Dövlət ölkədə söz, məlumat, ifadə azadlığı,

plüralizmin təmin olunmasında maraqlıdır

 

İlham Quliyev: "Ölkədə söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin olunması üçün həm mükəmməl qanunverici baza yaradılıb, həm də bunun üçün ciddi siyasi iradə mövcuddur"

 

Hər bir demokratik cəmiyyətlərin özünə xas xüsusiyyətlərindən biri də həmin cəmiyyətdə fikir, söz, ifadə azadlığı, plüralizmin təmin olunmasıdır. Bu gün Azərbaycan da demokratik prinsiplər əsasında inkişaf edən, bu dəyərlərə yüksək qiymət verən müstəqil bir ölkə olduğu üçün bizdə də fikir, söz, ifadə azadlığı, plüralizmin ən yüksək səviyyədə qorunduğunu, ona əməl edildiyini qətiyyətlə söyləmək mümkündür.

Yaxın tarixə nəzər salsaq görərik ki, Azərbaycanda fikir, söz, ifadə azadlığı, plüralizmin təmin olunması istiqamətində ilk addımlar müstəqillik illərində, daha doğrusu ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra atılmağa başlayıb. Məhz Heydər Əliyevin prezidentliyi dövründə ölkədə müstəqil medianın inkişafı istiqamətində zəruri addımlar atılıb. Günümüzdə də Heydər Əliyevin müəyyənləşdirmiş olduğu bu siyasət onun davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir.  Bu gün qətiyyətlə demək olar ki, Azərbaycanda fikir, söz, ifadə azadlığı, plüralizm yüksək səviyyədə təmin olunur. Elə ölkənin nüfuzlu kütləvi informasiya vasitələrinin rəhbərləri də bu qənaətdədirlər. "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyevin "OLAYLAR"-a müsahibəsində də ölkədə söz və məlumat azadlığının təmin olunması istiqamətində görülən işlərdən danışdıq.

- İlham müəllim, günümüzdə Azərbaycan mediası, kütləvi informasiya vasitələrinin durumunu necə qiymətləndirərdiniz?

- Bugünkü Azərbaycan mediası böyük bir inkişaf yolu keçib. "Əkinçi"dən başlayan ənənələr keçən əsrin əvvəllərində, Xalq Cümhuriyyəti dövründə, Sovet Azərbaycanı zamanında və son vaxtlar -müstəqillik illərində daha da inkişaf etdirilib. Xüsusilə də müstəqillik illərində mətbuatımız üzləşdiyi sınaqlardan üzüağ çıxa bilib, dünyadakı proseslərə, texnoloji yeniliklərə adekvat reaksiya verib. Üzləşdiyi çətinliklərə sinə gərib, özünütənzimləmə mexanizmi formalaşdırıb. Bu gün Azərbaycanda KİV haqqında mükəmməl qanunvericilik var. Kütləvi informasiya vasitəsi  təsis etmək proseduru son dərəcə sadələşdirilib. Ürəyi istəyən hər kəs KİV təsis etmək, sayt açmaq imkanına malikdir. Bu gün Azərbaycanda oturuşmuş qəzetlər, informasiya agentlikləri, internet portallar formalaşıb. Bu media strukturları özlərinin maddi-texniki bazasını formalaşdırıb. Məncə, bütün bunlar Azərbaycanda medianın durumunu müsbət qiymətləndirmək üçün kifayət qədər əsaslar verir.

- Ölkədə söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin olunması hansı səviyyədədir?

