Azərbaycançılıq
ideyasının təbliği
Hər bir
xalqın mütləq çoxluğunun mənafeyini ifadə
edən milli ideologiya həmin xalqın tarixi inkişaf yolundan
xəbər verir. Xalqların vahid məram və məqsədlər
ətrafında sıx birləşməsi ilk növbədə
milli ideologiyanın dəqiq müəyyən edilməsindən
çox asılıdır. Çünki, düzgün
ideologiyanın müəyyən edilməsi həm də
xalqların və dövlətlərin gələcək
inkişaf prespektlərinin təməlini təşkil edir.
Dövlətin vahid ideologiyası vətəndaşların təbii
maraqları ilə üst-üstə düşdükdə isə
dövlət-vətəndaş münasibətləri
sarsılmaz olur. Belə bir ideologiyanın ərsəyə gətirilməsi
təbii ki, uzaqgörən, dahi siyasətçilərin fədakarlığı
nəticəsində mümkün olur. Ümummilli lider Heydər Əliyev də 1993-cü
ildə hakimiyyətə qayıtdıqdan sonra dövlətin
müstəqilliyi və gələcək inkişafını
təmin etmək məqsədilə
Azərbaycan cəmiyyətinin möhkəmlənməsinin
ideya təməli olan azərbaycançılıq
konsepsiyasını irəli sürmüşdür. Azərbaycançılığın
bütün dünya azərbaycanlılarını birləşdirən
ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan
dövlətinin ideya əsasına çevrilməsi ulu
öndər Heydər Əliyevin tarixi xidmətidir.
Çünki, azərbaycançılıq ideologiyası
ümummilli lider Heydər Əliyevin
çağırışı ilə bütün dünya azərbaycanlılarının
milli birlik platformasına çevrilib.
Azərbaycançılığın
fəlsəfə mahiyyəti
Xatırladaq ki, Azərbaycan dövlətçilik irsinin araşdırılması və təbliği, öz tarixinə və gələcəyinə, milli və mənəvi dəyərlərinə hörməti özündə əks etdirən azərbaycançılıq ideoliogiyası həm də milli dövlətçilik strategiyamızın təməl prinsiplərini təşkil edir. Ümumilli lider Azərbaycan dövlətinin təməlini qoymaqla yanaşı, milliliklə dövlətçiliyi bir-birinə qovuşdurdu, onların sarsılmaz vəhdətini təmin etdi. Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan parlamentindəki çıxışında demişdir: "Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bunu əməli surətdə həyata keçirə bilsək, Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik". Bununla ulu öndər Azərbaycanda hakimiyyətin mövqeyini əks etdirən azərbaycançılıq ideyasının əsaslarını bəyan etmişdir. Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaq və möhkəmləndirmək azərbaycançılıq ideologiyasının əsas qayəsidir. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Təbii ki, bu dəyərlər sistemi Azərbaycanda demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir. Azərbaycançılıq ideologiyası həm də vahid və bölünməz Azərbaycanın qorunub saxlanması və möhkəmləndirilməsinin siyasi əsasıdır. Məhz bu ideologiya ətrafında birləşmək Azərbaycanda müxtəlif konfessiyaların dinc yanaşı yaşamasını, ölkədə yaşayan bütün etnosların qardaşlaşmasını, onların Azərbaycanın firavan gələcəyi uğrunda vahid cəbhədə birləşməsini təmin edə bilib. Çünki, Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanıb. Daha doğrusu, azərbaycançılıq ideologiyası özündə bərabərhüquqlu vətəndaşlıq, qarşılıqlı əməkdaşlıq və həmrəylik sisteminin ideya-nəzəri əsasını birləşdirib. Lakin azərbaycançılıq Azərbaycan ərazisində yaşayan xalqların həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya həm də Azərbaycanın müstəqilliyini arzulayan, onun güclənməsini bütöv istəyən insanları birləşdirir. Bu isə o deməkdir ki, azərbaycançılıq milli-mənəvi varlığın ilkin əlamətlərini, xalqın kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən dəyərlər sistemidir. Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Hazırda Azərbaycan dövlətinin xarici siyasətinin əsas tərkib hissələrindən biri də məhz dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birliyinə nail olmaqdır. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır. Məhz bu amil nəzərə alındığından bu gün azərbaycançılıq ideyası Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasına çevrilib. Azərbaycançılıq ideyası dövlətin milli ideologiyasının özəyini təşkil etdiyindən milli-mənəvi dəyərlər və ümumbəşəri dəyərlər bu anlayışın tərkib hissələri hesab olunur. Bununla da azərbaycançılıq ideologiyası qloballaşma şəraitində universal dəyərlərin qorunmasını təmin edir.
