Azərbayvanda demokratik cəmiyyətlərə
xas olan institutlar formalaşıb
Ölkədə söz, fikir və məlumat
azadlığı yüksək səviyyədə təmin
olumub
Azərbaycanda söz, fikir və məlumat
azadlığının qorunması, siyasi plüralizm prinsiplərinin dönmədən
həyata keçirilməsi daim diqqət mərkəzində
saxlanır.
Məlum olduğu kimi ölkədə söz və fikir
azadlığının təmin olunmasında başlıca
şərtlərdən biri müstəqil medianın
olmasıdır. Elə bu səbədən də Azərbaycanda kütləvi informasiya vasitələrinin
maddi-texniki bazasının
yaxşılaşdırılması, onlara dövlət
qayğısının artırılması istiqamətində
çoxsaylı tədbirlər həyata keçirilir. Paralel olaraq medianın fəaliyətini
tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi
istiqamətində iş aparılır. Təsadüfi deyil
ki, müvafiq qanun layihələrinin hazırlanması və
qanunların qəbul edilməsi zamanı, Azərbaycan
Respublikasının qoşulduğu beynəlxalq konvensiya və sazişlərdə
və Azərbaycan Respublikasının Konstitusiyasında təsbit
edilmiş insan və vətəndaşların fikir, söz və
məlumat azadlığı
müddəaları əsas prinsiplər kimi rəhbər
tutulur. Xatırladaq ki, Azərbaycan
dövləti
müstəqil mətbuatın qurulması, azad fəaliyyəti
və inkişafı üçün zəruri tədbirlər
görür. Bu gün Azərbaycan Respublikasında yüzlərlə
qazet və jurnal, onlarla radio və televiziya şirkəti,
çoxsaylı informasiya agentlikləri fəaliyyət
göstərir. Onların böyük əksəriyyəti
özəl qurumlara, ayrı-ayrı şəxslərə və
müxtəlif mövqedə duran siyasi və ictimai təşkilatlara
məxsusdur. Kütləvi informasiya vasitələrində istənilən
fikri demək, dövlət sirri təşkil etməyən istənilən
faktı açıqlamaq üçün qeyri-məhdud
imkanlar vardır. Ölkə vətndaşları
da bu imkanlardan gen-boluna istifadə edə bilir. Hazırki mətbuatda fikir müxtəlifliyi məhz
yaradılan şəraitin bariz nümunəsidir. Məlumat üçün qeyd edək ki, ölkəmizdə
demokratik cəmiyyətlərə xas olan institutların
formalaşdırılması və azad siyasi fəaliyyət
üçün hər cür şərait
yaradılmışdır. İlk dəfə çoxpartiyalılıq əsasında,
demokratik parlament seçkiləri keçirilmiş,
ümumxalq səsverməsi ilə siyasi plüralizm, söz, mətbuat,
vicdan azadlıqları, insan
hüquqlarının müdafiəsi və qanunun aliliyi
prinsiplərini təsbit edən konstitusiya qəbul edilmişdir.
Ümumbəşəri dəyərlərin
üstünlüyünü, demokratik, hüquqi və dünyəvi
dövlət quruculuğunu özünün inkişaf modeli
kimi qəbul edən Azərbaycan
Respublikası insan hüquqları, söz və mətbuat
azadlığının təmin edilməsi ilə
bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə
qoşulmuşdur. Ölkəmizdə kütləvi
informasiya vasitələri demokratiya və
aşkarlığın mühüm vasitəsi hesab olunur.
Azərbaycan Mətbuat Şurasının sədri
Əflatun Amaşov mətbuata açıqlamasında bildirib
ki, Azəraycanda söz və mətbuat azadlığı
sözün əsil mənasında təmin olunub. Onun
sözlərinə görə, vaxtilə KİV-lərin
dövlət qeydiyyatını asanlaşdırmaq
üçün mübarizə aparanlar və bunun qanuniləşməsinə
çalışanlar indi peşimançılıq duyurlar:
"Bunun üçün əsasları var - ölkədə
dövlət reyestrindən keçən KİV-lərin
sayı 5000-ə yaxınlaşmaq üzrədir. Onların böyük əksəriyyətinin fəaliyyəti
sivil media prinsiplərinə, demokratik dəyərlərə
ziddir. "Diffamasiya haqqında" qanunun
qəbulu zərurətindən danışırıq, prinsipcə
bu yolun vacibliyini qəbul edirik. Amma ölkədə
diffamasiya mühitinin tam formalaşdığını
söyləmək olmur. 5000-ə
yaxınlaşan çoxluğun böyük əksəriyyətinin
fəaliyyəti bu vacib sənədin qəbulundan sonrakı mərhələnin
demokratik dəyərlərə, söz və mətbuat
azadlığı prinsiplərinə kölgə
salmayacağına təminat vermir. Lakin
söz və mətbuat azadlğını xarakterizə edərkən
təkcə bundan danışmaq yetərsizdir. Jurnalistlərin ilk mənbədən informasiya almaq
kimi çətinliyi hələ də aktual səciyyə
daşıyır. KİV-ə məlumat
verməkdən boyun qaçıran məmurlar hələ də
qalmaqdadır".
