"Şollar-Bakı su
qurğuları kompleksi
- 100 il: əbədi həyat
mənbəyi"
İnsanın həyatda
qalması üçün ən vacib olan təbii vasitələrdən
biri də sudur. Təsadüfi
deyil ki, həyat mənbəyi
kimi xarakterizə edilən su
havadan sonra insan varlığı üçün
ikinci əhəmiyyətli amil
hesab olunur.
Canlıların orqanizminin 50-70 faizinin sudan təşkil olunduğunu nəzərə alsaq,
onun nə qədər qiymətli,
canlı aləm üçün vacib əhəmiyyət kəsb etdiyinin fərqinə vararıq. Bu da bir
həqiqətdir ki, bu
gün dünyanın 71 faizinin
sudan ibarət olmasına baxmayaraq
əksər ölkələr içməli su
problemindən əziyyət çəkir. Etiraf
etmək lazımdır ki, hər bir ölkədə olduğu
kimi Azərbaycanda da
müəyyən mənada içməli su
problemi mövcuddur. Amma müvafiq qurumlar da öz
növbəsində ölkə əhalisinin içməli suya olan tələbatının
tam mənada ödənilməsi istiqamətində
zaman-zaman məqsədyönlü tədbirlər
həyata keçirirlər.
İçməli suya olan tələbatın artmasını, şirin su çatışmamazlığını şərtləndirən başlıca amillərdən biri də əhali sayında baş verən artım tendensiyasıdır. Əhali sayında artım dinamikası baş verdikcə içməli suya olan tələbat da artmağa və alternativ su mənbələrinin axtarılıb tapılmasına daha çox zərurət yaranır. Necə ki, bir əsr bundan əvvəl paytaxt Bakıya Şollar suyunun çəkilməsi zərurəti məhz əhali sayının artması və içməli suya olan tələbatın tam ödənilə bilməməsindən meydana gəlmişdi.
Tarixi mənbələrdən aydın olur ki, paytaxtın su təchizatı ilə tənin olunması tam 3 əsr bundan əvvələ, yəni XVIII əsrə təsadüf edir. Bu dövrdə paytaxtın su təchizatını Bakı xanlarının adı ilə bağlı çəkilmiş 3 su kəməri təmin edirdi ki, bunlardan biri XVIII əsrin 20-ci illərində inşa edilmiş və Bakının şimalında, yayladakı 3 bulaqdan qidalanan "Şah" su kəməri, digəri 1791-1792-ci illərdə tikilmiş "Məmmədquluxan" su kəməri, nəhayət üçüncüsü isə Bakı xanı Hüseynqulu xanın adını daşıyan kəmər idi. Eyni zamanda həmin illərdə əhalinin su təchizatının qarşılanması məqsədilə 1000-dən artıq quyudan da istifadə olunurdu. Ancaq həmin quyulardan çıxarılan sular heç də içməyə yararlı deyildi və onların əksəriyyətindən yalnız məişət məqsədləri üçün istifadə edilirdi.
Şollar suyunun çəkilməsini
zərurətə çevirən hadisə
XX əsrin əvvəllərində neft sənayesinin sürətli inkişafı Bakının əhalisinin sayının artımasına təsir göstərirdi. Həmin illərdə paytaxt əhalisinin sayı artıq 200 min nəfərə çatırdı. Digər tərəfdən 1859-cu ildə Şamaxıda baş verən güclü zəlzələ və ərazinin yerlə yeksan olması quberniya mərkəzinin Bakıya köçürülməsi zərurətini yaratmışdı ki, bu da paytaxt əhalisinin sayının artmasına səbəb olmuşdu. Həm bu, həm də digər amillər istər-istəməz Bakıda içməli suya olan tələbatı artırır, bu sahədə ciddi problemlər özünü büruzə verirdi. Quyulardan çıxarılan suların içmək üçün yararlı olmaması paytaxtın içməli su təminatını yaxşılaşdırmaq üçün yeni mənbələrin axtarışı zərurətini yaradırdı. Təsadüfi deyil ki, 1892-ci ildə Bakıda baş vermiş vəba epidemiyasını şərtləndirən başlıca amillərdən biri də su təchizatının qənaətbəxş səviyyədə olmaması idi. Hətta həmin dövdə Bakıdakı su kəhrizlərinin suyu belə istifadəyə yararsız hesab edilərək qadağan olunmuşdu.
