Dini və milli
tolerantlıq, millətlərarası
münasibətlərin inkişaf
etdirilməsi
Azərbaycan
minilliklər boyu müxtəlif
xalqların azad, sərbəst, heç bir maneə ilə
rastlaşmadan yaşadığı bir məmləkətdir, Bu
tarixin bütün
dönəmlərində, mərhələlərində eyni xətt üzrə inkişaf
edib. Bu ölkədə
bütün xalqların, toplumların
ürəyi eyni ritmdə vurur,
fərqli dil və din
mənsubları ortaq məxrəcə gələ
bilirlər. Azərbaycanda yaşayan hər
bir xalqın nümayəndəsi özünü azad və
firavan hiss edir.
Azərbaycan türkləri mehriban, qonaqpərvər, sülhsevər, humanist olduğu üçün respublikamızda yaşayan digər xalqlar özlərini hərtərəfli ifadə edə biliblər. Çəpər-çəpərə yaşadığımız qonşularla hər zaman mehriban olmuşuq və onların hansı millətin nümayəndəsi, hansı dinin təmsilçisi olmasından asılı olaraq dözümlü olmuşuq. Yüzilliklər bir-birini əvəz etsə də Azərbaycan xalqı öz humanist mövqeyində qalıb, nəsillər babalardan əmanət qalan ənənəni davam etdiriblər. Əsrlər uzunu Azərbaycan bir çox millətlərin, müxtəlif dinlərin nümayəndələrinin dinc, əmin-amanlıq şəraitində yaşadığı ölkə kimi başqa respublikalara böyük bir örnəkdir. Münbit şərait olan yerə hər kəs can atır. Toxumlar da münbit torpaqlarda daha yaxşı dənzərir, bar verir. Azərbaycan kifayət qədər demokratik, kifayət qədər başqa xalqlara, başqa dinlərə inanc bəsləyənlərə saygı ilə yanaşan bir dövlətdir. Bu qanunlarda da öz əksini tapıb. Bayaq qeyd etdiyimiz kimi, respublikamız çox millətli, çox dinli bir ortama sahibdir. Azərbaycanda milli və dini tolerantlıq hökm sürdüyü üçün bu münasibətlərdən sui-istifadə halları da az olmayıb. Qeyri-ənənəvi təriqətlərin, bu istiqamətdə olan sektaların, eləcə də missioner təşkilatların bizim respublikamıza da ayaq açması olduqca neqativ hal kimi yadda qalacaq. İlkin illərdə onların fəaliiyəti intensiv hal alsa da, hazırda məhdudlaşdırılıb. Azərbaycan dövləti nə qədər tolerant olsa da, xalqımızın dəyərlərinə, dövlətçilik prinsiplərinə zidd olan addımlara qarışı barşışmazdır. 1992-ci ildə "Dini Etiqat Azadlığı Haqqında" Qanunu qəbul edilib. Lakin bu qanunda bir sıra boşluqlar olduğundan təkmilləşdirilməsinə ehtiyac duyulub. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra "Dini Etiqat Azadlığı Haqqında" Qanuna müəyyən əlavə və dəyişikliklər edilib. Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Konstitutsiyasının 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şərait formalaşdırılması və dini etiqat zadlığı ilə bağlı qanunvericilik aktının tələblərinə riayət olunması məqsədi ilə yaradılıb. Azərbaycan dövləti çox millətli, çoxdinli bir məmləkət olaraq bu müxtəlifliyi qoruyur. Məlumdur ki, tarix boyu Azərbaycan ərazisində etnik və dini icmalar arasında möhkəm dözümlülük, tolerantlıq əlaqələri olub və milli, irqi, dini ayrı-seçkiliyə yol verilməyib. Bütün xalqlar vahid və mehriban bir ailə kimi yaşayıb, müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində dinc fəaliyyət göstəriblər. Azərbaycan xalqı həmişə bölgədə dostluğun, qardaşlığın möhkəmləndirilməsinə, insanlar arasında milli-dini mənsubiyyətindən asılı olmayaraq sülh və əmin-amanlıq şəraitinin yaradılmasına misilsiz tarixi töhfələr verib. Başqa dinlərə münasibətdə dözümlülük, onlarla yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq bizim milli əxlaqi dəyərlərimizin əsas xüsusiyyətlərindəndir. Bu baxımdan tarixən ölkəmizdə