- Qeyd etdiyim kimi ölkədə söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin olunması üçün həm mükəmməl qanunverici baza yaradılıb, həm də bunun üçün ciddi siyasi iradə mövcuddur. İstənilən şəxs KİV təsis edib öz fikirlərini ifadə etmək imkanına malikdir. Ölkədə azad internet mövcuddur. İnsanlar sosial şəbəkələrdə istədikləri fikirləri yaza bilirlər. Hətta bu zaman bəzən etik və hüquqi çərçivələri də aşırlar. Bu gün Azərbaycanda ictimai rəyin formalaşmasında sosial şəbəkələrin xüsusi rolu vardır. Bəzən ənənəvi media da sosial şəbəkələrdəki müzakirələrin təsiri altına düşür. Bu baxımdan, ölkədə söz, məlumat və ifadə azadlığının yüksək səviyyədə təmin olunduğunu qətiyyətlə bildirmək olar.

- Azərbaycan dövləti, onun prezidenti ölkədə söz, məlumat, ifadə azadlığı, plüralizmin təmin olunması istiqamətində hansı addımlar atır? -

-Təbii ki, media hökumətin fəaliyyətinə, cəmiyyətdəki fərqli tendensiyalara ictimai nəzarəti həyata keçirir. Görülən işlərdəki qüsurlar, görülməsi lazım olan işlər məhz media vasitəsilə ictimailəşdirilir, media platformasında müzakirələr açılır. Bu baxımdan, dövlət ölkədə söz, məlumat, ifadə azadlığı, plüralizmin təmin olunmasında maraqlıdır. Bu marağın zaman-zaman əyani addımlarla müşayiət olunduğunu da görürük. Məsələn, artıq 20 ilə yaxındır ki, Azərbaycanda senzura yoxdur. KİV təsis etmək üçün mövcud olan şərtlər tam sadələşdirilib. Əgər əvvəllər KİV təsis etmək istəyən fiziki və ya hüquqi şəxslə bağlı çoxsaylı incələmələr aparılır, şərtlər irəli sürülürdüsə, indi buna ehtiyac yoxdur. Dövlət artıq 15 ildən çoxdur ki, mətbuatın idarə edilməsində inzibati qaydada iştirak etmir. Medianın idarəetməsi jurnalistlərin özləri tərəfindən təsis edilən, rəhbərliyi şaffaf şəkildə qələm adamlarının özləri tərəfindən seçilən Mətbuat Şurasına həvalə edilib. Dövlət bununla da kifayətlənməyib, 2008-ci ildə mətbuatın inkişafına dövlət dəstəyi konsepsiyasını qəbul edib. Bu konsepsiyaya uyğun olaraq Azərbaycan Respublikası Prezident yanına Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fond hər il yazılı mətbuata önəmli maliyyə dəstəyi verir. Hazırda bu dəstəyin internet mediasına da göstərilməsi ilə bağlı müzakirələr gedir. Açıq şəkildə deməliyik ki, əgər dövlətin fondun xətti ilə verdiyi dəstək olmasaydı, bu gün yazılı mətbuat çox çətin durumda olardı. Qəzetlərin əksəriyyəti fəaliyyətini dayandırmaq məcburiyyətində qalardı. Özü də diqqət yetirsək görərik son iki ildə dövlətin maliyyələşdirdiyi əksər fondların büdcələri azaldılıb, amma KİV DF-nin büdcəsində heç bir azalma yoxdur. Əksinə, keçən il prezidentin Ehtiyat Fondundan KİV-lərə əlavə olaraq 1 milyon manatlıq birdəfəlik yardım ayrılıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin mətbuata münasibəti ümumiyyətlə həmişə yüksək səviyyədə olub. Məhz onun tapşırığı ilə jurnalistlər üçün mənzillər tikilərək təmənnasız olaraq paylanıb. Hazırda da növbəti binanın tikintisi başa çatmaq üzrədir. Mətbuatın 135, 140 illik yubileyləri bütün ölkə miqyasında qeyd edilib. Mətbuat günü ərəfəsində xeyli sayda jurnalist fəxri adlarla təltif edilib.

- Bəs ümummilli lider Heydər Əliyevin söz və məlumat azadlığı, plüralizmin təmin olunması istiqamətində hansı xidmətləri olub?

