Azərbaycanda bütün dinlər

bərabər hüquqa malikdir

 

Ölkəmiz dini müxtəliflik baxımından çox zəngindir

 

Özünü dünyaya demokrtaik ölkə kimi təqdim edən Azərbaycanda dini plüralizm ən yüksək səviyyədə təmin edilib. Qətiyyətlə demək olar ki, ölkəmizdə  dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi prosesi davam etməkdədir. Məlumat üçün qeyd edək ki, Azərbaycan müsəlman ölkə kimi İslam kimliyi ilə Asiya və Quzey Afrika İslam ölkələri və bütün ortadogu müsəlman toplumları ilə dini və kültürəl bütünlüyə malikdir. Ölkəmiz  İslam sivilizasiyasının bir parçası olaraq müsəlman dünyasının gələcəyinin quruluşlanmasında aktiv rol oynamaq patensialına malikdir.

Avropa modernizm dəyərlərini (demokratiya, insan haqları, respublika, sientizm, sekulyarizm) mənimsəyərək İslam mədəniyyəti ilə sintezləşdirməklə özünəməxsus İslam mədəniyyəti yarada bilən Azərbaycan Şərq-Qərb arasında körpü rolunu oynayır. Nəzərə almaq lazımdır ki, Azərbaycan  Şərqlə Qərb arasında dialoq, harmoniya, əməkdalıq yarada bilmə imkanına sahibdir. Dini ekspert Rabil Şirvani hesab edir ki, Azərbaycanda bərqərar olmuş dini plüralizm ən yüksək səviyyədədir. Bu ölkədə yaşayan vətəndaşların dini mənsubiyyətindən, dini təriqəsindən asılı olmayaraq hər bir kəsə vicdan və əqidə azadlığı verilib. Məlumdur ki, hər bir dövlətin mövcud olmasında, formalaşmasında və inkişafında milli ideyanın rolu əvəzsizdir. Bu sahədə boşluğun mövcud olması, cəmiyyətə kənardan ideoloji baxışların mütəmadi sirayət etməsinə, cəmiyyət, xüsusən isə gənclər arasında yad dünyagörüşlərin, ideoloji baxışların yayılmasına şərait yaradır, milli və mənəvi dəyərlərimizin zəifləməsi, təhrifə məruz qalmasına səbəb olur. Kənar ideoloji baxışların ən çox sirayət etdiyi sahələrdən biri də dini cərəyanlar və baxışlar vasitəsi ilə sirayət edən ideyalardır. Buna görə də milli kimlik ideyası və milli mənəvi dəyərlərimizin qorunması işinə eyni platformada baxılması və ideoloji işin aparılması zəruridir. Məsələnin həlli üçün dövlət tərəfindən təsdiqlənmiş normativ məzmunlu ideoloji hüquqi sənədin mövcudluğu vacib şərtdir.  Bu işə töhfə vermək məqsədilə ideoloji sahədə milli siyasətimizi əks etdirə biləcək proqram xarakterli sənədin layihəsinin hazırlanması, kosmopolitizm, ifrat millətçilik, radikal dini cərəyanlara qarşı effektli mübarizənin təşkili üçün araşdırmaların aparılması, ideoloji maarifləndirmənin həyata keçirilməsi vacib amildir. Onun sözlərinə görə, Azərbaycanda dini plüralizmin ən bariz nümunəsi dini münasibətlərin ölkə Konstitusiyasında əksini tapmasıdır. Bununla da ölkənin ən ali qanununda dövlə-din münasibətləri tənzimlənmiş olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Bu isə o deməkdir ki, ölkədə bütün dini etiqadlara qarşı eyni münasibət sərgilənir. Hətta bir çox xarici ölkələrdən fərqli olaraq müxtəlif dinin nümayəndələrinin dini ayinləri icra etməsi üçün dövlət vəsaiti hesabına ibadət yerləri təmir edilir. Bundan başqa, Azərbaycan Respublikasında heç bir etiqad məcburi və müstəsna xarakter daşımır. Azərbaycan dövləti digər məzhəblərə qarşı nifrət, məzhəb üstünlüyü kimi Azərbaycan xalqının vahidliyini pozan, məzhəbdaxili sistem formalaşdıran, cəmiyyətinin mövcud dəyərlərinə zidd təbliğat aparan dini təriqətləri, məzhəbləti və missioner sektaları rədd edir.  Bu baxımdan dövlətin ərazisində fəaliyyət göstərən dini təşkilatlar dövlət quruluşuna, dövlət orqanları və onun vəzifəli şəxslərinin fəaliyyətinə təsir göstərə bilməz.

Çox tədqirəlayiq haldır ki, Azərbaycan dövləti dini sferada bir sıra funksiyaların icrasını öz üzərinə götürüb. Elə bu səbədən də vətəndaşların dini etiqad azalığının o cümlədən islam dini ilə bağlı azadlıqların həyata keçirilməsi üçün təminatlar yaradılır. Dövlət qanunvericiliklə dini qurumların statusunu, hüquq və vəzifələrini müəyyənləşdirir, dini qurumların fəaliyyəti ilə bağlı yaranan münasibətləri tənzimləyir:"Azərbaycan Respublikası bəyan edir ki, islam dini, şəriət normaları onun ərazisində qədim ənənələrə malikdir və bu dinin formalaşdırdığı mənəvi dəyərlərimizin milli kimliyimizin, millətimizin formalaşmasında müstəsna rol oynamışdır.  Məzhəb fərqliliyinə baxmayaraq müsəlman əhali islam dəyərlərini yerli xüsusiyyətlər nəzərə alınmaqla mənimsəmiş, tarixi inkişaf prosesində bir-birinə hörmət edən müxtəlif məzhəblərin mövcud olduğu özünəməxsus islam dini modeli təşəkkül tapmışdır. Azərbaycan Respublikasında islam dini ilə bağlı ayinlər və digər məsələlərin idarə edilməsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə bağlanmış saziş əsasında Qafqaz Müsəlmanları İdarəsinə həvalə edilir". Onun sözlərinə görə, zaman keçdikcə  insanları, xalqları bir-birinə yaxınlaşdıran qloballaşma prosesi sanki cəmiyyətlərdəki etiqad fərqliliyindən qaynaqlanan xüsusiyyətləri daha da dərinləşdirir. Hazırda dünya miqyasında dini ayrı-seçkilik güclənməkdə, hətta bəzən dini zəmində qarşıdurmalara gətirib çıxarmaqdadır. Belə neqativ halların Vətənimizə sirayət etməməsi və ölkəmizdə dini müxtəlifliyin vəhdəti üçün cəmiyyətdə tolerantlığın hakim mövqe tutması labüddür. Məhz Azərbaycanda elan edilən "Muktikulturalizm ili" çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində dini tolerantlığın bərqərar olunmasına nail olunub.