Azərbaycanlıların
birlik və
həmrəyliyini
təmin edən ideologiya
Azərbaycanda vətəndaş sülhünü, ümumxalq vəhdətini, milli və dini tolerantlığı təmin edən azərbaycançılığın digər tarixi missiyası müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinin təmin olunmasından ibarətdir. Hələ Ümummilli liderin Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında bəyan etdiyi tezislər əslində azərbaycançılığın, Azərbaycan təəssübkeşliyinin ən lakonik ifadəsi idi: "Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir". Artıq bu gün hər bir soydaşımız yaxşı dərk edir ki, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli dünyada yaşayan bütün azərbaycanlıların birliyindədir. Belə birliyi isə tarixin bütün zehni və mənəvi təcrübələrini özündə əks etdirən milli ideologiya yarada bilər. Məhz bu ideologiya Azərbaycançılıqdır. Təsadüfi deyil ki, mütəfəkkirlər hesab edirlər ki, Azərbaycançılıq coğrafi anlayış deyil, o daha çox siyasi anlayışdır. Odur ki, bu ideologiya dövlətin aparıcı ideologiyasına çevrilib. İndi Azərbaycan diasporu kifayət qədər inkişaf etmiş, müxtəlif mədəniyyət mərkəzləri yaradılmışdır ki, onlar azərbaycan dilinin, ədəbiyyatının, incəsənətinin dünyada tanınmasında, müstəqil Azərbaycan ideallarının beynəlxalq səviyyədə müdafiəsində müəyyən xidmətlər göstərirlər. Hər şeydən əvvəl, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında onların üzərinə böyük vəzifələr düşür. Azərbaycançılıq ideyalarının təbliği bu gün Prezident İlham Əliyevin xarici və daxili siyasətində başlıca yer tutur. Dövlətimizin başçısı xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərə xüsusi diqqət ayırır, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında soydaşlarımızı daha fəal olmağa çağırır. Dövlət başçısının Bakıda keçirilən Dünya Azərbaycanlılarının 4-cü qurultayında soydaşlarımızı birliyə səsləməsi bu siyasətin uğurla davam etdirilməsini təsdiqləyir: "Mən çox istəyirəm ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları da bir nöqtəyə vursunlar, birləşsinlər. Belə olan halda onların gücü də, ictimaiyyət tərəfindən onlara qarşı hörmət də artacaq. Nəzərə alsaq ki, bütün azərbaycanlılar, onların böyük əksəriyyəti vətənpərvərdirlər, Vətənə bağlıdırlar. Onlar istəyirlər ki, Azərbaycan dövləti daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin".
Muktikulturalizm və
İslam həmrəyliyi
azərbaycançılığın
tərkib hissəsi kimi
Qeyd edək ki, hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət-din, milli-mənəvi dəyərlərin qorunması siyasətinin əsasını da azərbaycançılıq ideologiyası təşkil edir. Bu gün dövlət başçısının uğurlu siyasəti nəticəsində azərbaycançılıq ideyası ölkədə yaşayan bütün etnik qrupların vahid ideyası kimi çıxış edir. Etiraf edək ki, Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olub. Bu baxımdan şübhəsiz ki, müstəqil Azərbaycanda multikultural dəyərlərin formalaşmasında azərbaycançılıq ideologiyası əvəzsiz rol oynayıb. Əsrlərin sınağından çıxmış milli birliyimizin təməl daşı olan azərbaycançılıq artıq multikulturalizmlə vəhdət halında siyasi gündəmə daxil olub və hakimiyyətin əsas ideoloji prinsipinə çevirib. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası bu gün də davam etməkdədir. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə baxmayaraq, respublikamızda insanların dini inancları, habelə vicdan azadlığı yüksək səviyyədə təmin olunur. Azərbaycanın paytaxtı Bakı şəhərindəki Heydər məscidində məzhəbindən asılı olmayaraq bütün müsəlmanların bir araya gələrək eyni vaxtda bir yerdə vəhdət namazı qılması buna bariz nümunədir. Bu isə o deməkdir ki, Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların vətənidir. Bu mənada, ölkədə reallaşdırılmasına səy göstərilən hər hansı ideya təkcə milliyyətcə azərbaycanlıların deyil, bütün etnosların maraqlarını özündə tam ehtiva edir. Yəni, dövlətin irəli sürdüyü hər hansı ideya və fikir etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, ölkənin bütün əhalisinin maraqlarını önə çəkir. Multikulturalizm öz-özlüyündə dünyanın və bəşəriyyətin ümumi sərvətlərindən biri kimi istinad nöqtəsi olsa da İslam həmrəyliyi onun tərkib hissələrindən biri kimi çıxış edir. Bu mənada reallıq göstərir ki, Azərbaycan öz nüfuzundan və təcrübəsindən irəli gələrək müsəlman ölkələri arasında da birləşdirici və barışdırıcı rol oynamağa qadirdir. Prezident İlham Əliyevin "2017-ci ilin Azərbaycan Respublikasında "İslam həmrəyliyi ili" elan edilməsi haqqında" sərəncamı da İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədinə xidmət edir. 2017-ci ilin Azərbaycan Respublikasında "İslam həmrəyliyi ili" elan edilməsi ilə Azərbaycan böyük bir missiyanı üzərinə götürmüş olur. Bu bir tarixi həqiqətdir ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. İslam dininin yayılmasında və eyni zamanda müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb. Ölkəmiz tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. İndi də növbəti təşəbbüslə həmrəyliyin nəini azərbaycanlılar, eləcə də bütün bəşəriyyət üçün vacibliyini anlatmağı hədəf seçib.
Alim Hüseynli
Yazı "Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
etmək üçün" hazırlanmışdır.
Olaylar.- 2017.- 17 fevral.- S.10.