Leyli və Məcnun” Daşkənddə özbək dilində çapdan çıxdı

 

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan ədəbiyyatının dahi şairi Nizami Gəncəvinin "Leyli və Məcnun" əsəri Daşkənddə "Extremum Press" nəşriyyatında çap olunub.

Əsəri orjinaldan özbəkcəyə çevirən Özbəkistanın xalq şairi Camal Kamaldır.

2015-ci ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə xalq şairi Camal Kamal arasında bağlanan müqaviləyə əsasən 2018-ci ilə qədər Azərbaycan şairi Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan beş poemanın özbək dilinə tərcüməsi nəzərdə tutulur. Onu da deyək ki, "Xəmsə"yə daxil olan əsərlər hələ Özbəkistanda tam olaraq çap olunmayıb.

Mədəniyyət Mərkəzindən verilən məlumata görə kitabın cari ilin sentyabr ayında Daşkənddəki Nizami Gəncəvi adına Dövlət Pedaqoji Universitetində və Əlişir Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetində geniş təqdimat mərasimlərinin keçirilməsi planlaşdırılır.

Təqdimat mərasimindən sonra kitabın Özbəkistanın və Azərbaycanın aparıcı kitabxanalarına, elm, təhsil, tədqiqat müəssisələrinə göndərilməsi planlaşdırlır.

Kitaba yazılan ön sözün müəllifi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, kitabın redaktoru filologiya elmlər namizədləri Erqaş Açilov, Gülbahar Aşurova, rəyçilər Daşkənddəki Əlişir Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracəddinov və tanınmış professor Naim Kərimovdur.

Qeyd edək ki, Azərbaycan dövləti də Camal Kamalın bu xidmətlərini yüksək qiymətləndirir. Cari ilin 29 may - 1 iyul tarixlərində Özbəkistanın xalq şairi Camal Kamalın Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və millət vəkili Qənirə Paşayevanın dəstəyi ilə Bakıya səfəri təşkil olunmuş, onun Azərbaycan Yazıçılar Birliyində, Azərbaycan Milli Kitabxanasında, Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda 80 illik yubileyləri və şairlə yaradıcılıq görüşləri keçirilmiş, o Avrasiya Universitetinin Fəxri doktoru, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü adına layiq görülüb.

 

Olaylar.- 2017.- 9 iyun.- S. 16.