Bu gün Azərbaycan dini müxtəliflik baxımından çox zəngindir. Amma xoşbəxtlikdən müxtəlif dinlərin və dini-fəlsəfi cərəyanların yayıldığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşmış, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmamışdır. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar yerli əhali ilə qaynayıb-qarışmış, qohumluq əlaqələri qurmuş və sözün əsl mənasında birgəyaşayışın harmonik vəhdətini nümayiş etdirmişlər. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman həmrəy olmuş, vahid Vətənimizin azadlığı və firavanlığı uğrunda çalışmışlar. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda vuruşmuş, bu yolda canından keçmiş müxtəlif dini konfessiyalara mənsub vətəndaşlarımızın da uyuduqları Şəhidlər Xiyabanı bu gün bizim təkcə and yerimiz deyil, həm də qardaşlığımızın və vəhdətimizin simvoludur. Vətənimizdə bu cür mükəmməl tolerantlıq mühitinin yaranması dini dözümlülüyün Azərbaycan xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi sərvəti olmasına dəlalət edir. Ulu Öndər bu xarakterik keyfiyyətini çox gözəl ifadə etmişdir: "Hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var".

Azərbaycanda bütün dinlər bərabər hüquqa malikdir. Məscidlər, sinaqoqlar və kilsələr azad fəaliyyət göstərir. Ölkə əhalisinin əsas hissəsi müsəlman olsa da, Azərbaycan dünyəvi dövlətdir. Təəssüflər olsun ki, son illər xaricdən gələn missionerlər Azərbaycan cəmiyyətinə yad olan təriqətlərin təbliğatını aparır və əhalinin az təminatlı təbəqəsini öz tərəflərinə çəkməyə çalışırlar. Yəni həmin missionerlər insanların dini mənsubiyyətini dəyişməklə kifayətlənmir, casusluqla məşğul olur, tarixən mövcud olan adət ənənəsini dəyişməyə cəhd göstərirlər. Hətta elə təriqətlər var ki, onun üzvləri Konstitusiyaya əməl etmək istəmir, açıq şəkildə Azərbaycan qanunlarına qarşı çıxmaq yolu tuturlar. Misal kimi Azərbaycanda hərbi çağırış qanunla qanunla tənzimlənir. "Yəhova şahidləri" dini icmasına görə isə kiminsə əlinə silah alması dini inanca ziddir. Onlar hərbi çağırışdan imtina edirlər, əllərinə silah almaq istəmirlər. Yaxud şeytana sitayiş edən sektalar var ki, onlar ildə bir dəfə insan qanı içirlər, yaxud Allahı danıb onun yerinə şeytanı qoyurlar. Eləcə də Vəhabi təriqətində olanlar radikal mövqe sərgiləyib, aksiya keçirməyə, hətta Azərbaycan xalqının Dağlıq Qarabağ kimi qaysaq bağlamayan yarası olduğu halda Suriyada Qərbin və Avropanın maraqlı dairələrin yaratdıqları müharibəyə gedərək müsəlman qanı axıtmağa üstünlük verirlər. Haqlı olaraq Azərbaycan dövləti dünyəvi dövlət oldugu üçün dövlətin mənafeyinə qarşı olan hərəkətlərin qarşısı alır. Artıq xaricə döyüşlərə gedən Azərbaycan vətəndaşlarına qarşı ciddi cəza tətbiq olunması haqqında Milli Məclis tərəfindən qanun qəbul edilib.  Amma etiraf edilməlidir ki, bu istiqamətdə dövlətin həyata keçirdiyi işlər ardıcıl xarakter daşısa da onların davam etdirilməsinə ehtiyac duyulur. Yarana biləcək hər hansı problemin köklü həlli üçün KİV, QHT-lər, ümumilikdə isə cəmiyyətin aparıcı qüvvəsi mübarizədə fəal iştirak etməlidir. Məhz bu və digər amilləri nəzərə alaraq İslam dinində parçalanma yaratmağa çalışan təriqətlərə qarşı mübarizədə ictimaiyyətin rolunun artırılmasına ehtiyac var. Nəzərə almaq lazımdır ki,  islam dinin sülh və əmin-amanlıq dinidir.  Bu prinsipi rəhbər tutaraq  xarici missionerlərin milli birliyi pozmağa yönələn təbliğatlarına qarşı əhalinin fəal təbəqəsi səfərbər edilməli, maarifləndirmə işində effektiv nəticələr əldə olunmalıdır. Yalnız bu kimi tədbirlər həyata keçirməklə qarşıya qoyulan vəzifələrin həllinə ciddi töhvə vermək olar.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 6 iyul.- S.15.