Səməd Vurğundan
xatirələr
Əvvəli 11-13 fevral tarixli sayımızda
Mehdixan Vəkilovun adı Vurğunsevərlərə, eləcə
də ədəbiyyat xiridarlarına yaxşı
tanışdı. O, Səməd Vurğunun
böyük qardaşı, həm də
yeganə könül dostu,
qəlb sirdaşı olub. Şairin
uşaqlıq və gənclik illəri gözləri
önündə keçib. Mehdixan Vəkilov
Səməd Vurğunun 50 illik
ömür yolunda keçib gəldiyi hər bir
cığırda əlindən tutub, həssas
bələdçisi olub. Onun taleyinin
ən həssas çağlarını həyəcanla,
nigarançılıqla izləyib, köməyini əsirgəməyib,
çətin və sarsıntılı məqamlarda əsil qardaş kimi fədakarlıq
edib. 13-14 yaşlarından Səməd üçün həm böyük
qardaş, həm də ata
- ana əvəzi olan Mehdixan Vəkilov keşməkeşli bir gənclik dövrü
keçirən qardaşına arxa, dayaq olub.
Mehdixan müəllim xatirələrində
belə yazır: "Müasirləri yaxşı bilirləri
ki, mən Səməd Vurğunun başına dolanan pərvanə
olmuşam. Hər vasitə ilə onu
həyat yoluna,
yaradıcılığın geniş
xiyabanına salmağa
çalışmışam. Subyektiv hiss və duyğulardan
doğan hərəkətlərdən əl
çəkməsi, "Dəli Səməd", "Dəli
şair" yolundan
çıxması, şəxsi məhəbbətdən daha güclü romantikaya malik yeni həyatı tərənnüm etməsi üçün çox
yalvarmış, çox məktublar
yazmışam". Bu sözlər Mehdixan Vəkilovun "Ömür
dedikləri bir karvan yolu" kitabındandı.
Oxucular üçün
maraqlı olacağını nəzərə alaraq
həmin kitabdan xatirələri jurnalist Züleyxa Nadirin "vasitəçiliyi" ilə təqdim
edirik.
...Bakıda sovet hakimiyyətinin qələbə xəbəri Qazağa çatmışdı. Şəhərdə bir vəlvələ vardı, sanki, dünya qopurdu. Qubernator Xan Xoyski qaçmışdı. Yerli kommunustlər hakimiyyəti ələ almışdılar. 14-15 yaşlı Səməd inqilabın nəfəsi ilə isinirdi.
Biz inqilab xəbərini eşidən kimi məktəbin həyətinə toplaşdıq.Müəllimlər həyəcan içində idilər. Firudin bəy görünmürdü. (Onu həbs edibmişlər). Bir nəfər türkiyəli müəllimimiz vardı (adını unutmuşam. O, tələbələrə yanaşaraq "bunları həp yapan Lenindi" dedi. Biz ilk dəfə Leninin adını eşitdik. (Qəribədir seminariyada oxuduğumuz illərdə (1918-1920) inqilab haqqında, Lenin barədə müəllimlərimizdən bir kəlmə də eşitməmişdik. Siyasi mövzularda söhbət olmazdı).
Hadisələr sürətlənməyə başlamışdı. XI Qızıl Ordunun hissələri Qazağa daxil oldu. Biz Səmədlə birlikdə yol kənarında durub tamaşa edirdik. Əsgərlərin və zabitlərin təkbuynuzlu, şiş papaqları vardı, bir-birindən fərqlənmirdilər. Çoxunun ortadan kəsilmiş beşatılan tüfəngi nəzərimizi daha çox cəlb edirdi. Əsgərlərin paltarları və ayaqqabıları da köhnə idi. Elələri vardı ki, ayaqqabının (çəkmənin) üstündən kəndirlə bağlamışdılar, inqilabi mahnılar oxuyurdular.
Atamız bizə acıqlanıb evə göndərdi və gəlib qapını bağladı. Hamı qorxudan evinə çəkilmişdi. Soldatları ikbir, üçbir evlərə yerləşdirdilər. Səməd "bizim rus" adlandırdığımız qonağımızı sonralar tez-tez xatırlardı...
