Azərbaycanın dünyadakı səsi
Hər bir
dövlətin dünyada tanıdılması, onun
apardığı haqq işi uğrunda mübarizənin beynəlxalq
aləmə çatdırılması, həmin ölkə
barədə müsbət imicin
formalaşdırılmasında diasporun müstəsna rolu və
fəaliyyəti var. Bu mənada haqlı olaraq diaspor həmin
ölkənin dünyadakı səsi hesab edilir. Bu gün Azərbaycan
Respublikasının da dünyadakı səsi
funksiyasını yerinə yetirən, onun haqq işi
uğrunda apardığı mübarizəni beynəlxalq aləmə
çatdıran mütəşəkkil diasporu mövcuddur.
Tarixə nəzər salsaq görərik ki, Azərbaycan diasporu günümüzdə bir çoxlarının fəxrlə danışdığı, hətta qibtə etdiyi ayrı-ayrı ölkələrin diasporundan heç də gənc deyil. Belə ki, Azərbaycan diasporunun formalaşma tarixi kifayət qədər uzun bir zaman kəsiyini əhatə edir. Hətta bəzi mənbələrdə bu tarix VII əsrə qədər gedib çıxır. Belə ki, Xilafət ordusunun Azərbaycana yürüşü, İslam dininin yayılması prosesləri fonunda onlarla azərbaycanlı mütəfəkkirin Yaxın və Orta Şərqin şəhərlərinə axını başlamış və bu diasporun yaranmasının təməlini qoymuşdu. Bundan sonrakı tarixin müxtəlif dövrlərində də dünyada soydaşlarımızın daha geniş miqyasda məskunlaşması, nəticə etibarilə Azərbaycan diasporunun təşəkkül tapmasına gətirib çıxarmışdı.
Diaspor həyatında
yeni mərhələ
Azərbaycan diasporunun günümüzün tələblərinə uyğun inkişaf tarixi isə müstəqillik illərindən sonraya təsadüf edir. Sovetlər İttifaqının dağılmasındam sonra müstəqillik əldə edən Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıları təşkilatlandırmaq, onları ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb etmək idi. Lakin müstəqilliyin ilk illərində bu məsələyə o qədər də diqqət yetirilmirdi. Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu sahədə də əsaslı dönüş baş verdi. Dövlət başçısı kimi bütün xarici səfərlərində həmin ölkələrdə yaşayan soydaşlarımızla görüşən ümummilli lider onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik əldə etmiş Azərbaycanın ümumi mənafelərinin həyata keçirilməsi işində həmrəyliyə çağırırdı. Bu tendensiya diaspor nümayəndələri arasında bir əminlik yaradırdı ki, artıq onların da arxalandığı, güvənc yeri olan bir dövləti var. Diaspor quruculuğu Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyindən diaspor təşkilatlarının Vətənə, dövlətə inamı, bağlılığı, eləcə də bir-biriləri arasındakı birlik əlaqələri, həmrəyliyi daha da artırdı. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il, dekabrın 31-dən etibarən qeyd edilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü soydaşlarımız arasında birlik və həmrəyliyi reallığa çevirirdi. Artıq, diaspor quruculuğu tarixində yeni bir mərhələ başlayırdı. 2001- ci il, noyabr ayının 9-u və 10-da Bakıda ümummilli lider Heydər Əliyevin iştirakı ilə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi məhz bu prosesin başlanğıcı idi. Qurultayda çıxışı zamanı ümummilli lider qeyd edirdi ki, bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi həm müstəqil Azərbaycan dövləti, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Dünya Azərbaycanlılarının I qurultayı xaricdəki soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda böyük addım, gələcəyə istiqamətlənmiş önəmli tədbirlərdən idi. Qurultay həm də soydaşlarımızın birlik və həmrəyliyini nümayiş etdirdi. Qurultayda xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. Çox keçmədən 2002-ci il, iyulun 5-də Heydər Əliyev Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzaladı. Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan verirdi.
