Fikirsöz azadlığının təminatında

medianın rolu danlmazdır

 

Azərbaycanda müstəqil mətbuatın fikir və söz azadlığını təmin etməsi faktı heç kimdə şübhə doğurmur. Artıq ölkəmizdə dünyanın ən aparıcı mətbuat orqanları ilə müqayisə edilə biləcək media nümunələri fəaliyyət göstərir. Dünyaya inteqrasiya edən Azərbaycanda bir sıra xarici dildə yayımlanan media orqanının olmasının özü azad mətbuatın göstəricisi kimi qəbul oluna bilər. Hüquaşünas Mirzə Manafov deyir ki, Azərbaycanda azad mətbuat ənənəsinin olmasına baxmayaraq onun yüksək səviyyədə inkişafı, sözfikir azadlığının genişlənməsi ötən əsrin sonlarına təsadüf edir:

"Ölkənin demokratikləşmə prosesində KİV-in aparıcı mövqedə olması ulu öndər Heydər Əliyevin bu məsələyə müsbət və birmənalı münasibətinin nəticəsi idi. Ümummilli lider söz və məlumat azadlığını, KİV-in müstəqilliyini demokratik cəmiyyət quruculuğunun vacib şərti hesab edirdi. İstər Azərbaycana rəhbərliyinin sovet dövründə, istərsə də müstəqil dövlətimizə başçılıq etdiyi illərdə ulu öndər jurnalistikanın inkişafına, KİV-in maddi-texniki bazasının, yaradıcılıq imkanlarının genişlənməsinə xüsusi diqqət və qayğı göstərib, dövlət quruculuğunda, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə, azərbaycançılıq ideologiyasının, milli mənəvi dəyərlərin təbliğində medianın roluna böyük əhəmiyyət verib. Vaxtilə Azərbaycanda yalnız senzuralı mətbuat mövcud idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə mətbuatda ilk növbədə mövcud problemlər aradan qaldırıldı, azad söz, müstəqil mətbuat üçün geniş imkanlar yarandı, senzura ləğv olundu. Mətbuatın inkişafına maneçilik törədən süni məhdudiyyətlərə son qoyuldu, onun inkişafına və təkmilləşdirilməsinə yönəldilmiş qanunvericilik bazası gücləndirildi, müasir dünya standartlarına uyğunlaşdırıldı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazası möhkəmləndirildi, güzəştlər müəyyənləşdirildi, bununla əlaqədar bir çox fərman və sərəncamlar imzalandı". Hüquqşünas bildirib ki, Prezident İlham Əliyev Azərbaycanda mətbuata dövlət dəstəyini yüksək səviyyəyə qaldıraraq rəsmiləşdirmiş və şəffaflaşdırmışdır: "Azərbaycan Prezidentinin imzaladığı çoxsaylı fərman və sərəncamlar, xüsusilə 2008-ci ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" məhz bu məqsədlərin həyata keçirilməsinə xidmət edir. Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin aprelində yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu KİV-in maddi-texniki bazasının, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Söz və mətbuat azadlığı Azərbaycan Respublikası qanunlarında fundamental insan hüquqları sırasında təsbit olunub". Bir daha xatırladaq ki, Azərbaycan dövlətinin media siyasətinin başlıca məqsədi güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübünü çəkən medianın formalaşması və inkişafı olmuşdur. Elə bu səbədən dövlət daim mətbuatın problemlərini diqqət mərkəzində saxlayır, onların müstəqil fəaliyyət göstərməsi üçün maliyyə vəsaiti ayırır. Hüquqşünas bildirb ki, "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu dövlətin kütləvi informasiya vasitələrinin inkişafına müxtəlif formalarda yardım göstərməsini istisna etmir. Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi metodiki, təşkilati-texniki, konsultativ, maliyyə və digər formalarda ola bilər. Metodiki dəstək kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, onların informasiya əldə etmək imkanlarının genişləndirilməsi, kütləvi informasiya vasitələri nümayəndələrinin ixtisas və peşə hazırlığının artırılması üçün tövsiyələr, materiallar, məlumat kitabçaları və digər vəsaitlərin hazırlanması yolu ilə həyata keçirilir.Təşkilati-texniki dəstək müxtəlif tədbirlər zamanı kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə zəruri şəraitin yaradılması, həmçinin fikir, söz və məlumat azadlığı, plüralizm və kütləvi informasiya vasitələrinin inkişafı mövzusunda ictimai maraq doğuran seminarların, konfransların, təlimlərin və digər tədbirlərin təşkilinə dəstək göstərilməsi vasitəsilə həyata keçirilir".Qeyd edək ki, hazırda Azərbaycanda elektron informasiya vasitələrinin inkişafı onlara da dövlət dəstəyini