"Şollar-Bakı su qurğuları
kompleksi
- 100 il: əbədi həyat mənbəyi"
Almas təki
parıldayan şəffaf su nəğmə oxuyurmuş kimi
axmağa başladı, elə bil Naxır Bulağına
Böyük Qafqaz dağlarının sərinliyi, təmiz, təravətli
ab havası gəldi...
Bakı camaatının həmin günki
sevincini təsəvvür etmək çətin deyildi.
Axı 100 il əvvəl Bakıda su qara qızıl - neft qədər
dəyərli idi.
Bakıda ilk su kanalının daha doğrusu kanallarının yaranması 18-ci əsrə təsadüf edir. 19-cu əsrin ortalarınadək Bakı camaatı məhz bu üç kanaldan - Şahsu kəməri, Məmmədqulu xan və Hüseynqulu xan su kəmərlərindən istifadə edirdi. Bu kanallardan biri Şirvanşahlar sarayını, digər ikisi isə qalanın qərb tərəfi və Qoşa Qala qapısı məhəlləsini təmin edirdi. Bakı camaatının az olmasından dolayı bu kəmərlər şəhər əhalisinin ehtiyacını ödəyə bilirdi. Lakin tezliklə hərşey dəyişdi...1859-cu ildə Şamaxı zəlzələsindən sonra paytaxt Bakıya köçürüldü. Bunun nəticəsində şəhərin əhalisi sürətlə artmağa başladı. Ardınca yaşanan ilk neft bumu Bakını dünyanın ən iri sənaye şəhərlərindən birinə çevirdi. Məhz bu iki faktor Bakı əhalisinin artımına və ən əsas suya ehtiyacı daha da artırdı. Artan əhali sayı və çiçəklənən neft sənayesi, şübhəsiz, su təminatı ilə bağlı vəziyyəti kəskinləşdirdi.
Bəli, nə qədər parodaksal olsa da dünyanın ən böyük gölü hesab olunan Xəzərin sahilində yerləşən Bakı su sarıdan xeyli korluq çəkirdi. Sahildə su təmizləyici qurğuların olmasına baxmayaraq sakinlərin suya ehtiyacı lazımınca ödənmirdi. Həmçinin təmizlənən suyun qonurvari, qırmızı rəngi, xoşagəlməyən görkəmi, ürək bulandıran dadı və kəskin iyi vardı. Əksər əhali quyu suyundan istifadə edirdi, lakin bu resurslar da bir çox hallarda istifadədə təhlükəsiz deyildi. Şəhər ətrafındakı quyuların əksər hissəsinin suyu həddən çox duzlu və ya kükürdlu idi. Bakı ərazisində olan 800 quyudan ancaq 100-ü bakterioloji cəhətdən təmiz idi. Difteriya, qırmızı qızdırma, qarın və yatalaq hallarının artması şəhərdə vəziyyəti ağırlaşdırırdı. Həmin dövrdə Bakını vəba xəstəliyi bürüməyə başladı.
Vəziyyətin gərgin, kritik həddə olması nə qədər aşikar olsa da, şəhər Duması qərar qəbul etməyə tələsmirdi, əksinə ardı ardınca layihələri böyük maliyyə tələb etdiyini əsas gətirərk rədd edirdi. Digər tərəfdən, arabalarla su daşıyanlar, "Xəzər" və "Qara Dəniz - Xəzər", "Aramazsa" cəmiyyətləri və digər su təmizləyən şirkətlər hər yolla şəhərə əsaslı, daimi su kəməri çəkilməsinə min bir yola əl ataraq mane olurdular; belə ki, onlar su satışından böyük gəlir gotürürdülər.