İslam dini ilə yanaşı, Xristianlıq, İudaizm və başqa dinlərə mənsub insanlar da məskunlaşmış, sülh və əmin-amanlıq şəraitində yaşamış və indi də bu ənənə uğurla davam etdirilir. Azərbaycan müxtəlif dövlətlərin marağının toqquşduğu bir məmləkətdir desək yanılmarıq. Bu mənada ğlkəmizdə qarışıqlıq yaratmağa, minillərdən bəri əl-ələ, çiyin-çiyinə yaşayan xalqları bir-biri ilə üz-göz etməyə maraqlı olan qüvvələr var. Qarışıqlıq salamaq istəyən tərəflər unudur ki, Azərbaycanda millətlər və dinlərarası dava-qalmaqal yaratmaq mümkünsüzdür. Çünki ölkəmizdə buna heç bir şərait yoxdur. Qloballaşma şəraitində həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat və informasiya dəhlizlərinin yaradılması, xarici investorların Azərbaycana uzunmüddətli sərmayə qoyması da ölkədəki daxili sabitlik və onu reallaşdıran milli və dini tolerantlıq siyasəti sayəsində mümkün olub. Artıq çağdaş Azərbaycan multikulturalizm məkanı kimi mədəniyyətlərin, dinlərin müxtəlifliyini yaşadan və inkişaf etdirən unikal ölkəyə çevrilib. Burada hər bir xalq və etnikin mədəni, dini müxtəlifliyi vahid harmoniyaya-ümummilli vətəndaş həmrəyliyinə xidmət edir. Əksər ölkələr üçün örnək olan bu model artıq müxtəlif inanc və mədəniyyətlərə sahib Azərbaycan vətəndaşlarının həyat tərzinə
çevrilib. Məlum olduğu kimi ölkəmizdəki mövcud multikulturalizmi qiymətləndirən Moskva və bütün Rusiyanın patriarxı II Aleksi hələ 2001-ci ildə Bakıda Heydər Əliyevə müqəddəs Moskva Knyazı Daniel ordenini təqdim edərkən demişdi: "Ölkənizdəki tolerantlıq və dini dözümlülük başqa dövlətlər üçün nümunədir". Roma Papası mərhum II İohann Pavelin xristianlığın katolik məzhəbinə etiqad edən ölkələrin israrlı dəvətlərinə rəğmən, məhz əhalisinin cəmi 0,5 faizini katoliklərin təşkil etdiyi Azərbaycana səfər etməsi isə azsaylı millət və onların etiqad etdiyi dinlərə də sayğının, xoş münasibətin dönməzliyindən xəbər verir. Burada qeyd olunası vacib məqamlardan biri də Azərbaycanın mədəni irsini Vatikanda nümayiş etdirən ilk islam ölkəsi olmasıdır. Azərbaycandakı nümunəvi dini tolerantlığa heyranlığını gizlətməyən İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman isə Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar deyib: "İSESKO bütün dünyaya çatdırmalıdır ki, siz necə də qədim və zəngin mədəniyyətə sahibsiniz. Ölkənizlə əməkdaşlıq sahəsində imzalanan sənədlərin həyata keçirilməsi üçün biz öz tərəfimizdən hər tələbi yerinə yetirəcəyik və bu əməkdaşlıq digər üzv dövlətlər üçün nümunə olacaqdır". Azərbaycanın dünyaya örnək olan tolerantlıq modelinin İlham Əliyev tərəfindən BMT kürsüsündən elan edilməsi və onun əksər xarici ölkə başçıları, din xadimləri, siyasətçiləri, alimləri tərəfindən qəbul edilməsi odlar diyarının beynəlxalq aləmdə nüfuzunu daha da artırıb. Bu modelin dövlətin siyasi kredosunda önəmli yer alması şübhəsiz ki, müstəqil Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsində də mühüm rol oynayıb. Bildiyimiz kimi dövlət müstəqilliyimizin ilk illərində bizə tolerantlıq və dözümlülükdən tövsiyə və bəzən də qəbuledilməz tələblər edən Qərbi Avropa isə bu gün etnik faciə, dini-etnik qarşıdurma ilə üzləşib. Bunu Polşa və Almaniyada baş qaldıran neofaşizm ideologiyası, Avropa İttifaqı ölkələrində miqrantlara qarşı etiraz mitinqləri sübut edir. Müasir Qərb politoloqları artıq etiraf edirlər