Azərbaycan demokratik
prinsiplərə sadiqdir
Bu prinsiplər sırasında fikir,
söz və məlumat azadlığı ön sırada gəlir
Azərbaycan söz və mətbuat
azadlığı, fikir plüralizmi ən yüksək səviyyədə
təmin olunduğu ölkələrdən biri, bəlkə də
birincisidir. Bu gün mübaliğəsiz şəkildə
birmənalı olaraq demək olar ki,
ölkədə insanlar öz düşüncələrini
sərbəst şəkildə ifadə edə, onları
narahat edən problemləri asanlıqla ictimailəşdirə
bilirlər. Bunun
üçün hər bir vasitə, imkan da mövcuddur. Belə
ki, Azərbaycanda hakimiyyətə alternativ olan siyasi qüvvələrin
öz mətbu orqanları var ki, həmin mətbu orqanlarda da
hakimiyyətin həyata keçirdiyi siyasət haqsız da olsa
tənqid edilir. Azərbaycanda söz və mətbuat
azadlığı ən yüksək səviyyədə təmin
olunduğu üçün müxalifyönümlü mətbuatın
fəaliyyətinə heç bir maneə yaradılmır. Çünki
söz və mətbuat azadlığı, plüralizm cəmiyyətin
ayrılmaz hissəsi hesab edilir.
Bu məqamda
bir xüsusa da diqqət çəkmək lazımdır ki,
artıq dövlət qurumları da mətbuatla əməkdaşlığa
xüsusi diqqət yetirir, onların sorğularına
mümkün qədər operativ şəkildə cavab verir.
Düzdür, əvvəlki illərdə
bu istiqamətdə müəyən problemlər olsa da,
artıq həmin problemlər tədricən aradan qalxır. Bu
şərait, yaradılan imkanlar isə jurnalistlərin onlara
lazım olan məlumatları vaxtında əldə etməsini
asanlaşdırır.
Reallıq
ondan ibarətdir ki, yaşadığımız dövrdə,
zaman kəsimində kütləvi informasiya vasitələrinin
cəmiyyət həyatında rolu və yeri mühüm əhəmiyyət
daşıyır. Hər bir ölkənin ictimai-siyasi həyatında
baş verən hadisələrdən tutmuş, sosial problemlərə
qədər bütün məlumatların cəmiyyətə
çatdırılmasında
kütləvi informasiya vasitələri xüsusi önəm
kəsb edir. Bu səbəbdən nahaqdan kütləvi
informasiya vasitələrini cəmiyyətin maarifləndirilməsi,
onun məlumatlandırılmasında əvəzsiz vasitə
hesab etmirlər. Əgər ölkə həyatına, orada
baş verən hadisələrdən cəmiyyətin nə dərəcədə
məlumatlandırılmasına diqqət yetirsək aydın
şəkildə görərik ki, Azərbaycanın kütləvi
informasiya vasitələri də bu gün ölkə həyatında
baş verən prosesləri cəmiyyətə çatdırmaqla
məşğuldur. Bu gün Azərbaycan cəmiyyəti
ölkədə gündəlik və həftəlik
işıq üzü görən yüzlərlə qəzet
və jurnallarla, televiziya kanalları, radiolar, internet
portalları ilə
özünün informasiyaya olan tələbatını
ödəyir. O da birmənalıdır və açıq
şəkildə etiraf edilməlidir ki, Azərbaycan mətbuatı
bu günkü durumu, səviyyəsinə gəlib çatana
qədər bir çox çətinliklər, problemlərlə
üzləşib. Kütləvi
informasiya vasitələrinin maddi durumunun zəifliyindən
tutmuş, senzuraya qədər. Həmçinin, kütləvi
informasiya vasitələrinin nümayəndələrinin təqib
və təzyiqlərə məruz qalmasından, onların
öldürülməsinə qədər. Hər bir çətinliyi,
problemi yaşayıb Azərbaycan
mətbuatı. Xüsusilə, bu qeyd edilən tendensiyalar
müstəqilliyin ilk illərində özünü göstərib.
