakrora da

Deyirlər: şairdi,

ay Səyyad Aran.

 

Birini qaldıran onun elidi,

Birini öıdürən acı dilidi,

Kimin ətəyində kimin əlidi!

Deyirlər : şairdi ,

ay Səyyad Aran.

 

Düz yolda olmayan yoldaşlara bax,

Əmioğlu ,dayıoğlu , qardaşlara bax,

Arvad düşkününə , əyyaşlara bax,

Deyirlər : şairdi ,

ay Səyyad Aran.

 

Demirlər nəyi var , nə yazıb görən?

Bu yerdə nə işi...o azıb görən?

Neçə cığır kəsib yol qazıb görən?

Deyirlər : şairdi,

ay Səyyad Aran.

Biz niyə beləyik ,ay Səyyad Aran?

 

Körpünün üstü

 

Bolluğu varsa da , şenniyi yoxdu,

Görürəm az deyil günah bizdə də.

Kimisə gözləyir kəndimiz yaman,

Nəsə də çatışmır məhləmizdə də.

 

Get-gəllər azalıb Körpünün üstdən,

Buranın nə gözəl keçmişi vardı.

Qocalar danışar, uşaqlar susar

Hər axşam bir belə yığnaq olardı.

 

O payız gec endik yaylaqdan bir az,

Danışır qonşumuz olub-qalandan,

"Ay oğul, mən deyim, sən də götür yaz,

Bir adam qalmasın bu siyahıdan:-

 

...Havalar soyuqdu ,üzümüz qışa,

Otmu çalınardı belə vədə də?

Ən çətin vaxtımda hoyuma yetdi,

Allah rəhmət etsin əmin Əhmədə.

 

Odun da gətirdik ortaqlı hələ,

Dadıma çatırdı nə ki, sağ idi.

Yerışı-duruşu təmkinli,ağır ,

İşə girişəndə od-ocaq idi.

 

Pis də keçinmədik o ili dağda,

Dəyəmiz qonşuydu Təhlə Əsgərə,

Bayram da gəlmişdi bir neçə günlük,

İndi gedəmmirəm tək, o yerlərə...

 

Təpədən-dırnağa nur idi atan,

Yamanlıq gəlməzdi heç vaxt əlindən,

Hər ili binəyə yığışanda biz,

Bayram yada düşür, ağlayıram mən.

 

Ömür çox gödəkdi qoca dünyada,

Hamının dərdi var, nə deyim ,nəsə...

Bir də ki, hər ili aran-dağ yolu,

Bizə yoldaş idi Göyüşov İsə.

 

O payız deyirdim bayaq mən sənə,

Rüzgar əsdirirdi sərt küləyini ,

Qayıdıb gələnnən bircə ay sonra,

Torpağa tapşırdıq Tat Hüseyini.

 

Əvvəllər adamlar biri-birini,

Səhər soraqlayar, axşam axtarar,

Kimin nə dərdi var danışmaq üçün,

Körpünün üstünə yığışardılar...

 

Gəl indi bu qədər cavan içində,

Baban Hümbət kimi bir igid göstər,

Bizdən qabaqlarda yaşayıb, oğul,

Qeyrətdi kişilər ,addı kişilər.

 

Zamana dəyişib Ayvazov Kamal,

Quloğlu Əhməd tək adamlar hanı?

Yəgin ki, eşitdin ölüm bu il də,

Aldı əlimizdən Melsə Aslanı.

 

Bolluğu varsa da , şenliyi yoxdu,

Görürəm az deyil günah bizdə də.

Kimisə gözləyir kəndimiz yaman,

Nəsə də çatışmır məhləmizdə də

 

Bir də, olacağa çarəmi var ki?

Nə qədər yaşamaq dünya işidir.

Sizin aranızda olan soyuqluq,

Qınama, məni də yaman üşüdür.

 

Nə hesab çəkəmmir ,nə pul tanımır,

Bu adla özünü salsa da dilə,

Ömrünü - gününü çöllərdə qoyub,

Maşallah filankəs yaxşıdı hələ.

 

Amma gör dünyanın insafı varmı?

Bir evdə görünmür kədərin sonu,

Məhlə yana-yana itirdi o il,

Sərdərov Təhməzin nakam oğlunu.

 

Gün-günnən bəd gəldi,il-ildən ağır,

Çəkildi əl-ayaq , soyudu ara,

Köç etdi Bahəddin ,Ziyəddin fağır ,

Nə deyim son vaxtı mən olanlara.

 

Hələ Teymur dayın...yaxşı bir insan,

Təbi qaynar idi, sinəsi dolu.

Şirin danışardı,şirin gəzərdi,

Aşağı-yuxarı Qaş məhlə yolu.

 

İlyazı , İslamı unudammıram,

Doymurdu məzəli söhbətdən-sözdən,

Xaloğlu İsaxan, İlhan, Ədilxan,

Yeznə Müseyib də ayrıldı bizdən.

 

Oxşamır talelər biri-birinə,

Həsibov Niyazın öz yolu,izi,

Daha olmayacaq Buludov Ənvər,

Bayramov İbrahim,Quliyev Feyzi.

 

Belədi neyləyək, gərdişi-dövran,

Hər vaxtın öz hökmü öz qüdrəti var,

Dağ-binə dövrüydü ,at minirdilər,

Maşın nolan şeydi, tanımazdılar.