Bakının su təchizatında Tağıyevin müstəsna
xidməti
Paytaxta Şollar suyunun çəkilməsində müstəsna xidmətləri olan şəhər Dumasının üzvü, neft milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təklifi ilə 1879-cu ildə su kəmərləri komissiyası yaradılır və Tağıyev Bakını su ilə təmin etmək məqsədilə su mənbələrinin axtarışına 1000 rubl vəsait ayırır. Lakin paytaxtda su mənbələrinin axtarışı müsbət nəticə vermir. Belə ki, bir çox tanınmış geoloq və mühəndis - hidravliklərin axtarışları nəticəsində Bakı ətafında kifayət qədər içməli su ehtiyatının olmadığı üzə çıxır. Amma Bakı şəhərini içməli su ilə təmin etmək üçün müxtəlif layihələr təklif olunurdu. Bəziləri içməli suyun şəhərə Kür çayından gəmilərlə və ya Araz çayından tuluqlarda gətirilməsini, bəziləri isə Göy-Göldən öz axarı ilə su xəttinin çəkilməsini təklif edirdi. Hətta dəniz suyunun təmizlənərək şəhərə verilməsi, eyni zamanda Volqa çayından belə şəhərə suyun gətirilməsi təklif edilirdi ki, hər bir layihə də kifayətqədər maliyyə vəsaiti tələb edirdi. Ona görə də Bakının içməli su təminatı problem olaraq qalırdı. Amma Hacı Zeynalabdin Tağıyev necə olursa-olsun Bakının içməli su təchizatının yaxşılaşdırılmasını qarşısına məqsəd qoymuşdu və bu istiqamətdə çalışmalarını davam etdirirdi. Müntəzəm olaraq Avropaya səfərləri zamanı qitə ölkələrinin texniki və mədəni həyatında baş verən yeniliklərlə tanış olan Tağıyev xüsusilə, Almaniya və Fransanın su və kanalizasiya qurğuları sistemi ilə maraqlanırdı. Ata və oğul Lindleylərin Avropanın 35 şəhəri üçün su kəməri və kanalizasiya xətti inşa etməsi Tağıyev üçün daha cəlbedici görünürdü və xeyriyyəçi bu seçimində heç də yanılmamışdı. Çünki Vilyam Lindleyin atası Avropada su kəmərləri inşasının öncüllərindən sayılırdı. Beləliklə, Bakıya qayıtdıqdan sonra Tağıyev Avropanın bəzi ölkələrinin su təchizatında xüsusi rol oynamış ən yaxşı hidravlik-mühəndisin Bakıya dəvət olunması ilə bağlı şəhər Dumasında məsələ qaldırır. Beləliklə, Vilyam Harleyn Lindley 1899-cu ilin payızında Bakıya gəlir və məşhur mühəndis vaxt itirmədən tədqiqat işlərinə başlayır. Lindleyin tədqiqat apardığı ərazilərdən biri də Qafqaz dağlarının şimal yamaclarının - Şalvuz-dağ, Bazar düzü və Şahdağın bulaqlarının suyundan bəhrələnən Samur çayı idi. Elə avropalı mütəxəssisin diqqətini də məhz Şahdağ, Qusar yaylası və Qusar çayının yatağı cəlb etdi. Avropalı mütəxəssis bulaq suları ilə zəngin olan və su hövzəsi kimi müəyyənləşdirilən ərazini Şollar adlandırırdı.
Erməni hiyləgərliyi
Şollara qarşı
Amma şəhər Dumasında təmsil olunan və Bakıda bu bizneslə məşğul olan ermənilər ciddi cəhdlə şəhərə adıçəkilən xətt üzrə içməli suyun çəkilməsinə qarşı çıxırdılar. Ermənilər bunu perspektivsiz bir layihə kimi təqdim etməyə çalışsalar da, əslində Şollar layihəsinə qarşı çıxmağın arxasında sırf iqtisadi maraqlar dayanırdı. Belə ki, Adamyan və Babayanın dəstəyi ilə şəhərə su daşıyıb satan erməni Saruxanyan bu biznesdən külli miqdarda xeyir götürürdü. O, isə öz növbəsində bu şəraiti ona yaratdlqları üçün hər ay yuxarılardakı havadarlarına haqq çatdırırdı. İl ərzində 25-30 min rubl vəsait sərf edən ermənilər bunun qarşılığında 120-130 min rubl gəlir əldə edirdilər. Ona görə də Bakıya yeni su xəttinin çəkilməsi onlar üçün arzuedilməz idi. Hətta erməni biznes ortaqları Şollar layihəsinə mane olmaq üçün əhali arasında təxribat xarakterli işlər də aparırdılar. Onlar Quba-Xaçmaz bəylərini bu kəmərin çəkilməsinə qarşı çıxmağa vadar edir və yerli əhali arasında belə bir yalnış fikir formalaşdırırdılar ki, guya Şollar su kəmərinin çəkilməsi əkinə yararlı torpaqların məhvinə səbəb olacaq. Necə ki, eyni ssenarini ermənilər bir əsr sonra Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşması zamanı təkrarlayırdılar. Lakin Lindley opponentlərini öz seçiminin düzgünlüyünə inandırmaq məqsədilə ərazidə hidroloji ekspertiza aparılmasını təklif etdi. Ermənilərin əlində alətə çevrilən şəhər Duması isə vəsait çatışmazlığını əsas gətirərək təklifi rədd etdi. Bu zaman yenə də Hacı Zeynalabdin Tağıyev çiynini bu nəhəng layihənin altına verərək lazımi işlərin görülməsi üçün 25000 rubl kredit ayırdı. Tağıyevin bu təklifi Bakının gələcək su təminatında həlledici rol oynadı. Mühəndis Şollun geodeziya və hidro-geoloji cihazların köməyilə Şahdağ rayonunda və ona bitişik Qusar yaylasında apardığı kəşfiyyat işlərindən məlum oldu ki, dəniz kənarı boyunca içməli su quyuları, Xudatdan şimal-şərqə doğru isə, meşədə olduqca şəffaf, sərin bulaq suyu aşkar edilib. Bu bulaq öz mənbəyini Şollardan götürürdü.