Bakı camaatının getdikcə kəskinləşən su problemi o dövrün ziyalılarını, vətən, xalq təəssübkeşlərini narahat etməyə bilməzdi. Şəhərin su təminatı üçün ən çox səy göstərənlərdən biri isə dövrünün ən tanınmış ictimai xadimi, neft milyonçusu, əfsanəvi xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev idi. Qeyd etmək lazımdir ki, hələ 1890-cı ildə şəhər dumasının üzvü Hacı Zeynalabdin Tağıyev və böyük maarifçi-ziyalı Həsən bəy Zərdabi şəhər əhalisinin su təchizatının yaxşılaşdırılması ilə bağlı çıxış edirdilər.
Nəhayət göstərilən səylər öz məntiqi davamını tapır, 1898-ci ildə Hacı öz vəsaitindən 3 min manat qızıl pul ayıraraq və şəhər idarəsinin işçisi İbad Əliyevi Odessaya ezamiyyətə göndərir. Odessada hidravliklərin beynəlxalq qurultayında iştirak edən İbad Əliyev orada müsabiqə elan edib deyir ki, Bakıya ən sərfəli su kəməri təklif edənə 3 min manat veriləcək. Qurultayda iştirak edən məşhur İngilis hidravlik mühəndisi Vilyam Lindley bu təklifi qəbul edir. Avropanın bir neçə şəhərində kəşfiyyat işi ilə məşğul olan və su kəmərləri layihələndirən, Lindley Azərbaycana gəlir. O Kürdən çəkiləcək suyun baha başa gələcəyini, Samur çayının isə lilli olması ucbatından axtarışlarını daha da genişləndirir. Uzun çəkən kəşfiyyat işlərinin sonunda məşhur mühəndis məhz Xaçmaz rayonunundakı qazıntılarının nəticəsindən razı qalır. Lindley kəşf etdiyi su hövzəsinə "Şollar" adını verir ki, tarixçilərə görə, Şollar sözü mühəndisin köməkçisi Şullerin (Şoll) təhrif olunmuş formasıdır.
Üstü qarlı Şahdağdan süzülüb gəlməsi, bu tükənməz su hövzəsinə 12 yeraltı çayın axması, suyun tərtəmiz olması Lindleyin bu hövzəni seçməsinə səbəb oldu.
Mühəndis sonralar etiraf edirdi ki, təkçə Qərbi Avropada onun tərəfindən 35 şəhərdə su və kanalizasiya layihələrinin tikintisi gərçəkləşib, amma texniki baxımdan belə mühüm və mürəkkəb iş ona rast gəlməyib.
Birinci Bakı Su Kəməri adı ilə tarixə düşən bu kəmər Şahdağ suyunu min bir zəhmət hesabına Bakıya gətirməyə nail oldu. 1904-cü ildə Şollar-Bakı su kəmərinin çəkilişinə başlanıldı və 1917-cı ildə ilk dəfə Bakıya tər-təmiz içməli Şollar suyu verildi.
Gündə yalnız 30 min vedrə sudan saniyədə 1200-1300 litr suya qədər coşub-daşan şəffaf dəniz - "Şollar" ilə başlayan bir həyat hekayəsi beləcə yarandı. Paytaxt Bakımızın su damarları isə sonradan şəxələnəcək, yeni mənbələrə qoşularaq genişlənəcək...
Saf su "Şollar"
Su həyat mənbəyidir, dirilikdir. Su qurtaran yerdə həyat
da qurtarar...
Azərbaycanlılar üçün qürur mənbəyi
olan, elmi baxımdan dövrün hidrotexniki qurğuları ilə
bir araya qoyulan Şollar-Bakı su kəməri və su
anbarı bu gün də insanların xidmətindədir.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin
açıqlamalarına görə, 1917-ci ildən fasiləsiz
fəaliyyət göstərən bu mənbənin məhsuldarlığı
demək olar ki, dəyişməyib. "Şollar" kəməri
ilə ilin bütün dövründə orta hesabla saniyədə
1270 litr su ötürülür.
