Səməd Vurğundan xatirələr

 

Mehdixan Vəkilovun adı Vurğunsevərlərə, eləcə də ədəbiyyat xiridarlarına yaxşı tanışdı. O, Səməd Vurğunun böyük qardaşı, həm də yeganə könül dostu, qəlb sirdaşı olub. Şairin uşaqlıq və gənclik illəri gözləri önündə keçib. Mehdixan Vəkilov Səməd Vurğunun 50 illik ömür yolunda keçib gəldiyi hər bir cığırda əlindən tutub, həssas bələdçisi olub.

Onun taleyinin ən həssas çağlarını həyəcanla, nigarançılıqla izləyib, köməyini əsirgəməyib, çətin və sarsıntılı məqamlarda əsil qardaş kimi fədakarlıq edib. 13-14 yaşlarından Səməd üçün həm böyük qardaş, həm də ata - ana əvəzi olan Mehdixan Vəkilov keşməkeşli bir gənclik dövrü keçirən qardaşına arxa, dayaq olub. Mehdixan müəllim xatirələrində belə yazır: "Müasirləri yaxşı bilirləri ki, mən Səməd Vurğunun başına dolanan pərvanə olmuşam. Hər vasitə ilə onu həyat yoluna, yaradıcılığın geniş xiyabanına salmağa çalışmışam. Subyektiv hiss və duyğulardan doğan hərəkətlərdən əl çəkməsi, "Dəli Səməd", "Dəli şair" yolundan çıxması, şəxsi məhəbbətdən daha güclü romantikaya malik yeni həyatı tərənnüm etməsi üçün çox yalvarmış, çox məktublar yazmışam". Bu sözlər Mehdixan Vəkilovun "Ömür dedikləri bir karvan yolu" kitabındandı.

Oxucular üçün maraqlı olacağını nəzərə alaraq həmin kitabdan xatirələri jurnalist Züleyxa Nadirin "vasitəçiliyi" ilə təqdim edirik.

 

***

 

1906-cı ilin 21 mart gecəsi idi. Novruz bayramı gəlmişdi. Yusif ağa qalın səslə Vaqifin "Durnalar"ını, əmisi Kuhənsalın qoşmalarını oxuyurdu. Birdən nə isə ailəyə çaxnaşma düşdü. Məhbubə xanımın anası Ayişə xanım gəlib çıxdı. Gecədən xeyli keçmiş dünyaya bir körpə gəldi. Adını Səməd qoydular.

O vaxt mənim 4 yaşım varmış. Sonralar nənəmiz danışardı ki, körpə səhərə kimi ağlayıb. Atamız da yarızarafat deyib ki, bu uşaq ya baş yeyəcək (köhnə əqidəyə görə, yəni kimsə öləcək), ya da bundan görünməmiş bir şey çıxacaq. Zatən atamız sonralar da balaca Səməddəki qeyri-adi hərəkətləri və xasiyyətləri gördükcə bu sözləri inamla təkrar edərdi: oğul buna deyərəm ey!

Səməd Vurğunun atası Yusif ağa "bunt illəri"ndə son dərəcə müflisləşmiş və ömrünün axırına qədər yoxsulluq və ehtiyac içində ömür sürmüşdür. Səməd yay vaxtı biçinçilərin arxasınca (varlı adamların taxıl yerində) düşüb arpa sünbülü (qırp) topladığımızı və atamızın o sünbülləri ağacla döyəcləyib bir-iki çanaq ağnağaz (azuqə) düzəltdiyini, onu dalımızda dəyirmana apardığımızı sonralar acı-acı xatırlar və "ömrün nə yaman günləri varmış" deyərdi.

Səməd Vurğun 6 yaşındaykən sevimli, şair qəlbli anamız Məhbubə xanım dünyaya gözlərini yummuşdur. Kasıblıq, yoxsulluq, bir də vaxtsız ölən oğul (böyük oğlu Hacıməmməd) dərdi anamızı təxminən 30 yaşında dünyadan apardı. Deyirlər ki, oğul müsibətinə dözə bilməyib ölən analar var. Buna inanın! Yoxsul həyat, yeraltı daxma, ana həsrəti, atamızın sazda çaldığı qəm, qüssə, kədər və göz yaşalrı ilə dolu yanıqlı el havaları, nəğmələr balaca, zəif, qızdırmalı, lakin son dərəcə həssas və çılğln Səmədin mənəvi varlığında, duyğu və xəyallarında əbədi, onu heç vaxt tərk etməyən izlər buraxmışdır...

