Azərbaycan dövləti öz vətəndaşlarının
iradəsinin azad ifadə edilməsinə
təminat verir
Seçki hüquqlarının prinsip və
normalarının müdafiə edilməsi ilə
Azərbaycanda siyasi plüralizm müstəqillik illərindən sonra dərin kök atmağa çaşlayıb. Ölkənin siyasi sisteminin özəyini təşkil edən siyasi partiyaların və vətəndaş cəmiyyətlərinin fəaliyyəti, seçki sisteminin təkmilləşdirilməsi, sərbəst toplaşmaq azadlığının təmin ounması, eləcə də söz və fikir azadlığının təşəkkül tapması məhz bu dövr üçün səciyyəvi xüsusiyyətə çevrilib. Sirr deyil ki, demokratik və hüquqi dövlət quruculuğu prosesi müstəqilliyin ilk günlərindən müxtəlif problemlərin və maneələrin aradan qaldırılması ilə müşayiət olunub. Respublikamız bu yolda totalitar sovet rejimindən miras qalmış ictimai-siyasi problemlərin ağır nəticələri, erməni separatizmi və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün vurduğu yaraları, kəskin daxili-siyasi qarşıdurma və vətəndaş müharibəsi təhlükəsini, dövlət çevrilişi cəhdlərini və digər ağır siyasi, sosial-iqtisadi problemləri və onların nəticələrini aradan qaldırmaq məcburiyyətində qaldı. Xalqın geniş təbəqələrinin arzularını ifadə edən və onların qətiyyətli dəstəyinə söykənən ümummilli lider Heydər Əliyevin ardıcıl səyləri pozucu qüvvələrin Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa imkan verdi. Respublikamız onun başı üzərini almış qanlı vətəndaş qarşıdurmasından və parçalanıb məhv olmaq təhlükəsindən xilas oldu.
Sosioloq Səlim Babakişiyev qeyd edib ki, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. İnsanların ictimai-siyasi və özünüdərkinin yetkinləşməsi sayəsində cəmiyyətdəki ictimai-siyasi və sosial-iqtisadi proseslərin tənzimlənməsində vətəndaşların müxtəlif təbəqələrini və kateqoriyalarını təmsil edən ictimai qurumların fəal rol oynaması dövlətin və insanlar toplumunun daha yüksək inkişaf səviyyəsini təşkil edən vətəndaş cəmiyyətini səciyyələndirən əsas amillərdəndir. Cəmiyyətin problemlərinin həlli sahəsində ictimai qurumların tədricən daha çox funksiyanı mənimsəməsi ilə dövlət orqanlarının fəaliyyətində daha çox siyasətin müəyyənləşdirilməsi və nəzarət funksiyaları üstün yer tutur: "Vətəndaş cəmiyyəti quruculuğunda siyasi plüralizmin, çoxpartiyalı sistemin daha da inkişafı xüsusi rol oynayır. Azərbaycanın müstəqil inkişaf tarixi siyasi plüralizmin getdikcə daha geniş təşəkkül tapması, yeni-yeni siyasi partiyaların tarix səhnəsinə qədəm qoyması və ölkəmizin ictimai-siyasi həyatında daha fəal rol oynamağa səy göstərməsi ilə səciyyələnir. Bu isə Azərbaycan dövlətinin bütün siyasi partiyaların fəaliyyəti üçün zəruri şərait yaratması nəticəsində mümkün olmuşdur. Hazırda Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış 42 siyasi partiya fəaliyyət göstərir. Məlum olduğu kimi siyasi plüralizmin mövcudluğu üçün azad söz və azad KİV, çoxpartiyalı sistem, azad seçki, parlamentarizm, dövlətdən asılı olmayan ictimai təşkilatların olması zəruridir". O, hesab edir ki, Azərbaycan Respublikasının siyasi sistemi milli və tarixi şəraitin xüsusiyyətlərini əks etdirməsi ilə səciyyəvidir. Onun meydana gəlməsində və fəaliyyətində çox müxtəlif amillər rol oynamış və oynamaqdadır. Siyasi sistemin fəaliyyətinin formalaşmasına əhalinin siyasi mədəniyyətinin xüsusiyyətləri mühüm təsir göstərir: "Ümumiyyətlə Azərbaycan Respublikasının siyasi sisteminin struktur formalaşması əsasən 1995-ci il noyabrın 12-də ölkənin yeni Konstitusiyasının qəbul edilməsi ilə başa çatmış oldu. Konstitusiyaya uyğun olaraq Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi müəyyənləşmişdir. