Elektron media azad sözün

inkişafına təkan verir

 

İnternet medianın da qanunla tənzimlənməsi zərurəti yaranıb

 

Artıq Azərbaycan mətbuatında elektron medianın yeri və çəkisi artmaqdadır. Lakin indiyə qədər sözügedən medianın hüquqi statusunun müəyyən olunmaması müəyyən çətinliklər yaradır. Maraqlıdır, səslənən problemin həlli nə dərəcədə mümkündür? Vətəninfo.az İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Nahid Canbaxışlı bildidib ki, Azərbaycanda mətbuatın vəziyəti Avropa ölkələri ilə eyni sıviyyədədir:

"Fərq ondadır ki, bizim mətbuat düşərgəsində rəqabət mühitindən daha çox bir-birinə paxıllıq virusu düşüb. Yəni mətbuat düşərgəsində olanlar mətbuatın problemlərin, uğurların təhlil edib daha uğurlu addımlar atmaq yerinə, fürsət düşəndə bir-birlərini "baltalama" yolu seçirlər. Bir qədər maddi baxımdan öndə olan media digərlərinə yuxarıdan aşağıya baxmaq yolu seçir". Onun sözlərinə görə, ölkədə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində zaman-zaman atılan addımlar medianın müstəqilləşməsinə müsbət təsir göstərib: "Birinci onu deyim ki, dövlət səviyyəsində medianın daha da əhatəli inkişafı istiqamətində ciddi dəstək göz önündədir. Bu dəstəkdən media düşərgəsi necə yararlanır, bu başqa bir məsələdir. Söz və mətbuat azadlığı, plüralizimin inkişafı istiqamətində Azərbaycanda hansısa bir sıxıntının olduğunu heç bir media əhli deyə bilməz. Azərbaycanda vətəndaşlar, hətta media nümayəndələri belə hansısa mətbuat orqanında öz fikirlərini yaya bilməsələr də, sosial şəbəkələr vasitəsi ilə istədiyi şəkildə fikirlərini yaya bilir. Bu məsələdə də hansısa qadağaların olduğun görməmişəm. Bəyan edirəm ki, mənə kimsə "bu fikiri niyə yazdın"deməyib. Bizim cəmiyyətdə söz və mətbuat azadlığı geniş imkanlara malikdi. Amma bu o demək deyil ki, bu imkanlardan istifadə edib şər və böhtanlar yazmaq olar, kiminsə şərəf və ləyaqətini alçatmaq olar. İnsanların mənəvi dəyərlərinə hörmət göstərmək şərti ilə sağlam tənqid hər zaman qəbul edilən olub". N,Çanbaxışlı qeyd edib ki, bu gün mətbuat fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinə öz töhfəsini verir: "Azərbaycan mətbuatı açıq deyim ki, çox rənglidir. İstədiyin rəngi Azərbaycan mətbuatında tapa bilərsən. Bu da cəmiyyətimizin mariflənməsi istiqamətində mövcud olan ümumu mühiti yetərincə əhatə edə bilir. Bu rənglilik içərisində hərə istədiyi şəkildə mariflənmə azadlığına malikdir. Kim nəyi xoşlayırsa o istiqamətdə mariflənir. Amma mediamızın ən böyük bəlası kriminal olayları daha çox qabartmsındadır. Mənim rəhbəri olduğum Vətəninfo.az-da olmaqla yazılı və elektron media sanki and içib ki, ilk sıraya "oğul atasın öldürdü", "arvad ərin bıçaqladı", "arvadını başqa kişi ilə WhatsApp-da yazan zaman tutdu" və s. tipli xəbərlər cəmiyyətimizin mariflənməsinə deyil, daha çox kriminal mühitin genişlənməsinə xidmət edir.Yazılı mətbuatda mən sonuncu dəfə rəhmətlik Nəcəf Nəcəfovun Azərbaycanın iqtisadi mənzərəsini əhatə edən təhlili yazıları oxumuşam. Burda günahı bütövlükdə medianın da üzərinə qoymaq istəmirəm. Bizim siyasi və iqtisadı ekspertlərimiz, bütövlükdə cəmiyyətdə ümumi plüralizmin inkişafına təkan verməli olanlar daha çox "Qrantmeker"olublar. Bunlar qrant almasalar inanın ki, onlardan hansısa bir fikiri almaq olmaz. Əvvəllər hər şey xalq və dövlət üçün idi. Son illər bu fikiri qrant əvəz edib. Yəni "Hər şey qrant üçün". Ona görə də media cəmiyyətin güzgüsüdü. Bu güzgü doğruları və cəmiyyətin mariflənməsinə yöbəlik mənzərəni göstərməsini istəyiriksə, o zaman bu güzgüdə görünənlər xalqı və dövləti düşünməlidirlər. Düşünməlidirlər ki, o güzgü də təmiz görünsün". Azərbaycan mətbuatında elektron medianın rolunu yüksək dəyərləndirın baş redactor bildirib ki, indiyə qədər elektron medianın hüquqi statusunun müəyyənləşdirilməməsi müəyyən problemlər yaradır: "Bu ən yaralı yeridi elektron media ailəsinin. Fikirləşin, hər gün 24 saat ərzində ən azından 300-400 xəbər yayan elektron media hələlik dövlətin dəstəyindən kənarda qalıb. Mən çox əminəm ki, ölkəmizin prezidenti, Azərbaycan mətbuatının ən güclü dəstəkçisi, jurnalistlərin dostu olan cənab president İlham Əliyev elektron medianın problemlərinin aradan qaldırılması istiqamətində ən yaxşı bir addım atacaq. Buna əminəm, çünki, bu gün Azərbaycanın virtual mediası cidid şəkildə inkişaf edir. Bu inkişaf mərhələsində dövlətin dəstəyi vacibdir. Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili hörmətli Əflatun Amaşov da parlamentdə bu istiqamətdə fikirlərini səsləndirib. Ayrı-ayrı dövlət rəsmiləri ilə görüşdə də bilirəm ki, MŞ sədri bu yöndə dəstəyin olması ilə bağlı fikir mübadiləsi aparır. İnşallah yaxın bir zamanda virtual medianın da problemləri öz həllin tapar". O ki,qaldı hüququ statusuna, baş redactor bildirib ki, bu məsələdə də hələlik yenlik yoxdur: "Amma istənilən halda elektron medianın hüquqi statusu müəyənləşəcək: "Hazırda Azərbaycanda "Kütləvi İnformasiya Vasitələri Haqqında" qanun mövcududr. Sadəcə olaraq həmin qanuna müəyyən əlavələr edilməli, qanunun müəyyən bəndlərində elektron media ilə bağlı fikirlər əlavə edilməlidir. Əlavə hansısa bir qanun icad etməyə ehtiyac yoxdur".

