Xocalı faciəsi soyqırımı
faktıdır
Deputat: "Bunu
beynəlxalq hüquq normaları təsdiqləyir"
Xocalı
soyqırımı erməni millətçilərinin Azərbaycan
xalqına qarşı əsrlərdin bəri davam edən etnik təmizləmə
siyasətinin daha bir dəhşətli nümunəsidir. Lakin
indiyə qədər insanlıq əlehinə qarşı
törədilən bu cinayətin nə təşkilatçıları,
nə də icraçıları cəzalarını
almayıblar. Millət vəkili Kəmaləddin Qafarov qeyd edib
ki, həm Xocalı soyqırımını, həm də
xalqımıza qarşı digər qanlı cinayətləri
törədən erməni faşıstlərinin layiqli cəzalarını
alacaqları gün uzaqda deyil:
"Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciədən 25 il ötür. Məlum olduğu kimi, 25 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeridib, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar. Həmin hərbi-siyasi təcavüz nəticəsində şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil". Millət vəkilinin sözlərinə görə, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olan Xocalı soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı əsrlərdi davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir: "Cənab Prezident İlham Əliyevin 24 yanvar 2017-ci il tarixində imzaladığı Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Sərəncamda da qeyd olunduğu kimi, Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır". Kamaləddin Qafarov bildirib ki, Xocalıda erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğını ağlasığmaz qəddarlığı və işgəncələri ilə birmənalı olaraq, soyqırımı faktıdır və bunu beynəlxalq hüquq normaları da təsdiqləyir: "Lakin təəssüf ki, nə bu faciə baş verəndə hakimiyyətdə olanlar, nə də ondan sonra bir müddət ölkəyə rəhbərlik etmiş AXC-Müsavat cütlüyü bu faciəyə lazımı qiymət verilməsi istiqamətində heç bir addım atmayıblar. Xocalı soyqırımına əsl hüquqi-siyasi qiymət yalnız Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra verilib. Belə ki, məhz Ulu öndərin təşəbbüsü ilə 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib. Eyni zamanda, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və ədalətin bərpa olunması istiqamətində Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Məlum olduğu kimi, Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, müvafiq tədbirlər planı təsdiq edilib və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir". Millət vəkili əlavə edib ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondu, xüsusilə, Fondun prezidenti Mehriban xanım Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən həyata keçirilən və geniş vüsət almış "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır, bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edilir: "Öncə onu vurğulamaq yerinə düşər ki, Leyla Əliyavanın bu təşəbbüsü ilk dəfə 2008-ci il mayın 17-də İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının ekspertlərinin toplantısında dəstəklənib və iclasın yekun sənədinə salınıb. Bundan sonra isə İƏT-in üzvü olan ölkələrin xarici işlər nazirlərinin Kampalada (Uqanda) keçirilən konfransının 35-ci sessiyasında qəbul olunan qətnaməsində Leyla Əliyevanın "Xocalıya ədalət" təşəbbüsü də öz əksini tapıb. Məhz bu təşəbbüsün qəbul edilməsi nəticəsində 26 fevral - Xocalı soyqırımı gününün İƏT ölkələrində qeyd edilməsi nəzərdə tutulub. Qətnamənin İƏT-in xarici işlər nazirləri tərəfindən dəstəklənməsi dünyanın 57 ölkəsində müvafiq kampaniyanın həyata keçirilməsi üçün siyasi-hüquqi baza yaradıb. Lakin kampaniya təkcə İƏT çərçivəsində müvafiq qəraraların qəbulu ilə məhdudlaşmır. Yuxarıda da vurğuladığım kimi, məhz bu kampaniya çərçivəsində aparılan uğurlu təbliğat və görülən işlər nəticəsində artıq dünyanın bir sıra ölkələrinin-Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya və Cibutinin parlamentləri Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanıyıblar. Eyni zamanda ABŞ-ın 21 ştatı - Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Vest Virciniya, İndiana, Yuta, Nebraska, Havay, Montana, Arizona və Aydaho ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunub. Sonda onu deyim ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində artıq bütün dünuya ermənilərin, erməni faşizminin hansı xislətə malik olduğunu bilir. Dünya ictimaiyyəti onu da bilir ki, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq ermənilərin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdikləri soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Bütün bunlar, həmçinin, ölkəmizin əldə etdiyi uğurlar onu deməyə əsas verir ki, Həm Xocalı soyqırımını, həm də xalqımıza qarşı digər qanlı cinayətləri törədən erməni faşıstlərinin layiqli cəzalarını alacaqları gün uzaqda deyil".
Zəka
Olaylar.- 2017.- 21 fevral.- S.8.