Azərbaycan dövləti  sözfikir azadlığının inkişafına dəstək verir

 

Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan Respublikası nəinki Avropada, hətta bütün dünyada əsas insan hüquq və azadlıqlarının,  həm də söz və mətbuat azadlığının ən yüksək səviyyədə qorunduğu ölkələrdən biridir. Nəzərə almaq lazımdır ki, Azırbaycanda sözfikir azadlığına dövlət təminatı var. Çünki müstəqil Azərbaycan dövləti ölkədə insan hüquqlarının müdafiəsi, söz və mətbuat azadlığı kimi məsələlərə xüsusi önəm verir. Azərbaycan dövləti azad sözün cəmiyyət həyatında üstün yer tutması, maneəsiz yayılması üçün daim zəruri addımlar atır. Azərbaycan əhalisinin, təxminən, 80 faizinin internetə çıxışı olan azsaylı ölkələrdəndir.  Bu isə dövlətin azad sözə, müstəqil mətbuata verdiyi sərbəstliyin, göstərilən qayğının təzahürüdür. Azad sözə və müstəqil mətduata dövlət qayğısının əsası məhz ümumilli lider Heydər Əliyev tərəfindən qoyulub. "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadı hesab edir ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkədə  hakimiyyətə qayıdışından sonra yeni tipli medianın formalaşması və möhkəmlənməsi üçün dəfələrlə ciddi tədbirlər həyata keçirilmiş, KİV-lər üzərindən dövlət nəzarətinin götürülməsi və azad mətbuatın inkşafı üçün əlverişli mühit yaradılmağa başlanmışdır: "Ulu öndər Heydər Əliyevin "Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərmanı ilə mətbuatda dövlət sirlərini mühafizə edən baş idarənin ləğvindən və "Kütləvi informasiya vasitələri haqqında" Qanunun qəbulundan sonra ölkə mətbuatının inkişafında yeni dövr başlanmışdır. Nəinki mətbuat təmsilçilərinin, həmçinin çoxmilyonlu oxucuların da yadından çıxmayıb ki, qəzet redaksiyalarının  "Azərbaycan" nəşriyyatına olan borclarının ləğv edilməsi, onların  maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin müxtəlif dövlət mükafatları ilə, o cümlədən ordenmedallarla təltif olunmaları dahi öndərin mətbuatın inkişafına göstərdiyi diqqətin tərkib hissəsidir.  Azərbaycan jurnalistlərinin 2003-cü ilin martında keçirilən  I Qurultayında Mətbuat Şurasının yaradılması bu sahədə pərakəndəliyin aradan qaldırılmasına müsbət təsir göstərmiş, bir qədər sonra Jurnalistlərin Peşə Kodeksinin qəbul edilməsi isə media qurumları arasında problemlərin həllində mühüm rol oynamışdır. Sevindirici haldır ki, ümummilli liderin cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, ölkə mətbuatına göstərdiyi qayğı da Prezident İlham Əliyev tərəfindən  uğurla davam etdirilir. Milli mətbuatımızın hər 5 ildən bir yubileylərinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamları bu sahəyə olan diqqət və qayğının bariz nümunəsidir. 2005-ci ildən "Əməkdar jurnalist" fəxri adı bərpa edilmiş, çoxsaylı həmkarlarımız fəxri adlara, ordenmedallara layiq görülmüşlər".

