Səməd Vurğunun sevgi macəraları
Son illər Səməd
Vurğunun adı tez-tez gündəmə gəlir. Haqqında
olar-olmaz yazılar yazılır, ünvanına xoşagəlməz
ifadələr işlədilir. Bəzən də şeirləri,
misralarını təftiş edilir, hətta ona aid
olmadığı vurğulanır. Oxuyacağınız
bu yazı Səməd Vurğunun böyük qardaşı, həm
də yeganə könül dostu, qəlb sirdaşı Mehdixan Vəkilovun "Ömür
dedikləri bir karvan yolu" kitabındandı. Müəllif yalnız qardaşından bəhs
etdiyi etdiyi kitabda onun
uşaqlıq illərini, Dürrəyə olan qarşılıqsız
sevgisini ən xırda epizodlarla qələmə alıb.
Oxucular üçün maraqlı olacağını
düşünürəm.
Beləliklə Mehdixan Vəkilovun yazdıqlarından:
...Səməd Vurğunun sevgi macəraları 1922-ci ildən başlanır. O çılğın bir məhəbbətlə, Məcnun eşqilə Dürrəyə vurulmuşdu. Dürrənin atası Əsəd Mustafayevin bizim ailəyə qohumluğu çatırdı. Onun əmisi qızı Nabat xanım babamız Mehdixan (Kuhənsal) Vəkilovun birinci arvadı olmuşdu. Elə ona görə də nənəmiz Ayişə xanım (Kuhənsalın ikinci arvadı) həmin varlı qohumun himayəsinə sığınaraq 1915-ci ildən etibarən Qazax şəhərində Əsəd xozeyinin mülkünün alt mərtəbəsində, gün düşməyən yarımqaranlıq bir otaqda yaşayırdı. Mən də nənəmlə birlikdə olurdum. Əsəd kişi nəinki ev kirayəsi almırdı, hətta yeri düşdükcə ailəsi bizə maddi yardım göstərirdi. Bu ailə ilə Səmədin bilavasitə tanışlığı 1918-ci ildən - Müəllimlər Seminariyasına qəbul edildikdən sonra başlanmışdı.
Səməd balaca Dürrə ilə həyətdə beşdaş, gizlənpaç oynayar, kəndirdən hoppanar və digər nadincliklər edər, ərkəsöyün böyüyən bu şaqraq qızcığazı bəzən ağladardı. Onlar uşaq təbiəti ilə tez barışar və qaçaraq su arxını keçib gilas ağacına dırmaşardılar. Yay aylarında hamımız birlikdə Dilican yaylağına köçərdik. Səmədlə Dürrə başqa uşaqlarla birlikdə yolboyu düşərgələrdə Ağstafa çayına daş atar, ayaqlarını çıxardaraq balıq tutmağa çalışar, meşə ətəklərində kəkotu yığar, Ağsuyun şəlaləsindən ovuclarında su içər, bir-birinə su ataraq gülüşərdilər.
Dürrə bütün ailənin sevimlisi, sonbeşiyi idi. Ona görə də çox nazlı-qəmzəli və oynaq bir qızdı. Heç kəs onun xətrinə dəyməzdi. Qız çalıquşu kimi budaqdan budağa hoppanar, gözəl səslə şərqilər oxuyardı. O, bəstəboyli, iri qaragözlü, uzun kiprikli, buğdayı çöhrəli, məlahətli danışan, gülərüz, həyatda ehtiyacın nə olduğunu bilməyən, inadkar və vüqarlı, hər kəsə özünü sevdirən füsunkar bir qız, Səməd isə daim ehtiyac içində yaşayan kasıb bir uşaq idi. Lakin uşaqlıq belə halları, belə ictimai fərqi anlamaz. Onların arasında saf ünsiyyət yaranmışdı. Səməd özünün 6 cildlik əsərlərinə daxil edilmiş, əsli mənim şəxsi arxivimdə saxlanan "Tacir qızı" adlı şeirində Dürrə haqqında ilk təəssüratını, onun gözəlliyini belə tərənnüm edir:
Bən onu görmüşdüm on
bir il əzəl,
Olduqca görkəmli, olduqca gözəl...