ki, multikulturalizm burada iflasa uğrayıb. Onlar vəziyyətdən çıxış yolu kimi Azərbaycanın tolerantlıq modelini müzakirə edir, öyrənirlər. Çünki mədəniyyətlərarası, dinlərarası dialoqun təşviqində Azərbaycanın gördüyü işlərlə müqayisə ediləcək ikinci bir təcrübə, demək olar ki, yoxdur. Arqumentlərimizi 2012-ci il Londonda "Avropa multikulturalizminin perspektivləri: dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli" mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan modeli haqqında səslənən fikirlər də təsdiq edir. Azərbaycan artıq bu gün sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində aparıcı ölkə statusunu qazanıb. Fikrimizi bu günlərdə Bakıda ATƏT-in Bakı Layihə Əlaqələndiricisi, Azərbaycan hökuməti, Qafqaz Müsəlmanları İdarəsi və UNESKO üzrə Azərbaycan Milli Komissiyası tərəfindən birgə təşkil edilən "Dini tolerantlığın möhkəmləndirilməsi, Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar" mövzusunda keçirilən ilk beynəlxalq konfrans da təsdiq edir. Cənab Prezidentin konfrans iştirakçılarına müraciətində deyilir: "Son illər sivilizasiyalararası dialoq, multikultural dəyərlərin qorunması, dini tolerantlığın inkişafı kimi humanitar problemlərin ənənəvi müzakirə məkanına çevrilən Azərbaycanda etnik mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir". Təəssüf ki, tolerantlıq və dözümlülük sahəsində örnəkliyimiz, müasir dünyada tutduğumuz mövqe düşmənlərimiz və qərəzli opponentlərimizi yeni-yeni təxribatlara sövq edir. Bəziləri tolerantlığımızdan sui-istifadə edərək bizi tarixi torpaqlarımıza ermənilərin köçürülməsi ideyasının müəllifi Qriboyedov vaxtına döndərmək istəyir. Ermənipərəst dairələr, o vaxt olduğu kimi, indi də bizi "sakitləşdirmək məsələsini dəfələrlə götür-qoy edirlər". Onlar sərhədsiz tolerantlığı özlərinə yox, bizə vacib bilirlər. Bu dairələr ikili standartdan çıxış edərək, sələfləri 451-ci ildə Xolkidon Ümumdünya Kilsə Məclisindən küfr damğası ilə qovulan Qriqoryan Kilsəsinin məkrinə, rəsmi Ermənistanın monoetnik və işğalçılıq siyasətinə göz yumurlar. İslamofobiya xəstəliyinə düçar olanlar, sivilizasiya və dinlərin toqquşmasının labüdlüyünü müdafiə edənlər isə, Azərbaycan da daxil olmaqla, islam aləmini yeni təxribatlara cəlb etmək istəyirlər. Bu məkrlərin üstünü açan cənab
İlham Əliyev deyib: "Bəzi ölkələrdə islamofobiya meyllərinin güclənməsi, islam müqəddəslərinin təhqir edilməsi bizi narahat edir, hiddətləndirir". Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədri Mübariz Qurbanlı müsahibələrindən birində qeyd edib ki, Azərbaycanda qədim zamanlardan müxtəlif dinlər tolerantlıq şəraitində yan-yana fəaliyyət göstəriblər: "Müxtəlif konfessiyalara mənsub insanların qarşılıqlı xoş əlaqələri ənənə halını almışdır. Bu gün də həmin ənənənin dini icmaların bir-birinə olan münasibətində şahidi oluruq. İstər əlamətdar günlərdə, istər bayramlarda, istərsə də icmaların digər ictimai həyatında bu yaxınlığı, səmimiliyi görürük. Ümumiyyətlə, ölkədə tolerant mühitin yaradılmasına xidmət edən müxtəlif dini konfessiya liderlərinin qarşılıqlı əlaqələri yüksək səviyyədədir. Dövlət Komitəsi olaraq da tolerantlığın ölkəmizdə daha da təkmilləşməsivə müxtəlif dini konfessiya rəhbərləri arasında qarşılıqlı əlaqələrin inkişafı istiqamətində bir sıra addımlar atılmışdır. Xüsusilə Dövlət Komitəsinin sədri yanında yaradılmış Məşvərət