Diaspor
qarşısında duran yeni vəzifələr
Artıq Azərbaycan diasporu özünün inkişaf dövrünü yaşayırdı. Ancaq qurultaydan keçən dövr ərzində görülən işlər, əldə edilən nailiyyətləri təhlil etmək, ötən dövr ərzindəki fəaliyyətə nəzər salmaq zərurəti hiss olunurdu. Bu zərurət 2006-cı il, mart ayının 16-da Bakıda Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi ilə nəticələndi. Dövlət başçısının bilavasitə iştirakı ilə keçirilən həmin qurultayda ötən beş il ərzində görülən işlərə nəzər salındı, göstərilən fəaliyyət qiymətləndirildi. Prezident İlham Əliyev qurultayda çıxışı zamanı qeyd edirdi ki, xaricdə yaşayan azərbaycanlılar bizim üçün də dayaqdır: "Azərbaycan xalqı böyük xalqdır. Biz 50 milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Bizim hamımızın bir Vətəni var - Azərbaycan. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək". Prezident İlham Əliyevin diaspor sahəsində atmış olduğu ən mühüm addımlardan biri 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması oldu. Belə bir komitənin yaradılması zərurəti isə ondan ibarət idi ki, qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoyurdu. Belə ki, xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirirdi.
Artıq dünya azərbaycanlıları ilə iş daimi xarakter almışdı və hər beş ildən bir diaspor nümayəndələrimizin Bakıda bir araya gəlməsi, görülən işləri təhlil etməsi, dövlət qarşısında bir növ hesabat vermələri ənənəyə çevrilmişdi. Bu baxımdan istər
2011-ci il, iyul ayının 5-də, istərsə də 2016-cı il, iyun ayının 3-də keçirilən Dünya Azərbaycanlılarının III və IV qurultayları bunun əyani sübutu idi.
Mövcud problemlər və
onların həlli yolları
Müstəqillik
illərindən keçən dövr ərzində diaspora sahəsində
bir çox nailiyyətlər əldə etsək, dünyaya səs
salmağa müvəffəq olsaq da, ancaq bu sahədə bəzi
problemlərin olduğunu da etiraf etməliyik. Problemlərə
gəlincə, ən mənfi tendensiya bəzi diaspor təşkilatları
arasında tam mənada birliyin olmaması, onların biri-birini
qəbul etməməsidir. Təsadüfi deyil ki, hələ
Dünya Azərbaycanlıların III qurultayında
çıxışı zamanı Prezident İlham Əliyev
də bu məqama xüsusi diqqət yetirmişdi: "Mən
hesab edirəm ki, ən vacib amillərdən biri diaspor təşkilatlarının
birliyidir. Çünki biz ölkə daxilində də, xaricdə
də bir yerdə olmalıyıq. Birlik bizi gücləndirir".
Diaspor sahəsində mövcud olan digər problem
ayrı-ayrı təşkilatların internet resurslardan səmərəli
istifadə edə bilməməsi, xarici KİV-lərlə
yaxından əlaqə qurmamasıdır. Məhz bu məsələ
də Prezident İlham Əliyev tərəfindən Dünya Azərbaycanlılarının
IV qurultayında diaspor təşkilatları
qarşısında qoyulmuşdu: "Diaspor təşkilatları
yaşadıqları ölkələrdə internet saytları
açmalıdırlar. Biz bunu hələ ki,
görmürük. Azərbaycan dilində və xarici dillərdə
qəzetlər dərc edilməlidir ki, azərbaycanlılar,
onların övladları oxusunlar".
Diasporun prioritet istiqamətləri
Bəs
ötən müddət ərzində Prezident İlham
Əliyevin Dünya Azərbaycanlılarının III və IV
qurultaylarında diaspor təşkilatları
qarşısında qoyduğu vəzifələr,
tapşırıq və tövsiyyələr nə dərəcədə
həyata keçirilib?. İstər aparılan müşahidələr,
istərsə də ayrı-ayrı diaspor təşkilatları
rəhbərlərinin mövqeləri onu deməyə əsas
verir ki, hələ də dövlət
başçısının qaldırdığı bəzi
problemlər qalmaqdadır. Belə ki, əksər diaspor təşkilatları
nəinki xarici KİV-lərlə əlaqə qura bilib, hətta
bəzi təşkilatların internet saytları belə
mövcud deyil.