İllər, aylar bir-birini təqib edərək sürətlə
ötüb keçirdi. Səməd 17 yaşa, Dürrə isə
14 yaşa çatmışdı. 1922-ci ildən sonra Səmədin
Dürrə ilə olan saf uşaqlıq ünsiyyəti
artıq ülvi və atəşin bir sevgiyə, aşiqanə məhəbbət
dastanına çevrilməyə başlamışdı. O
zaman Dürrə də seminariyada oxuyurdu. Onlar həm
məktəbdə, həm də evdə, həyətdə
tez-tez görüşər, mənalı baxışlarla
bir-birini süzər, bir-iki kəlmə danışar və
ötüb keçərdilər. Aralarında
artıq ciddi bir münasibət, uşaqlıqda olan zarafat və
nadincliklərdən çox fərqli olan bir münasibət
yaranmışdı.
Səməd Dürrəni dəlicəsinə sevməyə
başlamışdı. Dürrə də bu sevgiyə biganə
deyildi. O, bizim qızlara məxsus olan utacaqlıq və həya
pərdəsi altından Səmədin üzünə
gülür, nazlanır və sanki, onu sevgi alovunda yandırmaq
istəyirdi. O zamanlar gənclər öz məhəbbətlərini
bir-birinə açıq söyləməzdilər;
baxışlar, davranışlar və incə, çox incə,
başqalarının görə bilmədikləri ruhi tellərlə
anlayardılar. Səmədlə Dürrə də
beləcə dilsiz və sakit sevgi ümmanına
düşmüşdülər.
Səmədi hamı danlayırdı. Baş tutmaz
sevdadan əl çəkməyi, "öz tayını"
tapmağı məsləhət görürdülər.
Lakin inadkar və cürətli olan bu aşiq
öz məhəbbətindən dönmək fikrində
deyildi. Səməd qızın
etinasızlığından (bəlkə də valideynlərinin
təsiri altında) və töhmətlərdən, sanki, mənəvi
həzz alırmış kimi uğursuz sevgi yollarında
çırpınırdı.
***
...Dürrənin
valideynləri qızlarını varlıların və ya vəzifə
sahiblərinin birinə vermək həvəsinə
düşmüşdülər. Səməd
bütün ümidlərini itirməkdə idi. Heç kəs onun müqəddəs sevgisini anlaya
bilmirdi. Eşqində və məhəbbətində
getdikcə uğursuzluğa düşməyə başlayan həssas
qəlbli, filosof təbiətli məhəbbət nəğməkarı
bədbinləşir, haqsızlıqlara, eşqi, məhəbbəti
vara və mənsəbə qurban verən köhnə
dünyanın qalıqlarına nifrət yağdırmağa
başlamışdı. O hamıya qarşı sərt
və amansız idi. Öyüd-nəsihət
verənləri təhqir edirdi, onu heç kəs başa düşmək
istəmirdi. Adamların yalnız bir əqidəsi var
idi: Əsəd xozeyinin qızı bu yoxsul və yetim
uşağın tayı deyil.
Səməd
uzun saç saxlar, həftələrlə üzünü
yumaz, tolstoyçuluq edərək ət yeməz və bunlara bənzər
başqa-başqa hallar keçirərdi. Heyvanlara
qayğı göstərər, çox vaxt yeməyini itə-pişiyə
verərdi. Bizim balaca Səmədimizin
halına nənəmiz Ayişə xanım, bibimiz
qızı Xanqızı (Bıjı), bir də mən
yanardıq, gözlərindən dolu kimi tökülən
göz yaşlarına acıyardıq. Nə etmək
olardı!
