Nazim Hikmət:
“Bəni bəndən
yaxşı çıxaran Kamal
yoldaşa”...
Bütün ömrünü fotoya həsr edən
Kamal Babayevlə tanış olduq. Kamal Babayev Azərbaycan Fotoqraflar Birliyinin, Jurnalistlər
Birliyinin üzvüdür. 2014 - cü ildə
Prezident İlham Əliyev tərəfindən Azərbaycan
Respublikasının fəxri mədəniyyət
işçisi adına layiq görülüb.
90 illik ömrünü fotolara həsr
edən insan...
"Dayım həvəskar fotoqraf idi. Hərdən
məni yanına çağırır, şəkilləri
çıxartmaqda ona kömək eləməyimi istəyirdi.
Sonra dayımla birgə çəkilən
fotoları qırmızı işıqda
aydınlaşdırırdıq.
Qardaşım Moskvadan qayıdanda mənə
"Kodak" markalı fotoaparat alıb gətirmişdi. Bir neçə
şəkil çəkdim və o zamandan fotoya
bağlandım. Tələbəlik illərində
hər gün fotoaparatımla maraqlı kadrlar tutmağa
çalışırdım. 1953 - cü
ildən artıq istədiyim kimi, gözəl fotolar çəkirdim.
...Yazıçı Hüseyn Abbaszadənin köməkliyi
ilə "Pioner" jurnalında fotoqraf kimi işə
başladım. Jurnalın redaktoru Zeynal Cabbarzadə mənə
ilk olaraq jurnalın üzqabığı üçün
şəkil çəkməyi tapşırdı. Qurduğum kompozisiyanı bütün redaksiya
çox bəyəndi. Daha sonra jurnalın
hər sayı üçün kompozisiya qururdum.
Muzeydə davam edən ömür...
Zeynal Cabbarzadənin tapşırığı ilə
İncəsənət Muzeyində rəssamların əsərlərini
çəkdim. Muzeydə çəkdiyim fotoları rəhbərlik
bəyəndi.Və beləliklə, İncəsənət
muzeyində işə başladım.
Uşaqlıqdan rəssamlığa da həvəsim var
idi. İncəsənət muzeyində rəssamlarla birgə
fəaliyyətim mənim üçün çox maraqlı
idi. Elə muzeydən də təqaüdə
çıxdım. Muzey mənim sonuncu iş
ünvanım oldu...
Mükafatlar...
Sonra isə
öz fotolarımı müsabiqələrə göndərdim..."
Kamal Babayev 1986-cı ildə İsveçdə,
Almaniyada keçirilmiş fotomüsabiqələrdə
diplomla mükafatlanır. 1987-ci ildə
"Nauka i jizn" jurnalının mükafatını
alır - 3-cü yer tutaraq "Kiyev" fotoaparatı ilə hədiyyələnir.
Və elə həmən jurnalda 3 məqaləsi
dərc olunur. 1988-ci ildə "Sovetskoe
foto" jurnalının 1-ci mükafatı ilə 1-ci yerin
qalibi olur.
Daha sonra Kamal Babayev 1990-cı illərdə Moskvada
çıxan "Panorama Azərbaycana" qəzeti ilə əməkdaşlıq
edir. Adıçəkilən qəzetdə fotoşəkil
və məqalələri dərc olunur. Həmən
illərdə Rusiyanın Kamişin şəhərində
keçirilmiş "Master i Marqarita" müsabiqəsinin və
"Serdse" müsabiqəsinin diplomlarını alır.
1995-ci ildə Fransanın Nant şəhərində
açılmış "Azərbaycan fotoqraflarının əsərləri"
sərgisində bir neçə əsəri ilə
çıxış edir. "Azərbaycan
Elmlər Akademiyası" fotoalbomunun müəllifidir.
Nazim Hikmət Kamal Babayevin fotosunda...
Kamal Babayev yaradıcılığında bir də məşhur
simaların portret fotoları geniş yer tutur. Səttar Bəhlulzadə, Lətif
Kərimov, Həsən Seyidbəyli, Toğrul Nərimanbəyov,
Məmməd Araz, Ziya Bünyadov, Heydər Əliyev...