Həqiqətən də, hər bir insanın
sağlamlığında əsas paya malik olan keyfiyyətli
içməli suya ehtiyac bu günümüzün
reallığında daha da aktual məna kəsb edir. BMT-nin
dünyadakı içməli su ehtiyatları ilə
bağlı son hesabatında da qeyd olunur ki, iqlim dəyişmələri
yaxın illərdə su ehtiyatlarına böyük təsir
göstərəcək və nəticədə insanların
içməli su ilə təchiz edilməsində ciddi problemlər
əmələ gələcək.
Tədqiqatlar göstərir ki, gün ərzində
içilən su nə qədər təmiz olarsa, onun
iştirakı ilə yaranan və yaşayan qan maddəsi daha
təmiz və sağlam olar. İnsan orqanizmində elə bir
toxuma, üzv və sistem yoxdur ki, təmiz su ona müalicəvi
təsir göstərməklə iş qabiliyyətinin bərpasına
səbəb olmasın.
Alimlər müəyyən etmişlər ki,
"çirkli" su maddələr mübadiləsinin ləng
getməsinə səbəb olur. Bədəndə suyun
miqdarı azaldıqca orqanizmdəki yağların miqdarı və
çəki artır, yorğunluq əmələ gətirir,
diqqətin pozulmasına yol açır.
San-Dieqo elmi-tədqiqat laboratoriyasının alimləri
bildiriblər ki, su və onun keyfiyyəti insanın intellektinə
təsir edir.
Yalnız təmiz su düşünmə prosesini
fəallaşdıra bilər. Tədqiqat
müəlliflərinin fikrincə, su insan beyninin müəyyən
reseptorlarına təsir etməklə orqanizmin enerji
ehtiyatını yüksəldə bilir.
Hesabatlara
görə hazırda bir milyard insan içməli suya
möhtacdır və 1.2 milyarddan çox insan isə həftədə
sadəcə olaraq, bir neçə saat sudan
istifadə edə bilir. Əksəriyyəti
uşaq olmaqla, ildə 3-4 milyon insan içməli su
çatışmazlığı problemindən
dünyasını dəyişir.
BMT qeyd edir ki, su ehtiyatlarına artan tələbatın
öhdəsindən gəlmək üçün yeraltı
su mənbələrindən getdikcə daha çox istifadə
olunacaq. Yerüstü sular nə qədər təmizlənsə
də, mütəxəssislər içməli su mənbəyi
kimi yeraltı suları üstün tuturlar. Çünki yerüstü sulardan fərqli olaraq
yerin altındakı sular ekoloji cəhətdən təmiz,
süzülmüş və ən faydalı sulardır.
Şollar suyu da dünyanın ən təmiz suları
sırasındadır, dadı yaxşıdır, onu kimyəvi
vasitələrlə təmizləməyə ehtiyac qalmır. Çünki
Şollar suyunda mexaniki çöküntü və
bakterioloji-yoluxucu maddələr yoxdur.
"Şollar"la canlanan şəhər
Sovet dövründə, su kəmərinin gücü əhəmiyyətli
dərəcədə artmışdı, ancaq yeni neft
yataqlarının istismarı ilə genişlənən sənaye
və artan əhali nəhəng addımlarla böyüyən
şəhərin tələblərinə tam cavab verə
bilmirdi.
Mənbəyini Xaçmaz rayonundan götürən
İkinci Bakı Su Kəmərinin tikintisinə isə
1934-cü ildə başlanıldı. İkinci
Dünya Müharibəsi ilə əlaqədar kəmərin
tikintisi yalnız 24 ildən sonra tam başa
çatdırıldı. Məhsuldarlığı
"Şollar"dan 2 dəfə çox olan İkinci
Bakı Su Kəməri mənbə kimi artezian tipli quyulardan,
lay və bulaq sularından qidalanır. "Şollar"
kəmərində olduğu kimi, İkinci Bakı Su Kəməri
ilə nəql olunan su da H.Z.Tağıyev qəsəbəsindəki
nasos stansiyasına qədər özüaxımlı rejimdə
ötürülür və daha sonra nasoslarla Bakıya
çatdırılır.