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan siyasi sistemində dövlət hakimiyyətinin həyata keçirilməsi formasına görə prezident üsul-idarəsinə əsaslanan respublika parametrlərinə uyğundur. Hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq Azərbaycan Respublikasında müstəqil şəkildə formalaşan və fəaliyyət göstərən üç hakimiyyət qolu qərarlaşmışdır: qanunvericilik, icra və məhkəmə hakimiyyəti. Bu hakimiyyət orqanlarından hər birinin fəaliyyəti Konstitusiya və qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis, icra hakimiyyətini həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir. Azərbaycan Respublikasının Konstitusiya ilə müəyyən edilmiş unitarlığı spesifikliyə malikdir. Bu da onun tərkibində Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti statusuna malik olmasıdır. Konstitusiyaya görə Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Orada qanunverici hakimiyyəti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir. Naxçıvan Muxtar Respublikasında ali vəzifəli şəxs Ali Məclisin sədridir". S.Babakişiyev hesab edir ki, bütün müasir siyasi sistemlər kimi Azərbaycanın siyasi sisteminə də çoxpartiyalılıq, plyuralizm xasdır. Siyasi partiyalar qanunverici və yerli özünü idarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak etmək imkanına malikdirlər. Azərbaycan dövləti öz vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüquqlarının prinsip və normalarının müdafiə edilməsi ilə təminat verir.
Onun
sözlərinə görə, demokratik quruluşun, vətəndaş cəmiyyətinin
formalaşması prosesinin ayrılmaz tərkib
hissələrindən biri söz
və vicdan azadlığının təmin
olunmasından ibarətdir: "Azərbaycan
Respublikasının Konstitusiyasında fikir,
söz və vicdan
azadlığına geniş təminat verilmişdir. Demokratiyanın, siyasi
plüralizmin və vətəndaş cəmiyyətinin
əsas atributlarından hesab olunan söz və məlumat
azadlığının başlıca
daşıyıcıları kütləvi informasiya
vasitələridir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında söz, fikir və məlumat
azadlığının təmin edilməsi sahəsində əlavə
tədbirlər haqqında" 6 avqust
1998-ci il tarixli fərmanı
kütləvi informasiya vasitələrinin
sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə
təsir edən qüdrətli vasitəyə
çevrilməsi yolunda dövlət siyasətinin
həyata keçirilməsində mühüm
addım oldu. Prezidentin bu
fərmanı ilə Nazirlər Kabineti
yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələində Dövlət
Sirlərini Mühafizə edən Baş
İdarə ləğv edilmiş, hərbi
senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün
informasiya yayımı üzərində
nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab edilmişdir. Kütləvi informasiya vasitələrinin təsis edilməsi
və fəaliyyəti üçün qanunvericiliyinin təkmilləşdirilməsi, optimal hüquqi mühitin formalaşdırılması istiqamətində
mühüm addımlar
atılmışdır. 1999-cu ilin sonunda "Kütləvi informasiya
vasitələri haqqında" yeni Qanun qəbul edilmişdir.
Bu, müasir Azərbaycan reallıqlarını daha dolğun əks etdirən,
kütləvi informasiya vasitələri
istehsalı və yayımının bütün
məsələlərini demokratik şəkildə
tənzimləyən, beynəlxalq standartlara
cavab verən hüquqi
sənəddir. 2000-ci il martın 6-da Azərbaycan
Respublikası Prezidentinin sərəncamı
ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki
şəraitinin yaxşılaşdırılması üzrə
tədbirlər Proqamı" təsdiq olunmuşdur.
Kütləvi informasiya vasitələri
sahəsində dövlət siyasətinin mahiyyəti ondan ibarətdir ki, bunlar xalqın maariflənməsində
ümumbəşəri ideyaların təbliğində, vətəndaş
cəmiyyəti quruculuğunda qüdrətli
vasitəyə çevrilsin, demokratiya, aşkarlıq və ədalətin
təntənəsinə xidmət etsin.
Kütləvi informasiya vasitələri həm
də təmsil etdiyi dövlətin və
xalqın mənafeyini hər şeydən üstün
tutmalı, dövlətçilik mövqeyini
ön plana çəkməlidir".
Olaylar.- 2017.- 6 iyun.- S.15.