Ə.Amaşov bildirib ki, məsələni sırf o
şəkildə qoymaq olmaz ki, problemlərdən
çıxış yolunu tapaq: "Biz ümumən
inkişafı düşünməliyik. Problemlər
isə hər zaman olacaq. İş olan yerdə
problemlərsiz ötüşülmür. Sadəcə, vəzifəmiz inkişafa doğru getmək
olmalıdır. Vaxtilə medianın ağır iqtisadi
durumundan çıxmaq üçün həm dövlət,
həm də jurnalist təşkilatları qismində Mətbuat
Şurası KİV-ə dəstək modeli üzərində
iş apardı. Təcrübə göstərir
ki, bu model özünü doğruldur. Daha
sonra jurnalistlərin sosial-məişət şəraitinin
yaxşılaşdırılması məsələləri
ön plana çıxdı. Bu zaman
dövlət başçısı media nümayəndələri
üçün yaşayış binasının tikintisinə
dair sərəncam imzaladı. 156 jurnalist mənzillə
təmin olundu, daha 250-dən çoxu da təmin olunacaq.
Əlbəttə, hazırkı durumda
başlıca vəzifə medianın reklam bazarında
inkişafının təminatıdır. Mövcud istiqamətdə işlər görülməkdədir.
Ümumən isə bir sıra problemlərin həllini
zamana ehtiyacının olduğu qənaətindəyəm".
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru
Elçin Mirzəbəyli hesab edir ki, ölkənin qanunvericiliyi,
həm də ictimai-siyasi mühit mətbuatın tam azad şəkildə
fəaliyyət göstərməsinə imkan yaradır:
"İndiki əsas problemlər daha çox mətbuatın
maddi-texniki bazası ilə və medianın peşəkarlıq
problemi ilə bağlıdır. Bundan kənarda
Azərbaycan mətbuatına problem yarada biləcək
başqa bir maneə yoxdur". Mətbuatda
söz azadlığının durumunu müsbət qiymətləndirən
Elçin Mirzəbəyli bu sahədə problemi söz
azadlığından sui-istifadə hallarında görür.
Həmsöhbətimiz hesab edir ki, bu prosesin
qarşısının alınması inzibati metodlarla
mümkün deyil: "Qənaətimə görə bu
problem getdikcə azalır. İndi daha çox
problem "reket jurnalistika" ilə bağlıdır.
Bəzi insanların ayrı-ayrı media qurumları
formalaşdıraraq cinayət əməlləri törədilməsi
ilə bağlıdır ki, burda mətbuatda söz azadlığından
sui-istifadədən daha çox mətbuat və söz
azadlığının altında gizlənmək istəyi və
niyyəti var. Burda açıq şəkildə
görünür ki, bu insan ictimai-siyasi müstəvidə
informasiya siyasəti həyata keçirir və yaxud onun məqsədi
cinayətkarlıqla məşğul olmaqdır. Bu baxımdan hesab edirəm ki, hər kəsi öz
adı ilə çağırmaq lazımdır. Yəni "reket jurnalistika" sözünü mən
bilərəkdən işlətdim. Əslində
jurnalistika reketçiliklə məşğul deyil,
reketçiliklə konkret şəxslər məşğul
olur və onlar da jurnalistika sözünün arxasında gizlənirlər.
Ona görə də belələrinə
qarşı hər hansı güzəşt eləmək
olmaz. Belələrinə qarşı
hüququn dili ilə mübarizə aparmaq lazımdır".
