Varisliyə sədaqət nümunəsi
Görkəmli
xadim, pedaqoqika üzrə fəlsəfə doktoru,əməkdar
incəsənət xadimi, "Qızıl qələm"
mükafatı laureatı, professor Azərbaycan Milli
Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru Nazim
Kazımovun musiqi təhsil sisteminin inkişafı və idarə
edilməsində, milli musiqi kadrlarının
hazırlanmasında xidmətləri əvəzolunmazdır.
Onun çapdan çıxmış elmi metodiki vəsaitləri,
monoqrafiyaları gənc nəslin estetik tərbiyəsinin,
milli musiqi ənənələrinin inkişafında
mühüm rol oynayır.
-Sizin ilk tədqiqatlarınızın
ideyası haradan qaynaqlanıb?-deyə Nazim müəllimə
müraciət etdik.
- 15 noyabr 1973-cü il bu mənim həyatıma əlamətdar gün kimi daxil olub.Əməkdar incəsənət xadimi, professor Elmira Abbasovanın görkəmli bəstəkar Səid Rüstəmova həsr etdiyi kiçik həcmli monoqrafiyasının ilk səhifəsində yazdığı: "Çox qabiliyyətli, həssas musiqiçi, həm sənət, həm də taleyin gərdişi ilə mənim tələbəm,Nazim Kazımova ən gözəl arzularla" sözləri mənim sənətə həvəsimi bir daha gücləndirdi. Tədqiqatlarımın fərziyyəsini, əsas müddəlarını təcrübədə tətbiq edəndən sonra elmi işlərimi tezis formasında geniş xalq kütləsinin diqqətinə yönəltdim.Bütün bunlardan qaynaqlanaraq "Ümumtəhsil məktəblərində şagirdlərin musiqi qabiliyyətinin inkişafında muğam nümunələrindən istifadə üzrə işin sistemi" mövzusunda dissertasiya müdafiə edərək, pedaqoji elmlər namizədi, alimlik dərəcəsi aldım.
-Tədqiqatlarınızda
daha çox hansı problemləri işıqlandırmağa
çalışmısınız?
Əsasən tədqiqatlarımı elmi-metodiki məsələlərin ümumtəhsil, diğər hissəsini isə uşaq musiqi məktəblərində muğamların səmərəli tədrisinə istiqamətləndirmişəm.Buna görə də 1996-cı iıdə "Ümumtəhsil məktəblərində muğamların tədrisi və tərbiyəvi əhəmiyyəti" adlı metodik vəsaiti çap etdirərək bu sahədə çalışan pedaqoqların ixtiyarına vermdim. Bu vəsait müəllimlərin ehtiyacını nəzərə alaraq 2000-cı ildə " Çaşıoğlu" nəşriyyatı tərəfindən 5000 min nüsxə tirajla çap olundu.
- Azərbaycan bəstəkarlarında
varisliyin əsas xətti Səid Rüstəmovun
yaradıcılığında hansı motivlər
yaşarıdır S.Rüstəmov məktəbi ifadəsini
işlədə bilərikmi?
Məlum olduğu kimi, möhtərəm prezident İlham Əliyev 2007-ci ilin yanvarında xalq artisti, Dövlət mükafatı laureatı, Azərbaycan Xalq calğı alətləri orkestrinin baş dirujoru və bədii rəhbəri, professor Səid Rüstəmovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi barədə sərəncam imzaladı.Prezidentin bu sərəncamı müstəqil respublikamızda S.Rüstəmovun xidmətlərinə göstərilən ən böyük dövlət diqqəti və qayğısı kimi qiymətləndirildi. Bunu nəzərə alaraq Səid Rüstəmovun əldə etdiyi namizədləri daha geniş şəkildə dərs vəsaiti Səid sevərlərin ixtiyarına verdim. Həmin ildə nəfis tərtibatla "Səid Rüstəmov" adlı kitabımı nəşr etdirdim. Dahi bəstəkar Üzeyir Hacıbəyovdan sənət tərbiyəsi alan Səid Rüstəmov istər bəstəkarlıq və dirujor, müəllimlik və tədqiqatçılıq, istərsə də musiqi- ictimai xadim kimi fəaliyyətində bu dahi ustadın başladığı müqəddəs sənət yaradıcılıq yolunu uğurla davam etdirərək, Azərbaycan musiqi incəsənətinin inkişafına layiqli töhfələr vermişdir. Səid Rüstəmov özünün müəllimlik fəaliyyəti ilə Azərbaycan tar ifaçılığının yaşaması və inkişafında böyük rol oynamışdır. Görkəmli bəstəkarın əsas məqsədlərindən ən önəmlisi kütlələrin, xüsusilə gənc nəslin musiqi tərbiyəsinin daha fəal metodlarla həyata keçirilməsi idi. Öz həmkarlarının yaradıcılıq potensialını həmişə bu istiqamətə yönəldərək, kütləvi musiqi tərbiyəsi sahəsində musiqi universitetlərinin təşkilində yaxından iştirak etmişdir.İstedadlı yeniyetmə və gənclərin musiqi sənətinə yiyələnməsi üçün bu sahədə böyük məktəb yaratmışdır: Səid Rüstəmov məktəbi.
-A.Zeynallı fenomeni sonadək öyrənilibmi?
