Azərbaycan bir sıra sahələrdə
olduğu kimi
medianın inkişafı sahəsində
də regionun lider
dövlətinə çevrilib
Şahin Camalov:
"Dövlətin KİV nümayəndələrinə fərdi
qrantlar verməsindən, jurnalistlərin ev təminatından
tutmuş, KİV-ə dövlət dəstəyi
konsepsiyasına qədər həyata keçirilən
bütün fəaliyyətlər fikir və söz
azadlığının daha da inkişaf etməsinə şərait
yaratmaqdadır"
Söz, fikir, məlumat və ifadə azadlığı, plüralizm demokratik cəmiyyətlərdə əsas prioritetlərdən hesab edilir. Demokratik prinsipləri əsas tutan və bu istiqamətdə inkişaf edən ölkələrdə hər zaman söz, fikir və ifadə azadlığı təımin edilir, buna qarşı olan əngəllər zaman-zaman aradan qaldırılır. Məhz qeyd edilən istiqamətdə atılan addımlar ümumilikdə bu və ya digər ölkədə mətbuatın durumunu açıq-aydın ortaya qoyur. Azərbaycan da demokratik, müstəqil şəkildə inkişaf edən bir ölkə olduğu üçün demokratiyanın əsas göstəricilərindən sayılan söz, fikir, ifadə və məlumat azadlığı, plüralizmin inkişaf etdirilmısinə xüsusi önəm verir. Müstəqillik illərindən, xüsusilə, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtmasından sonra Azərbaycan dövləti bu istiqamətdə əməli addımlar atdı, ölkədə söz və mətbuat azadlığının, plüralizmin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirdi. Ümummilli liderin 1998-ci ildə ittifaq zamanından qalmış senzuranı ləğv etməsini Azərbaycanda müstəqillik illərindən sonra söz və məlumat, ifadə azadlığına yaradılan ilk imkan kimi də qiymətləndirmək olar. Çünki senzuranın ləğvindən sonra media nümayəndələri artıq yazacaqları hər hansı materialın, məqalənin çap edilməyəcəyi təhlükəsi ilə üzləşmirdilər. Təsadüfi deyil ki, həmin dövrdə ümummilli lider Heydər Əliyevin atmış olduğu məlum addım dünya dövlətləri, beynəlxalq əhəmiyyətli media qurumları tərəfindən də təqdir edildi, yüksək qiymətləndirildi.
Aradan keçən 25 illik bir tarix ərzində Azərbaycanda qeyd edilən sahədə kifayət qədər irəliləyiş əldə edilib. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycanda söz, fikir və məlumat azadlığı, plüralizm ən yüksək səviyyədə təmin olunub. Elə "İnsan Hüquqları XXI əsr" Azərbaycan Fondunun rəhbəri Şahin Camalov da bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Şahin Camalov ölkədə söz, fikir, məlumat azadlığının durumu, bu istiqamətdə atılan məqsədyönlü adımlardan danışıb.
-Şahin müəllim, Azərbaycanda mətbuatıln vəziyyətini
necə dəyərləndirərdiniz?
-Azərbaycanda mətbuatın vəziyyətini biraz fərqli qiymətləndirmək istərdim. Mən şəxsən hesab edirəm ki, mətbuatımızın hal-hazırki vəziyyəti doğurdan da daha çox müsbətə doğru irəliləməkdədir. Bir zamanlar mətbuata doluşmuş qeyri professional insanlar bu sahədə duruş qətirməkdə çətinlik çəkərək ya öz arzuları ilə bu sahəni tərk etməkdədirlər, ya da hüquq mühafizə orqanlarının müdaxiləsi nəticəsində. Dövlətin qayğısı və dəstəyi ilə mətbuatımız daha da inkişaf edəcəyindən əminəm.
-Ölkədə fikir,
söz və məlumat azadlığının, plüralizmin
inkişaf etdirilməsi istiqamətində zaman-zaman atılan
addımlar medianın müstəqilləşməsinə nə
dərəcədə müsbət təsir göstərib?
