Turizm sektoru inkişaf mərhələsində
Bu sahədə
yaradılan infrastruktur xarici turistlərin ölkəmizə
marağını artırır
Son illər
ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində
görülən tədbirlər, həyata keçirilən
layihələr sırasında turizm özünəməxsus
yer tutur. Sevindirici hal ondan ibarətdir
ki, bu istiqamətdə görülən işlər öz
müsbət nəticələrini verməkdədir. İldən-ilə
Azərbaycana gələn turistlərin sayının
artması bunun əyani göstəricisidir. Azərbaycanda turizmin
inkişafına təkcə bu sahədə yeni infrastrukturun
yaradılması, yeni turizm istirahət mərkəzləri,
mehmanxa və otellərin inşa edilməsi təkan vermir.
Eyni zamanda ölkəmizdə müntəzəm olaraq təşkil edilən beynəlxalq əhəmiyyətli idman, mədəniyyət və humanitar tədbirlər ölkə turizminin inkişafına əlverişli şərait yaradır. Təkcə bu ilin birinci yarısında Bakıda keçirilən humanitar forum, IV İslam Həmrəylik Oyunları, "Formula-1" yarışları xarici turistlərin Azərbaycana olan marağının artmasına öz müsbət təsirini göstərib. Xüsusilə, IV İslam Həmrəylik Oyunlarını qeyd etmək yerinə düşər. Məhz bu oyunlardan sonra ərəb turustlərin Azərbaycana marağının daha da artdığını müşahidə edirik. Təsadüfi deyil ki, bu gün paytaxt küçələrində, hətta bölgələrdə belə rast gəldiyimiz hər on nəfər xarici turistin 7-8-nin məhz ərəb turisti olduğunu görürük. Bütün bunları şərtləndirən amillər sırasında təbii ki, yuxarıda qeyd etdiyimiz kimi turizm infrastrukturunun inkişaf etdirilməsi başlıca yer tutur. Əgər yaxın tarixə nəzər salsaq görərik ki, müstəqillik dövründə, xüsusilə son on ildə ölkə həyatının bütün sahələri kimi, milli turizm sənayesinin də inkişafı istiqamətində mühüm addımlar atılıb. Paytaxtda və bölgələrdə yaradılan müasir infrastruktur - rahat yollar, brend hotellər, istirahət və əyləncə kompleksləri, sağlamlıq və spa mərkəzləri müxtəlif ölkələrdən turistlərin Azərbaycana səfər etməsinə vəsilə olub. Azərbaycanın əsrarəngiz təbiəti, zəngin mətbəxi, ən əsası isə ölkəmizdə mövcud olan daxili sabitlik, yüksək səviyyədə ev sahibliyi etdiyimiz forumlar, festivallar, idman yarışları, simpoziumlar da dünyanın fərqli guşələrindən insanları bu qonaqpərvər diyara cəlb edir.
Günümüzdə də Azərbaycan dövləti turizm sənayesini qeyri-neft sektorunun prioritet sahələrindən hesab edərək bu sahənin inkişafını diqqət mərkəzində saxlayır. Son bir neçə ildə turizmin sistemli şəkildə tərəqqisini təmin etmək məqsədilə dövlət başçısı tərəfindən imzalanan fərman və sərəncamlar, "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin hazırlanması, Azərbaycan Turizm Şurasının, Milli Turizm Təbliğat Bürosunun yaradılması, habelə Bakıda ilk dəfə olaraq Şopinq festivalın keçirilməsi ölkə rəhbərliyinin bu sahəyə diqqətinin bariz nümunəsidir.
Turizm sənayesinin inkişafına yaradılan şərait, Mədəniyyət və Turizm Nazirliyinin bir sıra ölkələrdə turizm nümayəndəliklərinin fəaliyyət göstərməsi ölkəmizə turist axının ildən-ilə artmasına səbəb olub. Bunu statistik göstəricilər də təsdiqləyir. Belə ki, 2017-ci ilin birinci yarısında ölkəmizə 1 milyon 199 min 667 nəfər xarici vətəndaş səfər etmişdir. Bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə (966 min 497 nəfər) 24 faiz artım olduğunu göstərir. Bu ilin birinci yarısında ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya 374 min 491 nəfərlə (17% artım) ilk yerdə qərar tutmuşdur. Sonrakı yerlərdə Gürcüstan (254 425 nəfər, 4% artım), İran (180 103 nəfər, 89% artım), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (44 196 nəfər, 338% artım), Ukrayna (27 342 nəfər, 14% artım) və İraq (19 355 nəfər, 75% artım) vətəndaşlarının xüsusi çəkisi daha çox olmuşdur. Bu dövrdə Türkiyə Respublikasından ölkəmizə 138 min 692 nəfər gəlmişdir ki, bu da ötən illə müqayisədə 7,6% azalma deməkdir.
