Azərbaycan söz və ifadə azadlıqlarına

məxsusi önəm verən dövlətlərdəndir

 

Murad Ağamiyev: "Keçmiş post-Sovet məkanında media qurumlarına ən yüksək azadlıq verən dövlət Azərbaycandır"

 

Ölkədə söz və məlumat azadlığının mövcud durumu, dövlətin bu istiqamətdə atdığı addımlar, eləcə də əldə edilən nailiyyətlərlə bağlı Yeni Azərbaycan Partiyasının üzvü, Demokrat Gənclər Hərəkatının sədri Murad Ağamiyevin "OLAYLAR"-a müsahibəsi

-Murad bəy,  hazırda Azərbaycan mediası, kütləvi informasiya vasitələrinin durumunu necə qiymətləndirərdiniz?

--Bu gün dünya çox sürətlə inkişaf edir. Belə bir inkişaf mexanizmində medianın, kütləvi informasiya vasitələrinin rolu çox böyükdür. Media kimin tərəfindədirsə sözsüz ki, qeyri-şərtsiz qalib olan tərəf odur. Bu artıq dəyişməz aksiomaya çevrilib, hətta hiper güclər belə bu fikri ifadə etməkdə tərəddüd etmirlər. Belə olan halda bu gün Azərbaycan mediası, kütləvi informasiya vasitələri də adekvatpunktual reaksiya qabiliyyətinə malik olmalıdır. Ulu Öndər Heydər Əliyev həzrətlərinin Azərbaycanda demokratiyanın inkişafına təkan vermək məqsədilə senzuranı ləğv edərək onu aradan qaldırması ilə əslində uzun illərdir ki, ölkəmizdə  kütləvi informasiya vasitələri önündə olan barielləri götürmüş oldu. Lakin çox təəssüf doğuran və məni xəyal qırıqlığına uğradan səbəb budur ki, müxbir və jurnalistlərimiz onlar üçün yaradılan unikal şəraitdən faydalana bilmirlər. Mən xarici teleradio şirkətlərinin, kütləvi informasiya vasitələrinin fəaliyyəti və proqramları ilə maraqlanıram və bizdə bu sahədə mövcud olan ab-hava ilə müqayisə edib görürəm ki, həqiqətən də çox ciddi nöqsanlar və səriştəsizliklər var. Bütün bu neqativ halların bu qədər geniş şərait yaradılmasına baxmayaraq mövcud olması mənim Azərbaycan mediası haqqında fikirlərimin müsbət olmasına imkan vermir.

-Bəs bu gün ölkədə söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin olunması qaneedici səviyyədədirmi?

- Bizim ölkəmiz insan, söz, ifadə və vicdan azadlıqlarına məxsusi önəm verən dövlətlərdəndir. Müsəlman şərqində ilk dəfə demokratik dövlət qurmaqla bütün azadlıqları təmin edən biz olmuşuq. Deməli bizdə milli dövlətçilik məfkurəsi demokratik azadlıqların lazımi üslubda təmin edilməsi üzərində qurulub. Söz, ifadə və məlumat azadlığının müasir dünyada sıxışdırıldığı, təzyiq altına alındığı bir vaxtda Azərbaycan bu hüquqların təmin edilməsi mexanizminin ənənəvi formasını təqdim edir.  Azərbaycana qarşı ikili standartların mövcud olması hər bir sahədə olduğu kimi, bu sahədə də öz neqativ təsirlərini göstərir. Biz dəfələrlə bu qədər azad formada formalaşmış cəmiyyətimizin tam əksinə olaraq Qərbdən müxtəlif səpkili qara piyarla qarşılaşmışıq. Ölkə daxilində sifarişlə provakasiyaları orqanizasiya edən kordinatorların antiAzərbaycan proqramının tətbiqi nəticəsində dünya ictimaiyyətində mənfi rəy formalaşdırmaq  cəhdləri hər zaman puç olmasına baxmayaraq kiçik olsa da belə öz acı nəticələrini vermişdir.  Dövlət səviyyəsində söz, ifadə, məlumat və plüralizmin təmin olması sahəsində dünən, bu gün və gələcək üçün də lazımi işlər görülüb, görülür və görüləcəkdir. Cənab Prezident bütün sahələrdə olduğu kimi bu sahədə də şəxsən davamlı inkişafın, tərəqqinin qarantıdır.