XX əsrin tikintisi
Şollar su kəmərinin inşası sözün həqiqi mənasında "XX əsrin tikintisi" idi. Beləliklə, 23 iyun 1901-ci ildə Bakı şəhərinə su kəməri çəkilməsinə dair Lindleylə müqavilə bağlanılır. Bu məqsədlə 35000 rubl büdcə müəyyən edilir və həmin məbləğin 25000 rubl hissəsi Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfindən ödənilir. Daha sonra, Bakı şəhər Duması bu layihəyə 182000 rubl vəsait ayırır. 1903-cü ildə isə Şollar-Bakı su kəmərinin tikintisinə başlanılır. Rusiyada başlayan 1905-ci il inqilabı, 1914-18-ci illər Birinci Dünya müharibəsi və 1917-ci il burjua inqilabı tikintini ləngitsə də, lakin bağlanmış müqaviləyə sadiq olan Vilyam Lindleyin inadkarlığı və həvəsi sayəsində kəmərin tikintisi davam etdirilir və beləliklə, 1917-ci ilin yanvar ayının 22-də Şollar suyunun ilk sınağı həyata keçirilir. Su müəyyən olunmuş vaxtda Bakıya daxil olur. Çənlərin dolması, yuyulması bir aydan artıq vaxt apardığı üçün 1917-ci il, mart ayının 1-dən Bakı-Şollar su kəmərinin istismarına başlanılır. 1930-cu illərdə kəmərin quyu zonasında aparılmış texniki işlərdən sonra mənbənin məhsuldarlığı bir neçə dəfə artırılaraq saniyədə 1,27 kubmetrə çatdırılır. 1917-ci ildən fasiləsiz fəaliyyət göstərən bu mənbənin məhsuldarlığı demək olar ki, dəyişməyib. "Şollar" ilin bütün dövründə orta hesabla saniyədə 1200-1300 litr su verir.
İki əsrin oxşar
layihələri
Zaman keçdikcə Bakıda çoxmərtəbəli binaların inşası, şəhər ətafında yeni yaşayış massivlərinin salınması əhalinin sayında baş verən ciddi artım içməli suya olan tələbatı artırırdı. Xüsusilə, bu zərurət müstəqillik illərindən sonra daha çox özünü büruzə verməyə başladı. Bir əsr bundan əvvəl baş verən prosesin təkrarlanması, Bakıya yeni mənbədən suyun gətirilməsi ehtiyacı yaranmışdı. Tarix yenidən təkrar olunurdu. Mövcud problemin yoluna qoyulması üçün ümummilli lider Heydər Əliyev yollar axtarır, mütəxəssislərin bununla bağlı mövqeyini öyrənirdi. Beləliklə, 2002-ci ilin dekabrında Heydər Əliyevin iştirakı ilə müşavirə keçirilir. Ümummilli lider Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirir və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıqlar verir. Texniki-iqtisadi əsaslandırma və layihə hazır olandan sonra 2007-ci ilin martında kəmərin təməlqoyma mərasimi keçirilir və Oğuzdan Bakıya qədər diametri 2000 mm olan 262,5 km uzunluğunda özüaxımlı su xətti çəkilir. 2010-cu il dekabrin 28-də isə kəmərin rəsmi açılış mərasimi keçirilir və ilk su Bakı sakinlərinə çatdırılır.
Göründüyü kimi, bu gün paytaxt əhalisinin böyük bir hissəsinin içməli su təchizatı iki əsrin layihələri sayılan Şollar və Oğuz-Qəbələ kəmərləri hesabına təmin edilir.
Süleyman İsmayılbəyli
"Azərsu"
Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi
müsabiqəyə təqdim etmək üçün"
Olaylar.- 2017.- 15 fevral.- S.10.