Sonralar, istehlakçıların su təchizatının
dayanıqlılığını təmin etmək
üçün Kür çayının sahilində sutəmizləyici
qurğular kompleksinin inşası və oradan Bakıya kəmərlərin
çəkilməsinə başlanıldı. Ulu öndər
Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə
gəlişindən sonra içməli su təsərrüfatında
ciddi dönüş yarandı. 1969-cu ildə
Heydər Əliyevin təşəbbüsü ilə
"xalq tikintisi"nə çevrilən bu layihə qısa
müddətdə tamamlandı və Kür su kəmərləri
sisiteminin birinci növbəsi mərhələlərlə
1970-1971-ci illərdə istismara verildi.
Birinci mərhələdə
kəmərlərlə paytaxta saniyədə 3,2
kubmetr içməli su ötürülsə də, bu, artan tələbatı
yenə də ödəmədi. Beləlikə
də 1980-ci illərdə Kür su kəmərləri
sisiteminin ikinci növbəsi tikildi. 1984,
1986 və 1988-ci illərdə 3 mərhələdə
Bakıya daha 3 magistral su kəməri çəkildi.
Azadlığın yenidən əldə olunmasından
sonra da həyat və sağlamlıq üçün ən dəyərli
nemət olan təmiz içməli su problemi ulu öndər
Heydər Əliyevi narahat etməkdə davam edirdi. Bakının
gündən-günə inkişaf etməsi, bu səbəbdən
də su təchizatı ilə bağlı yaranan problemlər
və suyun artan qıtlığı təxirəsalınmaz tədbirlərin
görülməsini tələb edirdi.
Odur ki,
2002-ci ilin dekabrında ümummilli lider insanların
sağlamlığı, rifahı naminə Bakı şəhərinə
təmiz su çəkilməsi ilə bağlı müvafiq
tapşırıqlarını verdi. Bu böyük layihə ulu öndər Heydər
Əliyevin təşəbbüsü ilə başlayaraq
Prezident İlham Əliyevin fəaliyyəti ilə başa
çatdı.
1998-2005-ci illərdə "Böyük Bakının
su təchizatı sisteminin yenidənqurulması layihəsi"
çərçivəsində Kür sutəmizləyici
qurğular kompleksində yenidənqurma işləri
aparıldi. Kür su kəmərləri sisteminin imkanlarından
yararlanmaqla, 2012-2013-cü illərdə Şirvan-Muğan qrup
su kəməri tikildi. Magistral kəmərin tam istismara
verilməsi Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar
şəhərlərinin, həmçinin 121 kəndin 470 min
nəfər sakininin keyfiyyətli və fasiləsiz içməli
su ilə təmin olunmasına imkan verdi.
2005-ci ilin sentyabrında Prezident İlham Əliyevin rəhbərliyi
ilə respublikada su təchizatı və meliorasiya sahəsində
görülən işlər və perspektiv layihələrlə
bağlı müşavirə keçirildi. Müşavirədə
Bakı şəhərinin su təchizatının təmin
edilməsi məqsədilə Oğuz və Qəbələ rayonlarının
ərazilərindən yeni su kəmərinin çəkilməsi
üçün bir daha müzakirələr
aparılmış, işlərin yerinə yetirilməsinə
dair mühüm tapşırıqlar verildi. Beləliklə, 2007-ci ildə Oğuz-Qəbələ-Bakı
su kəmərinin təməli qoyuldu, tikinti başladı.
2010-cu il dekabrın 28-də dövlət
başçısının iştirakı ilə Oğuz-Qəbələ-Bakı
su kəmərinin açılış mərasimi
keçirildi. Kəmərin açılışında
dövlət başçısı qeyd etmişdi: "Bu,
böyük maliyyə vəsaiti, böyük texniki, peşəkarlıq
tələb edən layihədir. Biz indiyədək
bu ölçüdə, bu həcmdə su kəmərləri
tikməmişik. Ancaq bu gün biz bunu uğurla həyata
keçirə bilmişik..."