Mətbuatın
problemləri, çətinliklərlə dolu günləri
kütləvi informasiya vasitələri üçün
ümummilli lider Heydər Əliyev hakimiyyətə gələnə
qədər davam edib. Ümummilli lider Heydər Əliyev
1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıtdıqdan sonra hər bir sahədə
olduğu kimi mətbuat sahəsində də ciddi yeniliklər
əldə edildi. Ona görə də qətiyyətlə
söyləyə bilərik ki, Azərbaycan mətbuatı bu
günkü inkişaf mərhələsinə, əldə
etdiyi nailiyyətlər, qazandığı uğurlara görə
ümummilli lider Heydər Əliyevə borcludur. Yaxın tarixə,
daha doğrusu Azərbaycanın tarixində ikinci dəfə
müstəqillik əldə etməsindən sonrakı
dövrə nəzər yetirsək bunu aydın şəkildə
görmək mümkündür. Əgər yaxın tarixə
nəzər salsaq görərik ki, XX əsrin 90-cı illərində
Azərbaycan öz müstəqilliyini əldə etdikdən
sonra əksər sahələrdə, eləcə də mətbuat
sahəsində ciddi problemlər mövcud idi. Ölkə
öz müstəqilliyini əldə etsə də, lakin hələ
də müəyyən sahələrdə, xüsusilə
media, KİV sahəsində keçmişdən, ittifaq
zamanında qalan idarəçilik, nəzarət mexanizmi hökm
sürürdü. Bu da öz növbəsində müstəqil
Azərbaycanda müstəqil medianın, mətbuat
orqanlarının formalaşmasına çətinliklər
yaradırdı. Təəssüfedici məqam ondan ibarətdir
ki, o zamanki hakimiyyətlər də bir növ bu sahənin
inkişafına diqqət ayırmaq istəmirdilər. Əksər
sahələrdə olduğu kimi media sahəsində də
müstəqilik dövrünün ilk illərində
olduğu kimi dərəbəylik hökm sürürdü. Hətta
vəziyyət o dərəcədə dözülməz
xarakter almışdı ki, demokratiya, azadlıq
şüarları ilə hakimiyyətə gələn cəbhəçilər
belə öz prinsiplərinə zidd çıxaraq müstəqil
medianın inkişafına, azad sözün bərqərar
olmasına qarşı çıxır, onu hər vasitə
ilə əngəlləməyə
çalışırdılar.
Hər kəsə
məlumdur ki, həmin illər Azərbaycan öz müstəqilliyini
çətinliklərlə də olsa əldə etsə də,
lakin bu müstəqillik heç də bütün sahələrdə
özünü tam mənada göstərə bilmirdi. Bunu mətbuat
sahəsinə də şamil etmək mümkündür.
Ölkədə müstəqil mətbuatın mövcud
olmaması, kütləvi informasiya vasitələrinin fəaliyyətində
söz və fikir azadlığına tətbiq edilən məhdudiyyətlər,
eləcə də bu kimi irili-xırdalı problemlər Azərbaycan
mətbuatının inkişafını ləngidirdi. Tezliklə,
ümummilli lider kütləvi informasiya vasitələrində
mövcud olan bu və ya digər problemləri aradan
qaldırmağa müvəffəq oldu, mətbuatın
maddi-texniki bazasının yaxşılaşdırılması
istiqamətində ciddi addımlar atdı. Bu mənada mətbuat
orqanları, qəzetlərin Azərbaycan Nəşriyyatına
olan borclarının dondurulması mətbuatın maddi-texniki
bazasının gücləndirilməsi istiqamətində
mühüm addım idi. İstər bu, istərsə də
digər müsbət addımlar tədricən Azərbaycan mətbuatının
inkişafına zəmin yaratdı. Ümummilli lider Heydər
Əliyevin mətbuatın inkişafı etdirilməsi istiqamətində
atmış olduğu addımlar birbaşa ölkədə
söz və fikir, məlumat azadlığının,
plüralizmin inkişaf etdirilməsinə xidmət edirdi. Bu mənada
ümummilli lideri Heydər Əliyevin 6 avqust 1998-ci ildə
senzuranı ləğv etməsi mətbuat tariximizin ən
yaddaqalan hadisəsi sayıla bilər. Heydər Əliyev təkcə
jurnalistlərə deyil, bütün yaradıcı insanlara
diqqətlə yanaşıb, onlara qayğı göstərib.