... Səməd anası öləndən sonra lap çılğınlaşmış, sanki, divanə bir uşağa çevrilmişdi. Kiçicik bir sözdən mütəəssir olar və gözlərindən sel kimi yaşlar axıdardı. Səməd ipə-sapa yatmırdı. Tez-tez qaçıb qəbiristanlığa anasının məzarı başına gedib ağlayar, bəzən də qəbrin üstə yatıb qalardı. Belə hallarda mən onu tapardım. O, sızıldaya-sızıldaya daxmaya qayıdar, dərdindən müştüyünü tüstülədən zavallı atamızın mehriban qucağına atılardı.

Səmədin çılğınlığı atamız ikinci arvad alandan sonra nisbətən soyumağa başladı. İkinci anamız Tükəzban xanım (Daş Salahlı kəndində Eyvazov Haqverdi ağanın qızı) Səmədin həssas və üsyankar qəlbinə yol tapmışdı. O hər cür şıltaqlığa dözür, bəzən də Səmədlə birlikdə qəbir üstə gedib onun anasını ağlayardı. Bəlkə də buna görə Səməd onu doğma ana kimi sevirdi.

 

Atamız ikinci dəfə evlənənə kimi bizim, xüsusən də bir yaşından yetim qalan bacımızın qayğısını daha çox nənəmiz Ayişə xanım çəkirdi. İyirmi yeddi yaşından dul qalan, iki qızı böyüdüb ərə verən, kişi xasiyyətli, daima silahlı (tapançalı) gəzən igid nənəmin söylədiyi nağıllar və macəralar Səmədin varlığına, hiss və duyğularına, xəyal və təsəvvürlərinə balaca vaxtından canlı izlər buraxmışdı.

...Səməd Vurğun 1914-cü ildən 1918-ci ilə kimi Salahlı məktəbində oxudu. O zaman dərslər həm Azərbaycan, həm də rus dilində keçirilirdi. Səməd Vurğun öz cəldliyi, dərsləri tez mənimsəməsi, hazırcavablığı, iti düşüncəsi və kəskin hafizəsi ilə həmyaşıdlarından çox fərqlənirdi. O, adətən özündən böyük uşaqlarla, hətta yaşlılarla durub-oturmağa meyl göstərirdi. Hələ kənd məktəbində oxuduğu zaman Molla Pənah Vaqifin və Puşkinin şeirləri ilə maraqlanırdı. Lap kiçikkən Firdovsinin "Şahnamə"sindən "Rüstəm və Söhrab" hissəsinin tərcüməsini oxumuşdu.

1918-1924-cü illər Səməd Vurğunun həyat yolunun xüsusi bir mərhələsini təşkil edir. Azərbaycanın məşhur demokratı və ədəbiyyatşünası Firudin bəy Köçərli 1918-ci ilin sentyabrından etibarən keçmiş Qori Müəllimlər Seminariyasının tatar şöbəsini çox böyük əziyyət fədakarlıqla (gürcü menşevikləri mane olurmuş) Qazağa köçürmüş və onun əsasında Qazax Müəllilər Seminariyası yaratmışdı. Seminariyanın açılması təkcə Qazax mühitində deyil, tamam Gəncəbasarda böyük mədəni hadisə kimi qarşılandı. Hamının üzündə sevinc vardı. Uşaqların təhsil almaları və müəllim yetişdirilməsi üçün imkanlar açılmışdı. Firudin bəyin arvadı, əslən qazaxlı vəkilovlar nəslindən olan maarifpərvər qadın Badsəba xanım Köçərlinin də seminariyanın açılmasında müəyyən rolu olmuşdu.

Yeni açılmış məktəbə axın başlamışdı. Necə deyərlər, atını minən çapırdı. Seminariyaya varlı və tavanalıların uşaqları ilə birlikdə, köynəyi yamaqlı, ayağı çarıqlı kasıb balaları da qəbul edilirdi. Mən ilk yoxalamadan sonra qəbul olundum. Sonrakı qəbul imtahanı verənlər sırasında əyinində yamaqlı paltar, başında quzu dərisindən papaq, ayağında çəkələk, boğazı nazik, zəif və cansız, lakin gözlərindən od parlayan bir uşaq da vardı. Bu, gələcyin böyük şairi Səməd Yusif ağa oğlu Vəkilov idi.