-Məncə qiymətləndirə bilən insanlar üçün fikir, söz və mətbuat azadlığı daha fərqli anlam daşıyır. Bu gün bəzilərinin anladığı kimi xaos, başqalarının gündəlik həyatına müdaxilə etmək, mülkiyyət hüquqlarını pozmaq, insanları təhqir etmək qətiyyən azadlıq anlamına gəlməməlidir. Azadlıq həm də başqalarının hüquqlarına hörmət etmək deməkdir. Çox təəssüf ki, bunu hələ də anlaya bilməyən kütləvi informasiya vasitələrinin nümayəndələri var. O ki, qaldı fikir, söz və mətbuat azadlığı, pluralizmin inkişaf etdirilməsi istiqamətində atılan addımlar, doğurdan da təqdirəlayiqdir. Aparılan islahatlar, KİV-in bu islahatların aparılması prosesini işıqlandırmasına şərait yaratmaq, şəffaflıq və korrupsiya ilə mübarizədə kütləvi informasiya vasitələrinin dəstəyini almaq və proseslərdə onların iştirakını təmin etmək cəmiyyətdə müsbət qarşılanmaqdadır. Digər tərəfdən qeyd etdiyim kimi, şəffaflıq, korrupsiya ilə mübarizə media orqanlarında daha da cəsarətli olmaq, müstəqil və keyfiyyətli xəbər hazırlamaq, cəmiyyəti yararsız üzvlərindən təmizləmək yolunda dövlətin yanında olmaq kimi keyfiyyətlər təlqin etməkdədir ki, bu həm də dolayısı yolla medianın müstəqilləşməsinə gətirib çıxarmaqdadır.
-Azərbaycanın medianın inkişafı sahəsində
regionun lider dövləti rolunu oynamasında fikir, söz və
məlumat azadlığının, plüralizmin inkişaf
etdirilməsi istiqamətində görülən işlərin
nəticəsi kimi dəyərləndirmək olarmı?
-Bütün demokratik və insan hüquqlarına hörmət edən cəmiyyətlərdə media və onun müstəqil fəaliyyəti üçün zəmin yaradılmışdır. Azərbaycanda bu gün qanunvericilik bazası imkan verir deyək ki, Azərbaycan Rerspublikasında mətbuatın müstəqil, səmərəli fəaliyyəti üçün baza dövlət təminatları mövcuddur. Misal olaraq qeyd etmək istərdim ki, 1998-ci ilin avqust ayının 6-da mərhum prezident Heydər Əliyevin imzaladığı xüsusi Sərəncamla Azərbaycanda mətbuat üzərindən senzura götürülmüş, 1999-cu ildə Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin (KİV) inkişafına Dövlət Dəstəyi Konsepsiyası kimi mühüm bir sənəd təsdiq olunmuşdur. Habelə, Konsepsiyaya uyğun olaraq 22 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradılmışdır. Digər tərəfdən Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə görə mətbu nəşrin təsis edilməsi üçün dövlət orqanından icazə tələb olunmur. Bütün bunlar və sadalamadığım onlarla hüquqi-normativ aktlar vardır ki, dövlətin mətbuatın müstəqil olması üçün qarant olduğunun, mətbuat orqanlarının müstəqilliyinə xələl gətirə biləcək yersiz təzyiqlərdən onu müdafiə etdiyinin bariz nümunəsi kimi qiymətləndirilə bilər. Nəticə isə göz qabağındadır. Azərbaycan bir sıra sahələrdə olduğu kimi medianın inkişafı sahəsində də regionun lider dövlətinə çevrilmişdir.
-Bu gün mətbuat nə dərəcədə
fikir, söz və məlumat azadlığının,
plüralizmin inkişaf etdirilməsinə öz töhfəsini
verir?