Atamız
öləndən
sonra hər ikimiz nənəmlə birlikdə
olurduq. Səməd qoca arvadı çox incidir,
sözünə qulaq asmır, atmacalı sözlərlə,
həcvyana misralarla Dürrəyə və onun qohumlarına
staşaraq sanki, intiqamını almağa
çalışırdı. Qızın valideynləri nənəmizi məzəmmət
etməyə başladılar. Öyüd-nəsihətlərimiz Səmədə
təsir etmirdi. O, sanki, bütün varlığa
qarşı üsyan qaldırmışdı.
Bir dəfə 1923-cü ilin yazında "oğlum,
onlar sənə qız verməzlər. Biz Əsəd xozeyinin parvalında oluruq.
Hamı səni
"dəli Səməd" adlandırır, bizi
el içində rüsvay eləmə, qabağına gələni
acılama, tərsliyindən əl çək" deyən nənəmizə
acıq edərək tam altı ay evdən qaçmış
və Ermənistan dağlarında, Qaraqoyunlu kəndlərində
dolaşmışdı. Məcnun səhralara
düşən kimi Səməd də dağlara
qaçmışdı, artıq o, Vurğun olmuşdu.
***
... Səməd
Vurğunun qəflətən gəlib çıxması
şəhərdə bir hadisə kimi əks-səda verdi. Hamı onun haqqında
danışırdı. Səmədin
acı taleyini duyanlar, xüsusən gənclər saf məhəbbətə
qarşı duranlara nifrət yağdırırdılar.
O vaxt biz hələ də Dürrəgilin evinin zirzəmisində
yaşayırdıq. Səməd bir neçə
gün evdən bayıra çıxmadı. Bəzi qohum-əqrəba, hətta Dürrənin
anası Güllər xala və bacısı Xanım da onun
görüçünə gəlib öyüd-nəsihət
verirdilər. Lakin "Dəli
şairi"in qaşları çatılır, gzöləri
məchul bir nöqtəyə dikilir və dinməz-söyləməz
xəyal dünyasına qərq olub gedirdi. Onun dodaqları tərpənirdi, sanki kiminləsə
nəsə danışırdı. Səmədi
camaat Məcnun kimi aşiq olan "Dəli şair", "Dəli
Səməd" kimi tanıyırdı.
Bir dəfə Dilicanda (biz balaca daxmada, Dürrəgil isə
Yerevan şossesində ikimərtəbəli binada
yaşayırdılar) Dürrəyə zarafatyana, aşiqanə
söz atmışdı. Bunun üstündə
nənəsi onu bərk məzəmmət etdi. Səməd gözlərindən sel kimi yaş
axıda-axıda otaqdan çıxdı. Xeyli
gözlədik, Səməd qayıtmadı. Zavallı nənəmiz narahat olmağa
başladı və məni Səmədin dalınca göndərdi.
Onu küçədə, körpü
üstündə, çay kənarında, Dürrəgil tərəflərdə
axtardım, amma tapa bilmədim. Ürəyim,
sanki, yerindən qopurdu. Xasiyyətinə bələd
olduğumdan ağlaya-ağlaya evə döndüm. Həyətə
girəndə gözüm moruq kollarının arasındakı qoz
ağacına sataşdı, ürəyim qopdu. Səməd
özünü asmışdı. Dəli kimi
qışqırdım və özümü üstünə ataraq Səmədi
qucaqlayıb yuxarı qaldırdım. Artıq
xırıldayırdı. Səsimə nənəmiz
özünü yetirdi, kəndiri açdıq və onu
qollarımız üstə otağa gətirdik. Biz
çalışdıq ki, bu hadisəni heç kim bilməsin. Lakin az sonra əhvalat
ətrafa yayıldı. Deyəsən Səməd özü
dostlarından kiməsə bu sirri
danışmışdı.
"Dəli şair"in dəlilikləri uzun müddət
davam etdi. Səmədin balaca bədənində yurd
salmış sevgi vulkanı tez-tez püskürürdü.
