Dövlət söz və mətbuat
azadlığının əsas təminatçısıdır
Ölkədə
bu istiqamətdə həyata keçirilən tədbirlər
belə deməyə əsas verir
Müstəqillik illərindən sonra Azərbaycanda inkişaf edən sahələrdən biri də media, kütləvi informasiya vasitələri oldu. Çünki yeni formalaşan milli hakimiyyət müstəqil dövlətin əsas prinsiplərini bilir və ona əməl etməyi zəruri sayırdı. Nədən ki, hər hansı bir dövlətin müstəqil, suveren olub-olmadığı onun mətbuatın fəaliyyətinə nə dərəcədə önəm verdiyi, şərait yaratdığı ilə ölçülürdü. Bu baxımdan Azərbaycanda vəziyyət bir qədər qənaətbəxş idi desək yanılmarıq. Ancaq müstəqilliyin ilk illərində medianın durumu elə də ideal səviyyədə deyildi. Lakin tədricən poseslər müsbət istiqamətə doğru gedirdi. Artıq birmənalı olaraq dərk edilir və qəbul olunurdu ki, azad söz, hər bir fərdin öz düşüncələrini, fikirlərini sərbəst ifadə etmək istəyi demokratiyanın əsas tərkib hissələrindəndir. Demokratik cəmiyyət - demokratik mətbuat, azad cəmiyyət - azad mətbuat anlayışları təsadüfən yaranmayıb. Demokratik, hüquqi, dünyəvi dövlətdə yaşayırıqsa, azad, müstəqil mətbuatın inkişafı mütləqdir. Baxmayaraq ki, müstəqilliyin ilk illərində mətbuata basqılar olur, yazarlar, jurnalistlər təqib edilir, fiziki işgəncəyə məruz qalırdı, amma bütün bunların müvəqqəti xarakter daşıdığı məlum idi. Hər kəs ümid edirdi ki, qısa zamanda bu kimi problemlər aradan qalxacaq, media tam müstəqil, azad şəkildə fəaliyyət göstərəcək. Artıq heç bir yazar, qələm əhli apardığı araşdırma, işıqlandırdığı mövzu, qaldıdığı problemə görə təqib edilməyəcək, avtomobilin yük yerinə atılmayacaq, nəşr etdiyi qəzet ona yedizdirilməyəcək.
Bəli, gözlənilənlər baş verdi. Təbii ki, ümummilli lider Heydər Əliyevin sayəsində. Daha dəqiq desək onun 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra. Hər zaman media, mətbuat, kütləvi informasiya vasitələri ilə işləməyi, onlarla yaxından ünsiyyətdə olmağı, üzləşdikləri problemləri dinləməyi, həmin problemlərin həlli istiqamətində məqsədyönlü addımlar atmağı bacaran ümummilli lider Heydər Əliyev yenə də bu ənənəsinə sadiq qaldı, mətbuatın, kütləvi informasiya vasitələrinin hamisinə çevrildi. Heydər Əliyev üçün fikir, söz, məlumat və ifadə azadlığı xüsusi önəm daşıyır, kəsb edirdi. Təsaüdfi deyil ki, elə ümummilli liderin müəllifi olduğu və 1995-ci ildə keçirilən ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Kosntitusiyasında da bu prinsiplər təsbit olunur, əksini tapırdı. Azərbaycan Kosntitusiyasında demokratiyanın əsas prinsiplərindən olan söz və fikir azadlığı belə təsbit olunub. "Ölkəmizdə siyasi plüralizmin tələblərinə dönmədən əməl edilir. Söz, fikir və əqidə azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafı, onların sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılması Azərbaycanın dövlət rəhbəri kimi mənim qarşımda duran mühüm vəzifələrdəndir".