 -Azərbaycan dövləti, onun prezidenti ölkədə söz, məlumat, ifadə azadlığı, plüralizmin təmin olunması istiqamətində hansı addımlar atır?

-Mən deyərdim ki, söz, ifadə və məlumat azadlığının maksimal formada təmin edilməsi sahəsində ən böyük güc sərf edən şəxs cənab Prezidentdir. Azərbaycanda insanların məlumat azadlığının tapdalanması, əlindən alınması kimi neqativ halın ən kiçik ehtimalla belə hiss edilməsi nəticəsində biz hər birimiz gördük ki, dövlət başçısı hətta Milli Təhlükəsizlik Nazirliyini ləğv etdi, həmin quruma rəhbərlik edən şəxsi, eləcə də  rabitə, informasiya və yüksək texnologiyalar nazirini tutduğu vəzifədən azad etdi. Bir məqamı da təəssüf hissi ilə qeyd edim ki, lütləvi informasiya vasitələri üzərində senzuranın olmaması ilə yanaşı, həmçinin də Azərbaycanda internet üzərindən yayımlanan media qrupları barəsində ümumiyyətlə qanun layihəsi mövcud deyil. Mən dəfələrlə Avropadan olan qonaqlarıma da təqdim etmişəm, izlətmişəm, bir daha qeyd edirəm ki, "Planet Parni iz Baku`` KVN teatrı respublikada söz və ifadə azadlığının ən bariz nümunələrindən biridir. Uzun illərdir bu teatrın aktyorları  Prezident və hökumət üzvləri ilə bağlı parodiyalar edirlər, öz konsertlərini H.Əliyev sarayında təşkil edirlər, teatrın aktyorları və aktrisaları Prezident tərəfindən Respublikanın Əməkdar artisti fəxri adına layiq görülüblər. Bununla yanaşı ümummilli Lider Heydər Əliyev onların konsertlərini dəfələrlə izləyib və hətta bu teatrın komandasını qəbul edib. Cənab Prezident özü və ailə üzvləri mütəmmadi olaraq bu konsertlərdə iştirak edirlər. Həqiqi mahiyyəti ilə bu bir daha sübut edir ki, Azərbaycanda söz, ifadə, məlumat və plüralizmin təmin edilməsi çox yüksək səviyyədə təşkil olunubbu təşkilatçılıq işlərinin təşəbbüskarı şəxsən möhtərəm cənab Prezident özüdür.

-Bəs ümummilli lider Heydər Əliyevin söz və məlumat azadlığı, plüralizmin təmin olunması istiqamətində hansı xidmətləri olub?

--Azərbaycanın bir müstəqil dövlət kimi inşa edilməsi işinin əvəzolunmaz memarı Heydər Əliyevdir. O dahi şəxsiyyətin qətiyyəti və sarsılmaz mövqeyi hesabına bu günün müasir, müstəqil Azərbaycanı var və mən əminəm ki, Ulu Öndərin qeyd etdiyi kimi müstəqilliyimiz əbədi və dönməzdir.  Bu sualı qısa formada cavablandırmaq istəyirəm, ən azından ona görə ki, mən Heydər Əliyev həzrətlərinin söz, ifadə, məlumat azadlığının təmin olunması sahəsində tətbiq etdiyi siyasətini şərh etmək istəsəm, bunun üçün bir neçə gün vaxt lazımdır. Digər tərəfdən də mən özümdə bu qədər böyük, uzaqgörən və dahiyanə ideyalara şərh vermək qabiliyyətini görmürəm, hətta alim belə olsam, yenə də Heydər Əliyevin siyasi kursu barəsində konkret danışmağa, şərh verməyə özümü hazır hiss etmərəm.

-Mediamız söz, məlumat azadlığı, plüralizmdən nə dərəcədə yararlanır və bundan bəhrələnirlər?