Diaspola
İş üzrə Dövlət Komitəsinin informasiya
şöbəsinin müdiri Elşad Miraləm qeyd edib ki,
Dünya Azərbaycanlılarının IV qurultayında
Prezident İlham Əliyevin nitqində əksini tapmış
tövsiyyələr Azərbaycan diasporunun fəaliyyətinin
prioritet isatiqamətlərini təşkil edir: "Bu
tövsiyyələr Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması sahəsində
fəaliyyətin gücləndirilməsi,
soydaşlarımızın yaşadıqları ölkələrin
ictimai-siyasi həyatında fəal iştirakı, media ilə
əlaqələrin gücləndirilməsi, siyasi təşkilatlarda
təmsilçilik səviyyəsinin artırılması və
s. bağlı idi. Bütün bunlar yeni dövrdə Azərbaycan
diasporunun fəaliyyətinin strateji istiqamətlərini təşkil
edir". Komitə rəsmisi deyib ki, dövlət
başçısının tövsiyyələrinə
uyğun olaraq Azərbaycan Respublikasının Prezident
Administrasiyası rəhbərinin 27 iyun, 2016-cı il tarixli sərəncamı
ilə "Dünya Azərbaycanlılarının IV
qurultayından irəli gələn vəzifələrə dair
Tədbirlər Plan"ı təsdiq edilib. Hazırda həmin
tədbirlər planının icrası istiqamətində
iş aparılır: "Bir sıra ölkələrdə
Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin
daha mükəmməl səviyyədə koordinasiya
olunması istiqamətində tədbirlər
görülür. KİV-lərlə əlaqələrin
qurulması və gücləndirilməsi ilə bağlı
bir sıra layihələr, təkliflər var ki, onların da
həyata keçirilməsi üçün zəruri
addımlar atılır".
İqdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal isə deyir ki, Dünya Azərbaycanlılarının IV qurultayından keçən dövr ərzində prezidentin diaspor təşkilatları qarşısında qoyduğu məqsəd və vəzifələrin icrası istiqamətində təşkilatlar səviyyəsində heç bir ciddi addım atılmayıb: "Bu vaxta qədər hər hansı bir dəyişiklik yoxdur. Yalnız keçirdiyimiz tədbirlərə baş konsulluq, səfirlik nümayəndələri təşrif buyurur, yaxud onlar keçirdikləri tədbirlərə bizləri dəvət edirlər. Hər şey bununla bitir. Mən deyərdim ki, hər şey qurultayda unuduldu".
Danimarkada fəaliyyət göstərən Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi isə deyib ki, rəhbərlik etdiyi təşkilat dövlət başçısının tapşırıq və tövsiyyələrindən irəli gələrək öz fəaliyyətində bunları nəzərə alır: "Dövlət başçısının verdiyi hər tapşırığı Vətən Cəmiyyəti olaraq yerinə yetiririk. Təşkilat olaraq Azərbaycanın Londondakı səfirliyi ilə sıx əməkdaşlıq edirik. Həmçinin Kopenhagendəki Türkiyə səfirliyi ilə də sıx əlaqələrimiz var". Diasporun xarici KİV-lərlə əlaqəsinə gəlincə, Səfər Sadiqi bildirib ki, ilk növbədə hər bir diaspor təşkilaltının internet səhifəsi olmalıdır: "Həmçinin xarici KİV-lərlə sıx işləmək lazımdır. Dövlət başçısının dediyi kimi, artıq hücum taktikasına keçməliyik. Bunun bariz nümunəsi kimi Danimarka Parlamentində Xocalı soyqırımını müzakirəyə çıxarmaq üçün bəzi addımlar atılıb və bu istiqamətdə işlər davam edir. Həmçinin bir ay bundan əvvəl bu ölkə parlamentində qondarma erməni soyqırımı ilə bağlı qanunnun qəbulu rədd edildi ki, belə bir nəticənin əldə edilməsində Vətən Cəmiyyətinin də xüsusi rolu olub"
Süleyman
İsmayılbəyli
"Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
etmək üçün"
Olaylar.- 2017.- 23 fevral.- S.14.