“Dəhliz” filminin təqdimatı keçirilib

 

Filmdə Xocalı soyqırımı faciəsinin dəhşətləri şahidlərin dilindən səsləndirilib

 

Fevralın 21-də Beynəlxalq Mətbuat Mərkəzində Xocalı soyqırımına həsr olunmuş "Dəhliz" filminin təqdimatı keçirilib. Tədbirdə Xocalı faciəsi zamanı, eləcə də Azərbaycanın ərazi bütövlüyü naminə canını qurban verənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Elmar Məlikov və Ceyhun Əsgərovun müəllifi olduğu filmdə  soyqırıma məruz qalmış və bu faciənin canlı şahidləri olan Xocalı sakinlərinin fikirləri lentə alınıb.

Xocalı soyqırımı ilə bağlı çoxsaylı filmlərin ərsəyə gəldiyini qeyd edən millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, bu filmin özəlliyi ondan ibarətdir ki, faciənin şagidləri baş verən faciəni canlandırıblar: "Ümumilli lider Heydər Əliyevin ciddi cəhdi nəticəsində Xocalı faciəsi siyqırım kimi tanınıb. İndiyə qədər Xocalı soyqırımı ilə bağlı xeyli sənədlər qəbul edilərək beynəlxalq təşkilatlara ünvanlanıb. Xocalı həqiətləri barədə xarici ölkələrdə məqsədyönlü təbliğat işləri aparılıb. Məhz bunun nəticəsidir ki, Xocalı faciəsi dünya ölkələrinin parlamentləri tərəfindən soyqırım, genosid kimi tanınıb. Təkcə ABŞ-ın 20-dən artıq ştatı bu faciəni soyqırım kimi tanıyıb. Lakin bütün cəhdlərə baxmayaraq bu soyqırımın təşkilatçıarı və icraçıları cəzalarını almayıblar". Millət vəkili qeyd edib ki, hazırda Milli Məclisdə  beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqında qanun layihəsi hazırlanıb: "Vaxt gələcək ki, Xocalı soyqırımının günahkarları Azərbaycan məhkəmələrində qanun qarşısında cavab verəcəklər".  Onun sözlrinə görə, "Dəhliz" filmində əsas diqqət ona yönəlib ki, Xocalıda törədilən soyqırım yaddaşlara həkk olunsun: "Elə bu səbəbdən də biləvasitə faciəyə məruz qalan insanlar danışdırılıb, daha çox şahid ifadələrinə yer verilib. Bu, tarix kimi arxivdə qalacaq, məhkəmələrdə şahid ifadəsi kimi istifadə ediləcək". Sonra tədbir iştirakçılarına "Dəhliz" filmi nümayiş olunub. Filmin nümayişindən sonra çıxış edən "Kaspi" qəzetin təsisçisi Sona Vəliyeva filmi ərsəyə gətirənlərə öz təşəkkürünü bildirib və qeyd edib ki, bu kimi filmlərin çəkilməsi çox vacibdir. Onun sözlərinə görə, bir çox hallarda ermənilər Azərbaycana məxsus olanları öz adlarına çıxırlar: "Hətta ermənilər Xocalı ilə bağlı rəsmlərimizdən istifadə edərək, özlərinin başına gələn faciə kimi qələmə verib, Azərbaycana qarşı nifrət hissi yaratmağa cəhd edirlər. Çox təəssüf ki, dünya yalanlara inanır. Məhz bunun nəticəsidir ki, dünyada ədalətsizlik hökm sürür. Filmin ingilis, fransız dilində tərcümə edilməsi bu həqiqətlərin dünyaya çatdırımasında mühüm rol oynaya bilər. Biz qalibliyə gedən yolu özümüzdə axtarmalı, bu həqiqətləri uşaqlarımıza körpəlikdən aşılamalıyıq. Xocalı çox böyük faciədir. Biz ilk növbədə həmrəy olub, milli yaddaşımıza sahib çıxmalıyıq. İnşaallah bir gün biz həmin torpaqlara qayıdacağıq". Tədbirdə millət vəkili qeyd ediblər ki, "Dəhliz" filminin digərlərindən fərqi onun şahidlərin dili ilə səslənməsidir. Bu filmdə iştirak edən qəhrəmanlar başlarına gələnləri söyləməklə ermənilərin bu hadiəsədə nə qədər günahkar olduğunu bir daha ortaya qoyacaq. Bu faktlar gələcəkdə bizə lazım olacaq. Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu bu cür filmlərin çəkilməsinin çox mühüm olduğunu dilə gətirib. Bildirib ki, belə facilərin yaddaşlara həkk olunması üçün yaradıcı insanlar dönüş konsepsiyası hazırlamalıdırlar. "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev söyləyib ki, bu filmə emosiyasız baxmaq mümkünsüzdür: "Çünki bu kadrlar yaddaşımızda dərin köklər salıb. Filmdə şahidlərlərin dili ilə tam şəkildə faciə ilə bağlı məlumat əldə etmək mümkündür.  Ermənilər Xocalıda həm maddi, həm də mənəvi qisas alıblar. Biz bu filmdə beynəlxalq aləmin ədalətsiz mövqeyini nümayiş etdirməklə yanaşı, o dövrdəki laqeydlik öz əksini tapıb. Film bu baxımdan çox təsirli idi". "Səs"qəzetinin  baş redaktoru Bəhruz Quliyev çıxışında qeyd edib ki, Xocalı faciəsi nəinki ildönümü ərəfəsində, hər zaman diqqətdə saxlanılmalıdır. SƏS internet televiziyasının bazasında Xocalı soyqırımı ilə bağlı bir neçə filmlərin hazırlandığını deyən baş redaktor bu işlərin davam etdirilməsinin vacibliyini dilə gətirib: "Bu gün demək olar ki, hər kəs sosial şəbəkə istifadəçisidir. Sosial şəbəkələrdən istifadə edənlər bu faciəni daim diqqətdə saxlamalı, qətliamın dünya ictimaiyyətinə çatdırılması istiqamətində səyini ortaya qoymalıdır. Xocalının dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən  "Xocalıya Ədalət" kampaniyası çərçivəsində mühüm işlər görülür. Lakin hər kəs vətəndaşlıq borcunu yerinə yetirərək, bu işi davam etdirilməlidir". "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli çıxışında qeyd edib ki, filmdə real hadisələr öz əksini tapıb: "Filmdə faciənin şahidlərin dilindən eşidilməsi hər kəsi sarsıdır. Bu istiqamətdə aparacağımız tədqiqatda insan taleləri önə çəkilməlidir. Xocalı faciəsinin şahidləri ilə bağlı ayrı-ayrı filmlər çəkilə bilər. Biz bu faciələrdən dərs almalıyıq. Erməniyə görə xislətimizi dəyişə bilmərik. Amma qarşımızdakı düşmənimizin kim olduğunu bilməliyik". "CBC" televiziyasının rəhbəri Azər Xəlilov isə söyləyib ki, Xocalı Azərbaycan xalqının ən yaralı yeridir: "Bu cür filmlər beynəlxalq tribunalda təqdim etdiyimiz faktlardan biri olacaq. Burada əsas yük jurnalistlərin üzərinə düşür. Çox təqdirəlayiqdir k, bizim jurnalistlər bu kimi məlumatların toplanmasında uğurlara nail olub, kitablar nəşr edir, filmlər çəkirlər. Bir çox işlər görülsə də, bu kifayət deyil, işlərimizi davam etdirməliyik. Xaricdə yaşayan azərbaycanlılar da bu işlərə dəstək verməlidirlər".

 

Alim

 

Olaylar.- 2017.- 22 fevral.- S.9.