1922-ci ildə Bakı Qızlar Seminariyasında oxuyan Dürrəni
görmək, heç olmasa onu uzaqdan seyr etmək
üçün Səməd ara-sıra Bakıya gedər və
məktəbin müdirəsi Mədinə xanım Qiyasbəylinin
evində qalar, Dürrəyə şeirlər yazıb
göndərərdi. Təəssüf ki, o ilk
şeirlər cırılıb atıləırdı.
***
... Səməd müəllimlik etməyə
başlamışdı. Dürrə
Bakıda oxuyurdu. Mən Gəncədə
işləyirdim. Lakin hər yay
hamımız Dilican yaylağına
yığışırdıq. Belə vaxtlarda
Dürrə yenə də özünü anlaşılmaz
aparardı. O, nə Səmədin sevgisini rədd edirdi,
nə də öz qəlbindəkini açıq bildirirdi. Sanki öz aşiqinin mənəvi əzablarından
həzz alırdı. Səməd geri
çəkilmək itəmirdi, məhəbbətinə sadiq
idi. İllər keçdikcə öz
ümidinin səraba döndüyünü, el içində
"gülünc" olduğunu dərk edən Dəli
Şair sevgilisinin xəyalı ilə yaşayırdı.
O, tez-tez Qazağa gedir, unudulmaz xatirə yerlərini seyr edir və
sevgilisini axtarırdı.
Səməd Vurğun Dürrə ərə getdikdən
sonra da onu bir xəyal kimi izləyirdi. "Əski diladarı"nı seyr etməkdən ruhi qida alırdı. Dürrəni görmək üçün saatlarla
onun keçəcəyi yolda dayanırdı. Bir dəfə
Dürrənin əri ilə birlikdə Qazxdan Bakıya gedəcəklərini
eşidir və dərhal
Gəncə stansiyasına gələrək axşamdan səhərə
kimi qatarı gözləyir. Səhər qatar
dayananda Dürrə Heydərlə birlikdə perrona
düşür və öz Vurğununu pərişan halda
görərək ondan yan keçir.
Səməd Vurğun həyatdan və insanlardan
küskün idi. O, hamıdan, Dürrədən və onun
qohumlarından intiqam almaq üçün qələmə
sarılır və acı sözlərlə onları
qırmanclayırdı. Səməd hec cür
Dürrənin ata evindən uzaqlaşa bilmirdi. O ailəyə
hərdən qonaq
gedir, bununla da söhbətlərdən
təsəlli tapmağa çalışırdı. İnsafla demək lazımdır ki, bizim bu köhnə
qohumlar, xüsusən də Dürrənin kiçik
qardaşı Mahmud Səmədi həmiçə
mehribanlıqla qarşılayar və onu ovundurmağa
çalışardılar.
***
...Dürrənin
gözəl ailəsi vardı. Namuslu, sədaqətli
bir qadın kimi Səmədin hərəkətlərindən
bəzən inciyirdi. Bir dəfə mən Dürrəgildə
(atası evində)
olarkən Səməddən şikayətləndi:
-Bir ona
desən ki, məndən əl çəksin, axı, mən
ailəliyəm, yaxşı deyil.
-Özüylə
bacarmır, - dedim, - gün gələr sən də anlayarsan
ki, doğrudan
da bacara bilmir. Dözmüsən, yenə döz, görək
axırı hara gedir...
Dürrə
kiridi, yan otağa keçib mənə çay gətirdi. Əlindən xəta
çıxmış adam kimi peşman
olmuşdu. Onun özünü belə itirdiyi halları az görmüşdüm.
Səməd
Vurğun Dürrəyə belə demişdi:
-Bizi
bir-birmizə tanıtdıran son bir görüş
olacaqdır ki, onu sənələrlə gözləmək
lazımdır...
Züleyxa Nadir
Olaylar.- 2017.- 11-13
fevral.- S.12.