Uzunluğu
262,5 kilometr, diametri 2000 millimetr, suburaxma qabiliyyəti saniyədə
5 kubmetr olan bu su kəməri ilə Bakıya verilən suyun
keyfiyyəti Dünya Səhiyyə Təşkilatının
standartlarına tam uyğundur. Kəmər
2011-ci ilin dekabr ayında tam gücü ilə işə
düşdü. Beləliklə də,
Bakının su damarlarının sayı 5-ə
çatdırıldı.
Görüləcək işlər
Dünyanın meqapolislərində zaman-zaman yaşanan
su qıtlığı problemi surətlə urbanlaşan və
muasirləşən Bakıdan da yan keçməyib.
Məlumdur ki, zəngin təbii sərvətlərə
malik olan Azərbaycanın şirin su mənbələri
azlıq təşkil edir. Azərbaycanda içməli
su mənbəyi kimi ən çox transsərhəd
çayları sularından istifadə edilir. Ölkənin əsas su mənbələrini Kür
və Araz çayları təşkil edir. Bu çaylar Şirvan, Muğan, Mil və ölkənin
qərb zonasını əhatə etməklə Abşeron
yarımadası, Bakı və Sumqayıt şəhərlərinin
bir hissəsinin suya olan ehtiyacını ödəyir. Bir hissəsi də Şollar və Xaçmaz su mənbələrinin
yeraltı sularından istifadə etməklə ödənilir.
Hazırda
ölkənin yerüstü su ehtiyatları 30-31 kubkilometr təşkil
edir, quraq illərdə isə bu ehtiyat 20,3
kubkilometrə qədər azalır. Yerüstü
su ehtiyatlarının mənbələrini çaylar, göllər,
su anbarları və buzlaqlar təşkil edir. Respublikanın istifadəyə yararlı yeraltı
sularının illik istismar ehtiyatları 9 milyard kubmetrə
yaxındır.
Azərbaycan
su ehtiyatlarının məhdudluğuna və şirin su
ehtiyatlarının həcminə görə Cənubi
Qafqazın görə ən "kasıb" ölkəsi
olsa belə, müvafiq dövlət proqramlarını
uğurla icra edilməsi nəticəsində Azərbaycan
adambaşına düşən suyun miqdarına görə
dünyanın bir çox ölkələrindən irəlidədir.
Hal hazırda "Azərsu" ASC ölkədə
içməli suya olan tələbatın maksimum səviyyədə
ödənməsinə çalışır. Bu istiqamətdə,
çox işlər görülüb və bütün
ölkə üzrə içməli su layihələri davam
etdirilir. Hazırda Bakının fasiləsiz
su təminatı 80 faizə çatmışdır. Ölkə üzrə isə bu göstərici təxminən
65 faizdir.
Ən əsası isə, Bakı şəhəri və
bütövlükdə Abşeron yarımadasında su təchizatı
və kanalizasiya sektorunda görüləcək işlərin
və Dövlət Proqramının icrasının səmərəliliyini
artırmaq məqsədilə 2035-ci ilədək perspektiv
inkişaf nəzərə alınmaqla su təchizatı,
kanalizasiya sistemləri və yağış sularının
idarə olunması üçün üçün Master
Plan hazırlanıb.
Prezident
İlham Əliyevin "Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın
icrasının üçüncü ilinin yekunlarına həsr
olunan konfransda qeyd etdiyi kimi "Azərsu" ASC-nin
qarşısına məqsəd qoyulub ki, bir neçə il ərzində
bütün şəhərlərimizin içməli su və
kanalizasiya layihələri tam icra edilsin. Hədəf
isə hər bir yaşayış məntəqəsinin 24
saat fasiləsiz, Dünya Səhiyyə Təşkilatının
standartlarına uyğun içməli su verilsin.
Gülqız Muradova
Yazı "Azərsu"
Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
edilir
Olaylar.- 2017.- 14
fevral.- S.10.