Təsadüfi deyil ki, ümummilli liderimiz
sağlığında "Jurnalistlərin dostu"
mükafatına layiq görülüb, mətbuatın təmənnasız
hamisinə çevrilib. Məhz Heydər Əliyevin göstərişi
ilə dəfələrlər qəzetlərin "Azərbaycan"
Nəşriyyatına olan borcları dondurulub. Məhz bütün bunları nəzərə
alaraq qətiyyətlə söyləyə bilərik ki, Azərbaycan
mətbuatı bu gün ümummilli liderimiz Heydər
Əliyevin əsasını qoyduğu sağlam təməl
üzərində addımlayır, inkişaf edir.
Yüksək
səviyyədə təqdir edilməli və müsbət
qiymətləndirilməli məqamlardan biri də ondan ibarətdir
ki, ümummilli lider Heydər Əliyevin kütləvi
informasiya vasitələrinin inkişaf etdirilməsi istiqamətində
zamanında atmış olduğu addımları bu gün Azərbaycan
Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Məhz cənab
Prezident İlham Əliyevin 2003-cü ildən bu günə qədər
davam edən prezidentliyi dövründə atılan addımlar
bütün bunların əyani sübutudur. Bu sıraya qəzetlərin
Azərbaycan Nəşriyyatına olan borclarının ləğv
edilməsi, Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
yaradılması, qəzetlərə birdəfəlik maliyyə
yardımının ayrılması, jurnalistlərin mənzil
sosial şəraitinin yaxşılaşdırılması məqsədilə
atılan addımlar daxildir. Bu sahədə həyata
keçirilən tədbirlər və kütləvi informasiya
vasitələrinin inkişafına yaradılan şərait
tam əminliklə onu deməyə əsas verir ki, bu gün Azərbaycanda
fikir, söz və məlumat azadlığı yüksək səviyyədə
təmin olunur.
Günümüzdə də dövlət başçısı tərəfindən mediaya, kütləvi informasiya vasitələrinə diqqət və qayğı kifayət qədərdir. Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin (KİV) inkişafına Dövlət Dəstəyi Konsepsiyası kimi mühüm bir sənəd təsdiq olunub. Həmçinin, Konsepsiyaya uyğun olaraq 22 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradıldı. Həmçinin ilk dəfə olaraq Azərbaycanda kütləvi informasiya vasitələrinin nümayəndələri üçün dövlətin hesabına yaşayış binası inşa edilərək pulsuz olaraq onlara verilib. Bütün bu müsbət amillər Azərbaycanda söz və məlumat, ifadə azadlığının, plüralizmin təmin olunmasına xidmət edir. Ona görə də Azərbaycan bir sıra sahələrdə olduğu kimi medianın inkişafı istiqamətində də regionun lider dövlətinə çevrilib desək yanılmarıq. Ümumiyyətlə, müasir demokratik cəmiyyətin əsasını təşkil edən fikir, söz və məlumat azadlığı anlayışları ilə yanaşı, plüralizm məfhumu da inkişafa və təkmilləşməyə gedən istiqamətləri müəyyənləşdirməyə kömək edir. Vətəndaş cəmiyyətinin əsas prinsiplərindən olan plüralizm bir-birindən düşüncə tərzinə, mövqeyinə, yanaşmasına və davranış üslubuna görə fərqlənən fərdlərin bir araya gələ bilməsini əks etdirir. Bu demokratik, hüquqi dövlət kimi inkişaf edən Azərbaycanda cəmiyyətin hərtərəfli inkişafı üçün əsas elementlərdən olan fikir və söz azadlığı tam təmin edilir.
Olaylar.- 2017.- 1 iyun.- S.15.