Kamal müəllimin zəngin fotoarxivində bir də əvəzsiz
Türk şairi Nazim Hikmətin fotolarına rast gəldik. Kamal müəllimdən
Nazim Hikmətlə olan tanışlığın qısa
tarixcəsi haqqında danışmağı xahiş etdik...
"Bir gün Zeynal Cabbarzadə məni təcili
yanına çağırdı. Dedi ki, jurnalın bu sayında Nazim
Hikmətin əsərləri yer alacaq və bizə Nazim Hikmətin
fotosu lazımdı. Təcili Mərdəkana
gedib, şairin fotosunu çəkməlisən. O zaman
Nazim Hikmət Mərdəkanda yerləşən
sağlamlıq mərkəzində istirahət edirdi. Nazim Hikmət payızı və Mərdəkanı
çox sevirdi. Ona görə hər il
orda dincəlirdi. Bizim bir çox şairlər,
yazarlar da məhz Nazim Hikmət orda olan vaxtı Mərdəkanda
dincəlirdilər.
Zeynal Cabbarzadə ilə birgə Nazim Hikmətin
qaldığı otağa getdik. Orada Nazimlə Moskvadan
gəlmiş şəxsi həkimi Qalina Qriqoryevna onun səhhətinin
qayğısına qalırdı. Nazimi
ziyarətə gələnlər hətta o qadından çəkinirdilər.
O heç kimin Nazimi yormasına, incitməsinə icazə
vermirdi. Qalina xanım mənə yer göstərdi,
əyləşdim.
O otaq indi
də yadımda qalıb. Bəlkə də, bu
rəssam, fotoqraf olmağımla bağlıdı. Nazim Hikmətin otağında, masanın üzərində
3 dənə iri nar və kiçik güldanda 3 dənə
gül var idi. Bu görüntü diqqətimi
cəlb elədi. İlk olaraq onların
fotosunu çəkdim. Nazim Hikmət isə
yatağında uzanmışdı. Ətrafında
çoxlu qəzetlər var idi.
Nazim Hikmətin çox gözəl səsi var idi. Çox
gözəl insan idi. Çox səliqəli
insan idi. Xarici görünüşü də
çox diqqət çəkən idi. Təkcə
mənimlə yox, ətrafında olan, tanıdığı -
tanımadığı bütün insanlarla səmimi
münasibət qururdu. Qalina xanım
çəkilişin uzun sürməməsini, onu
yormamağı xahis etdi. Nazim Hikmətin mənə
ilk sualı "Ailən, uşağın varmı?" oldu.
Daha sonra ailəm, valideynlərim haqqında mənə suallar verdi. 40 - 50 dəqiqə mənimlə söhbət
elədi.
Fotolarını çəkmək üçün məxsusi
olaraq hazırlaşdı. İki fotosunu çəkdim.
Fotoları çəkəndən sonra mənə
bir xahişi olduğunu bildirdi. Fotoları redaksiyaya verməzdən
öncə baxmaq istədiyini dedi. Razılaşdım,
amma daxilən çox pis oldum. Fikirləşdim
ki, əgər fotoları bəyənməsə özündə
olan fotonu verəcək redaksiyaya. Səhəri
gün hər iki şəkillə yenidən Mərdəkana
getdim. Fotoları görən kimi çox bəyəndiyini
dedi. Sonra şəkilləri Qalina xanıma
göstərdi. O da şəkilləri bəyəndi. Sonra Nazim Hikmət fotodan 500 ədəd yenidən
çıxardıb, ona verməmi istədi. Özündə olan, bəyəndiyi şəkilləri
bir çox redaksiyayaların aparıb,
qaytarmadığını, bundan sonra bütün qəzetlərə,
redaksiyalara bu şəkili verəcəyini bildirdi. Daha
sonra məndən sonuncu istədiyini dedi. Onunla
eyni korpusda olan və şəkil çəkdirmək istəyən
bütün yazıçılarla birgə şəkilini
çəkməyimi istədi.