zəruri edir. İnternet artıq məlumat mübadiləsi üçün rəqəmsal şəbəkə olmasını dayandıraraq kütləvi mədəniyyət elementinə, qloballaşma tərəfdarlarının şəksiz arqumentlərinə, informasiya cəmiyyətinin rəmzinə, siyasi, mədəni və iqtisadi həyat hadisələri ilə bağlı mütləq azadlığın, fikir mübadiləsinin və özünüifadənin distant reallaşma vasitəsinə çevrilib. İnternet vasitəsilə ifadə azadlığı prinsipləri əsasında müxtəlif xalqlar dövlət ətrafında demokratikləşmə proseslərində hakimiyyətə nəzarət üçün yeni perspektivlər qazanırlar. Məlumdur ki, informasiya sahəsi onun infrastrukturu, toplanılması, formalaşdırılması, yayılması və istifadəsini, həmçinin bu zaman ortaya çıxan ictimai münasibətlər sisteminin tənzimlənməsi subyektlərini özündə ehtiva edir.Məhz elektron medianın inkişaf səviyyəsini nəzərə alan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov  bir müddət öncə "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı təklif irəli sürüb. O bildirib ki, elektron KİV-lər də  "Kütləvi informasiya vasitələri haqqında" qanuna əlavə olunsun: "Gözləntim budur ki, nəhayət 2017-ci ildə biz bu prosesə başlayaq. Çünki internet medianın potensialı böyükdür. Bu potensialdan "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın istiqamətlərinə uyğun faydalanmaq son dərəcə zəruridir. Digər tərəfdən, dövlət yardımının bu sahədə çalışan həmkarlarımızın sosial vəziyyətini, KİV-lərin maddi-texniki durumunu yaxşılaşdıracağı qənaətindəyəm. Zənnimcə, KİV-lərə Əlavə Dəyər Vergisi tətbiqinin ləğvinin yenidən şahidi olacağıq". Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü  Tahir Kərimli  elektron KİV-in  "Kütləvi informasiya vasitələri haqqında" qanuna əlavə olunmasını məntiqli və vaxtında verilmiş təklif kimi qiymətləndirib: "Bu həm də qanunvericilik baxımından zəruridir. İlk olaraq onu deyim ki, elektron KİV-lər cəmiyyətimizdə çap KİV-lərdən daha mühüm rol oynayır. Bu gizlin deyil. Bir çox ölkələrdə, xüsusən də Azərbaycanda elektron KİV-lərin zəruriliyi göz qabağındadır. Cinayət, İnzibatiMülki məcəllələrdə elə normalar var ki, bunlar KİV-lərə tətbiq olunur. Amma elektron media "Kütləvi İnformasiya haqqında" qanunda keçmədiyinə görə, həmin normalardan kənarda qalır. Hansısa 1000 tirajlı qəzetdə kimsə təhqir olunursa, məsuliyyətə cəlb olunma məsələsi ortaya gəlir. Ancaq 10000 insanın izləyəcəyi arialda kimsə təhqir olunanda isə bununla bağlı hər hansı bir tədbir görmək olmur. Ona görə də elektron KİV-lərin qanunla tənzimlənməsinə ciddi ehtiyac var". "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov mətbuata açıqlamasında elektron KİV-lərin qanunla tənzimlənməsinə ciddi ehtiyacın olduğunu bildirib:  "Elektron KİV-lərin hansı səlahiyyətlərə sahib olmasını, fəaliyyətlərinin prinsiplərini dəqiqləşdirmək çox yaxşı olardı. Digər tərəfdən qanunla tənzimlənən KİV-lərin özləri üçün də müəyyən imtiyazlar olur. Məsələn, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradıldı və bu əsasla KİV-lərin çoxu qrantlı layihələrdə iştirak edir. Bu da böyük maddi köməkdir. Əgər elektron KİV-lər haqqında da bu cür qanunlar qəbul olunsa, orada iştirak etməklə öz maddi durumlarını, həmin yerdə çalışan insanların sosial rifahı bir qədər də yaxşılaşar". Baş redaktor  "Kütləvi informasiya vasitələri  haqqında" qanuna dəyişikliklərdə sırf jurnalistika təhsili olan şəxslərin jurnalist kimi fəaliyyət göstərməsinə icazə veriləcəyinin nəzərdə tutulduğu barədə yayılan fikirlərə də cavab verib:"Belə söhbət yoxdur. Şayiə həmişə var. Bu barədə bir neçə il əvvəl söhbət getdi. Yeganə bizim nail olduğumuz isə o oldu ki, heç olmasa redaktorlar ali təhsilli olsun. Orada qəbul olunmadı ki, redaktorların hökmən jurnalistika təhsili olsun. Biz bunun üstündə təkidlə dayandıq ki, heç olmasa, ali təhsilli olsun. Redaktorun ali təhsilli olması media orqanının səviyyəsinə və Azərbaycan dilinin qorunmasına da təsir göstərir. Həm də orada çalışan jurnalistlər üçün də yaxşıdır. Təsəvvür edin ki, bir neçə ali təhsilli insan bir orta təhsilli redaktorun əlinin altında işləyir. Amma bu şəkildə məlumatın yayılmasının isə heç bir əsası yoxdur".

 

Olaylar.- 2017.- 18-20 fevral.- S.15.