Yeniçağ.az saytının əməkdaşı Bəxtiyar Məmmədli bildirib ki, hazırda Azərbaycan mətbuatında elektron medianın rolu danılmazdır: "İndiki dönəmdə elektron media cəmiyyətin bir parçasına çevrilib. Elə bir insan yoxdur ki, məhz elektron mediada yer alan hansısa materialdan söz açmasın. Çünki insanlar xəbərləri qısa, lakonik şəkildə oxumaq istəyir və elektron mediada onlara bu imkanı yaradır. Təbii ki, cəmiyyətdə geniş həcmli analitik materiallara üstünlük verən insanlar da var. Lakin cəmiyyətin böyük əksəriyyəti qısa xəbərlərə üstünlük verir. Bir məqamı da qeyd edim ki, hazırda elektron medianın ən çatışmayan cəhətlərindən biri xəbərin təkrarlanmasıdır. Hesab edirəm ki, bu da bir çox xəbər saytlarında müxbir azlığından irəli gəlir. Həmçinin, bəzi dövlət qurumlarının media üzrə məsuliyyətli şəxsləri ancaq agentlik və televiziyalarla işləməyə üstünlük verir. Yəni, bir çox məqamlarda kiçik xəbər saytlarının ünvünladığı suallar havada qalır. Bu da mövcud qanunvericiliyin pozulması deməkdir. Elektron media həm də ona görə önəm daşıyır ki, burada dərc olunan materialı heç bir arxivə getmədən axtarış sistemi vasitəsilə rahat şəkildə əldə etmək olur. Burada həm də operativlik məsələsi çox diqqət çəkən məsələlərdəndir. Çünki dünya mediası bu məsələdə bir addım irəli olsa belə, biz də çox geri qalmırıq. Bu da hesab edirəm ki, maddi imkanlarla bağlıdır. Düşünürəm ki, gələcəkdə Azərbaycan elektron mediası da dünya xəbər bazarında öz məıhsulunu sata biləcək". Onun sözlərinə görə, elektron medianın hüquqi status alması ciddi xəbər saytları üçün heç də problem yaratmır: "Çünki ciddi xəbər saytlarının maddi-texniki bazası və işçi heyəti var. Hüquqi status bir nəfərdən və ya xaricdən maliyyələşən xəbər resurslarına problem yaradacaq. Bu da qanunvericilikdən irəli gələn bir tələbdir. Bu məsələ ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşovun da Milli Məclisdə çıxışı oldu. Düşünürəm ki, hüquqi status müəyyənləşdirilməsi konkret olaraq, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilə bilər. Necə ki, mövcud qanun vericilikdə qəzetlər üçün asan və heç bir maneə olmadan imkanlar yaradılıb. Bundan sadə hüquqi metod ola bilməz. Belə bir prosedurun tətbiqi həmçinin beynəlxalq və yerli qanunvericiliyə uyğundur. Söz və mətbuat azadlığı ilə bağlı Azərbaycana qarşı sürülən iddiaların da qarşısını almış olacaq". Onun sözlərinə görə, demokratik dəyərlər yolu tutmuş Azərbaycan kütləvi informasiya vasitələrinin fəaliyyətini formalaşdıran qanunvericilik bazasını formalaşdırıb. Yəni, media mənsublarının azad söz deməsi üçün qanuni imkanlar yaradılıb. Bu gün ölkə mətbuatı fikir plüralizmi ilə bir çox ölkələrə nümunədir. Əvvəllər bir çox media nümayəndələri söz və fikir azadlığından sui-istifadə etsələr də, bu gün artıq bu "ənənə" aradan qalxıb. Hazırda müstəqil ölkəmizdə böyüyüb boya-başa çatan jurnalistlərimiz çoxluq təşkil edir. Bu nəsil yeni dövrün tələb və çağırışlarını daha düzgün analiz edə bilirlər. Bu günün mediası kimisə ittiham etməkdənsə, xəbər istehsalına daha çox üstünlük verir. Bu faktlar ümid verir ki, ölkədə elektron medianın da fəaliyyəi qanunla tənzimlənəcək".

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 10 fevral.- S.15.