Yaxşılıqların sultanı olaq
Hər il Ramazan ayı gələndə dünya
müsəlmanları 30 gün
oruc tuturlar. Oruc nədi? Bu sualın
cavabını Azərbaycanda
ibadət edən hər kəs bilir. Niyə Allah onu vacib
buyurub? Bu sualın cavabı haqqında isə çoxlarının ibtidai
bilgisi belə yoxdu. İnsanlar elə bilirlər ki, oruc tutmaq
gündüzlər ac qalıb
axşamlar isə bir günün yeməyini bir dəfəyə yeməkdi.
Və guya bununla da
Allah qarşısında olan
borclarını yerinə
yetirmiş olurlar.
Orucun əsil mahiyyətinin nə olduğunu bilməyə isə həvəs göstərmirlər.
Allah deyir: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə
vacib edildiyi kimi, sizə də vacib edildi
ki, (bunun vasitəsilə) siz pis əməllərdən
çəkinəsiniz" (Bəqərə surəsi,
ayə 183). Əlavə şərhə
gərək yoxdu.
Allahın dediyi hər sözün öz çəkisi, öz məna tutmu var. Sadəcə bunu oxuyub dərk
etmək lazımdı.
Azərbaycanda oruc tutanları bir neçə qrupa bölmək olar. Bir çoxları onun
mahiyyətinin, əsil
anlamının nə
olduğunu bilənlərdi.
Xüsusilə də savadlı,
ziyalı insanlar bu ayini doğru-dürüst,
Allahön Quranda söylədiyi kimi yerinə yetirməyə çalışırlar. Möminlər isə bütün
varlıqları ilə
Allaha bağlı olduqlarından və dini inancları Quranla üst-üstə düşdüyündən oruc
tutmaq onlar üçün heç bir problem yaratmır.
Bir qrup insanlar da var
ki, orucluq haqqında onların hərəsinin öz məntiqi, öz yanaşması var. Bu qrup insanların çoxu mövhumatın, xurafatın
tələblərinə uyğun
oruc tuturlar. Onlar bu gözəl, gözəl olduğu qədər sadə əməli o qədər qəlizləşdirirlər
ki, ətraflarında olan insanlarda bəzən ikrah doğururlar. Məsələn
deyirlər ki, sübh namazından əvvəl obaşdan durub çörək yeməmisənsə, tutduğun
oruc haramdı, yaxud da günahdı,
Allah qatında qəbul
olunmur və s. Ən gülməlisi isə odur ki,
bu adamlar müxtəlif dini qurumların, sektaların tərtib etdiyi ramazan cədvəlindən
bir saniyə də olsa kənara
çıxmağa o qədər
çəkinirlər ki,
sanki ilandan qorxurlar. Ramazan günlərində tərtib olunan cədvəllərin heç
biri o biri ilə eynilik təşkil etmir. Hərəsinin "öz vaxtı,
öz dəqiqəsi"
var və hər kəs də özünün haqlı sayaraq deyir ki, onun
tərtib etdiyi cədvəl Şamaxı
rəsədxanasından götürülüb
(?).
Yaxşı tanıdığım bir
xanım var. İllərdi
orucunun da, namazının da vaxtını internetdə
yayınlanan cədvəllər
əsasında yerinə
yetirir. Və bu xanım hər gün - ilin 365 günü əsəb keçirir.
Ki... niyə cədvəllərdə
namaz vaxtları bir-birindən fərqlidi?
İllərdi mən onu başa sala
bilmirəm ki, sən Allaha ibadət edirsənsə, Onun dediyinə əməl et. Quranda hansı vaxt yazılıbsa, o zaman da ibadətini
et. Amma xanım
türk demiş, Nuh deyir, peyğəmbər
demir: "yox, dindarların cədvəlindən
bir dəqiqə o yan-bu yana keçə
bilmərəm". Xanımın
ali təhsili
var, ölkənin ən böyük universitetlərindən birinin
ən prestijli fakültəsində oxuyub,
çox da savadlıdı, öz sahəsində barmaqla sayıla biləcək qədər adam onunla bəhsə girə bilər. Gəl ki, dini məsələlərdə
Qurana yaxın durmur. Bütün günü özünü
dindar adlandıran, İslamın bilicisi elan edən, dində təfriqə yaradıb, sünni-şiə
ayrılığı salanların
internetdəki yazılarını
oxuyur, söhbətlərini
dinləyir. Ona görə
də İslamın təməlini, fəlsəfəsini,
Quranın sanbalını
başa düşmür.
Dünən söhbət edirdik. Orucluqla
bağlı yenə də iradını bildirərək dedi ki, bu bir
ayı yuxu üzünə həsrət
qalacam, yenə də cədvəllər bir-birinə qarışıb.
Biri yazır ki, gecə saat
3-də yeməyə başya,
dördün yarısında
bitir, o birində beş dəqiqə
fərqlə eyni sözlər yazılır.