- Təbii ki, müstəqil Azərbaycanın tarixindəki əksər müsbət işlərin təməlini məhz ümummilli lider Heydər Əliyev qoyubdur. Onun mətbuata da çox sağlam, qayğıkeş münasibəti var idi. 1998-ci ildə senzuranın ləğvi haqqında qərarı da Heydər Əliyev vermişdi. Ümummilli liderin ölkəyə rəhbərlik etməyə qayıtdığı illərdə müharibədən yeni çıxmış, iqtisadiyyatı darmadağın olmuş ölkədə çox çətinliklər var idi. O cümlədən mətbuatın da çətinlikləri çox idi. Həmin çətin zamanlarda ümummilli lider mətbuatı köməksiz qoymurdu. Mətbuat dövlət münasibətlərinin tənzimlənməsi istiqamətində ilk addımlar da məhz o illərdə qoyulmuşdu. Heydər Əliyev ölkənin prezidenti kimi baş redaktorlarla görüşüb üzləşdikləri problemləri üzbəüz müzakirə etmişdi. Onun ölkəyə rəhbərlik etdiyi illərdə bir neçə dəfə qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları dondurulmuş və ya silinmişdi. Əminliklə demək olar ki, son illərdə mətbuata göstərilən dövlət dəstəyinin əsası məhz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə qoyulub. Prezident İlham Əliyev də elə həmin təməl üzərində bu siyasəti uğurla davam etdirir. -

-Mediamız söz, məlumat azadlığı, plüralizmdən nə dərəcədə yararlanır və bundan bəhrələnirlər?

-Ölkədəki söz, məlumat azadlığı, plüralizm media üçün yeni-yeni imkanlar açır. Ciddi, oturuşmuş media vasitələri yaradılmış bu şəraitdən maksimum yararlanmağa, ölkənin inkişafına töhfə verməyə çalışır. Üzləşdiyimiz problemlər, müzakirə tələb edən mövzular daim mətbuatın diqqət mərkəzində olur. Bununla belə, yaradılmış bu şəraitdən sui-istifadə etmək istəyənlər də kifayət qədərdir. Bəziləri ip dalınca qaçaraq, mətbuatı hörmətdən salır, qeyri-ciddi obraz yardırlar. Bəziləri isə "reket" fəaliyyəti ilə məşğul olur, ancaq öz şəxsi maraqlarını güdürlər. Bütün bunlar ümumilikdə narahatlıq doğurur.

- Ümumiyyətlə, mediaya yaradılan şəraitə görə, Azərbaycanı bu sahədə də regionun lideri kimi dəyərləndirmək olarmı?

- Bilirsiniz, nailiyyətlərlə yanaşı, mətbuatımız problemlərdən də xali deyil. İnformasiya almaqla bağlı problemlər hələ də qalır. Son illər bu sahədə xeyli işlər görülsə də, mətbuat xidmətlərinə mətbuata bağlılığı olan şəxslər gətirilsə də bu problem tam həll olunmayıb. Digər tərəfdən, yaşanan iqtisadi çətinliklər, devalvasiya, qəzet kağızına ƏDV-nin tətbiq edilməsi yazılı mətbuatın ciddi maddi çətinliklərlə üz-üzə qalmasına səbəb olub. Üstəlik, mediada əməyin qiymətləndirilməsi ilə bağlı da durum o qədər də ürəkaçan deyil. Nəticədə peşəkarların bir qismi başqa sahələrdən iş təklifi alır və gedirlər. Bizim insanların oxumağa meyilli olmaması da mətbuat üçün böyük problem olaraq qalır. Bu amil mətbuatın daha ciddi güc olmasının qarşısını alır. Hələ də normal reklam bazarının formalaşmaması isə ayrı bir problemdir. Bu baxımdan, mətbuat sahəsində də regionun lideri olsaq belə, üzləşdiyimiz problemlərin həlli üçün hələ çox iş görməliyik.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 23 fevral.- S.15.