1920-ci ilin yay günləri idi. Atamızın balaca otağının bir küncündə ər-arvad iki hərbçi qonaq qalırdı. Deyəsən, kişi
hərbi rütbə sahibi idi. Səməd
həmin ruslarla dostlaşmışdı, onlar
üçün skripka çalırdı.
Onlar isə ağızlarında
rus xalq mahnıları çalıb
Səmədə öyrədirdilər.
Bir dəfə hamımız döşəmədə
oturmuşduq. Ortada samovar qaynayırdı.
Analığımız ortaya balaca bir süfrə salıb çörək,
şor, bəhməz,
bir qədər də kişmiş qoymuşdu. O zamanlar alverçilər, möhtəkirlər hər şeyi gizlətmişdilər,
qənd tapılmırdı.
Ona görə də çayı bəhməz,
ya da kişmişlə
içirdik.
Rus qonaqlarımız qabaqlarına
saldıqları qəzetin
üstündə qara
çörək doğrayıb,
bir qədər də donuz piyi və
kolbasa qoymuşdular. Atamız rusca az-maz bildiyindən
qonaqlarla kəsik-kəsik
danışmırdı, bəzi
sözləri başa
düşməyəndə Səmərə müraciət
edirdi. Səməd rus dilini məndən yaxşı bilirdi.
Çay
içilən vaxt
"bizim rus" atamıza bir-iki parça kirli qənd verdi.
O, qəndi götürmək
istəmədi, lakin
"bizim rus" təkid etdi. Kişi
mat-mat üzümüzə baxır və sanki "bunlar nə yaxşı adamdırlar" deyirdi.
Atamız bərk papiros çəkən idi. Lakin o günlərdə özü
dediyi kimi tənbəki tapa bilmirdi, yazıq kişi yanıb-tökülürdü.
Bunu hiss edən rus qonaq "babay, vı kurite?" deyə soruşdu. Atamız başı ilə
təsdiq etdi. Qonaq dərhal kişinin qabağına bir ovuc maxorka tökdü.
Atamız bu dəfə
"isbasibo, isbasibo"
deyə razılıq
etdi. Onun gözlərinə işıq gəlmişdi.
Üzünü bizə
tutub "a bala, deyəsən, bunlar Allah adamıdırlar" dedi.
Səməd dərhal
"ay bava, bə əvvəllər deyirdin ki, ruslar kafirdilər,
indi sənə maxorka verən kimi nə tez
allah adamı oldular?" deyib kişiyə sataşdı.
Atam da gözlərini
ağardaraq "kiri, başa düşərlər
birdən, ayıfdı"
dedi...
Biz artıq Fəhlə-Kəndli
Gəncələr İttifaqının
(komsomol) üzvləri
idik. Siyasi və ictimai
işlərdə fəallaşmışdıq.
İyirminci illərin
coşqun inqilab günlərində baş
verən hadisə - Dilicanda həbsə alınan əksinqilabçılardan
iki nəfərin, sonralar isə Gəncə qiyamında iştirak edən və qaçarkən Qazaxda həbs olunan iki zabitin
hərbi inqilab komitəsinin hökmü ilə güllələnməsi
14 yaşlı Səmədə
sarsıdıcı zərbə buraxmışdı.
Bir əhvalat da Səmədin xatirində silinməz
iz buraxmışdı.
1921-ci ilin fevral
ayının əvvəlləri
idi. Bizim tələbə dram dərnəyimiz
sadə ürəkli və həssas müəllimimiz Mirzə Əfəndi Vəlizadənin
rəhbərliyi altında
Aslanbəyli kəndinə
tamaşa göstərməyə
getmişdi. Orada tamaşa göstərməyə
yeganə münasib yer Hacı Əfəndinin
evi idi. Biz ora toplaşmışdıq.
Axşam
müridləri tövləyə
(dama) topladılar.
Əvvəlcə nəğmələr oxuduq, gülməli deklomasiyalar dedik, konsert verdik. Səməd skripka çalır və gözəl səslə "Əsli-Kərəm"dən,
"Leyli-Məcnun"dan oxuyurdu.
Sonra kiçik formalı "Xorxor" komediyasını göstərdik.