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli
isə hesab edir ki, mətbuat söz, ifadə
azadlığı ilə bağlı da problemlərdən
xali deyil: "Bu problemləri iki istiqamətə ayrımaq
olar. Onların bir qismi jurnalistlərin faktiki
olaraq çalışdığı müəssisənin
müstəqil olmamasından doğan problemlərdi. Yəni kiməsə bağlı olan mətbu orqanlar
onların mənafeyinə uyğu fəaliyyət göstərir.
Bir də qanunvericilik aspektindən müəyyən
məhdudiyyətlər var. Bu məhdudiyyətlər də
başqa problemlər yaradır. Məsələn,
informasiyaya çıxış imkanları hər kəsdə
bərabər deyil və bu istiqamətdə pozitiv addımlar
atılmır. Bəzi qurumlar müxalif və
ya müstəqil düşüncə tərəfdarıdırsa,
onların rəsmi tədbirlərdən uzaq tutulması,
akkreditasiya edilməməsi kimi problemləri var. Digər
böyük problem isə ifadə azadlığına
dözümsüzlük məsələsidir. Son 10 ildə diffomasiya iddiaları kifayət qədər
çox olub". Ə.Məmmədli hesab edir ki, problemlərdən
çıxış yolu kimi qanunvericilik daha da
liberallaşdırılmalıdır. "Birincisi,
"Diffamasiya haqqında" qanun qəbul olunmalıdır.
İkincisi, informasiyaya çıxış
imkanlarının genişləndirilməsi və bu istiqamətdə
dövlət məmurlarının cəzalandırılması
mexanizminin işlınməsidir. Üçüncüsü,
medianın azad və müstəqil fəaliyyət göstərməsi
üçün ən önəmli səbəbələrdən
biri olan iqtisadi azadlığı təmin edən reklam
mühitinin
formalaşdırılmasıdır".Hüquqşünas
Azad Rzayev qeyd edib ki, bu gün ölkəmizin dünya informasiya
məkanına daxil olması və informasiya cəmiyyətinə
keçidlə əlaqədar şəxsiyyətin, cəmiyyətin
və dövlətin informasiya təhlükəsizliyinin təmin
edilməsi xüsusi əhəmiyyət kəsb edir. Buna
görə də kütləvi informasiya vasitələrinin
inkişafına və fəaliyyətinin təkmilləşməsinə
dövlət dəstəyi müasir dövrümüzün tələbinə
çevrilmişdir: "Kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi cəmiyyətdə
söz azadlığını, insanların obyektiv informasiya əldə
etmək hüququnu, həmçinin kütləvi informasiya
vasitələrinin müstəqilliyini təmin etmək məqsədi
ilə dövlət tərəfindən müəyyən
olunan təşkilati-texniki, hüquqi, iqtisadi və digər tədbirlərin
məcmusunu ehtiva edir. Kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyinin əsas məqsədi
vətəndaş cəmiyyəti quruculuğu prosesində
onların mühüm rolunu nəzərə almaqla fikir,
söz və məlumat azadlığını inkişaf
etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini
dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmilləşdirmək,
informasiya sektorunda yeni informasiya-kommunikasiya
texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət
və kütləvi informasiya vasitələri arasında səmərəli
əməkdaşlığı gücləndirmək,
jurnalistlərin peşəkarlığının və məsuliyyətinin
artmasına şərait yaratmaq, sosial müdafiəsini
gücləndirmək, dövlət və cəmiyyət
üçün prioritet təşkil edən məsələlərin
həllində kütləvi informasiya vasitələrinin
potensialından səmərəli istifadə etməkdən
ibarətdir. Bu konsepsiya həm də vətəndaş
cəmiyyətinin tələblərinə uyğun olaraq,
kütləvi informasiya vasitələrinin inkişafına
dövlət dəstəyinin əsas prinsiplərini,
formalarını, vasitələrini və sahələrini,
maliyyə vəsaitinin ayrılması şərtlərini
müəyyən edir. Konsepsiya həm də
kütləvi informasiya vasitələri və dövlətin
informasiya siyasətini müəyyən edir. Sənədə
əsasən fikir,
söz və məlumat azadlığı, sərbəst
düşüncə kütləvi informasiya vasitələrinin
və bütövlükdə müasir informasiya cəmiyyətinin
söykəndiyi əsas dəyər və məqsədlərdir.
İnformasiya cəmiyyətinə keçid
siyasi və ictimai həyatın demokratikləşməsi ilə
bilavasitə bağlıdır".
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2017.- 22 fevral.- S.15.