Şəkilləri o qədər bəyənmişdi ki,
mənə seçilmiş əsərlərindən ibarət
olan kitabını hədiyyə etdi və üstünə
"Bəni bəndən yaxşı çıxaran Kamal
yoldaşa" yazdı. Mənim çəkdiyim və onun da bəyəndiyi 500
fotodan birini götürərək üzərinə
"Dünya cocuklarının mutluluğu üçün həmişə
hazır ol"... sözlərini yazdı..."
Çəkmək istədiyim foto...
Kamal
Babayevin çəkdiyi fotoları III qrupa bölmək olar: I
qrup - Abşeron bağları, uşaqlar; II qrup - məşhur
simaların portretləri; III qrup - rəssamlarla birgə fəaliyyət.
Kamal Babayev dedi ki, I qrupla işləmək daha rahatdı.
"Uşaqlarla işləmək mənə həmişə
xoş olub. Onlarla işləyəndə yorulmurdum. Bəlkə də bu ilk dəfə işə
"Pioner" jurnalında başlamağımla əlaqədardı.
Bir də Abşeron bağlarında işləməkdən
həmişə zövq almışam. Abşeron
çimərliyində, bağlarında uşaqlarla
bağlı çoxlu maraqlı kompozisiyalar qurmuşam. Abşeron mənim üçün ən rahat yer
olub. Bu həm fotolarımda, həm də rəsm
əsərlərimdə aydın hiss olunur. Bir gün bir tərbiyəçi uşaqları
çimərliyə gətirmişdi. Uşaqlar
növbə ilə qumda uzanıb, dənizə girirdilər.
Kənardan tərbiyəçinin
uşaqları nəzərimdə tutduğum
düzülüşdə düzməsini gözləyirdim.
Uzun zamandan sonra nəhayət ki, uşaqlar mənim
istədiyim kimi düzüldü və tez həmin anı
fotoya köçürdüm. Həmin foto ən
çox sevdiyim, bəyəndiyim fotolarımdan oldu..."
"İndi ən çox hansı fotonu çəkmək
istərdiniz" deyə sorduq. Kamal müəllim "Səhhətim
imkan versəydi, yenə Abşerona gedərdim, qayaları, dənizi,
uşaqların fotolarını yenə də əvvəlki
kimi çəkərdim"... dedi.
İnciklik...
Söhbət əsnasında 90 illik yubileyinin qeyd
olunmamasına toxunuruq. Buna görə bir az incidiyini hiss
etdik. Amma o heç kimi günahlandırmır,
heç kimdən küsmür. 70, 80 illik
yubileyləri ərəfəsində Fotoqraflar Birliyi tərəfindən
və dostu, həmkarı Mehdi Abbasovun təşkilatçılığı
ilə foto sərgiləri təşkil olub.
Ailədə
sənətini davam etdirən birilərinin olduğu ilə
maraqlandıqda, "heç kim" - dedi.
Zəngin fotoarxini isə həmkarı, dostu
Mehdi Abbasova təqdim edəcək.
90 illik ömründə bir neçə kitablar, foto dərsliklər
yazan Kamal müəllim hal - hazırda yeni, şəxsi
yaradıcılığını əks etdirən ikinci kitab
üzərində çalışır. Və bu
kitabın çap olunmasında bəzi maddi çətinliklərin
olduğunu qeyd etdi.
Kamal Babayevin SEVİLİ...
Kamal müəllimlə ailəsi haqqında
danışmaq istədik. Söhbət əsnasında məlum
oldu ki, Kamal müəllimin həyat yoldaşı - Sevil
xanım dünyasını dəyişib... Kamal müəllim hələ də
bu ayrılığı qəbul edə bilmir və hələ
də Sevil xanımın adı çəkiləndə, rəsmlərini
görəndə göz yaşlarına hakim ola
bilmir...
"Bu
dünyada ən gözəl qadın fotom Sevil xanım
olduğu fotolardı" - deyir, Kamal müəllim...
Nigar Adil
Olaylar.- 2017.- 4
iyul.- S.12.