Azərbaycan prezidentinin
Münhen mesajları
“Azərbaycan
prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik
Konfransında həm ikitərəfli formatda vacib
görüşlər keçirdi, həm də
panel-müzakirələrdə çox mühüm tezislərlə
çıxış etdi. Prezidentin
çıxışları ilk növbədə Azərbaycanı
narahat edən fundamental məsələlərlə
bağlı idi”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov deyib. O bildirib ki, Münhen Təhlükəsizlik Konfransı Azərbaycanın qazandığı uğurların, Azərbaycanın potensialının təqdimatı baxımından çox mühüm bir tədbir olub: “Cənab prezident hər zaman olduğu kimi, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ probleminin mahiyyəti, Ermənistanın təcavüzkar siyasətinin nəticələri haqqında Münhen Təhlükəsizlik Konfransının tribunasından beynəlxalq ictimaiyyətə çox mühüm mesajlar ünvanladı. Bir daha beynəlxalq ictimaiyyətin nəzərinə çatdırdı ki, münaqişənin həlli ilə bağlı qəbul olunmuş BMT Təhlükəsizlik Şurasının 4 vacib qətnaməsi icra olunmur. Halbuki əksər hallarda BMT qətnamələrinin bir neçə saat sonra icrasına başlanır. Azərbaycan prezidenti İlham Əliyev ikili standartlar məsələsini xüsusilə vurğuladı. Cənab prezidentin çıxışında ən çox diqqəti cəlb edən məsələlərdən biri də, heç şübhəsiz, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, Azərbaycana etibarlı tərəfdaş kimi yanaşılması və bunun nəticəsində Azərbaycanın bir çox hallarda dövlətlər arasında pozulmuş münasibətlərin bərpası istiqamətində əldə etdiyi nəticələrdir. Bu nöqteyi-nəzərdən məhz cənab prezident xüsusi qeyd etdi ki, Azərbaycan dövlətinin, birbaşa cənab prezidentin özünün və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin səyləri nəticəsində Türkiyə - Rusiya münasibətlərinin bərpası mümkün oldu və iki dövlətin pozulmuş münasibətlərinin bərpasına bu vasitəçilik missiyası öz töhfəsini verdi, əlaqələr bərpa olundu və bu gün də inkişaf tempinə malikdir”.
Millət vəkilinin sözlərinə görə, Münhen Təhlükəsizlik Konfransında panel-müzakirələr çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev ötən həftə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford arasında Bakıda keçirilmiş görüşün çox vacib məqamlarına da aydınlıq gətirib: “Cənab prezident qeyd etdi ki, biz bu görüşün yerini təklif etməmişdik. Məhz bu iki fövqəldövlətin hərbi rəhbərliyi belə bir qərar qəbul edib. Yəqin ki, bu qərarın qəbul edilməsində Azərbaycanın dünyada artan nüfuzu, çəkisi rol oynayıb. Eyni zamanda, Azərbaycan prezidenti dedi ki, Azərbaycan nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, nə də NATO-nun üzvüdür, Azərbaycan müstəqil xarici siyasət və müstəqil xarici hərbi siyasət həyata keçirir. Azərbaycanın balanslı, çevik, tarazlaşdırılmış, çoxvektorlu xarici siyasət kursu həyata keçirməsi dünyanın iki nəhəng dövlətinin yüksək rütbəli hərbçilərinin bir araya gəlməsini şərtləndirən həlledici amilə çevrilib. Generallar arasında sonuncu dəfə bu səviyyədə görüş 2014-cü ilin yanvar ayında Brüsseldə keçirilmişdi. O vaxtdan indiyə qədər heç bir Avropa şəhərində və yaxud Vaşinqtonda, Moskvada belə bir görüşün keçirilməsi mümkün olmamışdı. Görüş üçün məkan kimi Azərbaycanın seçilməsinin geosiyasi, rəmzi mənası var. Bu görüş Azərbaycana olan diqqətin və hörmətin birbaşa təzahürüdür. Bütövlükdə Azərbaycan prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı, orada səsləndirdiyi bəyanatlar Azərbaycanın beynəlxalq sülhə, təhlükəsizliyə töhfə verdiyinin növbəti dəfə təsdiqi oldu və Azərbaycana olan etimadın daha da yüksəlməsinə xidmət göstərdi”.
AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, Milli Məclisin üzvü Musa Qasımlı APA-ya bildirib ki, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan prezidenti İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin təcavüzkar Ermənistana təzyiqlər etməsi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin sözsüz yerinə yetirilməsi, dövlətlərin sərhədlərinin zor gücünə dəyişdirilməsinə yol verilməməsinə dair verdiyi bəyanat Azərbaycan dövlətinin və millətin mövqeyinin bir daha açıq-aydın və qətiyyətlə ifadə edilməsidir: “Böyük əhəmiyyət daşıyan bu bəyanat bir daha göstərir ki, Azərbaycan dövləti ərazilərinin bir qarışını da işğalçıya güzəştə getməyəcək və müvafiq ölkələr nizamasalma səylərində fəal olmalıdırlar. Eyni zamanda, Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında Rusiya-Türkiyə münasibətlərinin qısa müddətdə necə düzəlməsi və bu məsələdə rəsmi Bakının mövqeyi ilə bağlı məsələyə də aydınlıq gətirdi. Regionun iki böyük dövləti olan Rusiya və Türkiyə arasında Azərbaycan daim etibarlı körpü olub, indi də belədir. Rus-türk münasibətlərinin normallaşdırılmasında cənab prezidentin xüsusi rol oynadığı bəllidir. Bu ölkələr arasında normal münasibətlərin mövcud olması həm onların özlərinə, həm də regiona və dünyaya faydalıdır. Cənab prezident bu fəaliyyəti ilə rus-türk münasibətlərini soyuqlaşdırmağa, onlar arasında düşmənçilik yaratmağa çalışan Ermənistanın niyyətini də boşa çıxardı”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirib ki, prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətindən narazılığını ifadə edib: “Prezidentə Rusiya ilə bağlı da sual verilmişdi. Prezidentin cavabı faktiki bundan ibarət idi ki, əgər Rusiya istəsə, Ermənistan hakimiyyətinə təsir edərək bu prosesi sürətləndirə bilər. Bunu xarici işlər naziri Elmar Məmmədyarov da demişdi. Çünki son vaxtlar Rusiya açıq-aşkar Ermənistana dəstək verir və bunu artıq gizlətmir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili işlərinə aid məsələ olmadığını”, habelə “Dağlıq Qarabağ ətrafında rayonların boşaldılması Qarabağın statusunun müzakirə olunmasına paralel getməlidir” kimi fikirləri Azərbaycanın maraqlarına uyğun deyil. Ona görə də Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransındakı panel-müzakirələrdə ona işarə vurub ki, əslində böyük dövlətlər, o cümlədən Rusiya münaqişənin həllini sürətləndirmir, halbuki buna imkanı var. Ermənistan kiçik bir dövlətdir. Rusiya bu prosesə təsir vasitələrini işə salsa, prosesi sürətləndirmək olar. Amma biz təəssüf ki, əksini görürük. Bu gün Dağlıq Qarabağda “referendum” keçirilir. Bu “referendum”a müşahidəçilər ən çox tanınmamış Abxaziya və Cənubi Osetiyadan gəlib. Halbuki bu iki bölgə Rusiyanın tamamən nəzarəti altındadır. Rusiya istəsə, onlara deyə bilərdi ki, oturun yerinizdə, gedib bu “referendum”u izləməyin. Amma bunu demirsə və onlara şərait yaradırsa, onlar da gedib Xankəndində Azərbaycan əleyhinə müxtəlif açıqlamalar verirlərsə, deməli, Rusiyada müəyyən qüvvələr hələ də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil. Azərbaycan prezidenti Münhen Təhlükəsizlik Konfransında əslində diplomatik dillə beynəlxalq aləmə bunu anlatmağa çalışır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həllini sürətləndirmirlər. Ona görə də atəşkəs daim pozulur, lokal toqquşmalar olur”.