Həqiqətən
də Azərbaycan klassik musiqi incəsənətinin ilk təmələni
qoyanlarandan biri, milli bəstəkarlıq məktəbinin
Üzeyir Hacıbəyov, Müslüm Maqomayevlə birlikdə klassik nəslinə mənsub
olan bu böyük sənətkarın irsi tam aşkara
çıxarılmamış, yaradıcılığı
layiqincə tədqiq və təhlil edilib musiqi ictimaiyyətinə,
xalqa çatdırılmamışdır. Onun haqqında ilk
mənbə musiqişünas alim Xanlar Məlikovun 1986-cı ildə
rus dilində çapdan çıxmış kiçik həcmli
büroşüradır.Həmin büroşurada bəstəkarın
məhsuldar yaradıcılıq mərhələləri, əsərləri,
həyat yolu, xidmətləri diqqətdən kənarda
qalmışdı. A.Zeynallıya həsr olunmuş monoqrafiyam
bu zərurətdən yarandı.
Asəf
Zeynallının musiqi tariximizdə ən böyük xidmətlərindən
biri də Azərbaycan musiqisini fəal şəkildə
yorulmadan təbliğ etməsidir. O, 1920- cı illərin sonu,
1930-cu illərin əvvələrində keçmiş Sovetlər
İttifaqının ən iri mədəniyyət mərkəzlərindən
olan Leninqrada bir neçə dəfə səfər edərək,
Azərbaycan musiqisindən ibarət silsilə konsertlər təşkil
etmişdir. Özü də daxil olmaqla Azərbaycan bəstəkarlarının
əsərlərinin ifası Leninqrad konservatoruyasının
müəllim və tələbələri, şəhərin
musiqi ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.
A.Zeynallının musiqi mədəniyyəti sahəsində
pedaqoq kimi göstərdiyi xidmətlər də önəmli
və unudulmazdır. O, konservatoriyada işlədiyi illərdə,
sonralar musiqi incəsənətimizin korifeyləri səviyyəsinə
yüksəlmiş Qara Qarayev, Covdət Hacıyev, Tofiq Quliyev,
Zakir Bağırov, Məmməd Saleh İsmayılovun müəllimi
olmuş, yeni musiqiçilər,
bəstəkarlar nəslinin yetişməsi
üçün biliyini və istedadını əsirgəməmişdir.
Adil Gəray 80-cı illərdə
çox papulyar idi .Sizin 2015-ci ildə ona həsr olunmuş
"Adil Gəray" monoqrafiyanız çapdan
çıxdı və musiqi ictimaiyyəti tərəfindən
rəğbətlə qarşılandı. Hətta
böyük bəstəkar Arif Məlikov Sizin A. Gəraya həsr
etdiyiniz kitabın ön sözündə yazır: Adil Gəray
özünün çətin, şərəfli və qiymətli
müəlimlik fəaliyyəti ilə respublikamızda tarın
tədris metodikasını və pedaqoqikasını genişləndirmiş,
inkişaf etdirmiş, bu sahəni nəzəri və təcrübi
baxımdan xeyli zənginləşdirmişdir. Mən hörmətli
və unudulmaz müəllimdən təkcə əvəzsiz
tar dərslərini deyil, həm də qiymətli həyat dərslərini
öyrənmişəm. Adil Gərayı musiqi ictimaiyyətimiz
həm də gözəl mahnılar, tar üçün
peşakar əsərlər müəllifi kimi
tanıyır".
Bu gün onun yaradıcılığına
münasibət Sizi qane edirmi?
-Adil Gəray
adı musiqi tariximizdə əsasən bəstəkar və
pedaqoq kimi nəzərə çatdırılır. Onun
ifaçılıq, konsert, təşkilatçılıq,
maarifçilik fəaliyyəti də geniş, mahiyyətcə
dəyərli və əhəmiyyətlidir. O, klassik
professional musiqisinin banisi,dahi bəstəkar və pedaqoq Ü.Hacıbəylidən tar
ixtisası ilə yanaşı, bəstəkarlıq dərsləri
almışdır. Adil Gəray, Ağabacı Rzayeva,
Süleyman Ələsgərov, Cahangir Cahangirov, Qəmbər
Hüseynli, Şəfiqə Axundova və diğərləri
məhz bu dərslərin sayəsində bəstəkar
yaradıcılığına qədəm qoymuşdur.
Sevimli
müəllim Ü.Hacıbəylinin təsiri ilə Adil Gəray
da ilk bəstəkarlıq təcrübəsini milli dildə,
sadə metodik üslubda yazırdı.Ən vacibi isə
Ü.Hacıbəylinin tədris etdiyi "Azərbaycan Xalq
musiqisinin əsasları" fənni onun nəzəri biliyinin
daha da artırmiş, milli muğamların nəzəri
xüsusiyyətlərini dərindən mənimsəməsinə
səbəb olmuşdur. "Lay-lay","Yar gəldi",
"Alagöz", "İnsaf eylə" mahnıları
görkəmli müğənnilərimiz tərəfindən
ifa edilmiş, zaman-zaman geniş tamaşaçı rəğbəti
qazanmışdır. Məşhur müğənnilər
onun mahnı yaradıcılığına tez-tez müraciət
edirdi. Zənnimcə müğənnilərimiz öz repertuarına
onun ölməz mahnılarını daxil etsələr
,onların sənətdə inkişaf prosesini gücləndirər,
tamaşaçı auditoriyası genişlənər.
Bayağı mahnılarla insanların zövqünü
korlamaqdansa, A.Gərayın əsərlərinə müraciətlə
o vaxtkı populyarlığı qaldırmaq olar.
Şovkət Hüseynova
H.B.Zərdabi mükafatı
laureatı
Olaylar.- 2017.- 1 iyun.- S.12.