Səmədin balaca boyunu, zəif və cılız bədənini görən Firudin bəy onu imtahana buraxmaq istəmirdi. O, nənəmiz Ayişə xanıma (atamız təvazökarlıq edərək kənarda dayanmışdı) müraciət edərək " ay arvad, bu uşağı lət basıb öldürür, belə cırtdan boyda uşaqdan müəllim çıxmaz, oxuya bilməz, həm də iki qardaşı birdən qəbul etmək düz çıxmaz" deyə rədd edirdi. Yazıq nənəmiz isə "Firudin bəy, üzüm ayaqlarının altına, mənə yazığın gəlsin, o mənim nəvəmdi. Anadan yetim qaldığına görə, bir də kasıblıqdan bu günə düşüb. Badsəba xanım bu kasıbların gününü yaxşı bilir" deyə yalvarırdı.

Firudun bəy heç bir güzəştə getmək istəmirdi. Birdən "eh, Firudin bəy, hardan biləsən ki, bu ürəkdə nə var?" deyən bir uşaq səsi eşidildi. Firudun bəy cəld döndü, nənəsinin ətəyindən tutub dayanan "xəstə uşaq" onun üzünə, gözlərinin içinə baxırdı. Bu səs Səmədin səsi idi.

Firudin bəy fikrə getdi. Ətrafı tam sükut bürümüşdü. O birdən İbrahim bəy Qayıbova "bu uşağı bir yoxla görək" dedi. O zamanlar ənənə olaraq əvvəlcə Qurandan bir surə oxudurdular. İbrahim Əfəndi "Əmma" surəsini açdı və Səmədə dedi ki, oxu. Səməd o surəni oxumadı. Quranın ortasından haranısa açdı və bir-iki sətir oxuduqdan sonra kitabı örtüb gözünü yumdu, surənin qalan hissəsini gözəl səslə əzbərdən deməyə başladı. Hamı heyrət içində dərin sükuta dalıb dinləməyə başladı. Sükutu Firudin bəy pozdu. Səmədə yaxınlaşaraq əlini onun çiyninə qoydu və dedi:" Bu ki, od parçasıymış".

Səməd demək olar ki, Quranı əzbər bilirdi. O, kənddə molla yanında da oxumuşdu. Səmədin cürəti və heyrətamiz hafizəsi Firudin bəyi məğlub etdi. Səməd sonrakı imtahanları da müvəffəqiyyətlə verib seminariyaya qəbul olundu.

Nənəmizin sevinci yerı-göyə sığımırdı. Yazıq arvad yetim nəvəsini bağrına basdı qızı Məhbub xanımın Səmədi əzizlədiyi sözləri - "dağlarda çiçək, a səmsəmi, hamıdan göyçək, a səmsəmi" deyib ağladı...

...Səməd seminariyada əla oxumaqla bərabər çox nadinc, sərt, hər sözü üzə deyən, bəzən müəllimlərə söz qaytaran, üsyankar xasiyyətli şagird idi. Lakin nədənsə, müəllimlər onu çox sevirdilər, başını sığallayır, şirin dilə tuturdular. Sanki bu kiçik bədəndəki fırtınanaı ram etməyə, cilovlamağa çalışırdılar.

Bir dəfə 1922-ci ildə Səməd seminariyada oxuyan qızlardan Dürrənin qoluna iynə batırmışdı. Dürrə ağlaya-ağlaya məktəbin direktoru Əhmədağa Mustafayevə (Firudin bəy Köçərli əsassız olaraq həbs edilmiş və Gəncədə qalxan əksinqilab günlərində xalq düşmənləri, daşnak qalıqları tərəfindən vəhşicəsinə öldürülmüşdü) şikayət etmişdi. Direktor Səmədi çağıraraq ona qəzəblənmiş və "qulağından tutub bütün Qazağı dolandıraram" demişdi. Bunun cavabında Səməd "möhtərəm müəllim, hər halda siz özünüz də mənimlə bərabər Qazağı dolanacaqsınız" dedikdə direktor və müəllimlər gülməklərini saxlaya bilməmişdilər.

Bu hadisə zamanı riyaziyyat müəllimi Alay Şıxlinski "bu uşaq ya gora salamat baş aparmayacaq, ya da bundan görünməmiş bir şey çıxacaqdır" demişdi...

Davamı olacaq...

 

Olaylar.- 2017.- 16 fevral.- S.10.