Politoloq qeyd edib ki, Azərbaycan prezidenti
İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında
dediyi kimi, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi
Azərbaycanın maraqlarına zidd olub: “Azərbaycan bu
münasibətlərin normallaşmasını istəyirdi.
Çünki Rusiya bizim strateji tərəfdaşımızdır.
Rusiyanın Ermənistana verdiyi dəstəyə baxmayaraq, bizim
normal tərəfdaşlıq münasibətlərimiz var.
Buna görə də Azərbaycan prezidenti Qazaxıstan
prezidenti Nursultan Nazarbayevlə birlikdə təşəbbüslər
irəli sürdü, nəticədə bu proses nizamlandı.
Bu məsələdə Azərbaycan prezidentinin də vacib
rolu oldu ki, bunu hər iki tərəf də qeyd etdi. Üstəlik,
bu günlərdə Rusiya Müdafiə Nazirliyi Rusiya
Silahlı Qüvvələrinin Baş Qərargah rəisi
Valeri Gerasimov və ABŞ-ın Birləşmiş Qərargah
Rəisləri Komitəsinin sədri, general Cozef Danford
arasında görüşün Bakıda keçirilməsi də
Azərbaycana verilən dəyərin nəticəsidir. Bu
görüşdə Suriya məsələsi müzakirə
olunmalı idi. Çünki ABŞ Suriyada Rakka şəhərinə
hərbi müdaxiləyə hazırlaşır. Bu hərbi əməliyyatı
həyata keçirmək üçün ABŞ iki əsas
iştirakçı - Türkiyə və Rusiya ilə bunu
razılaşdırmalı idi. Suriya məsələsini
müzakirə etmək üçün rusiyalı generalla
görüş yeri axtarılırdı. Rusiyalı general
sanksiyalara görə Avropaya gedə bilmirdi, amerikalı general
da Suriyaya yaxın olan İraq və İrana gedə bilməzdi.
Elə bir məntəqə seçilməli idi ki, Suriyadakı
hadisələrə yaxın bir ölkə, həm də o
ölkənin Suriya məsələsində balanslı
mövqeyi olsun. Aydındır ki, bu rola Azərbaycan iddialı
idi. Türkiyə bu rola iddia edə bilmirdi. Çünki
artıq Türkiyə Suriyada Rusiya ilə hərbi
ittifaqdadır. Ona görə də görüş
üçün məkan Bakı seçildi. Bu fakt, üstəgəl
də Azərbaycanın Rusiya və Türkiyə arasında
münasibətlərin normallaşmasında önəmli rol
oynaması bir daha göstərir ki, bölgədə həqiqətən
açar dövlət Azərbaycandır. Sadəcə, Ermənistan
işğalçı siyasətini davam etdirdikcə Azərbaycana
böyük dövlətlər alternativ qoymurlar. Alternativ
qoymurlarsa, biz işğalçını istənilən vasitə
ilə torpaqlarımızdan çıxarmalıyıq. Son 2
ildə onsuz da atəşkəsə riayət olunmur. Dövlət
başçısının sözü var ki, erməni əsgərinin
Ağdamda, Füzulidə nə işi var?! Bu strategiya o deməkdir
ki, düşmənin Dağlıq Qarabağ ətrafında,
işğal altında olan rayonlarda mövqeləri məhv ediləcək.
Bundan nəticə çıxarmalıdırlar. Yox, nəticə
çıxarmayacaqlar, üstəgəl təxribat yaradıb,
“referendum” keçirərək bölgənin adını dəyişdirməyə
çalışacaqlarsa, bu o deməkdir ki, lokal toqquşmalar
davam edəcək. Bu, Azərbaycanın hüququdur. Azərbaycan
prezidenti Münhen Təhlükəsizlik Konfransında qeyd etdi
ki, müharibə problemlərin sayını çoxalda bilər.
Bu da böyük dövlətlərə bir mesajdır. Atəşkəsə
əbədiyyətə qədər dözəsi də
deyilik. Torpaqlar boşaldılmadan atəşkəsin
ömrü uzun olmayacaq”.
Olaylar.- 2017.- 21 fevral.- S.14.