Qeyd etmək lazımdır ki, cari ildə Azərbaycana səfər edən ərəb ölkələrindən sayında böyük artım nəzərə çarpır. 2016-cı ilin ilk altı ayı ilə müqayisədə bu ilin ilk yarısında Omandan 16 dəfə, Küveytdən 8, Səudiyyə Ərəbistanından 6, Qətərdən 5, Mərakeşdən 5, BƏƏ-dən 4,4, Pakistandan 3,5, Əlcəzairdən 3,5, İordaniyadan 2,2, Türkmənistandan 2 və İraqdan təxminən 1,5 dəfə çox turist ölkəmizə gəlib. Regionlar üzrə isə MDB ölkələri (12 %), Avropa İttifaqı ölkələri (13 %) İran Körfəzi və Yaxın Şərq ölkələri (117%), Asiya ölkələri (64,4%), Afrika ölkələri (72%), Amerika və Avstraliyadan (22,8%) ölkəmizə səfər edən xarici vətəndaşların sayında da artım baş verib.
Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, xarici turistlər Azərbaycana yalnız onun əsrarəngiz gözəlliklərindən zövq almaq, təbiəti, tarixi-mədəni abidələri ilə tanış olmaq üçün üz tutmur. Eyni zamanda Azərbaycanda sağlamlıq turizmi üçün də münbit şərait, infrastruktur olduğundan xarici turistlərin əksəriyyəti məhz ölkəmizin sağlamlıq turizminin imkanlarından yararlanmaq üçün Azəbaycanı seçir. Bu istiqamətdə ildən-ilə yaradılan imkanlar, bu sahədə xüsusi ixtisaslaşmış turizm agentliklərinin fəaliyyət göstərməsi, eləcə də bu tipli müəssisələrin müasir tələblərə cavab verən tərzdə yenidən qurulması da məhz sağlamlıq turizmindən istifadə etməkj arzusunda olan xarici turistlərin Azərbaycana olan marağının artırır. Xüsusilə bu istiqamətdə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHİSTA) fəaliyyətini qeyd etmək yerinə düşər. Məlumat üçün qeyd edək ki, AHİSTA bir müddət əvvəl sağlamlıq turizmi sahəsində beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi baxımından daha bir mühüm sənədə imza atıb. Belə ki, Assosiasiya Rusiya Sağlamlıq Turizmi Assosiasiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Sənəd özündə hər iki ölkənin müvafiq təşkilatlarının sağlıq turizmi sahəsində birgə fəaliyyətini, qarşılıqlı təbliğatı, təcrübə mübadiləsini, turist göndərişlərinin sayının artırılmasını və s. ehtiva edir. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev müqavilənin imzalanmasını yüksək dəyərləndirərək diqqətə çatdırıb ki, hazırda sağlıq turizmi ümumilikdə turindustriyanın əhəmiyyətli bir hissəsini əhatə etməkdədir: "Azərbaycan təkcə tarixi və mədəni zənginliyi ilə deyil, eyni zamanda çoxsaylı müalicəvi mərkəzləri ilə də tanınır. Bizim assosiasiyanın qarşıya qoyduğu məqsədlərdən biri də bu müalicə məkanlarını tanıtdırmaq və oraya turist cəlbini daha da artırmaqdır. Həmçinin Azərbaycanın sağlamlıq turizmi brendini yaratmaq və onu bütün dünyada tanıtmağı hədəfləmişik. Bu baxımdan, bizim planlarımız rusiyalı həmkarlarımızın fikirləri ilə tamamilə üst-üstə düşür. Bizim bir-birimizdən öyrənməli olduğumuz çox şeylər var".
S. İsmayılbəyli
Olaylar.- 2017.- 29-31 iyul.- S.13.