- Media nümayəndələri mən deyərdim ki, maksimal formada təmin edilən azadlıqlardan istifadə edirlər. Bir zamanlar teleradio, qəzetlər və jurnallar vasitəsi ilə öz izləyici, dinləyici və oxucularına müəyyən formada məlumatları təqdim edənlər, bu gün sürətli internet şəbəkəsi hesabına aktiv formada ən son xəbərləri, yenilikləri öz izləyicilərinə çatdırırlar. Əslində bu çox yaxşı tendensiyadır. Belə ki, bir zamanlar insanların kütləvi formada fikirlərini çatdırmaqda əziyyət çəkdikləri məsələlər hazırda bir xəbər portalının reportajı vasitəsi ilə bütün ölkənin gündəminə çevrilir. Belə hal problemlərin daha sürətlə aradan qaldırılmasında və inkişafa təkan verilməsində olduqca əlverişlidir, səmərəlidir.

-Sizcə, bəzi hallarda KİV-lər ölkədə söz və məlumat azadlığının mövcudluğundan sui-istifadə etmirlərmi?

-Bu çox aktual məsələdir. Aktual olmaqla yanaşı həmçinin də olduqca əhəmiyyətli və geniş təhlilə ehtiyac duyulan sahədir. Bəzən insanlar demokratik tələblərə uyğun dövlət tərəfindən onlara yaradılan azad şəraitdən o qədər geniş istifadə edib, faydalanırlar ki, bir həddə hətta özlərindən asılı olmadan belə başqasının azadlığını tapdalamış olurlar. Bu yolverilməzdir. Fərdi azadlıqlar ictimai azadlıqların müqabilində nisbi geri çəkilməlidir, yəni mənim azadlığım başqasının azadlığını təhdid və narahat etməməlidir. Əks halda hüquq-mühafizə və cəza mexanizmləri aktivləşir. -Mən hər zaman böyük təəssüf hissi ilə qeyd edirəm ki, bir çoxları özləri müxtəlif azadlıqlar tələb edirlər, lakin, özləri başqalarının azadlığını və hüququ heçə sayırlar. Kütləvi İnformasiya Vasitələrinin bir qrup nümayəndəsini mən bu koteqoriyaya daxil edərdim. Çünki bəzi hallarda araşdırma aparmadan, kortəbii formada kimin barəsində, nəyin barəsində gəldi yazırlar. Vətəndaş cəmiyyətini yalan məlumatlarla aldadırlar. Bütün bunlar da azmış kimi tənqid etməyin həddini aşıb təhqiramiz ifadələrdən belə istifadə edirlər. Belə neqativ hallarla mübarizə aparmaq və qabaqlayıcı tədbirlər planı həyata keçirmək labüddür. Məndə olan məlumata əsasən Ali Qanunvericilik orqanı olan Milli Məclisin müvafiq komitəsi bu məsələlərlə məşğuldur, ən qısa zamanda yeni qanun layihəsi təqdim ediləcək .

-Ümumiyytlə, mediaya yaradılan şəraitə görə, Azərbaycanı bu sahədə regionun lideri kimi dəyərləndirmək olarmı?

-Azərbaycanın coğrafi nöqteyi nəzərdən yerləşdiyi region sadə ərazi vahidliyi deyil. Bizim qonşularımız olan dövlətlər hər biri tamam başqa siyasi kursla idarə edilir. İran İslam Respublikasında media tamamilə senzura altındadır, burada dini motivli olmayan materialların istifadəsi tamamilə qadağandır. Siyasi rejim bütün media axınına ciddi nəzarət edir. Rusiya Federasiyası kifayət qədər böyük federativ dövlətdir və orada nisbi formada müəyyən azadlıqlar təmin edilir, müəyyən azadlıqlar isə heç bir vəchlə qəbul edilmir. Ermənistanda isə, ümumiyyətlə heç bir azadlığın təmin edilməməsi bəllidir. Gürcüstan hazırda elə bir daxili siyasi ab-havaya malikdir ki, burda konkret vəziyyətdən danışmaq mümkün deyil. Türkiyə Cümhuriyyəti isə bizim özümüzdür. Azərbaycan və Türkiyə bütün sahələrdə olduğu kimi, media sahəsində də həm vəhdətə malikdir, həm də həmrəyliyə. Burdan belə nəticəyə gələ bilərik ki, keçmiş post-Sovet məkanında media qurumlarına ən yüksək azadlıq verən dövlət Azərbaycandır. Azərbaycan regionda hər bir sahədə olduğu kimi bu sahədə də əlbəttə ki, liderdir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 21 fevral.- S.15.