-Azərbaycan mətbuatı doğurdan da keşməkeşli və çətin dövr keçmişdir. Bütün sahələrdə olduğu kimi mətbuat sahəsində də ciddi islahatlara ehtiyyac var idi və bu islahatların aparılması mətbuatın özünün olduğu qədər dövlətin də üzərinDə mühüm vəzifələrdən idi. Burada jurnalistlərin həyat səviyyəsinin yaxşılaşdırılmasından tutmuş, KİV orqanlarının maddi təminatının yaxşılaşdırılmasına, KİV-ə dövlət dəstəyinin göstərilməsinə qədər bir sıra sahələri göstərmək olar. Xüsusi ilə burada reket jurnalistika ilə mübarizəni vurğulamaq istərdim. Həm ləyaqətini qoruyan KİV orqanlarının özünü təmizləmə prosesinə aktiv qoşulması, həm də dövlətin xüsusi xidmət orqanlarının dəstəyi ilə bu problem hər gün daha da azalmaqdadır. Bu sahədə neqativ hallar azaldıqca mətbuat söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinə öz töhfəsini daha çox verəcəkdir. Daha müstəqil, daha azad və ayrı-ayrı qruplardan asılı olmayan mətbu orqanlar öz vəzifələrini daha ləyaqətlə, daha səmərəli və daha vicdanla yerinə yetirəcəkdir ki, bu da dövlətçiliyin inkişafına mühüm töhvə olacaqdır.
-Fikir və söz azadlığından sui-istifadə edən KİV-lər barədə sizcə hansı addımlar atılmalıdır?
-Mən dəfələrlə demişəm , yenə də təkrar edirəm ki, fikir və söz azadlığından sui-istifadə onun ümumiyyətlə olmaması qədər təhlükəlidir və hətta deyərdim ki, ondan daha təhlükəlidir. Çünki, hər kəs yaxşı bilməlidir ki onun hüquqları başqalarının hüquqlarının başladığı yerdə bitir. Bu həm də demokratiyanın mühüm devizidir. Fikir və söz azadlığını bayraq edərək başqalarının şəxsi həyatına müdaxilə etmək, onun mülkiyyət hüquqlarını pozmaq, şəxsi toxunulmazlıq hüququnu tapdalamaq, dövlət sirrini pozmaq yolverilməzdir. Bəzən bəzi mətbu orqanlarımız bunu anlamır və qanunları kobud surətdə pozmağa davam edirlər ki, bu da nəticə etibarilə "qara siyahı"ların ortaya çıxmasına, hüquq mühafizə orqanlarının məsələyə müdaxilə etməsinə səbəb olur. Mən bunu qətiyyən arzu etmirəm.
-Dövlətin mətbuata
göstərdiyi diqqət və qayğı fikir və söz
azadlığının daha da inkişaf etməsinə nə
dərəcədə dəstək olur?
-Hər birimiz yaxşı bilirik ki, mətbuat yaxşı gəlirli sahələrdən hesab olunmur. Həm də bu sahədə fəaliyyət göstərən şəxslərin, bu və digər şəxslərdən asılı vəziyyətə düşməmələri və ya "reket"liklə məşğul olmamaları üçün mütəmadi olaraq dövlət yardımları və imtiyazları ilə əhatələnmələri onların fəaliyyətinə ciddi dəstək olar. Xüsusi ilə son illərdə dövlətin KİV nümayəndələrinə fərdi qrantlar verməsindən, jurnalistlərin ev təminatından tutmuş, KİV-ə dövlət dəstəyi konsepsiyasına qədər həyata keçirilən bütün fəaliyyətlər fikir və söz azadlığının daha da inkişaf etməsinə şərait yaratmaqdadır. Ümid edirəm ki, bu dəstək həm də 4-cü hakimiyyətin daha da inkişaf etməsinə, dirçəlməsinə və xüsusi ilə öz vəzifəsini daha ləyaqətlə və başqlarının hüquqlarına hörmət zəminində həyata keçirməsinə vəsilə olacaqdır.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2017.- 9 fevral.- S.15.