Bir cədvəldə də yazılıb ki, yeyəndən iki saat sonra namaz
qılmaq olar. Başqasında sübh yeməyini saat 3-ün yarısı yazıblar və s. Əsəbiləşərək
"nitqinə" belə
nöqtə qoydu:
"Bunlar nə zaman doğru-dürüst
cədvəl tərtib
edəcəklər? Niyə bu
qədər insanların
əsəbində oynayırlar"?
Əslində xanımın belə
yanaşmasının adı
xurafatdı, mövhumatdı.
XXI əsrdə ali təhsilli bir xanımın oruc tutub, namaz
qılmağa bu qədər sadəlöhv
yanaşmasının başqa
adı yoxdu. Dünya ədəbiyyatını oxuyan,
klassik Azərbaycan ədəbiyyatını əzbər
bilən bu ziyalı xanımın
Quran oxumaması faciədi.
Halbuki Quranda deyilir: "Sübh açılınca,
ağ sap qara sapdan fərqlənincəyə
qədər yeyib için, sonra gecəyə qədər orucunuzu tamamlayın" (Bəqərə surəsi,
ayə 187). Burda başa düşülməyəcək
nə var ki? Bəyəm nənə-babalarımız, ata-analarımız Şamaxı
rəsədxanasının göstərişi ilə,
yaxud da müxtəlif dini birləşmələrin cədvəlləri
ilə ibadət ediblər? Quranın tək bu ayəsi kifayət edir ki, sübh
namazının da, obaşdanın da vaxtını biləsən.
Sadəcə olaraq pərdəni
aralayıb pəncərədən
baxmaq, yaxud da qapıdan çölə çıxaraq
başını qaldırıb
göyə baxmaq lazımdı. Bu da cəmi-cümlətanı
bir dəqiqə, ya da yarım
dəqiqə vaxt aparır. Niyə axı insanlar
özlərinə bu qədər zülüm edirlər?
Bəzi insanar da var
ki, ümumiyyətlə
orucun mahiyyətindən
xəbərsizdirlər, necə
deyərlər, axına
qoşulub oruc tuturlar. Namaz haqqında isə
zərrə qədər
anlayışları yoxdu.
Onlar eynilə haqqında danışdığım
xanım kimi, kim nə
desə, o cür də hərəkət edirlər. Hətta 30 gün dalbadal
oruc tutmaq haqqında da düşüncələri fərqlidir.
"Niyət etmişəm ramazanda bir həftə oruc tutacam. Allah səsimi eşidib filan işimi həll etsə 3 gün oruc tutacam"
deyənlər də
var. Bunlar Allahla şərt kəsirlər,
sanki, Allaha rüşvət təklif
edirlər ki, filan məsələm həll olunsun oruc tutacam,əks
halda mümkün deyil. Bir qrup insanlar da var ki,
oruc tutmağa dieta kimi yanaşırlar.
İlin
11 ayı istədiyi qədər yeyib-içirlər.
Ramazan ayı gələndə isə arıqlamaq məqsədilə oruc tuturlar. Təbii ki, onun istədiyi nəticəni alınmır. Bəzən eləsi
tapılır ki, həmin ayda bir neçə kilo çəki almış olur.
Allah isə Onunla şərt kəsib "rüşvət" təklif
edənlərin, eləcə
də oruc tutmağa dieta kimi yanaşanların düşüncələrini və
istəklərini belə
alt-üst edir: "İnsanlara doğru yolu göstərən, bu yolu açıq
dəlilləri ilə
aydınlaşdıran və
(haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına)
yetişən şəxslər
(bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin
sayı qədər başqa günlərdə
tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər
ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz
yola yönəltməsinə
görə Ona şükür edəsiniz
(Bəqərə surəsi,
ayə 185).
Ramazan ayı haqqında deyirlər ki, o, on bir ayın
sultanıdı. Bu, elə-belə
gəlişi gözəl
sözlər deyil.
Bu ayda insan
mənən saflaşmaq,
təmizlənmək, günahdan,
pislikdən uzaq olmaq üçün oruc tutur. İnsan oruc tutmaqla özünün
iradəsini, dözümünü
möhkəmləndirir. Deməli möhkəm iradə sahibi olan ali
varlıq - İNSAN Allahin
dediyi yaxşılıqların
əlindən tutar. Və insan özü
bütün yaxşılıqların
sultanı ola
bilər. Bu yaxşılıqların
içində Allaha inam və sevgi,
haqq və ədalət, bərəkət,
sağlamlıq, gözəllik
var. Bu sadaladıqlarımı Allah insana yaşadığı
bir ömürdə bəxş edir. Ramazan ayı bir insan ömrünə
yazılan 50, 60, 70... 100 illik talenin bütün
fəsillərində, bütün
aylarında, günlərində
olur.
(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən
xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə
oruc tutmalıdırlar.
Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər
kəs könüllü
xeyir iş görərsə (həm oruc tutub, həm
də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir (Bəqərə
surəsi, ayə 184).
Gəlin özümüzü bu xeyirdən məhrum etməyək. Yaxşılıqların sultanı olaq.
Züleyxa Nadir
Olaylar.- 2017.- 1 iyun.- S.13.