Şurasını qeyd etmək istərdim. Bu Şurada Azərbaycanda fəaliyyət göstərən ənənəvi konfessiyalar - müsəlmanlar, pravoslavlar, yəhudilər, katoliklər rəhbərlik səviyyəsində təmsil olunurlar. Məşvərət Şurasının əsas məqsədi dini etiqad azadlığının təmin olunmasında mövcud məsələlərin müzakirəsi, onların həlli ilə bağlı tövsiyələrin hazırlanması və dinlərarası dialoqun səmərəli təşkilidir. Şuranın vəzifə və funksiyalarına dini konfessiya nümayəndələrinin arasında anlaşma və qarşılıqlı hörmət hissinin gücləndirilməsi, dindarlar arasında radikal, ekstremist meyillərin, o cümlədən dini duruma mənfi təsirlərin, həmçinin, mövhumat və xurafat elementlərinin aradan qaldırılması istiqamətində iş aparılması, dövlət-din münasibətlərinin qarşılıqlı etimad əsasında inkişaf etdirilməsi istiqamətində dini qurumların iştirakı ilə tədbirlərin görülməsi və s. bu kimi məsələlər aiddir". Azərbaycan çoxdinli, çoxmillətli bir dövlət olmaqla bütün dünya üçün öz dəyərini göstərə bilib. Bu nümunədən bir sıra ölkələr örnək götürməlidir. Nahid Canbaxışlı Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür İlham Əliyev deyib: "Bəzi ölkələrdə islamofobiya meyllərinin güclənməsi, islam müqəddəslərinin təhqir edilməsi bizi narahat edir, hiddətləndirir". Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədri Mübariz Qurbanlı müsahibələrindən birində qeyd edib ki, Azərbaycanda qədim zamanlardan müxtəlif dinlər tolerantlıq şəraitində yan-yana fəaliyyət göstəriblər: "Müxtəlif konfessiyalara mənsub insanların qarşılıqlı xoş əlaqələri ənənə halını almışdır. Bu gün də həmin ənənənin dini icmaların bir-birinə olan münasibətində şahidi oluruq. İstər əlamətdar günlərdə, istər bayramlarda, istərsə də icmaların digər ictimai həyatında bu yaxınlığı, səmimiliyi görürük. Ümumiyyətlə, ölkədə tolerant mühitin yaradılmasına xidmət edən müxtəlif dini konfessiya liderlərinin qarşılıqlı əlaqələri yüksək səviyyədədir. Dövlət Komitəsi olaraq da tolerantlığın ölkəmizdə daha da təkmilləşməsivə müxtəlif dini konfessiya rəhbərləri arasında qarşılıqlı əlaqələrin inkişafı istiqamətində bir sıra addımlar atılmışdır. Xüsusilə Dövlət Komitəsinin sədri yanında yaradılmış Məşvərət Şurasını qeyd etmək istərdim. Bu Şurada Azərbaycanda fəaliyyət göstərən ənənəvi konfessiyalar - müsəlmanlar, pravoslavlar, yəhudilər, katoliklər rəhbərlik səviyyəsində təmsil olunurlar. Məşvərət Şurasının əsas məqsədi dini etiqad azadlığının təmin olunmasında mövcud məsələlərin müzakirəsi, onların həlli ilə bağlı tövsiyələrin hazırlanması və dinlərarası dialoqun səmərəli təşkilidir. Şuranın vəzifə və funksiyalarına dini konfessiya nümayəndələrinin arasında anlaşma və qarşılıqlı hörmət hissinin gücləndirilməsi, dindarlar arasında radikal, ekstremist meyillərin, o cümlədən dini duruma mənfi təsirlərin, həmçinin, mövhumat və xurafat elementlərinin aradan qaldırılması istiqamətində iş aparılması, dövlət-din münasibətlərinin qarşılıqlı etimad əsasında inkişaf etdirilməsi istiqamətində dini qurumların iştirakı ilə tədbirlərin görülməsi və s. bu kimi məsələlər aiddir". Azərbaycan çoxdinli, çoxmillətli bir dövlət olmaqla bütün dünya üçün öz dəyərini göstərə bilib. Bu nümunədən bir sıra ölkələr örnək götürməlidir.
Nahid Canbaxışlı
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi
müsabiqəyə təqdim etmək üçündür
Olaylar.- 2017.- 22 fevral.- S.10.