 

İndisə hər qapı nə qədər ,oğul,

Hər evin yerində bir saray bitib,

Dünyamız bolluqdu, amma ortada ,

Xətir-hörmət itib, ar-urvat itib".

 

Yaman günlər idi ötən o günlər,

Hər axşam bir evdə yığnaq olardı.

Get-gəllər azalıb Körpünün üstdən,

Buranın nə gözəl keçmişi vardı...

 

H A R A Y

 

Nəzəri otağın divar-daşında

Fikirlər qarışıb daha başında.

Səksəni  ötübdü... ahıl yaşında

Bir şair  xəstədi yataqda,dostlar.

 

Dərdini-sərini biləni yoxdu,

Üzünə xoş baxıb güləni yoxdu.

Aylardı gedəni-gələni yoxdu,

Bir şair xəstədi yataqda,doctlar.

 

Canında nə təpər,nə istək qalıb,

Qəlbində nə arzu,nə dilək qalıb.

Köməksiz,baxımsız,tənha-tək qalıb,

Bir şair xəstədi yataqda,dostlar.

 

Payızı bir yana,yazı bir yana,

Qələmi bir yana,sazı bir yana,

Oğlu bir yanadı,qızı bir yana,

Bir şair xəstədi yataqda,dostlar.

 

Zəngləşin,danışın,yığışın,gəlin,

Yazışın,sözləşin,baxışın,gəlin.

Gəlin,dəstə-dəstə axışın,gəlin,

Bir şair  xəstədi yataqda,dostlar.

 

Günləri ötüşür qaralı-ağlı

Ürəyi dərdlidi,sinəsi dağlı.

Qohuma,qonşuya qapısı bağlı

Bir şair  xəstədi yataqda,dostlar.

 

Bu tale milyonda,mində,bilirəm,

Yazılıb imanda,dində,bilirəm.

Siz də tanıyırsız,mən də bilirəm,

Bir şair  xəstədi yataqda,dostlar.

 

Doğru olammadı yalan yanında,

Yaşadı,filankəs-filan yanında.

Qorxulu,zəhərli ilan yanında!

Bir şair  xəstədi yataqda,dostlar.

 

Buludu qaralıb seldən xəbərsiz,

Çəməni saralıb güldən xəbərsiz.

Obadan xəbərsiz,eldən xəbərsiz,

Bir şair  xəstədi yataqda,dostlar.

 

Nəriman bilirmi? Musaya deyin,

Fikrətə,Nahidə,Oqtaya deyin.

Yaxına,uzağa,dünyaya deyin,

Bir şair  xəstədi yataqda,dostlar.

 

Çəkəmmir bu boyda ağrı-acını,

Görəmmir nə vaxtdı bircə bacını,

Çatdırın Knyaza ehtiyacını

Bir şair  xəstədi yataqda,dostlar.

 

O ötən zamanlar-çağlar eşitsin,

Baxçalar eşitsin,bağlar eşitsin.

Başını əydiyi dağlar eşitsin,

Bir şair  xəstədi yataqda,dostlar.

 

Çəkdiyim haraydı,haydı,hay,Vüqar,

Gör neçə həftədi,aydı,ay Vüqar.

Ay Ülvi,ay Firuz,Vüqar,ay Vüqar,

Bir şair  xəstədi yataqda,dostlar.

 

Axtarın,bacaran bağmanı tapın,

Ürəyi yananı,doğmanı tapın.

Ən yaxşı təbibi,loğmanı tapın,

Bir şair  xəstədi yataqda,dostlar.

 

Görüşün,arabir söhbət eyləyin,

Mərhəmət eyləyin,hörmət eyləyin,

Şairdi,bir az da diqqət eyləyin,

Bir şair  xəstədi yataqda,dostlar.

 

Xəstəlik güc gəlir,taqətdən salıb,

Olan imkanı da əlindən alıb.

Bilirsiz,Kamandar əlacsız qalıb

Bir şair  xəstədi yataqda,dostlar.

 

Həyatımdasan

 

Xəyalın alıbdı əlimnən məni,

Hər yerdə ,hər zaman sən yadımdasan.

Unuda bilmirəm neyləyim səni,

Yurdumda ,yuvamda ,öz adımdasan.

 

Gizlin görüşləri xatırlayiram,

Vaxtı hesablayıb, günü sayıram.

Adına gələndə pıçıldayıram,

Mənim hər şeirimdə, bayatımdasan.

 

Atdın Kamandarı bilə-bilə sən,

Bəlkə qayıdasan ,bəlkə gələsən?

Deyirəm, bax bircə onu biləsən,

Ömrümdə - günümdə, həyatımdasan.

 

Qaldı

 

Yaşadım ağlımnan ,getdim yolumnan,

Axırda bu cığır ,iz mənə qaldı.

Qismətim olmadı uca zirvələr ,

Çəmənsiz, çiçəksiz düz mənə qaldı.

 

Gələn bir ayrıdı ,gedən bir ayrı ,

Nəyim var bir belə itkidən ayrı,

Ayrıldım amansız sevgidən ayrı,

Sinəmi yandıran köz mənə qaldı.

 

İllər ay Kamandar, səni də sıxdı,

Gör kimi qaldırdı , gör kimi yıxdı,

Seçib bəyəndiyim əlimdən çıxdı,

Yazıb yaratdığım söz mənə qaldı.

 

Kamandar Eyvazlı

 

Olaylar.- 2017.- 8 fevral.- S.10.