Qeyd etdiyimiz kimi ümummilli lider Heydər Əliyev milli mətbuatımızın inkişafında əvəzolunmaz xidmətlər göstərərək, mövcud problemlərin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirdi. Hər kəsə bəllidir ki, müstəqilliyimizin ilk illərində digər sahələrdə olduğu kimi, mətbuat sahəsində də böyük problemlər var idi. Həmin illərdə səriştəsiz, təcrübəsiz şəxslərin ölkəyə rəhbərliyi yazının əvvəlində də qeyd etdiyimiz kimi, özbaşınalığa, hərc-mərcliyə gətirib çıxarmışdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı uçuruma yuvarlanmaqda olan müstəqil Azərbaycanı xilas etdi. O, ölkə həyatının bütün sahələrində olduğu kimi, milli mətbuatımızda yaranmış problemləri də uğurlu və düşünülmüş siyasəti sayəsində aradan qaldırmağa başladı. Ölkənin müvafiq qanunvericilik aktlarında dəyişikliklər edildi və Azərbaycan söz və mətbuat azadlığının təmin olunması ilə əlaqədar mövcud olan beynəlxalq konvensiyalara və sazişlərə qoşuldu. Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman mətbuatın azad fəaliyyət göstərməsi istiqamətində mühüm addım oldu. Bu fərmanla mətbuata nəzarət edən baş idarə ləğv olundu. Həmçinin həmin sənəddə ölkəmizdə fəaliyyət göstərən aparıcı mətbu orqanların maddi-texniki imkanlarının gücləndirilməsi və s. kimi məsələlər də öz əksini tapmışdır.\r\n\r\nDahi şəxsiyyət Heydər Əliyevin milli mətbuatımızın inkişafına xidmət edən addımları sırasında 1999-cu ildə "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanunu təsdiqləməsini xüsusi qeyd etməliyik. Bu sənədlə ölkəmizdə yeni mətbuat orqanlarının təsis olunması prosesi xeyli asanlaşdırıldı. "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" təsdiq olundu. Vətəndaş müraciətlərinə baxılması, informasiyaların mühafizəsi, informasiya azadlığı, radio-televiziya yayımları, İTV və radio haqqında müxtəlif qərar və qanunlar qəbul etməklə KİV-lərin fəaliyyətinin genişləndirilməsi təmin edildi. Özü-özünü tənzimləyən 15 mart 2003-cü ildə Jurnalistlərin I Qurultayında jurnalistlər tərəfindən qeyri-hökumət təşkilatı olan Mətbuat Şurası yaradıldı.\r\n\r\nUlu öndər Heydər Əliyevin 2002-ci ildə "Ruh" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi məhz onun milli mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının təsdiqi idi. Mükafatın təqdimat mərasimində ümummilli lider Heydər Əliyev bir daha bu fikri böyük inam və əminliklə ifadə etmişdir: lSizi əmin edirəm ki, mən keçmişdə olduğu kimi, bu gün də jurnalistlərin dostuyam və həmişə jurnalistlərin dostu olacağam".
Daim qeyd etdiyimiz kimi, möhkəm təmələ əsaslanan siyasət hər zaman inkişafa, tərəqqiyə yol açır. Dahi şəxsiyyət Heydər Əliyevin hər bir sahənin inkişafına yönələn addımları, bir sözlə qurulan möhkəm bünövrə Azərbaycanın bugünkü uğurlarını şərtləndirir. Azərbaycanı möhkəm təməl üzərində tikilən binaya bənzətsək, hər an, hər dəqiqə artan mərtəbələri görərik. Yeni-yeni hədəflər müəyyənləşdikcə, onlara çatmaq üçün səylər də artır. Artıq bu gün Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizi ortaya qoyuruq. Dövr dəyişir, yeni-yeni tələblər gündəmə gətirilir. Mətbuat cəmiyyətin güzgüsüdür və məhz bu baxımdan bu sahədə çalışan qələm sahibləri bütün fəaliyyətləri boyu həqiqəti və obyektivliyi başlıca meyar kimi qəbul etməli və buna əməl etməlidirlər. Unutmayaq ki, ulu öndər Heydər Əliyev ölkə jurnalistlərini hər zaman obyektivliyə dəvət edir, onları bu istiqamətdə öz fəaliyyətlərini daha da genişləndirməyə çağırırdı. "Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir" söyləməklə açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edirdi. Bu məqsəd də daim önə çəkilirdi ki, kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuat Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir.
Təsadüfi deyil ki, bir müddət əvvəl jurnalistlər üçün tikilmiş yeni yaşayış binasının açılış mərasimində çıxışı zamanı Cənab İlham Əliyev də bu məsələyə toxunaraq jurnalistlərə öz tövsiyyələrini vermişdi: "Bu gün biz müstəqil, azad dövlət və xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq. Həmişə belə olmalıdır. Həmişə ölkəmizin taleyi Azərbaycan xalqının əlində olmalıdır. Ona görə özümüzü xarici təsirdən qorumaq üçün Azərbaycan dövləti çox ciddi və uğurlu siyasət aparır. Deyə bilərəm ki, bizə təzyiq etmək, bizi nəyəsə sövq etmək, məcbur etmək cəhdləri kəskin şəkildə aşağı düşüb. O cümlədən, ona görə ki, bu səylərin heç bir nəticəsi yoxdur. Ona görə biz informasiya məkanımızı da qorumalıyıq. Bunu etmək çətindir. Çünki biz bu gün internet dövründə yaşayırıq. Hansısa hər bir yalan, böhtan, təxribat xarakterli məlumat dərhal özünə yer tapır. Ancaq milli jurnalistikamız, Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır, milli maraqlar hər şeydən üstün olmalıdır. Biz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha da geniş şəkildə çatdırırıq və çatdırmalıyıq. Mən burada medianın rolunu yüksək qiymətləndirirəm, işlər davam etdirilməlidir".
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2017.- 29-31 iyul.- S.15.