Ömürlərində tamaşa
görməyən mövhumatçı
və fanatik müridlər heyrət içində idilər, necə deyərlər ağızları açıq
qalmışdı...
Səməd balaca olduğuna görə atamızın
təkidi ilə həmişə mənimlə
olurdu. Onun hafizəsində saxlanılan rus sözləri fondu mənə nisbətən
daha çox idi. Odur ki, ruslar ən çox ona müraciət edirdilər. Hərbçilər Səmədi sorğu-suala
tutub onunla əylənirdilər. Bu mehriban adamlar hərdən bizə "payok" da verirdilər. Ordu ilə
bizim bu cür təmasımız
inqilabi ruhumuzu daha da qüvvətləndirirdi.
... Günlər
sürətlə keçirdi.
Şəhərimizdə tez-tez mitinqlər
olur, alovlu inqilabi nitqlər söylənilirdi. Kənddə sinfi mübarizə qızışmışdı. Tez-tez "öldü", "öldürüldü"
xəbərlərini eşidirdik.
Mülkədarların əmlakı müsadirə
olunub yoxsullara paylanılırdı. Belə tədbirlərdə
komsomolçular da iştirak edirdilər.
Torpaqları əldən çıxan
Gəray bəy bandit dəstəsi düzəldib
Qarayazı meşəsinə
və dağlara çəkilmişdi. Köhə
dünya kökündən
uçub dağılırdı...
1920-ci ilin iyun günləri idi. Bakıdan Qazağa İvanov familiyalı bir komsomol işçisi gəlmişdi. O, komsomol təşkilatı yaratmaq üçün izahat işləri aparırdı. Hesablama şöbəsində işləyən 10-12 nəfər (çoxumuz seminarist idik) gənc İvanovla birlikdə Ağköynək kəndinin şəhərə söykənən bağında, gilas ağacının altında toplaşmışdıq. İyun ayının 15-i idi. İlk təşkilat iclasımız oldu. Hamımız komsomola yazıldıq. Səmədin yaşının az olmağını İvanov səbəb göstərərək onun hələ gözləməsini məsləhət gördü. Lakin Səmədin rusca çox yaxşı və inadkar danışdığını, eləcə də bizim məsləhətimizi eşidib razılaşdı. O gündən 14 yaşlı Səmədin taleyi komsomola bağlandı...
Səmədin mənsub olduğu qabaqcıl ziyalı komsomolçular dəstəsi hər şeydən qabaq komsomolun sıralarını "füqareyi-kasibələrlə" doldurmağa çalışırdılar. Göstəriş belə idi. Əvvəlcə şəhərimizdə olan sənətkar şagirdlərini - dəmirçiləri, qalayçıları, papaqçıları, pinəçiləri, dərziləri, tacirlərin, möhtəkirlərin, sahibkarların və digər varlıların qaravaşlarını, nökərlərini komsomol sıralarına cəlb etməyə çalışırdıq. Bu yolda çətinliklər də olurdu. O vaxt deyildiyi kimi "burjuyların" müqavimətinə rast gəlirdik. Öz ağalarının təsiri altında olanlar çox çətinliklə komsomola gəlirdilər. Belələrindən Məcid bəyin nökəri Sarı Binnətovu, Əsəd xozeynin (Dürrənin atası) nökəri Məmməd Babayevi və Salahlıa Gəray bəyin nökəri Allahverdi Göyvəli oğlunu Səməd sonralar tez-tez xatırlardı. Qəribədir ki, Allahverdi Göyvalı oğlunu nə komsomola, nə də sonralar kolxoza cəlb mümkün olmadı.
1943-cü ildə Səməd Qarayazı meşəsinə gələndə dedi:
-Allahverdi, sənin boğazına Mədəd bəyin kəndir salıb atın qantarğasına bağlayaraq sürüdüyünü mən görmüşəm, komsomola, kolxoza vaxtında niyə gəlmədin?
-Təki o vaxtlar olaydı, Mədəd bəy yenə də boğazıma kəndir salaydı, - deyə Allahverdi şəstlə cavab verdi.
Səmədin qaşları çatıldı
və fikə getdi. Belə küt şüurlu, fanatik kasıblar da vardı...
Davamı
olacaq...
Olaylar.- 2017.- 18-20 fevral.- S.13.