Hüquqşünas Alim Hüseynli hesab edir ki, fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsədlər olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdən biridir: "Heç də təsadüfi deyil ki, bir çox ekspertlər də müxtəlif cəmiyyətlərdə aşkarlığın və demokratik prinsiplərin bərqərar olunmasında KİV-in aparıcı rol oynadığını bildirir, bir çox hallarda demokratiyanın vəziyyətini də KİV-in azadlıq səviyyəsi ilə ölçürlər. Bu zaman informasiya resurslarının formalaşdırılması, yayılması və istifadəsi sistemləri, informasiyanın azad dövriyyəsinin təmin olunması, məlumatın azad şəkildə axtarılması, əldə edilməsi, istehsalı və yayılması kimi bir-biri ilə sıx bağlı olan ardıcıl mərhələlərin təmin olunması kimi məsələlər icra strukturlarının başlıca vəzifələri sırasındadır. Bütün bunların cəmiyyətin demokratikləşməsində çox böyük rol oynadığını dərk edərək mətbuatın hüquqi tənzimlənməsinə xüsusi diqqət yetirilir. Bu hüquqi tənzimlənmənin yüksək effektivliklə həyata keçirilməsi məqsədilə yeni qanunların yaradılması və möcvud qanunvericilik bazasının sivil cəmiyyətlərin tələblərinə uyğunlaşdırılması prosesi bu gün də aktuallığını qorumaqdadır. Ona görə də, müasir dövrün nəzəriyyəçiləri söz və mətbuat azadlığının əsaslarının məhz konstitusiyanın cəmiyyətə verdiyi azadlığın səviyyəsindən asılılığı fikrini müdafiə edirlər. Azərbaycan da demkoratik məkanın ən sadiq üzvlərindən biri kimi bu məsələlərə böyük diqqət yetirir". Onun sözlərinə görə, ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir: "İnsan azadlığı bəşəriyyətin əsrlər boyu arzuladığı, uğrunda mübarizə apardığı ali nemətdir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiyainformasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Milli mətbuatımızın uğurlu inkişafı onun zəngin keçmişinin mirasıdır. "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən müddət ərzində mühüm inkişaf yolu keçib. Azərbaycan milli mətbuatı 1918-ci ildə dinamik inkişaf üçün şans qazanıb. Həmin dövrdə müstəqil mətbuatın, söz, fikir azadlığının inkişafına ziyalıların göstərdiyi xidmətlər gələcək illərdə bu sahədə yaranan peşəkarlığın, rəngarəngliyin əsasını qoyub".

Sosioloq Natiq Eminov qeyd edib ki, Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. Milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib: "Ulu öndər Heydər Əliyev Azərbaycanda milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə, 2002-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" adına layiq görülüb. Təbii ki, 22 illik müstəqillik tariximizdə mətbuatın keçdiyi inkişaf yoluna, ən əsası dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının uğurlu nəticələrinə qısaca nəzər salmaq qeyri-mümkündür. Ümumiləşdirilmiş ifadə budur ki, ölkəmizdə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur". Onun sözlərinə görə,  fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqətindədir: "Ulu öndər Heydər Əliyevin ölkəmizdə başlatdığı həqiqi söz və mətbuat azadlığının bərqərar olması prosesi onun siyasi varisi İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlət başçısı bu postda fəaliyyətə başladığı ilk gündən mətbuatın inkişafının dövlət siyasətinin başlıca prioritetləri kimi elan etdi və fəaliyyətində bu nüansa xüsusi diqqət ayırdı. Azərbaycan Milli Mətbuatının yaradılmasının 130 və 135 illik yubileyləri münasibətilə ölkənin onlarla jurnalistlərini ali dövlət mükafatları ilə təltif etdi, kütləvi informasiya vasitələrinə maddi yardımlar olundu. Bütün bu reallıqlar bir daha sübut edir ki, ölkədə azad mətbuat mövcudduronun mövcudluğunun qarşısını heç bir qüvvə ala bilməz. Ölkə Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, fəxri adlarla təltif olunmaları haqqında sərəncamların imzalanması və bu kimi bir-birindən əhəmiyyətli addımlardır. Milli Mətbuatımızın 138 illiyində jurnalistlər üçün tikilmiş binanın istifadəyə verilməsi, eyni zamanda "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" növbəti sərəncamın imzalanması da addımların davamlılığından irəli gəlir".

Sonda xatırladaq ki, azad mətbuat demokratik cəmiyyətin tərkib hissəsidir və Azərbaycan mətbuatı tarix boyu daim mütərəqqi ideyaların carçısı kimi çıxış etmiş, xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermiş, onun müstəqillik amalının gerçəkləşməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mədəniyyətin formalaşmasında böyük rol oynamışdır. Bu gün də ölkə mətbuatı ənənəsinə sadiq qalaraq sözfikir azadlığnnın təmin olunmasında müstəsna rol oynayır. Məhz dövlət bu işdə mətbuata dəstək olaraq demokratiyanın təməl prinsiplərindən olan azad söz, müstəqil fikir azadlığının inkişaf etdirilməsinə öz töhvəsini vermiş olur.

 

Olaylar.- 2017.-17-19 iyun.- S.15.